Qadınlarımızın
məşğulluq probleminin həllinə
dair yeni ideya...
Bu gün
ölkə qanunvericiliyi qadınların bərabər əmək
fəaliyyəti ilə məşğul olmalarına hər
cür şərait yaradır. Yəni hər iki cinsin
nümayəndələri qanuna görə bərabər əmək
fəaliyyəti ilə məşğul olmaq hüququna
malikdir. Bütövlükdə bura, xidmət sahələrindən
tutmuş, istehsalatın bir sıra digər növləri də
daxildir. Zərif cins nümayəndələrinin məşğulluq
şəraitinin yaxşılaşdırılması bu
gün ən mühüm məsələlərdən biridir.
Onların məşğulluq şəraiti
nə qədər yaxşılaşdırılsa,
qadınların cəmiyyətə, ictimai həyata
inteqrasiyası bir o qədər yüksək səviyyədə
olacaq. Bu da nəticə etibarilə dövlətin dinamik
inkişafına ciddi yardım göstərəcək. Tarixən
inkişaf etmiş dünya ölkələrində zərif
cins nümayəndələri əsasən fiziki əməyin
az tələb olunduğu sahələrdə
çalışmağa üstünlük verib. Fiziki
nöqteyi-nəzərdən bu bir növ təbiidir. Bu gün
qadınlarımız əsasən səhiyyə, təhsil,
yüngül və yeyinti sənayesi sahələrində əmək
fəaliyyəti ilə məşğul olur. Sözügedən
sahələrdə fəaliyyət göstərənlərin
böyük hissəsi məhz qadınlardan ibarətdir.
İndinin özündə də qızlar sözügedən
peşələrə daha çox önəm verir. Bunun nəticəsidir
ki, təhsil və səhiyyə sahəsində
çalışanlar arasında qadınlar yüksək
çəkiyə malikdir. Belə ki, səhiyyədə
çalışanların 63 faizi, məktəbəqədər
müəssisədə 90, orta məktəbdə 75, ali məktəblərdə
çalışanların isə cəmi 46 faizi qadınlardan
ibarətdir. Amma bir sıra sahələr var ki, orada zərif
cinsin nümayəndələri aşağı səviyyədə
təmsil olunur. Məsələn, sahibkarlıqla məşğul
olan qadınların sayı olduqca azdır. Bizdən fərqli
olaraq, əcnəbi dövlətlərdə qadınların
sahibkarlıqla məşğul olması qat-qat üstün səviyyədədir.
Halbuki, 20 ildir müstəqil olan Azərbaycan azad bazar
iqtisadiyyatı yolunu seçib. Mövcud hakimiyyət tərəfindən
liberal iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində
davamlı olaraq işlər həyata keçirilir. QHT-lər
tərəfindən də qadınların sahibkarlıqla məşğul
olmasını təşviq edən bir sıra layihələr
həyata keçirilib. Hər bir sahədə olduğu kimi,
sahibkarlıq sahəsində də elə məsələlər
var ki, onların həll olunmasında qadın əməyinə
böyük ehtiyac yaranır. Məsələn, qadın geyimləri
ilə bağlı müəssisəyə zərif cins
nümayəndəsi rəhbərlik edəndə, bu daha yerində
olur. Çünki geyimlərlə bağlı
qadınların tez-tez dəyişən zövqlərini məhz
onlar daha tez anlayır. Düzdür, bütün bunlar
heç də o demək deyil ki, Azərbaycanda biznesdə
uğurlu karyera quran qadınlara rast gəlinmir. Bu sahədə
də uğur qazanan qadınlar var, amma onların sayı elə
də çox deyil. Bu xüsusda diqqətçəkən məqamlardan
biri də şəxsi biznesdə qadınların olduqca az
çəkiyə malik olması ilə bağlıdır. Rəsmi
statistik məlumatlara görə, bu gün şəxsi biznesi
olan sahibkar qadınların çəkisi cəmi 3 faiz təşkil
edir. Düzdür, sahibkarlıqla məşğul olan
qadınların sayı bundan çox olsa da, onların
çoxunun şəxsi biznesi yoxdur. Bir çoxları, necə
deyərlər, kiminsə biznes strukturunda işləyir və
işinə müvafiq gəlir əldə edir. Azərbaycan cəmiyyətində
hələ də mövcud olan müəyyən stereotiplər
qadınların sahibkarlıqla məşğul olmasına
maneələr yaradır.
Digər tərəfdən, Azərbaycanda
elə sahələr də var ki, qadın və
qızların orada işləməsi ölkənin milli sənətinin
inkişafına xidmət edir. Buna ən bariz nümunə
xalçaçılıqdır ki, bu sahənin
inkişafında zərif cins nümayəndələrinin xidmətləri
olduqca böyükdür. Qadınlarsız
xalçaçılığın inkişafını təsəvvür
belə etmək olmaz. Əsrlər boyu Azərbaycanda
qadınlar bu sənət növünün
yaşadılmasında mühüm rol oynayaraq buna öz
misilsiz töhfələrini bəxş ediblər.
Xalçaçılıq sahəsi həm də bizim milli sərvətimidir.
Xalçaların üzərindəki naxışların
timsalında öz təcəssümünü tapan, milli
ornamentlərimizin ən gözəl nümunələrindən
olan butalar bir növ dünyada Azərbaycanın brendi hesab
olunur. Bütün hallarda Azərbaycanın milli sənət
növü olan xalçaçılığın
inkişafında qadınların xidmətləri əvəzsizdir.
Bu gün də Azərbaycan xalçaları dünyada məşhurluğu
ilə seçilir. Xalçalar üzərində ölkəmizin
mədəniyyətini, incəsənətini əks etdirən
çoxsaylı nümunələr var.
Xalçaçılıq sənəti ilə məşğul
olan sənətkarlar dünyada tanınmış bir sıra ictimai-siyasi
xadimin xalça üzərində portretini yaradıb ki, bunun
özü də milli sənətimizin tanınmasına xidmətdir.
Azərbaycan xanımlarının əl işi olan və
milliliyi özündə əks etdirən xalçalar
dünyanın tanınmış əntiq əşya muzeylərində,
kolleksiyalarında nümayiş olunur və s.
Aydın məsədədir ki, əmək
fəaliyyəti ilə məşğul olmaq istəyən
bütün qadınların təkcə təhsil və səhiyyə
sahələrində məşğulluğunu təmin etmək
qeyri-mümkündür. Digər sahələrdə də əmək
fəaliyyəti ilə məşğul olmalarını təmin
etmək lazımdır ki, qadınlar işsizlikdən əziyyət
çəkməsin. Qadınların işlə təmin
olunması həm də onların
dünyagörüşünün inkişafına xidmət
edir. Onların çoxşaxəli əmək fəaliyyəti
ilə məşğul olmasını təmin etmək
üçün qadınlar üçün peşə
kurslarının təşkilinə böyük ehtiyac var. Məsələn,
xalçaçılıq, dərzilik kimi peşə
kursları təşkil olunmalıdır ki, zərif cinsin
nümayəndələri konkret sənət öyrənsin.
Yüngül sənaye sahələrində ənənəvi
olaraq qadınlar üstün çəkiyə malik olub.
Yeyinti sənayesinin bir çox sahələrində
işçi qüvvəsinin böyük əksəriyyəti
qadınlardan ibarətdir. Məsələn, çörəkbişirmə,
qənnadi sexlərində işləyənlərin çoxu
qadındır. Bəs, bütövlükdə
qadınların məşğulluğunu təmin edən
peşə kurslarının bugünkü vəziyyəti necədir?
Bu sahədə hansı işlərin görülməsinə
ehtiyac var?
Məsələyə
münasibət bildirən tanınmış sosioloq Əhməd
Qəşəmoğlunun sözlərinə görə, bu
sahədə vəziyyət ürəkaçan səviyyədə
deyil: "Ancaq çox yaxşı olardı ki,
qadınların məşğulluq səviyyəsini
artırmaq üçün peşə kursları təşkil
olunsun. Buna həqiqətən də çox böyük
ehtiyac var. Ona görə ki, Azərbaycanda qaçqın və
məcburi köçkünlər arasında kifayət qədər
işsiz qadın var. Elə qaçqın olmayanlar arasında
da işsiz qadınlar az deyil. Başqa bir tərəfdən,
evlərimizdə dayələrə, təmizlik işlərinə,
xəstələrə baxan qadınlara çox böyük
ehtiyac var. Bir çox yeni əmək sahələri var ki,
qadınların ora cəlb olunması vacibdir. Bunun
üçün də həmin sahələrdə peşə
kurslarının təşkil olunması vacib şərtlərdən
biridir. Ölkədə xeyli sayda işsiz qadın olduğu
halda, bəzən görürsən ki, Filippindən,
Çindən evdə işləməyə qadın gətirirlər.
Halbuki, işsiz qadınlar nə iş olsa görməyə
hazır olduqlarını bildirir. Bu sahədə problem
ondadır ki, Azərbaycan qadınlarının bir qisminin dayə
işləməyə, xəstəyə baxmağa, müəyyən
ev işləri görməyə təcrübəsi yoxdur.
Müəyyən qaydaları yerinə yetirmək təcrübələri
olmadığından, çətinliklə üzləşirlər.
Ona görə də sözügedən işlərə
böyük ehtiyac yaranıb və bu peşələr
üçün bazar böyükdür. Hər hansı
peşə kursları olsa və sözügedən sahələr
üzrə qadınlar əmək vərdişlərinə yiyələnsə,
onların çoxu işsiz qalmayacaq. Təəssüf ki, hələlik
belə kurslar yoxdur. Bununla yanaşı, təmir işləri
ilə əlaqədar elə peşələr var ki, orada
qadın incəliyinə ehtiyac var. Kompüter xidməti sahələrində
qadınların müəyyən peşələrə yiyələnməsinə
ehtiyac getdikcə artır".
Ə.Qəşəmoğlunun
fikrincə, qadınların məşğulluğunun təmin
olunması istər cəmiyyətin, istərsə də
dövlətin inkişafı baxımından çox əhəmiyyətlidir:
"Ona görə ki, hazırda Azərbaycanda ailə zəminində
gərginlik çox yüksək səviyyədədir. Az-az
ailə olur ki, orada gərginliklər olmur. Yoxsul və
varlı ailələrdə də belə gərginliklər
olur. Ailə üzvü işləməyəndə, bu zaman
psixoloji faktorlar burada mühüm rol oynayır. Ona görə
də qadınların məşğulluğunun təmin
olunması həm ailədaxili münasibətlərə, həm
də ailənin maddi vəziyyətinin
yaxşılaşmasına müsbət təsir göstərir.
Həmçinin, qadınların sosial mühitlə olan
kontaktı güclənir. Bu da nəticə etibarilə
onların dünyagörüşünün inkişafına
töhfə verir. Eyni zamanda, evlərdə rahatlıq
yaranır. Ona görə də qadınların məşğulluğu
təmin olunsa, görün nə qədər adam işlə
təmin olunacaq".
Ə.Qəşəmoğlunun
açıqlamasından o da məlum oldu ki, Azərbaycanda hər
hansı bir işi sistemli şəkildə düşünənlər
olduqca azdır: Deməyim odur ki, qadınların məşğulluğunu
təmin etməkdən ötrü təkcə peşə məktəblərinin
açılması ilə iş bitmir. Peşə məktəbi,
kursları açanda gərək elə edəsən ki, onun
məhsulları kiməsə lazım olsun. Azərbaycanda
xalçaçılıq bir zamanlar inkişafı ilə
seçilirdi. Hazırkı dövrdə
xalçaçılıqla bağlı peşə məktəbi
açmazdan əvvəl həmin xalçaların
bazarını tapmaq lazımdır. Xalçaların
bazarını hansısa sahibkar bu və ya digər səviyyədə
tapa bilər. Ancaq hökumət səviyyəsində müəyyən
strukturlar bu sahədə daha çox iş görə bilər.
O üzdən, qadınların məşğulluq məsələsinə
kompleks yanaşmaq lazımdır. Elə
xalçaçılıq sexləri var ki, bu gün
açılır, 6-7 aydan sonra bağlanır. Çünki
məhsulu realizə etməyə bazar tapa bilmir. Ona görə
də bu kimi məsələlərlə məşğul
olmaq elə də asan məsələ deyil və bir-iki
adamın işi deyil. Burada dövlətin özünün
müəyyən bir fəaliyyət proqramı
olmalıdır. Sözügedən fəaliyyət proqramı
da bir neçə işin görülməsində rol
oynamalıdır. Xammalın tapılıb gətirilməsində,
istehsalda, satışda olan problemlər düzəlməlidir
ki, bu biri tərəfdən peşə məktəbləri
işçi qüvvəsini hazırlasın. Bütün
hallarda qadınlar üçün müəyyən peşə
kurslarının təşkil olunması vacibdir, amma
bunların təşkili üçün müəyyən
işlərin kompleks şəkildə görülməsinə
ehtiyac var".
Vidadi ORDAHALLI
Bakı xəbər.- 2011.- 2-4 dekabr.- S.
15.