"Mən həmin
dövrdə Naxçıvanda rabitə sahəsinə rəhbərlik
edirdim"
Rabitə
insanın gündəlik həyatının əsas hərəkətverici
qüvvəsi kimi öz aktuallığını həmişə
qoruyub saxlayır. İnsanların daha
tez və asan xəbərləşmək,
əlaqə saxlamaq ehtiyaclarının təmin
edilməsi üçün müasir rabitənin sələfi olan vasitələr yaranıb. Bəlkə də rabitə sahəsi indiki
səviyyədə inkişaf etməsəydi,
insanların həyatı bu qədər rəngarəng
olmazdı. Telefon, poçt
rabitəsinin, daha nələrin
yaranmasından qısa zaman keçməmiş
dövrün həmin nailiyyətləri
Azərbaycanda öz yerini
tutub. Bu da ondan irəli gəlir ki, Azərbaycan xalqı həmişə
yeniliklərə maraq göstərib və
yaxşı nə varsa onun
həyat tərzimizə, məişətimizə,
iqtisadiyyatımıza, mədəniyyətimizə
köçürülməsini həyata keçirib.
Rabitə xidmətlərinin ibtidai
formada da olsa Cənubi Qafqaz respublikaları arasında ilk dəfə
Azərbaycanda tətbiq edilməsi bir millət kimi bizim tarixi
uğurumuzdur. Ağsaçlı
Azərbaycan rabitəsininin 130 yaşı tamam
olur. Yaranma tarixi qoca olsa
da, özü gündən-günə
cavanlaşır və dünyada tətbiq
olunan ən son telekommunikasiya nailiyyətlərinə sahibdir. Dekabrın 6-da ölkə rabitəçiləri
öz yubileylərini böyük
təntənə ilə qeyd edəcək.
Milli rabitəmizin yaranması, onun formalaşma və təşəkkül
dövrü bir
neçə mərhələni əhatə edir.
Rabitəmizin keçib gəldiyi yolu gah qaranlıqlar
müşayiət edib, gah
da işıqlı gündüzlər.
130 illik şərəfli bir
yol qət edərək mövcud
inkişafına nail olub
Azərbaycan rabitəsi. Hazırda bu sahədə
diqqət çəkən işlər görülür,
rabitəmizin tərəqqisi yolunda böyük uğurlara imza atılır. Ancaq Azərbaycan
rabitəsinin, telekommunikasiyasının vaxtilə
qarşılaşdığı çox
böyük çətinliklər,
problemlər olub ki,
onları heç zaman
unutmaq mümkün deyil. Rabitə sahəsinə ömürlərini
həsr edən peşəkar rabitəçilər keçmiş günlərin
ağrı-acısını hələ də unutmayıblar.
Keçən əsrin 90-cı illərinin ilk
mərhələsi vətəndaşlarımızın
yaddaşına yalnız ikinci dəfə
dövlət müstəqilliyimizə qovuşduğumuz
bir dönəm kimi həkk
olunmayıb. O illərdə yaşayan
insanlar onu durğunluq dövrü kimi xatırlayır, o illərin
bir də geri
qayıtmasını qətiyyən arzulamırlar. 1991-ci il oktyabrın 18-də suverenliyi
elan edilən Azərbaycan
Respublikasının daxilində bir
sıra xoşagəlməz proseslər baş
verirdi. Demək olar
ki, ölkədə hər şey məhvərindən qopmuşdu.
Elə bir sahə yox idi ki, orada
çoxsaylı problem, çətinlik
olmasın. Sanki qara bir əl
hər şeyi inkişafdan
dayandırmışdı. Bir tərəfdən
ermənilərin torpaqlarımızı işğal
etməsi nəticəsində yaşanan
ağrılar, digər tərəfdən isə, ölkə
iqtisadiyyatında baş verən
çökmə insanların həyat ritmini
əməlli-başlı pozmuşdu.
Yeni sosial həyatın gətirdiyi çətinliklər
insanları elə sıxırdı ki, onlar birdəfəlik bu
qayğıların əlindən qurtarıb qaçmaq
istəyirdi. Ümidləri şam kimi öləziyən əhali nicat
yolu axtarırdı. Bu
dövrdə Azərbaycanda rabitə xidməti də iflic vəziyyətə düşmüşdü.
İnsanlar uzaqlarda
yaşayan qohumlarından aylarla
xəbər tuta bilmirdi.
Məktublar, teleqramlar vədəsində
ünvanına yetişmirdi. Telefon
danışığı sahəsində isə, bir çox çətinliklər
meydana çıxmışdı.
Qürbətdə yaşayanları Vətənə qovuşduran rabitənin yarıtmaz vəziyyətdə
olması insanları dərindən sarsıdırdı. Rabitə,
telekommunikasiya insanlara
hava-su, çörək qədər gərəkli
bir xidmət sahəsidir. Onun insanların həyatında
oynadığı rolun əvəzi yoxdur. Azərbaycan rabitəsinin
məhv olmaq təhlükəsilə
üz-üzə qalmasının bir səbəbi
Qarabağ müharibəsi, erməni
daşnaklarının bu sahəyə vurduğu ziyan idisə,
digər səbəbi respublikamızın yoxsul
vəziyyətə düşməsi, təbii resurslardan
məqsədyönlü şəkildə istifadə
edilməməsi idi. Rabitənin inkişaf etdirilməsi, onun
çoxsaylı problemlərinin aradan
qaldırılması zəruri bir hal kimi ortaya
çıxsa da, 1991-92-ci illərdə onun aradan
qaldırılmasına çalışanlar elə də çox deyildi. Rabitənin
acınacaqlı durumu vətəndaşlarımızı
daha çox narahat edirdi. Elə adamlar var idi
ki, günlərlə poçt
şöbələrinə ayaq döysə
də kənarda yaşayan əzizlərilə
əlaqə yarada bilmirdi.
Bu kimi hallar
da insanların rabitə işçilərindən
narazı qalmasına gətirib çıxarırdı.
Əhali bilmirdi ki,
onların yaxınları ilə telefon
vasitəsilə görüşə bilməməsinin
günahkarı rabitəçilər deyil.
Onların yazdığı məktubların, göndərdikləri
teleqramların həftələrlə, aylarla
kəndləri, şəhərləri dolaşmasının səbəbi
başqa məsələlərdir. Hətta
bu problemə milli kinomuzda, ədəbiyyatımızda da müəyyən qədər yer ayrılıb. O dövrün
mənzərəsi işıqlandırılarkən rabitə
problemi də unudulmayıb. Azərbaycan rabitəsinin
keçmişində narahatlıq dolu
günlər çoxdur. O günləri əhalilə
birgə yaşayan rabitəçilər
sevinirlər ki, bu bəşəri
xidmət sahəsi zamanın bütün
çətinlik dolu sınaqlarından üzü ağ
çıxıb. Azərbaycan rabitəçilərinin
sözlərinə görə, rabitəmizin problemlərin əsarətindən
xilas edilərək inkişaf
yoluna çıxarılması Azərbaycanın
mərhum prezidenti Heydər Əliyevin
adı ilə bağlıdır. Xatırladaq ki,
rabitəçilər Azərbaycan rabitəsinin inkişaf mərhələsini iki
yerə bölür. Onların hər ikisi H.Əliyevin hakimiyyətdə olduğu dövrlərin payına düşür.
1983-2001-ci ilə qədər
Naxçıvan Muxtar Respublikasında rabitə sahəsinə
başçılıq edən, 1992-ci il dekabr ayının
12-dən Yeni Azərbaycan Partiyasının ilk üzvlərindən
biri, rabitə ustası, 2009-cu ildə ölkə prezidenti
İlham Əliyevin sərəncamı ilə "Əməkdar
mühəndis" fəxri adına layiq görülən,
"Aztelekom" İstehsalat Birliyinin baş mütəxəssisi
ötən əsrin 90-cı illərində isə
Naxçıvan Muxtar Respublikasının rabitə naziri
olmuş Zeynal Novruzov o dövrün rabitə xidməti sahəsində
yaşanan bütün çətinlikləri ən xırda
detallarına qədər xatırlayır. Z.Novruzov həll edilməsi
insanlara xəyal, yuxu kimi görünən, əlçatmaz olan bu problemin
mərhum prezident Heydər Əliyev tərəfindən
birdəfəlik aradan
qaldırıldığını bildirdi.
Z.Novruzovun ürəyində Heydər Əliyevlə
bağlı bir neçə kitaba sığışmayan xatirə
yaşatdığını bəlkə də
çoxları bilmir. Deyir
ki, ürək süfrə deyil ki, onu
hər yetənin qarşısında açasan.
O bu xatirələrinin hamısını əzizdən
əziz bilir. Z.Novruzovun
sözlərinə görə, H.Əliyevin həyat tərzi,
apardığı uğurlu siyasət,
ümumiyyətlə onun bütün
xüsusiyyətlərilə böyük
məktəb idi. O elə bir məktəb ki, onun bütün zamanlarda ardıcılları olub
və olacaq da. Özünün H.Əliyev yoluna,
siyasətinə sadiq olduğunu
dəfələrlə sübut edən və
bu yolun yorulmaz yolçusu olan Zeynal Novruzovla
Heydər Əliyevi milli məfkurəyə,
dövlətçiliyə bağlılıq hissləri
birləşdirir. Zeynal müəllimin
bildirdiyinə görə, Azərbaycan rabitəsinin
ağır günlərində də, inkişafa
nail olduğu çağlarda da Heydər
Əliyev xalqımızla birgə olub:
"Azərbaycan Respublikası Sovet
dövründə də, müstəqillik illərində də
Heydər Əliyevin rəhbərliyi dövründə daha çox inkişaf edib. Bu gün möhtərəm
prezidentimiz İlham
Əliyev də atasının yolunu uğurla davam etdirir. O da Heydər
Əliyev kimi rabitə sahəsinə xüsusi diqqət yetirir.
Azərbaycan rabitəsi Sovet
İttifaqı zamanında ağır durumda
idi. Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci
katibi vəzifəsində işləyərkən
bu sahədə köklü
dəyişikliklər baş verdi, çox böyük nailiyyətlər əldə edildi. Bir məsələninin üstündə xüsusi dayanmaq istəyirəm.
1970-ci ilin yayında Heydər Əliyev cənablarının
təşəbbüsü ilə "Respublikada
rabitə vasitələrinin vəziyyəti və gələcək
inkişafı üzrə tədbirlər haqda"
məsələ Mərkəzi Komitənin bürosuna
çıxarıldı və böyük
inkişafa təkan verən möhtəşəm
bir qərar qəbul edildi.
Bu rayonların, kəndlərin və
şəhərlərin sürətlə
telefonlaşmasına səbəb oldu.
Rabitə sahəsi iri addımlarla irəliləməyə
başladı. O "Kreml"də işləmək üçün Moskvaya dəvət
edildikdən sonra da Azərbaycan
rabitəsini unutmurdu. Əlindən gələn
köməkliyi göstərirdi..."
Z,Novruzov bildirdi ki, yüz otuz
yaşlı milli rabitəmiz daşlı-kəsəkli yollar
keçib gəlib. Qarşısında
problemlər, çətinliklər çox
çıxıb. Bəzən məhv olmaq
təhlükəsinin bir neçə
addımlığında olub. Amma o təslim olmayıb:
"Yaddaş üçün
bildirim ki, 1988-ci ildən
1993-cü ilə qədər bu sahədə
ciddi çətinliklər mövcud idi.
Respublikamızın həmin dövrdə hansı vəziyyətdə
olduğu hər kəsə məlumdur. O illərdə rabitə sahəsinə göstərilən
laqeyd münasibət nəticəsində
ATS-lərin bir çoxu
dağıldı, rabitə qurğuları sıradan
çıxdı, bu da
ölkənin rabitə sisteminin bərbad
vəziyyətə düşməsinə gətirib
çıxardı. Hər şey gözlərimiz
qarşısında baş verirdi. Mən həmin dövrdə
Naxçıvan Muxtar Respublikasında
rabitə sahəsinə başçılıq edirdim. Qeyd etdiyim kimi keçən
əsrin 80-ci illərinin sonu, 90-cı illərin
əvvəllərində Azərbaycan rabitəsi, telekommunikasiya sahəsi iflic
vəziyyətinə düşmüşdü.
Bu sahədə böyük
gərginlik yaşanırdı. Ölkə əhalisinin başqa respublikalarla,
şəhərlərlə rabitə əlaqəsi
saxlaması müşkülə çevirilmişdi.
Əlimizdən gələni edirdik ki, insanlar bizdən
narazı qalmasın. Amma bütün səylərimizə
baxmayaraq yenə də tam
olaraq onların tələbatını
ödəyə bilmirdik. 1990-ci ildə Moskvadan Naxçıvana gələn ümummilli liderimiz, mərhum
prezidentimiz Heydər Əliyev də bu çətinlikləri xalqla
bərabər yaşayırdı. Bu sahədə
baş verənlər onu
çox narahat edirdi. Elə vaxtlar olurdu ki, Heydər
Əliyevin özünü istədiyi yerlə
danışdırmaq üçün çox böyük
çətinliklərlə üzləşirdik. Təbii ki, bu çətinliklər
onun diqqətindən yayınmırdı.
Bilirsiz ki,
Naxçıvan informasiya blokadasında idi. Naxçıvan Muxtar
Respublikası və Bakı arasında rabitə əlaqəsi
yaradan KM-15 magistral kabeli Gorus-Sisyan arasında
ermənilər tərəfindən dağıdılaraq məhv
edilmişdi. Rabitə əlaqəsi
yalnız İran və Türkiyə
üzərindən məhdud kanallar vasitəsilə
yaradılırdı. Bu da
qeyd etdiyim kimi çox vaxt alınmırdı. Yerli
radio kanalının da
fəaliyyətini xatırlamaq yerinə düşərdi. Orta dalğada yayımlanan
bu radio vasitəsilə
Heydər Əliyevin rəhbərliyilə qəbul edilən qərarlar,
onun çıxışları efirə verilirdi. Bu radionun
proqramlarını yaxın Şərq ölkələrinin bir çoxunda dinləmək
mümkün idi".
Heydər Əliyevin xalqın istəyilə,
çağırışı ilə Azərbaycan
Respublikası prezidenti vəzifəsinə seçilənə
qədər Naxçıvanda böyük işlər
gördüyünü bildirən Z.Novruzovun sözlərinə
görə, Müstəqil Azərbaycan Respubliksı ilə
bağlı bütün taleyüklü məsələlər
Naxçıvanda qəbul edilirdi. Bu
hadisələrin gözləri qarşısında baş verdiyini deyən Z.Novruzov üç rəngli
bayrağımızın uzun illərdən
sonra ilk dəfə rəsmən
Heydər Əliyev tərəfindən xalqımıza təqdim
edilməsinin o illərdə böyük cəsarət olduğunu
qeyd etdi: "Bayrağımız Demokratik
Cumhuriyyətin süqutundan təxminən
71 il sonra müstəqil
dövlətimizin bayrağı kimi Ali Məclisdə dalğalandı. Ümumiyyətlə,
Azərbaycan respublikasının bütün
taleyüklü problemlərinin həlli
yolları, əlamətdar günlər və tarixlər haqda qəbul edilən qərarların əksəriyyəti
Ali Məclisdə Heydər Əliyev tərəfindən
verilirdi. Yadımdadır ki, bir sıra dövlətçilik
atibutlarının qəbulu, o cümlədən
də tariximizə qızıl hərflərlə yazılan
31 dekabr Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və başqa tarixi hadisələrlə
bağlı qərarlar Heydər Əliyev tərəfindən
Ali Məclisdə qəbul edilib.
Heydər Əliyev bu qərarların
işlənməsini başqalarına həvalə etmirdi. Deyərdim ki, bütün qərarları özü
yazırdı. Bütün sahələr haqda dərin məlumatı vardı. Rabitə
sahəsini də ki, mükəmməl bilirdi. O SSRİ Nazirlər Sovetidə baş nazirin birinci müavini vəzifəsində
işləyərkən bir sıra sahələri,
o cümlədən də rabitəni kurasiya etmişdir. Keçmiş SSRİ-nin bütün rabitə sisteminə bələd idi. Çünki o dövrdə yalnız Azərbaycanda deyil, İttifaq
respublikalarının hamısında bu
işlər onun rəhbərliyi,
qayğısı ilə həyata keçirilirdi.
Harda problem
yaranırdısa, Heydər Əliyev təcili surətdə ora gedər və çətinlikləri
kökündən həll edərdi. Bunlar
hamısı tarixi hadisələrdir. Çox xoşbəxt xalqıq ki, belə Vətən oğlumuz
olub. Bu gün də onun əməlləri,
yaratdığı möhtəşəm məktəb
yaşayır, indən sonra da yaşayacaq".
Heydər Əliyev tərəfindən
qəbul edilən bu dövlət əhəmiyyətli qərarların
dünya arenasına çıxmasının böyük əhəmiyyət
daşıdığını bildirən Z.Novruzovun sözlərinə
görə, rabitəçilər çətinliklər
hesabına olsa da o sənədlərin bir sıra ünvanlara
çatdırılmasına nail olurdu: "Bu qərarların
yalnız Azərbaycanda deyil, digər ölkələrə də
məlum olması vacib məsələ idi. Bu məsələni
o vaxt Naxçıvanda fəaliyyət göstərən 1
kanallı radioteleqraf kanalı vasitəsilə həyata
keçirirdik.
(Ardı gələn sayımızda)
İradə
SARIYEVA
Bakı xəbər.-
2011.- 6 dekabr.- S. 11.