Qloballaşma dövründə milli-mədəni dəyərlərin və adət -ənənələrin yad təsirlərdən qorunması zərurəti

 

Bütün mədəniyyətlərin, dəyərlərin, xalqların düşüncələrinin eyni məcrada birləşməsi mümkünsüz bir məsələdir. Hər bir xalq öz mədəniyyəti, adət-ənənəsi, öz folkloru, öz milli kimliyilə maraqlıdır. Dünyada nə qədər xalq varsa bir o qədər də mədəniyyət, adət-ənənə, milli-mənəvi dəyər var. Bu rəngarənglik, xalça naxışları kimi çox çalarlılıq millətləri, toplumları bir-birindən fərqləndirir, ayırır.

   Bəlkə də bu ayrıntı olmasaydı, həyatda yaşamağın, torpağın altında və üstündə iz qoyan tarixi həqiqətləri axtarmağın mənası olmazdı. Ucsuz-bucaqsız yer üzündə hər bir xalqın öz yeri, öz rolu var, öz səsi, öz sözü eşidilir. Qədim çağlardan üzü bəri xalqların böyük əksəriyyəti milliliyini, tarixini, adət və ənənəsini, milli-mənəvi dəyərlərini qorumaq uğrunda mücadilə verib. Xalqların çoxu öz mədəniyyətinin başqa mədəniyyətlərin təsiri altına düşməsi məsələsilə razılaşmayıb. Mənsub olduğu toplumun mədəni-mənəvi sərvətini, dilini yad nəfəsindən hifz edə bilməyən xalqların tarix kitablarında yalnız adı qalıb, özləri isə qeybə çəkilib. Sanki bu dünyada heç belə bir xalq yaşamayıbmış kimi. Elə xalqlar da var ki, onların özləri bir millət kimi mövcud olsa da nə tarixləri, nə mədəniyyətləri, nə milli-mənəvi dəyərləri, nə də ki, adət-ənənələri var. Bu sıraya aid olan xalqlar başqa xalqların mədəniyyəti, adət-ənənələri hesabına özlərinə qondarma bir dəyərlər sistemi yaradıblar.

   Hazırda dünyada bir sıra proseslər gedir. O proseslərin heç də hamısı xalqların müqəddəratının təmin edilməsinə, onların milli-mədəni dəyərlərinin, adət və ənənələrinin qorunmasına, onların əriyib itməsinin qarşısının alınmasına hesablanmayıb. Əksinə, o cərəyanların məqsədi müxtəlif mədəniyyətləri, adət-ənənələri, dünyagörüşləri bir məcrada birləşdirib onları mənsub olduqları xalqlardan, torpaqlardan qoparmaqdır. Son illər bu niyyətlə qloballaşma tərəfdarları insanların qarşısına çıxır. Qloballaşma zamanın "dünyaya gətirdiyi övlad" olsa da, bu övlad xalqların, dövlətlərin bir çoxu üçün arzuedilən deyil. Çünki o özü ilə insanlara böyük fəlakətlər, bəlalar gətirir. Onun tələbi bundan ibarətdir ki, sən əsrlər boyu yaradıb, qoruyub, tarixin çətin mərhələlərindən keçirib bu günə qədər gətirdiyin milli-mənəvi dəyərlərindən, adət-ənənələrindən imtina etməlisən. Təbii ki, bu da qəbul edilməsi mümkünsüz olan şərtdir. Qloballaşma dalğasının hiss edilmədiyi, bu cərəyana mənsub olan insanların fəaliyyət göstərmədiyi cəmiyyəti təsəvvür etmək qeyri-mümkündür. Bu tendensiyanın tədricən həyata keçməsini istəyənlər arasında dünyanın tanınmış fikir adamları, mədəniyyət təmsilçiləri, yazıçıları, ictimai və siyasi xadimləri də çoxdur. Bu qəbildən olan şəxslərin xalqların mədəniyyətlərini, mənəvi dəyərlərini, adət və ənənələrini həmin istiqamətə aparması faktları çox qabarıq görsənir.

   Azərbaycanda da bu prosesin tərəfdarları var. Bu insanların bir çoxu qloballaşmanın əsl mahiyyətini dərk etmir, kor-koranə şəkildə mədəniyyətimizin, mənəviyyatımızın qloballaşma selinə qərq olmasını istəyir. Bəzi yazıçı və şairlər, kulturoloqlar özlərini qloballaşma tərəfdarı hesab edərək mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin Avropa dəyərlər sisteminə inteqrasiya etməsini istəyir. Belə düşüncə sərgiləyirlər ki, Azərbaycanın neçə-neçə minillikləri arxada qoyaraq dövrümüzə gəlib çıxan o dəyərlərinin bir çoxunun əriyib itməsi vacibdir. Guya ki, bizim adətlərimiz, ənənələrimiz, ömrü boyu sadiq qaldığımız o mənəvi sərvətin, xəzinənin müasir dünya üçün heç bir dəyəri yoxdur. Hazırda bu fikirlərə daha çox internet saytlarında, müxtəlif sosial şəbəkələrdə rast gəlinir. Özünü cəmiyyətə orijinal fikirli adam kimi təqdim etmək istəyənlər bu yolu təbliğ etməkdə davam edir. Bəşər sivilizasiyası mövcud olandan bir millət kimi biz də var olmuşuq. Belə bir möhtəşəmliyin qloballaşma dənizində boğulması yolverilməzdir. Azərbaycan mədəniyyətində, mənəviyyat aləmində, adət-ənənələrinin tədqiqində öz qiymətli araşdırmaları ilə seçilən alimlərin əksəriyyəti qloballaşmaya qarşıdır. Bu alimlər hesab edir ki, zəngin mənəvi varidatımızın məhv olmasına bir xalq, bir dövlət kimi heç bir vəchlə razı olmaq olmaz. Görkəmli musiqiçilərimizin, mədəniyyət ocağının keşiyində duran şəxslərin də fikri alimlərin fikrilə üst-üstə düşür.

 

   Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, "Folklor və Etnoqrafiya" jurnalının baş redaktoru, professor Məhərrəm Qasımlının sözlərinə görə, qloballaşma dövründə milli-mədəni dəyərlərin, adət-ənənələrin yad təsirlərdən qorunması zərurəti çox böyükdür. Folklorşünasın fikrincə, Azərbaycan mədəniyyəti, ədəbiyyatı, adət-ənənəsi, mənəvi dəyərləri qloballaşmadan əvvəl də yad mədəniyyətlərin hücumuna məruz qalıb. Ancaq xalqımızın bu xəzinəyə dərin köklərlə bağlı olması onu hər zaman bu döyüşdən qalib çıxarıb. Çar Rusiyası dövründə də, bolşevik hakimiyyəti dönəmində də qara əllərin adət-ənənələrimizə, milli-mədəni dəyərlərimizə uzandığını deyən M.Qasımlının bildirdiyinə görə, Allahın özü bu sərvəti qoruyub: "Azərbaycanın milli-mədəni dəyərləri, adət-ənənələri bir neçə yüz ili arxada qoyaraq bizimlə bərabər yaşamaq hüququnu qazanıb. Xalqımızın tarixi çox qədimdir. Bu da o deməkdir ki, o, dünyada analoqu olmayan milli-mədəni dəyərlərə, unikal adət-ənənələrə malikdir. Bizim milli adətlərimiz tarixin sınaqlarından üzü çıxıb. Baxmayaraq ki, dönə-dönə milli-mədəni dəyərlərimizə, adət-ənənələrimizə müxtəlif formalarda hücumlar edilib. Amma onun kökləri dərinlərə işlədiyi üçün heç bir tufan onu yıxa bilməyib. Sovet dövründə bir sıra adətlərimizin, milli-mənəvi dəyərlərimizin sıradan çıxarılmasını istəyən nə qədər adam vardı. Amma xalqımızın səyi nəticəsində çox az şey itirdik. İtkilərimiz də oldu. Amma itirdiklərimiz kütləvi olmadığı üçün bu bizə o qədər də zərər gətirmədi. Yeniliklər hər zaman vacibdir. Amma bu yeniliklər milli-mənəvi kök, zəmin üzərində qurulanda, adət-ənənə çərçivəsində formalaşdırılanda daha etibarlı olur".

   Qloballaşmanın Azərbaycana da müəyyən təsir göstərdiyini bildirən M.Qasımlının sözlərinə görə, dövlət və xalq səviyyəsində milli soy-kökə dərindən bağlı olmağımız mədəniyyətimizi, adət-ənənələrimizi qloballaşma qurbanı olmaqdan xilas edəcək: "Dövlət müstəqilliyimizi 20 ildir ki, qazanmışıq. Bu illərdə ən böyük qazanclarımızdan biri bir millət, xalq kimi özümüzü dərk etməyimizdir. Artıq dövlət və xalq səviyyəsində milli soy-kökə, milli-mədəni dəyərlərə, adət və ənənələrə ciddi qayıdış prosesi başlayıb. Bir neçə il əvvəl kütləvi informasiya vasitələrində, xüsusən də televiziyalarda milli-mədəni dəyərlərin təbliği aşağı səviyyədə idisə, hazırda bu sahədə inkişaf nəzərə çarpır. Gənclərimizin dəyərlərimizə münasibəti xeyli dərəcədə dəyişib. Onlar artıq milli adət-ənənələrimizə qarşı çıxmır. Onun necə möhtəşəm, tükənməz bir xəzinə olduğunu dərk edir. Gənclər arasında milli-mədəni dəyərlərin, adət-ənənələrin yad təsirlərdən qorunması yolları təbliğ edilməlidir. Bu tendensiyanın ayaq açıb yeriməsi vacibdir. Öz milli-mədəni dəyərlərinin qədrini bilən, onun böyüklüyünü dərk edən gənc heç vaxt bu xəzinənin qloballaşma alovu içərisində əriməsinə imkan verməyəcək. Bu onu dövlətə, dövlətçiliyə bağlayacaq. Mədəniyyətimiz, ənənəmiz, ədəbiyyatımız, tariximiz yaşayırsa, itməyibsə bir millət, bir dövlət kimi biz də varıq".

   M.Qasımlı onu da dedi ki, Azərbaycan mədəniyyəti dünya mədəniyyətinə inqeqrasiya etməlidir, amma heç bir vaxt onun yad mədəniyyətlərin tapdağında qalması mümkün deyil: "Mədəniyyətimiz, adət-ənələrimiz, musiqimiz başqa ölkələrdə də təbliğ edilməlidir. Bu gün xalçalarımızın, muğamımızın, aşıq sənətimizin YUNESKO-nun dünyanın qorunan qeyri-maddi irs siyahısına salınması qələbəmizdir. Milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz bu yolla dünyaya bəyan edilib. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və digər qurumlarımız, ayrı-ayrı mədəniyyət xadimlərimiz, fikir adamlarımız milli-mədəni dəyərlərimizi, adət-ənənələrimizi kifayət qədər təbliğ edir. Xalçalarımız, digər dəyərlərimiz dünya muzeylərində ana dilimizdə "danışır". Milli-mədəni dəyərlərin, adət və ənənələrin daha mükəmməl və etibarlı qorunması bu gün hamımızdan asılıdır. Bu zəruri məsələ hər kəci düşündürməlidir. Fikrimcə, dəyərlərimizə bir qədər də mühafizəkar münasibət bəsləməliyik ki, onu yad təsirlərə salmaq istəyində olanlar buna cəsarət etməsin. Gəldiyimiz yolu geri qayıdıb tarixin müxtəlif qatlarında öz sorağımızı axtarırıqsa, yeni-yeni maddi-mənəvi dəyərlər üzə çıxarırıqsa, adət-ənənələrimiz fonunda köklü işlər görürüksə qloballaşmanın bizə böyük zərər vuracağına elə də inanmıram. Düşünürəm ki, bizim dəyərlərimiz qloballaşmaya təslim olmayacaq. Dövlətimiz də milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasında maraqlıdır".

 

   Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının professoru, "Şöhrət" ordenli, xalq artisti, görkəmli xanəndə Mənsum İbrahimovun fikrincə də, Azərbaycanın milli-mədəni dəyərlərinin, adət-ənənələrinin qorunması istiqamətində fəaliyyətimizi bir az da gücləndirməliyik ki, qloballaşmadan zərər çəkməyək. Bu prosesin özü ilə yad təsirlər gətirdiyini deyən xalq artistinin sözlərinə görə, o mənfi amilləri mədəniyyətimizə, adət-ənənələrimizə buraxmalı deyilik. Bu sahədə böyük hərəkat başlandığını deyən M.İbrahimovun bildirdiyinə görə, hazırkı ünvanı Azərbaycan olan muğam sənəti dünyada qloballaşmaya və yad təsirlərə qalib gəlir: "Bu gün muğam sənəti bütün dünyanı dolaşır. Avropanı, Qərbi, Afrikanı öz cazibəsinə salır. Bilirsiz ki, muğamın başı tarix boyu çox bəlalar çəkib. Yad təsirlərə məruz qalmaq təhlükəsilə üzləşib, ancaq sarsılmaz özül üzərində pərvəriş tapdığı üçün məhv olmayıb. Muğam köklü bir qayadır, onu torpaqdan - milli-mədəni dəyərlər sistemindən qoparmaq müşkül məsələdir. Muğam ən ağır sınaqlardan adlayıb gəlib. Bu gün Azərbaycan muğamın mərkəzidir, hər kəs muğamın ünvanı kimi Azərbaycanı tanıyır. Milli adət-ənənələrimizə də bağlılıq dərəcəmiz xeyli artıb. Qloballa dünyada tüğyan edir. Təbii ki, mədəniyyətimizi, adət-ənənələrimizi onun gətirdiyi yad təsirlərdən qorumalıyıq. Bu zəruri işə millət-dövlət olaraq qoşulmalıyıq. 2008-ci ildə Muğam sənəti YUNESKO-nun qorunan qeyri-maddi irs siyahısına salındı. Bu gün muğamın mühafizəsilə yalnız biz deyil, bütün dünya məşğul olur. Bu artıq sərhədləri aşaraq ümumbəşəri bir sənətdir. Amma milliliyini qoruyur. Eləcə də aşıq sənəti və xalçalarımız. Onlar milli olduğu üçün maraqlıdır. Ancaq yad mədəniyyətlərin təsirinə düşsəydi bu qədər maraq cəlb etməzdi".

   Eyni zamanda qloballaşmanı böyük təhlükə sayan M.İbrahimov xalqımızı dəyərlərimizin qorunması məsələsində dövlətlə həmrəy olmağa çağırdı: "Hesab edirəm, bizim milli-mədəni dəyərlərə, adət-ənənələrimizə bəslədiyimiz münasibət o qədər isti olmalıdır ki, o qloballaşma dövrünün "şaxta"sına düşüb məhv olmasın. Çünki qloballaşma tərəfdarlarının təbliğat maşını çox sürətlə işləyir. Bu prosesin tərəfdarları bütün cəmiyyətlərin əhval-ruhiyyəsini öyrənir, onların milli-mədəni dəyərlərə, adət-ənənələrinə münasibətini araşdırır. Bir az zəif yer tapan kimi oradan istifadə edirlər. Biz də bu kimi mənfi halların baş verməsinə şərait yaratmalı deyilik. Dövlət bu yöndə böyük işlər görür, sənət adamları, alimlər, tədqiqatçılar, media mənsubları da öz fəaliyyətini gücləndirməlidir. Qloballaşma dövründə milli-mədəni dəyərlərimizin, mentalitetimizin yad təsirlərdən qorunması zəruridir. Bu bizim ən böyük məqsədlərimizdən biri olmalıdır".

 

İradə SARIYEVA

 

Bakı xəbər.- 2011.- 8 dekabr.- S. 12.