2011-ci il "Turizm ili"dir: Azərbaycanı
tanıyaq, Azərbaycanı tanıdaq
15-20
il öncə Masallı adi
kənd rayonlarından çox az fərqlənirdi. Bu günlər isə turizm Masallının simasını nəzərəçarpacaq
dərəcədə dəyişib. 20 il
öncə Masallıda çox primitiv şəkildə fəaliyyət
göstərən bircə "İsti-Su"
istirahət mərkəzi var idisə,
hazırda rayonda istirahət mərkəzlərinin
sayı 31-dir.
Sadə bir sualı
cavablandırmağa çalışaq - Turizm Masallıya nə
verib?
- Burada 31 turizm obyektində
mövsüm ərzində 500 nəfərdən artıq insan
çalışır. Turist
obyektləri olan ərazidə nəinki
meşələr qırılmır, qorunur,
həmçinin burada yaşıllıq
zolaqları günbəgün artır. Ən ucqar
yerlərdə inşa edilən istirahət
mərkəzlərinə də yeni yollar çəkilir ki, bu yollardan nəinki turistlər,
həm də kənd sakinləri istifadə edir.
Turizm ətraf kəndlərə də
xeyli qazanc gətirir. Masallıda turist
obyektlərinin əksəriyyətinin yerləşdiyi Qəriblər
kəndinə gedən yolun üstündə
çörək, bulka məmulatları, toyuq və balıq ləvəngisi
satanların sayı günbəgün çoxalır, kifayət
qədər qazanc əldə edir. Hətta turistlərin marağını nəzərə
alıb son illər yol
kənarında gül dibçəkləri
satanların da sayı xeyli
çoxalıb. Dükanlarda, bazarlarda, yanacaqdoldurma məntəqələrində
müştərilərin sayı nəzərəçarpacaq
dərəcədə artıb. Turizm obyektlərinin
inşasında çalışan ustaların da
sayını bu siyahıya əlavə etsək,
mənzərə bir az
da aydınlaşar.
Sirr
deyil ki, turistlər tarixi abidələrə xeyli maraq göstərir.
Bunu nəzərə
alan rayon rəhbərləri
və sahibkarlar tarixi
abidələrin təmirinə və yenidən qurulmasına
diqqəti xeyli artırıblar. Lənkəranda
Dairəvi Qalanın, Masallının Ərkivan qəsəbəsində
Şah Səfi ocağının əsaslı
təmiri buna sübutdur.
İldırım Allahyarov
(azad sahibkar. "İsti-Su" sanatoriyasının rəhbəri):
- "İsti-Su"yun
qədim tarixi var. Əvvəllər
bura ancaq bəylər,
digər imkanlı adamlar gələrdi. Sonrakı illərdə bu şəfa
ocağı hamının üzünə açıq oldu və "İstu-Su"ya gələnlərin sayı nəzərəçarpacaq
dərəcədə artdı. Lakin bura daha çox
insan gəlsə də, şəraitsizlik
çoxlarını incik salırdı. Burada müasir tələblər
səviyyəsində təmir və abadlıq işləri
aparmaq isə çoxlu
vəsait tələb edirdi. Ölkə
başçısının bu sahəyə
diqqəti nəticəsində biz
Sahibkarlığa Dəstək Fondundan
güzəştli şərtlərlə 100 min
manat kredit götürdük. Regionların İnkişaf Proqramında "İsti-Su" sanatoriyasını da abadlıq işlərinin dəstəklənməsi
işimizə yeni təkan verdi.
Məhz bu yardım və dəstək nəticəsində
burada onlarla yeni istirahət evləri tikdik.
İndi eyni vaxtda bu istirahət mərkəzi
200-ə yaxın turisti qəbul etmək
gücündədir. Bundan əlavə,
müalicə vannalarının sayı 20-dən 50-yə
yüksəlib, bir nəfər də
masajçının olmadığı "İsti-Su"da indi 10-dan artıq
masajçı var. İstirahətə gələnlər
kompüter xidmətindən tutmuş, kitabxana xidmətinədək
faydalana bilir.
Masallıda digər istirahət
obyektləri də özəlliklərilə seçilir. "Dəştvənd
" elitar xidməti ilə fərqlənir.
"Yanar dağ"
buranın 2-ci "İsti-Su"yu adlanır. Burada, İslam bulağında qurulmuş
süni Şəlalə,
"Nağıl dünyası"ındakı əyləncə
qurğuları, "Zirvə" istirahət mərkəzindəki
orijinal obyektlər turistlərin böyük marağına səbıəb olur.
İndi Masallıya gələn
turistlərin sırasında nəinki Azərbaycanın onlarla
rayonunun sakini, həm də qonşu ölkələrdən,
eləcə də ABŞ-dan, Avropadan gələn qonaqlar da
var. Masallı
rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşı
Vəkil İsmayılovun bildirdiyinə görə, təkcə
2011-ci ildə rayondakı turist obyektlərinə
16 mindən artıq turist gəlib,
onların da 500-dən artığı xarici turistlərdir. Bütün
bunlar cənub bölgəsinin tarixini, mədəniyyətini,
xalqımızın necə yüksək mənəviyyata layiq olduğunu təqdim
etməyə daha geniş
imkan verir.
İstirahət mərkəzləri
qonşu rayonlarda - Lənkəranda, Lerikdə,
Yardımlıda, Astarada da sürətlə artır. İndi cənubda bir neçə həftə qalıb hər gün bir yeni
istirahət mərkəzinə baş
çəkmək mümkündür.
Bəs bu sahədə işləri
gələcəkdə daha necə gücləndirmək olar? Turizm sahəsində
problemlər, yeniliklər necə öyrənilir, necə
araşdırılır, bu sahədə dünya təcrübəsindən necə
faydalanılır? Bu sualları Cənub İnformasiya Turizm Mərkəzinin
rəhbəri Samir Axundov
belə cavablandı:
- Bir tərəfi dəniz, bir tərəfi
dağlar olan cənub rayonlarının iqtisadi, sosial-mədəni
inkişafı üçün turizmin əhəmiyyəti
olduqca böyükdür. Bütün
təbiəti, qonaqpərvərliyi, üzügülər
insanları ilə bir növ
cənnəti xatırladan bu məkanı
ziyarət edənlər az qala
sehrli aləmə düşür
və bu səfərlər həmin şəxsin
həyatında unudulmaz xatirələrə
çevrilir. Digər tərəfdən,
xalqımızın qədim, rəngarəng maddi
və qeyri-maddi mədəni irsini tanıdan adət və ənənələrimiz
bu mükəmməlliyi bir
daha tamamlayır.
Bu milli mənəvi dəyərləri
üzə çıxarmaq və tanıtmaq, onları
dünya ictimaiyyətinə çatdırmaq bölgədə
fəaliyyət göstərən Turizm İnformasiya Mərkəzlərinin
(TİM) üzərinə düşür. Belə ki, bu sahədə məsuliyyətin
böyüklüyü mərkəzin daim yenilikçi, dinamik, gələn qonaq və
turistlərin maraqlarına cavab verə biləcək
bir səviyyədə olmasını tələb
edir.
TİM-in vəzifəsi bu bölgədə
olan turist obyektlərinin öyrənilməsi, onları modern tələblərə
cavab verə biləcək səviyyədə hazırlamaqla
yanaşı, həm də ayrı-ayrı ölkə
xalqlarına tanıtdırmaqdır. Eləcə də, bu mərkəzin işi bura gələn tiristlərin yaxşı dincələ
bilmələri üçün istiqamətlər
vermək, onlar üçün
uyğun şəraitlərin
hazırlanmasına imkanların yaradılmasıdır.
Görünən odur ki,
TİM bölgədə turizmin -
dolayısı ilə iqtisadiyyatın, mədəniyyətin, ictimai həyatın inkişafı üçün çox
dəyərli bir açar
rolunu oynayır.
Hazirda mərkəz
özünün internet
saytını hazırlayır. Eləcə də cənubdakı
bütün turist
obyektlərindən bir mərkəzdən
ətraflı məlumat əldə etmək üçün
xüsusi bülletenlər hazırlanır
və sair işlər görür.
Bu mövzuda maraqlı xəbərlərdən
biri də turistlər üçün milli suvenirlərin
hazılanmasıdır. Lənkəran rayonunda
irəli sürülən təşəbbüs Masallı və
Astarada da məmnunluqla
qarşılanıb. Artıq belə suvenirləri hazırlaya
bilən ustalar müəyyənləşib.
Gildən dulusçuların
hazırladığı təndirlər, nehrələr, digər
məişət qabları, eləcə də həsirçilərin
qamışdan hazrladıqları zənbillər, həsirlər,
papaqlar həm turistlərin xoşuna gələcək, həm də yerli sakinlərin büdcəsini daha da artırmağa
yardımçı olacaq. Bu
yaxınlarda turizm ili
çərçivəsində Masallıda keçirilən turizm sərgisi bu sahədə
uğurlu addımlardan biri
idi. Həmin sərgidə cənubun mətbəx
nailiyyətləri nümayiş etdirildi və qaliblər
mükafatlandırıldı.
Lənkəranda fəaliyyət
göstərən "Şəfəq" Ekoturizm İctimai
Birliyinin sədri Vamiq Babayev də bu sahədə maraqlı
fikirlər səsləndirdi:
- Son illər kənd turizmi
sürətlə inkişaf edir. Təkcə istirahət
üçün gələnlər istirahət evlərindəki
yerlərlə kifayətlənmir. İstirahət məskənlərinə
yaxın kəndlərin sakinləri də evlərini turistlərə
kirayəyə verir. Təkcə Lənkəran rayonunda 25 belə
ev var. Turistlər bu imkandan istifadə etməklə təbiətə
daha yaxın olmağa, eləcə də yerli sakinlərlə
daha çox təmasda olmağa üstünlük verirlər.
Artıq istirahət mərkəzinə yaxın yerlərdə
yaşayanlar yeni ev tikəndə ayrıca
çıxışı olan, ayrıca mətbəxi,
hamamı olan mənzillər inşa edirlər ki, bunu turistlərə
kirayəyə versinlər. Bütün hallarda xidmətin
yüksək olması çox vacibdir. İndi ali məktəblərdə
turizmlə bağlı fakültələrin olması, turist
obyektlərində çalışanların Bakıda və
qonşu ölkələrdə peşəkar kurslar keçməsi
bu sahədə daha uğurlu gələcəkdən xəbər
verir. Fərəhli haldır ki, belə kurslardan
bəzisi Masallıda xarici mütəxəssislərin
iştirakı ilə turist obyektlərinin özündə
keçirilir.
Lakin turizm sahəsində
bəzi problemlər də qalır. İstirahət mərkəzlərinin
bir çoxunda internetdən normal istifadə etmək olmur.
Axşamlar bəzi israhət mərkəzləri sukunətə
qərq olur. İdman yarılşarı, diskotekalar, əyləncəli
tədbirlər az təşkil olunur. Ən ciddi problem isə
hər şeyin böyüklər üçün olması,
uşaqlar üçün əyalətlərdə istirahət
mərkəzlərinin olmamasıdır. Məsələn, 20
il öncə Masallıda böyüklər üçün
bir istirahət mərkəzi olduğu halda uşaqlar
üçün 3 pioner düşərgəsi var idi. Amma indi
böyüklər üçün 31 istirahət mərkəzi
olduğu halda uşaqlar üçün bir düşərgə
belə yoxdur. Yaxşı ki, bu problem də aradan qalxmaq
üzrədir. Belə ki, ölkənin 2012-ci il büdcəsində
uşaqların yay istirahətinin daha səmərəli təşkili
üçün 250 min manat vəsait ayrılıb. Ümid etmək
olar ki, yaxın illərdə bu iş yüksələn xətlə
davam edəcək. Cənubda, eləcə də Masallıda
turizmlə bağlı səslənən təkliflərdən
biri də bu bölgədə qış turizminin
inkişafına nail olmaqdır. Belə ki, qış
aylarında cənub bölgəsindəki onlarla turist obyekti,
demək olar ki, boş qalır.
Ən sadə
müşahidələr də göstərir ki, yaxın gələcəkdə
Azərbaycanın turist obyektləri dünyanın ən
güclü istirahət mərkəzləri ilə bir
sırada qərar tutacaq, eləcə də cənub bölgəsindəki
turist obyektləri bu sahədə yeni uğurlara imza atacaq.
Zahir ƏMƏNOV: "Cənub
xəbərləri" qəzetinin
baş redaktoru
Bakı xəbər.-2011.- 19 dekabr.- S.
12.