Azərbaycan Həmkarlar İttifaqlarının bu günü və sabahı

 

Həmkarlar təşkilatlarının yaranma tarixi çox qədimdir. Mənbəyini fəhlə hərəkatlarının ilk işartılarından götürən həmkarlar təşkilatları - sindikatlar əməkçi hüquqlarını müdafiə etməyə çalışan bir neçə nəfərin birləşərək qrup halında fəaliyyət göstərməsilə sonradan ictimai əsaslarla işləyən quruma çevrilib. Bu qurumların köməyilə fəhlələrin əməyin istismar olunmasına qarşı etirazları sonradan mütəşəkkil mübarizə formasına keçid alaraq çox ciddi nəticələrin əldə olunmasına öz töhfəsini verib. Bu fəaliyyət və onun üstünlükləri ilə bağlı tarixdə saysız faktlar var.

   Azərbaycanın həmkarlar təşkilatları da özünəməxsus tarixi keçmişə malikdir. Bu tarixi missiyanı isə hazırda ölkədə fəaliyyət göstərən Həmkarlar İttifaqları Konfederasiyası həyata keçirir. Yarandığı gündən əməkçi hüquqlarının müdafiəsi yönündə aktiv fəaliyyətə başlayan Konfederasiya bu müddət ərzində ciddi uğurlara imza atıb desək, yəqin ki, mübaliğə sayılmaz. Bu gün ölkə vətəndaşlarının hüquq və azadlıqlarının Azərbaycan Respublikasının müvafiq qanunları və hüquqi aktları çərçivəsində qorunması yönündə ciddi aparan AHİK ölkədəki münbit investisiya şəraiti nəticəsində burada ilbəil sayı artan xarici şirkətlərdə də yerli işçilərin hüquqmanafeyini ciddi cəhdlə qoruyur. Bu gün faktdır ki, bu şirkətlərin bir çoxunda yerli həmkarlar təşkilatının yaradılmasına nail olunsa da, bəzi şirkətlər buna müqavimət göstərir ki, bunun da bir sıra obyektivsubyektiv səbəbləri var. Məsələ ondadır ki, xarici təşkilatlar bir sıra hallarda fəaliyyət göstərdiyi ölkənin qanunları ilə deyil, öz ölkəsinin qanunları ilə işləməyə üstünlük verir ki, bu da yerli işçilərə münasibətdə ikili standartlara gətirib çıxarır. Bundan əlavə, faktdır ki, bu gün ölkə ərazisində fəaliyyət göstərən xarici təşkilatlarda ikili mühasibat aparılır. Bu isə daha az əməkhaqqı verilməklə yerli işçilərin hüquqlarının pozulması deməkdir. Həmin şirkətlərin Konfederasiya ilə əməkdaşlığa getməməsinin kökündə də elə bu faktor durur ki, bunun da nəticəsində həmin şirkətlərin daxilində baş verən bu kimi neqativ hallara AHİK-in müdaxilə imkanları olmur, yəni başqa sözlə desək, şirkət daxilində həmkarlar təşkilatının olmaması Konfederasiyanın orada baş verən hüquq pozuntuları hallarına müdaxilə edib məsələnin çözümünə yardımçı olmaq imkanlarını sıfıra endirir. Halbuki, ölkədə fəaliyyət göstərən hər bir əcnəbi şirkətin daxilində təmsilçiliyi yaradılarsa, Konfederasiya onun vasitəsilə daxildə baş verən ayrıseçkilik, ikili normativlər kimi anormal mühit barədə operativ məlumat alıb işini bu istiqamətdə daha səmərəli qurar. Digər tərəfdən, faktdır ki, sözügedən şirkətlərdə bayram günlərində işə çıxması qarşılığında əcnəbilərə ikiqat əməkhaqqı hesablandığı halda yerli işçilər bu güzəştdən məhrum edilir, onlarla sözün əsl mənasında ucuz işçi qüvvəsi kimi davranılır. Bundan əlavə, bu şirkətlərdə xəstəliyə görə işə çıxa bilməyən fəhlələrin əməkhaqqının kəsilməsi, işdə bədbəxt hadisə nəticəsində xəsarət almalar zamanı zərərçəkənlərə kompensasiyaların verilməməsi, onların müalicəsinə şərait yaradılmaması, müalicə xərclərinin ödənilməməsi, ağır işdə işləyənlərin istirahət hüququ olduğu halda yerli işçilərin bu hüquqdan məhrum edilməsi kimi neqativ halların da yaşandığı bəllidir. O üzdən Konfederasiyanın üzərinə xeyli məsuliyyət düşür ki, bu səbəbdən qurum bu gün həmin şirkətlərlə danışıqlar aparmaqla məsələnin həlli yönündə məqsədə doğru addım-addım irəliləməkdədir. Eyni zamanda, Konfederasiya özünün yerli strukturları ilə ciddi aparmaqla yanaşı, müstəqil hüquq müdafiə təşkilatları ilə də sıx işbirliyi qurur ki, bu da ümumi işin xeyrinə olmaqla sözügedən sahəyə öz töhfəsini verir.

   Bu gün Azərbaycan Respublikası vətəndaşlarının əmək, sosial-iqtisadi və hüquqi mənafeyini müdafiə edən Həmkarlar İttifaqları Konfederasiyası artıq 18 ildir ki, bu missiyasını uğurla həyata keçirir. Konfederasiya 5-6 fevral 1993-cü il tarixdə Prezident sərəncamı ilə təsis olunub. 24 fevral 1994-cü ildə isə "Həmkarlar İttifaqları Haqqında" Azərbaycan Respublikası Qanunu qəbul olunub. Hazırda 18610 həmkarlar ittifaqı təşkilatını özündə birləşdirən AHİK ötən illər ərzində bir çox uğurlara imza atıb. Hazırda üzvlərinin sayı 1600000 nəfərə çatan Konfederasiya özündə 26 sahə həmkarlar ittifaqı birliyini birləşdirir. Konfederasiyanın beynəlxalq əlaqələri də çox genişdir. 2000-ci ildən Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyasının üzvlüyünə qəbul olunan AHİK bununla dünya təcrübəsini gənc müstəqil dövlət olan Azərbaycan Respublikasına daşımaq imkanı əldə edib. AHİK sədri Səttar Mehbalıyev isə BAHİK-in Mərkəzi və Şərqi Avropa Ölkələri Həmkarlar İttifaqları Şurasının İdarə Heyətinin üzvüdür. Qurum 1992-ci ildən hökumət və işəgötürən birliklərilə birgə Beynəlxalq Əmək Təşkilatında təmsil olunur. AHİK-in seçkili orqanlarını qurultay seçir. 1998-ci ildə birinci qurultayını keçirən Konfederasiyanın 2003-cü ildə ikinci, 2008-ci ildə isə üçüncü qurultayı baş tutub.

   Konfederasiyanın fəaliyyətilə tanışlıq zamanı media işçilərinin hüquq və mənafeyini qoruyan ayrıca həmkarlar ittifaqının olmaması səbəblərini də öyrənməyə çalışdıq. Məlumdur ki, media təmsilçilərinin hüquqlarını qoruyan təşkilat Mədəniyyət İşçilərinin Sahə Həmkarlar İttifaqıdır. Yəni eyni ittifaq həm media işçilərinin, həm də mədəniyyət işçilərinin hüquqlarını qoruyur. Bundan əlavə, ölkədə Jurnalistlərin Həmkarlar İttifaqı - JuHİ də fəaliyyət göstərir ki, onun, eyni məqsədə qulluq etmələrinə baxmayaraq, Konfederasiyadan ayrı fəaliyyət göstərməsinin səbəbləri maraq doğurur. Bu məqsədlə JuHİ sədri Müşfiq Ələsgərli ilə görüşüb suallarımıza cavab almağa çalışdıq. Müşfiq bəy bizimlə söhbətində hazırda Konfederasiya ilə birləşmə yönündə danışıqlar getdiyini diqqətimizə çatdırdı. JuHİ sədrinin sözlərindən bəlli oldu ki, Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) 1997-ci ildə təsis edilib, 2000-ci ildə isə dövlət qeydiyyatına alınıb. Fəaliyyətinin ilk illərindən medianın, söz azadlığının inkişafı yönündə çox əhəmiyyətli işlər görən JuHİ 2000-2003-cü illərdə o dövrün ən aktiv jurnalist təşkilatlarından biri olub. Həmin dövrdə JuHİ Azərbaycanda 4 beynəlxalq təşkilatın - Beynəlxalq Jurnalistlər Federasiyası, Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutu, Beynəlxalq Söz Azadlığı Mübadiləsi- İFEX və Beynəlxalq Mətbuat İnstitutunun həm üzvü, həm də təmsilçisi olan yeganə QHT olmaqla qabaqcıl dünya media təcrübəsinin öyrənilib ölkədə tətbiq olunmasında, Azərbaycan jurnalistlərinin beynəlxalq qurumlara inteqrasiya edilməsi, onların haqlı mövqeyinin qorunması yönündə ciddi uğurlara imza atıb. Müşfiq bəy bizimlə söhbətində bildirdi ki, sonradan JuHİ bu təmsilçiliklərinin bir qismini başqa jurnalist təşkilatlarına ötürüb. Paralel olaraq 4 beynəlxalq qurumun təmsilçisi olmağın müəyyən çətinliklər törətdiyini deyən JuHİ sədrinin sözlərinə görə, həmin təşkilatların bir qisminin əslində İttifaqın fəaliyyət sahəsinə çox az dəxli vardı. Yəni o zaman JuHİ öz təyinatından daha çox söz azadlığının müdafiəsilə məşğul olan bir QHT funksiyasını yerinə yetirirdi. Bu səbəbdən JuHİ-nin yarandığı ilk illərdə həmkarlar təşkilatının inkişafında rolunun çox az olduğunu deyən həmsöhbətimiz, bununla belə, təşkilatın fədakarcasına çalışdığını, üzərinə götürdüyü missiyanı çox uğurla həyata keçirdiyini bildirir. 2003-cü ildən isə təşkilat fəaliyyət istiqamətində dönüş edərək özünün əsas vəzifəsi - həmkarlar hərəkatının inkişafı yönündə ciddi fəaliyyətə başlayır. Elə aktivinə yazdığı ciddi uğurlara da həmin dövrdə imza atır.

   Məsələ burasındadır ki, həmin dövrdə Azərbaycan təkcə müstəqillik qazanmamışdı, həm də yeni iqtisadi formasiyaya daxil olmuşdu. Bu isə milli medianın qarşısına həmin formasiya qaydalarına uyğunlaşma kimi mühüm bir vəzifə qoyurdu. Yəni media totalitar sovet sisteminin vintciyi olmaqdan silkinib müstəqil, demokratik yönlü fəaliyyətə keçməli idi ki, bu sahədə də ənənə yox idi. Bunun üçün, ən azı, qanunlar bu mühitə uyğunlaşdırılmalı, müstəqil, demokratik media mühiti formalaşmalı idi. Bu yöndə aparılan fəaliyyət 1998-2003-cü illəri əhatə edir. Bu proses 2003-cü ildə Mətbuat Şurasının və paralel olaraq Milli Teleradio Şurasının yaranması ilə başa çatır ki, məhz bundan sonra da, digər jurnalist təşkilatları kimi, JuHİ də fəaliyyətini öz təməl prinsiplərinə - birbaşa həmkarlar təşkilatı prinsiplərinə uyğun qurmağa başlayır.

   Bütün sahələrdə olduğu kimi, həmkarlar ittifaqı da keçid dövrünün dolanbaclarından keçib özünün ənənəsini formalaşdırmalı, sovet dövrünün ənənələri fonunda oturuşmuş stereotipləri məhv edərək azad, müstəqil bir sistem qurmalı idi. Bu isə, təbii ki, asan proses deyildi və gərgin , zəhmət tələb edirdi. Bəllidir ki, sovet dövründə həmkarlar təşkilatlarına yalnız işçilərə sosial müavinət verən qurum kimi baxırdılar. Yəni müəssisənin həmkarlar təşkilatı de-fakto işəgötürəndən, paralel olaraq dövlətdən asılı durumda idi. Ən pisi odur ki, jurnalistlərin ayrıca həmkarlar təşkilatı yox idi. O üzdən redaksiyaların tərkibində yaranan həmkarlar təşkilatları Mədəniyyət İşçilərinin Sahə Həmkarlar İttifaqının tərkibində birləşirdi. Bu halın hələ də davam etdiyini deyən Müşfiq bəyin fikrincə, Azərbaycan mediası bu gün kifayət qədər inkişaf etdiyindən, onun ayrıca müstəqil həmkarlar ittifaqının da formalaşdırılmasına ciddi ehtiyac var. Müsahibimizin sözlərinə görə, 60 min təmsilçisi olan Mədəniyyət İşçilərinin Sahə Həmkarlar İttifaqı yalnız bu qədər təmsilçisinin problemlərini çözəndən sonra jurnalistlər üçün nəsə edə bilər ki, bu da praktiki cəhətdən imkansız görünür. JuHİ-nin statusuna gəldikdə, həmsöhbətimiz bildirdi ki, fəaliyyətinin ilk illərində ittifaqın təməl prinsiplərinə uyğun fəaliyyət kursu götürməməsi, daha çox söz azadlığını müdafiə uğrunda mübarizə aparması qurum barəsində fərqli imicin formalaşmasına səbəb olub ki, hazırda Həmkarlar İttifaqları Konfederasiyası ilə məhz bu yöndə danışıqlar aparırlar. JuHİ sədri qurumun fəaliyyəti dövründə bəzən yanlış bəyanatların, açıqlamaların verilməsinin Konfederasiya ilə münasibətlərdə bir sıra problemlər də yaratdığını, o üzdən JuHİ-nin Həmkarlar İttifaqları Konfederasiyasında status almadığını bildirdi. Lakin son illər bu istiqamətdə kifayət qədər irəliləyiş olduğunu da diqqətə çatdıran Müşfiq bəy AHİK-lə 2009-cu ildən danışıqlar apardıqlarını, Konfederasiyanın da JuHİ ilə əməkdaşlıqda maraqlı olduğunu, o üzdən problemin tezliklə həllini tapacağına inandığını bildirdi. Artıq prosesə start verdiklərini deyən həmsöhbətimizin sözlərinə görə, yuxarı qurumlarda dəyişikliklər aparılıb. Belə ki, Nəzarət-Təftiş Komissiyası, Ali Məclis, İdarə Heyəti AHİK standartlarına uyğunlaşdırılıb. Proses tam başa çatandan sonra AHİK-lə JuHİ arasında münasibətlər rəsmiləşdiriləcək və beləliklə jurnalistlərin tam statuslu həmkarlar ittifaqı formalaşacaq ki, bununla da media işçiləri qanuni güzəştlərdən faydalana biləcək.

   Media təmsilçiləri olaraq, JuHİ-nin Konfederasiyaya birləşməsi bizim də arzumuzdur. Ən azı, bu halda AHİK-in himayəsi altında işimizi və istirahətimizi daha səmərəli qurmaq imkanı əldə edə bilərik. İndi söz Konfederasiyanındır.

 

Samirə SƏFƏROVA

 

Bakı xəbər.- 2011.- 20 dekabr.- S. 12.