Azərbaycan üçün Avropanın enerji təchizatçısı, ya enerji tərəfdaşı olmağın fərqləri...

 

Şərqdə iğtişaşlarla bağlı Azərbaycanın Qərb üçün gözlənilən yeni statusu müzakirə olunmağa başlayır

 

Əli Məsimov: "Belədə, texniki xarakterli ölkədən tərəfdaş dövlət səviyyəsinə yüksəlirik"

 

Yaxın Şərq ölkələrində baş verən son iğtişaşlar fonunda Azərbaycan enerjidaşıyıcı tədarükçüsündən Avropa İttifaqının əsas enerji tərəfdaşına çevrilir. Artıq bu barədə Avropada da düşünməyə başlayıblar. Belə ki, yuxarıda deyilən fikirlər İsveç Parlamentinin Avropa məsələləri üzrə komitəsinin rəhbəri Karl Hamilton tərəfindən səslənib:

"Bu gün Avropa liderlərinin Brüsseldə keçiriləcək sammitində enerji təhlükəsizliyi və əsas tədarükçü regionlardan təbii qaz və neftin tədarükü məsələləri tədbirin gündəliyində əsas yer tutacaq. Sammitdə enerji siyasəti və təhlükəsizliyi məsələlərinə, Avropa bazarlarının liberallaşdırılmasının vacibliyinə toxunulacaq. Yaxın Şərq getdikcə bir zamanlardakından daha qeyri-sabit olur, ona görə də bu kontekstdə Cənubi Qafqaz əsas enerji tərəfdaşına çevrilir". Onun fikrincə, əvvəlcə Tunisdə, daha sonra Misirdə kütləvi xalq etirazlarının keçirildiyi Afrika qitəsinin şimal ölkələrində baş verən hadisələrin regionun Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan digər ölkələrinə də təsiri olacaq. Ona görə də təbii qazın və neftin Cənubi Qafqazdan və onun vasitəsilə tədarükü Aİ üçün getdikcə daha vacib olacaq. Bu kontekstdə mərkəzi rol Azərbaycana ayrılacaq.

Xatırladaq ki, Azərbaycan öz neftinin dünya bazarlarına nəqlini bir neçə marşrutla həyata keçirir. Bunlar Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa və Bakı-Novorossiysk neft kəmərləridir. Keçən il ölkədə hasil edilən 51 milyon ton neftin 45 milyon tona yaxını ixrac olunub. Hazırda Avropaya qaz nəqlinin təmin olunmasında da Azərbaycanın rolu xeyli artıb. Respublikaya "Nabukko", İTGİ , "Transadriatik qaz kəməri", "Bəyaz axın" kimi marştrutlar da daxil olmaqla, "Cənub qaz dəhlizi" layihələri üzrə əsas tədarükçü qismində baxılır. Azərbaycanın "Şahdəniz" qaz yatağı da əsas mavi yanacaq ixracı mənbəyidir. Ölkəmiz, eyni zamanda, Türkmənistandan qaz tranzitinin, reallaşacağı təqdirdə, əsas marşrutçusu rolunda çıxış edir. Bu fikirdən aydınlaşır ki, Azərbaycanın Avropa üçün əhəmiyəti artır. Belədə görünən odur ki, ölkəmiz artıq Avropaya enerji təchizatçısından Qərbin başlıca tərəfdaşı rolunu üzərinə götürməyə başlayır. Aydındır ki, neftlə zəngin ərəb ölkələrini hazırda bürüyən olaylar bu ölkələrə etimadın azalmasına gətirib çıxarır. Yəni iğtişaşların getdiyi məkanlarda sabit şəkildə enerji əldə etmək qeyri-mümkündür. Belə olduqda isə həmin regionun alıcılar üçün əhəmiyyəti azalır. Həmin region başlıca tərəfdaş rolunu itirir. Belədə maraqlıdır, Qərb Azərbaycana kimi üstünlük verir? Digər tərəfdən, enerji təchizatçısı ilə Qərbin tərəfdaşı olmağın prinsipcə fərqi nədir? Bu dəyişikliyin mahiyyətini ekspertlərlə aydınlaşdırdıq.

Millət vəkili Əli Məsimovun fikrincə, burada başlıca fərq ölkəmizin texniki xarakter daşıyan məkandan tərəfdaş dövlət səviyyəsinə yüksəlməsindən ibarətdir: "Ötən əsrin 90-cı illərində Xəzərin enerji daşıyıcılarının aşkar olunması dünyanın XXI əsr enerji siyasətinə korrektə vermək səviyyəsində bir hadisə oldu. Enerji daşıyıcısı deyəndə əsasən neft qaz nəzərdə tutulur. Enerji tərəfdaşı deyəndə isə həmin neft qazımızı istismar etməyə başlayır onu ən etibarlı marşurutla dünya bazarına çıxarırıq. Belədə, Avropanın bir nömrəli məsələsi olan enerji təhlükəsizliyinin təminatında önəmli rol oynayırıq. Yəni biz sadəcə texniki xarakter daşıyan ölkədən tərəfdaş ölkə səviyyəsinə qalxırıq. Azərbaycan müstəqil siyasət yeritməklə başına əlavə problemlər açır, amma bu problemləri açmaqla da getdikcə möhkəmlənir Qərbin enerji tərəfdaşına çevrilir. 1970-1990-cı illərdə 97 ölkə üzərində tədqiqat aparılıb. Bu tədqiqatlar göstərdi ki, ərazisində neft, qaz, qızıl, gümüş olan ölkələrlə müqayisədə bunlardan məhrum dövlətlər daha sürətlə inkişaf edir. 1990-cı ildən 2010-cu ilə kimi olan dövrdə Azərbaycan üç dəfə krizis mərhələsi keçdi. Sonuncu krizisdə ölkəmiz maraqlı nəticə əldə etdi. 1990-1995-ci illərdə planlı iqtisadiyyatdan bazar prinsipinə keçilən zaman ölkəmizdə enmələr oldu. Amma 2008-2010-cu illərdəki böhranda dünya iqtisadiyyatı üç faizə qədər aşığı düşdü. Azərbaycan nümunəsində isə maraqlı nüans yarandı. Bizdə böhran dövründə enmə deyil, yüksəliş baş verdi, bu artım 2009-cu ildə 9,3 faiz oldu. Yəni dəhşətli böhranda neft hasil edən ölkələrdən biri çətinliyə duruş gətirib az itkilə çıxa bildi. Artıq bu məsələ ilə bağlı Qərbdə maraqlı araşdırmalar aparılıb. Azərbaycan iqtisadiyyatındakı dayanıqlıq Qərbin diqqətini cəlb edib. İqtisadiyyatı sabit olan Azərbaycan belə bir şəraitdə Avropanın enerji təhlükəsizliyi məsələsində önəmli rol oynamağa başlayır. Neft qaz ehtiyatları bir tərəfdən dünyanın energetika siyasətinə korrektlər etməsinə gətirir, digər tərəfdən , bu ehtiyatlar imkan verir ki, Azərbaycan etibarlı partnyor kimi həm təchizatçı, həm tranzit rolunu oynasın. Ona görə Azərbaycanın önəmli ölkəyə çevrilməsi məsələsi artıq etiraf olunur". Tərəfdaş olaraq ölkəmizin kimi üstünlüklər əldə edə biləcəyinə gəldikdə, millət vəkili bunun Dağlıq Qarabağ məsələsinin ədalətli həllilə bağlı böyük üstünlükləri ola biləcəyini düşünür, təbii, Qərb həmin məsələdə sözdən işə keçsə: "Son illərdə Avropa strukturlarında Dağlıq Qarabağ məsələsində işğalçının adı bilavasitə çəkilməyə başlayıb. Belə sənədlər qəbul olunub. Lakin bu irəli addım olsa da, hələlik kağız üzərindədir. Çalışmaq lazımdır ki, Azərbaycan sadəcə donor ya xeyirxah dayı rolunu oynamasın. Biz Qərbin bir nömrəli məsələsi olan enerji təhlükəsizliyində işdə iştirak etdiyimiz kimi, onlar da özlərinin qəbul etdiyi sənədlərə hörmət edib, Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq normalar çərçivəsində təmin olunmasında sözdən işə keçməlidir".

  

 

Rüfət SULTAN

 

Bakı xəbər.- 2011.- 3 fevral.- S. 12.