Torpaqlarımızın yarısı orada, yarısı burada, bir hissəsi...

 

Musa Qasımlı: "Azərbaycançılığın əleyhinə çıxmaq ərazi bütövlüyünün əleyhinə çıxmaqdır"

 

Yunus Oğuz: "Ərazi bütövlüyü dövlətçilik şərtilə daha çox məhdudlaşır, nəinki azərbaycançılıqla"

 

Elçin Mirzəbəyli: "Millət onun yaşadığı torpaq varsa..."

 

Zahid Oruc: "Bu ideologiya ilk olaraq müstəqil Azərbaycan dövlətini zəruri edir"

 

Ərazi bütövlüyü hər bir millətin varlığını, mövcudluğunu ifadə edən başlıca amillərdən biridir. Ərazisi bütöv olmayan xalqlar zaman-zaman tarixin arxivinə düşərək yox olub gedib. Bu mənada Azərbaycanın bəxti gətirib. Düzdür, hazırda onun ərazisi tam şəkildə bütöv deyil. Bu da Ermənistanın yürütdüyü işğalçılıq siyasətinin nəticəsidir.

Buna baxmayaraq, ölkəmiz ərazi bütövlüyünün təmin edilməsi niyyətindən bir an belə geri çəkilmir. Əksinə, son zamanlar bu istiqamətdə fəaliyyətini daha da artırıb. Ölkəmizdə başlıca ideologiya kimi azərbaycançılıq götürülür. Bu təfəkkür tərzi Azərbaycanda yaşayan, milli dini kimliyindən asılı olmayaraq, bütün millət və etnosların varlığının qorunub saxlanması inkişafına, onların tərəqqisinə xidmət edir. Ona görədir ki, azərbaycançılıq məfkurəsi hamı tərəfindən birmənalı olaraq qəbul edilir. Sözsüz ki, azərbaycançılığın vacib elementləri sırasında ərazi bütövlüyü məsələsi öndə dayanır. Yəni ərazi bütöv deyilsə, deməli sözügedən ideologiya da tam şəkildə bütöv əraziyə şamil edilə bilməyib. Azərbaycan deyilən ərazi qədim dövrlərdə indikindən qat-qat geniş məkanı əhatə edirdi. Qədim dövrdə Azərbaycan adı ilə iki məkan nəzərdə tutulurdu. Biri, əsasən indiki Azərbaycan Respublikasının ərazisini əhatə edən Albaniya, digəri isə Cənubi Azərbaycanda yerləşən Atropatena. Sonradan bu ərazi dəfələrlə böyüyüb yaxud da kiçilib. Orta əsrlərdə, hətta Azərbaycan deyilən məkan feodal çəkişmələri üzündən xırda xanlıqlara da bölündü.

Çar Rusiyasının həyata keçirdiyi ekspansionist siyasət nəticəsində isə Azərbaycan adlanan bütöv ərazi iki hissəyə parçalandı. Hansı ki, indidə belədir. Ərazinin şimal hissəsi Çar Rusiyası, cənubu isə İran şahı tərəfindən işğala məruz qaldı. Sonrakı mərhələdə ərazilərimiz zaman-zaman, Çar Rusiyasının tərkibində olmağımıza baxmayaraq, qonşulara paylındı. Nəticədə indi Qərbi Azərbaycan deyilən yerdə ermənilər məskunlaşdı. Şimal-qərbin bir hissəsi Gürcüstana, Dərbənd ərazisi isə Rusiyaya verildi. Bu azmış kimi, XX əsrin sonlarına doğru Ermənistan Dağlıq Qarabağa göz dikərək, bu ərazi daxil olmaqla, hazırkı müstəqil Azərbaycan Respublikasının 20 faiz torpaqlarını zəbt edib.

Bu mənada, ərazi bütövlüyümüzün təmini azərbaycançılığın vacib şərtidir. Çünki Azərbaycan məfhumunun kökündə dövlətçilik dayanır. Dövlətçilik isə ərazi bütövlüyü təmin edilmədən özünü tam şəkildə ehtiva edə bilmir. Bir çox xalqlar ərazilərindən məhrum olduğundan, sonradan bir etnos olaraq yoxa çıxıb və ya daha güclüləri tərəfindən assimilyasiya olunub. Bu mənada, ərazi bütövlüyü xalqların yaşayıb inkişaf etməsi üçünvacib elementdir.

Heç şübhəsiz, hər bir dövlətin aparıcı ideologiyası onun ərazi bütövlüyünə əsaslanır. Bu məqam Azərbaycanda da belədir. Azərbaycançılıq məfhumu o zaman aparıcı ideya olur ki, həmin ideyanın daşıyıcısı olan dövlət mövcud olsun, onun ərazi bütövlüyü təmin olunsun. Artıq 20 ildir ki, müstəqil Azərbaycan dövləti mövcuddur. Onun ərazisi, sərhədləri dünya miqyasında, mühüm beynəlxalq qurumlar tərəfindən tanınıb. Azərbaycançılığın əsasında da məhz ərazi bütövlüyü dayanır. Bu məqam onun başlıca, prioritet şərtidir. Ərazi bütövlüyü olmadan azərbaycançılıq məfhumundan danışmaq yersizdir. Azərbaycançılıq ideyası ölkədə yaşayan bütöv xalqların birliyinə əsaslanır. Bu mənada, ideologiyanın tayı-bərabəri yoxdur.

Millət vəkili, professor Musa Qasımlı sözügedən amilə azərbaycançılığın mühüm elementi kimi yanaşır: "Hesab edirəm ki, azərbaycançılığa qətiyyən məhdud mənada yanaşmaq olmaz. Azərbaycançılıq həm Azərbaycan Respublikası vətəndaşları, həm ölkəmizdən kənarda yaşayan azərbaycanlılar, həm də azərbaycan köklü xarici ölkə vətəndaşları üçün ciddi əhəmiyyət kəsb edən bir ideologiyadır. Azərbaycançılıq, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünü, tamlığını özündə ehtiva edir. Deməli, azərbaycançılığın mühüm elementlərindən biri ərazi bütövlüyümüz müstəqilliyimizin ətrafında birləşməyimizdir. Azərbaycanın ərazi bütövlüyü məsələsi təkcə Azərbaycan Respublikasında yaşayanları deyil, dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımızı da birləşdirən bir ideologiyadır. Azərbaycançılığın əleyhinə çıxmaq Azərbaycanın ərazi bütövlüyünün əleyhinə çıxmaqdır. Azərbaycanın ərazi bütövlüyünün əleyhinə çıxmaq da həmçinin azərbaycançılığa qarşı durmaqdır. Hər bir azərbaycanlı Azərbaycanın pozulmuş ərazi bütövlüyünün bərpasına səy göstərməlidir. Azərbaycanın ərazi bütövlüyünün pozulması azərbaycançılıq ideologiyasına xələl gətirməməlidir. Əksinə, ümumi ideallar naminə azərbaycanlıları daha sıx birləşdirməlidir".

"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz qeyd etdi ki, əslində azərbaycançılıq təkcə ərazi məfhumu ilə məhdudlaşmır: "Ərazi bizim dövlətçilik şərtlərilə daha çox məhdudlaşır, nəinki azərbaycançılıqla. Azərbaycançılıq burada bir qədər daha geniş anlamdadır. Çünki bildiyiniz kimi, Azərbaycandan kənarda da milyonlarla soydaşımız və özlərini azərbaycanlı hesab edənlər yaşayır. Odur ki, dövlət ərazimiz çərçivəsində azərbaycançılıq ideologiyasının aparılmasını düşünmürəm. Əksinə, biz ərazi çərçivəsində dövlətçilik təbliğatını qurmalı və bunu aparmalıyıq. Azərbaycançılıq, digər tərəfdən, dövlət prinsiplərinə uyğun olmalıdır. Yəni dövlətə xidmət etməlidir. Azərbaycançılıq ideologiyası dövlətin bütövlüyünü saxlayır. Bu ideologiya təkcə Azərbaycan daxilində deyil, həm onun hüdudlarından kənarda yaşayır. Çünki azərbaycanlılar dünyanın, demək olar ki, hər yerində yaşayır. Bu azərbaycançılıq ideologiyası onlara da şamil olunmalıdır. Bu ideologiya millətin bütövlüyü dövlətin toxunulmazlığı halına gətirib çıxarmalıdır. İdeologiya buna xidmət edirsə, əsl azərbaycançılıq ideologiyası olacaq. Xidmət etmirsə, deməli hardasa, nədəsə səhv etmişik. Ona görə də fikirləşmirəm ki, azərbaycançılıq ideologiyasını təkcə ərazi məsələsilə məhdudlaşdırmaq olar. Bu məqam prinsiplərdən biri olsa da, azərbaycançılıq ideologiyası dövlətin ərazi prinsipinə, millətin bütövlüyünə xidmət edən prinsiplərdən biridir".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə ərazi bütövlüyünü millətin mövcudluğunu sübut edən amillərdən biri hesab edir: "Millət dövlətin mövcudluq varlığını ifadə edən bir neçə amil varsa, onlardan da biri onun yaşadığı torpaq ərazidir. Bu ərazi bütövdürsə, millətin qurduğu dövlətin real, gerçək sərhədləri çərçivəsindədirsə, o zaman bir çox məsələlər, o cümlədən azərbaycançılıq da burada mühüm rol oynayır. Ərazi bütövlüyü önəmlidir. Millətin, xalqın varlığını sübut edən amillərdən biridir. Millət onun yaşadığı torpaq varsa, burada o öz dövlətini qurubsa, təbii ki, onun ərazi bütövlüyünün mövcud olması burada əsas faktor kimi götürülür. Burada psixoloji amillər var. Hər hansı bir xalq millətin ərazisi işğal olunursa, istər-istəməz, xalqın özündə bir natamamlıq kompleksi yaranır. Bu, təbii ki, onun inkişafına da mane olur. Təkcə iqtisadi deyil, eyni zamanda, bütün istiqamətdə inkişafına əngəl olur. Bu baxımdan azərbaycançılıq məfhumu təkcə millət və onun ayrı-ayrı fərdlərilə ölçülmür. Eyni zamanda, həmin millət və xalqın mövcud olduğu yerin, ərazinin bütövlüyülə ölçülür. Bunlar bir-birilə bağlı məsələlərdir".

Millət vəkili Zahid Oruc da qaldırdığımız məsələni başlıca şərt kimi dəyərləndirdi: "İstənilən ideya öz-özlüyündə milli mövcudluğun başlıca şərtlərini tamamlamalıdır. Əks halda, o qədər fəlsəfi, ruhi bir mahiyyət daşısa da, onun yaşarlıq imkanları az olacaq. Tarixdə də belə olub. Qlobal miqyasda görünən hansısa ideyalar öz-özlüyündə yenə də hansısa bir millətə bağlı məsələ kimi meydana çıxır.

Yalnız bundan sonra vətəndaşlıq hüququ qazanır. Azərbaycançılıq ilk olaraq Azərbaycan adlı məmləkətin hüdudlarında gerçəkdir. Tarixdə müxtəlif ideyalar yarımçıq qalaraq tarixin arxivinə atılıb. Azərbaycançılığın başlıca şərtlərdən biri Azərbaycan adlı bir dövlətin mövcudluğudur. Bu milli ideya yalnız bundan qaynaqlanaraq gələcəyə vəsiqə qazana bilər. Dünyada, xüsusən də, ikinci dünya müharibəsindən sonrakı dönəmdə çoxsaylı ideyalar, işğalçılıq planları işlənib hazırlanıb və reallaşdırılmasına çalışılıb. Məsələn, Marşal planının özü xeyli sayda ölkəni həmin çətir altına daxil etməyə böyük bir təhlükəsizlik arxitekturası qurmağa imkan açıb. Azərbaycançılıq bu xarakterdə deyil. Daha artıq dərəcədə dünya azərbaycanlısını hədəf edir. Soydaşlarımızı başlıca şərt kimi götürür. Tarixən elə gətirib ki, biz ikiyə bölünmüşük. Azərbaycançılığa İranda yaşayan azərbaycanlılar da iddia edə bilər. Bu səbəbdən, sərhəd və ərazi anlayışına kimsə bir qədər şərti xarakterdə yanaşa bilər. Ona görə də mürəkkəb bir milli məsələyə toxunursuz. Bütün hallarda, azərbaycançılıq ideyası birinci olaraq müstəqil Azərbaycan dövlətini zəruri edir".

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə hazırlanıb

  

 

Rüfət SULTAN

 

Bakı xəbər.- 2011.- 3 fevral.- S. 10.