ABŞ-ın Azərbaycanda terror xəbərdarlığının arxasındakı ciddi əsasların təhlili başlayıb

 

1998-ci il xəbərdarlığından sonra Tanzaniya və Keniyadakı səfirliklər partladıldı, 2007-ci il xəbərdarlığından sonra isə...

 

ABŞ Dövlət Departamentinin saytında Azərbaycanda ABŞ-ın maraqları və başqa hədəflərə qarşı potensial hücumların baş verə biləcəyi barədə xəbərdarlığı ciddi müzakirə mövzusuna çevrilib. Məsələ ilə bağlı indi müxtəlif fikirlər səslənməkdədir. Hətta qeyd olunur ki, ABŞ-ın belə səs-küy salmasını heç bir əsası yoxdur.

Bu barədə danışmazdan öncə xatırladaq ki, ABŞ-ın Bakıdakı səfirliyi Dövlət Departamentinin terror hədisəsi barədə məlumatlara əsasən Azərbaycanda ABŞ-ın maraqları və başqa hədəflərə qarşı potensial hücumların baş verə biləcəyi barədə ABŞ vətəndaşlarını xəbərdar edib. Səfirliyin və Dövlət Departamentinin saytlarında yayılan məlumatda deyilir ki, Azərbaycandakı ABŞ vətəndaşları, xüsusilə Qərblə əlaqəsi olan ictimai yerlərdə sayıq olmalıdır. Məlumatda ABŞ vətəndaşları diqqətli olmağa, öz təhlükəsizlikləri barədə sayıq hərəkət etməyə, təkrar olunan günlük fəaliyyət planlarında dəyişikliklər etməyə, evdən işə, işdən evə həmişə istifadə etdiklərindən fərqli yollarla getməyə çağırılır. Dövlət Departamenti və ABŞ səfirliyi hədənin mahiyyəti haqqında ətraflı məlumat verməyib.

Böyük Britaniyanın Bakıdakı səfirliyi də ABŞ Dövlət Departamentinin məlumatına əsasən vətəndaşlarına xəbərdarlıq edib. Səfirliyin rəsmi saytında yerləşdirilən məlumatda mümkün terror ehtimalına qarşı vətəndaşlardan ayıq-sayıq olmaları xahiş olunub.

Azərbaycanın hakim partiyası ABŞ və Böyük Britaniyanın Azərbaycanda terror təhlükəsi ehtimalı ilə əlaqədar vətəndaşlarına etdiyi xəbərdarlıqla bağlı bu ölkələrin səfirliklərinə rəsmi sorğu göndərilməsini vacib sayır. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı bununla bağlı bildirib: "Adıçəkilən səfirliklər bir neçə gün bundan öncə Azərbaycandakı vətəndaşlarına ölkəmizdə terror təhükəsinin olması ilə bağlı bəyənat verib. Bu məsələ yerindəcə araşdırılmalıdır. Həmin səfirliklərə rəsmi sorğular göndərilməlidir ki, hansı əsaslarla belə bəynatlar yayıblar. Çünki Azərbaycanda kifayət qədər ictimai-siyasi sabitlik hökm sürür".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Qafqazinfo"ya verdiyi açıqlamada ABŞ Dövlət Departamentinin, ardınca da Böyük Britaniya Xarici İşlər Nazirliyinin Azərbaycanda yaşayan və işləyən vətəndaşlarını təhlükədən xəbərdar etməsinin sıradan bir hadisə olmadığını bildirib: "ABŞ başqa ölkə və ya ölkələri deyil, yalnız Azərbaycandakı vətəndaşlarını xəbərdar edib. Ardınca buna Böyük Britaniya Xarici İşlər Nazirliyinin xəbərdarlığının əlavə olunması təhlükənin miqyasından xəbət verir. Azərbaycanın müstəqillik tarixində ikinci belə hadisə xatırlamıram ki, Qərbin iki başlıca dövləti eyni vaxtda Azərbaycanla bağlı xəbərdarlıq yaysın. Şübhə etmirəm ki, hər iki dövlətin belə bir xəbərdarlığı yayımlamaq üçün əlində kifayət qədər əsası olub. 1998-ci ili xatırlayıram. O zaman da ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı oxşar təhlükə haqqında açıqlama yaymışdı. Bu açıqlamadan cəmi bir neçə gün sonra ABŞ-ın Keniya və Tanzaniyadakı səfirliklərində güclü partlayışlar baş verdi. Bu iki hadisə arasında birbaşa əlaqə var idi. Amerika kəşfiyyatı hücumu bir istiqamətdə gözlədiyi halda başqa yerdən zərbə aldı".

Elxan Şahinoğlu Azərbaycanın ABŞ ordusunun həyata keçirdiyi əməliyyatlar zolağına yaxın ərazidə yerləşməsini nəzərə almağın vacibliyini vurğulayıb: "Bu gün ərəb ölkələri, Yaxın Şərq qaynayır. Sərt sanksiyalarla üzləşən İran vəziyyətdən çıxış yolları axtarır və Azərbaycanın daxili işlərinə fəal qarışır. Azərbaycanın özündə isə fərqli dini təmayüllərin fəallaşması nəzərə çarpır. Belə bir şəraitdə harada nəyin baş verəcəyini proqnozlaşdırmaq çətindir. Vaşinqton neqativ hadisələri qabaqlamağa çalışsa da, bəzən ləngiyir və qəfil üzə çıxan problemlərin həllilə məşğul olmaq məcburiyyətində qalır. Görünür, Vaşinqtonun Azərbaycandakı vətəndaşlarını xəbərdar etməsi hadisələri qabaqlamaq niyyətindən irəli gəlir".

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sözçüsü Arif Babayevin sözlərinə görə, Azərbaycanın milli təhlükəsizliyinə və maraqlarına mümkün təhdidlərin qarşısının alınması üçün zəruri, qabaqlayıcı tədbirlər görülür. Bu proses daimidir və bütün müvafiq orqanlar, o cümlədən Milli Təhlükəsizlik Nazirliyi əməliyyat şəraitinə tam nəzarət edir. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə isə bildirib ki, polis orqanları tərəfindən bütün səfirliklərin, diplomatik korpusların təhlükəsizliyi etibarlı şəkildə qorunur. Daxili İşlər Nazirliyi bu istiqamətdə üzərinə düşən vəzifənin öhdəsindən gəlir. O.Mansurzadə əməliyyat şəraitinin nəzarətdə olduğunu deyib.

Xatırladaq ki, Azərbaycanda yaşayan Amerika vətəndaşlarına analoji xəbərdarlıq 2007-ci ildə də edilmişdi. O zaman da ABŞ səfirliyi və Qərb ölkələrinə aid obyektlərə mümkün hücumların hazırlanması ilə bağlı bir qrup terrorçu həbs edilmişdi.

Konkret ABŞ-ın Azərbaycandakı səfirliyinin nə kimi işlər görməsinə gəlincə isə, səfirlik əməkdaşları təhlükəsizliklə bağlı görülən işlərin şərh edilmədiyini və səfirliyin əvvəlki rejimdə çalışdığını bildirib.

Xeyli ABŞ vətəndaşının çalışdığı BP Azərbaycan şirkətində də bu bəyanatla bağlı bir sıra qabaqlayıcı tədbirlər görülüb. Şirkətin təhlükəsizlik xidmətinin rəhbəri Eldar Nurizadənin dediyinə görə, Dövlət Departamentinin və Amerika səfirliyinin xəbərdarlığı BP-Azərbaycan şirkətinin əməkdaşlarının diqqətinə çatdırılıb. Şirkətin digər xarici əməkdaşlarına da müvafiq təlimat verilib.

   

 

Tahir TAĞIYEV

 

Bakı xəbər.-2011.- 2 fevral.- S.5.