Xarici ölkə muzeylərində "həbs edilmiş" milli sərvətlərimizin "dublikat muzeyi"...

 

Müxtəlif şəraitlərdə oğurlanmış və ya qəsb edilmiş milli tarixi-mədəniyyət əşyalarımızla bağlı maraqlı ideya ortaya çıxıb

 

AMEA-nın müxbir üzvü Azad Nəbiyev nə düşünür?

 

Azərbaycan bəşər sivlizasiyasının ən qədim məskənlərindən biri kimi tarixə düşüb. Vətənimiz bir neçə iri dövlət və xanlıqların qurulduğu, fəaliyyət göstərdiyi məkandır. Qüdrətli hökmdarlar, ictimai-siyasi xadimlər, mütəfəkkirlər, alimlər, sənətkarlar, şairlər yetişib bu torpaqda.

   Həm ədəbiyyat, həm təsviri-incəsənət, həm xalçaçılıq, həm memarlıq, həm də digər sahələr üzrə qiymətli sənət inciləri yaradılıb. Təəssüflər olsun ki, Azərbaycana aid olan maddi mədəniyyət abidələri, əlyazmalar, şahların tac-taxtı, onların libası, qədim dövrlərə məxsus bir sıra nümunələr müxtəlif yollarla ölkə ərazisindən çıxarılıb. "Kitabi-Dədə Qorqud" abidəsindən tutmuş xalçalarımıza, təkəlduzlara qədər çox sənət abidələrimiz dünya muzeylərində tamaşaçılara göstərilir.

   Azərbaycan tarixinin bir parçası olan bu eksponatların bəziləri vaxtilə ölkəmizə səyahət edən səyyahlar, bəziləri tacirlər, bəziləri isə işğalçılar tərəfindən qarət edilərək ölkədən kənara aparılıb. Məlumatlara görə, onlar hərraca çıxarılaraq kolleksiyaçılara satılıb, kolleksiyaçılar isə onları bir müddət nümayiş etdirdikdən sonra bir neçə qat baha qiymətə nüfuzlu muzeylərə satıb.

   Ayrı-ayrı dövrlərdə ölkəmizdən xaricə çox şeylər aparılıb ki, onların hər biri Azərbaycanı öyrənmək baxımından həddən artıq qiymətlidir. Yerli muzeylərdən bir neçə dəfə oğurluq edilib. Rüstəm Mustafayev adına Müasir İncəsənət Muzeyindən 200-dən artıq qiymətli eksponatın oğurlanması, Xalça Muzeyindən bir neçə sənət nümunəsinin yoxa çıxması, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyindən əsa-sazın itirilib-batırılması buna misaldır. Adları çəkilən eksponatların heç biri müharibə nəticəsində qarət edilməyib, onu öz "vətənpərvər"lərimiz oğurlayaraq öz havadarları vasitəsilə xaricə satıblar. Bunu hörmətli sənətşünasımız Ziyadxan Əliyev və başqaları deyir. Amma indiyə qədər heç bir rəsmi orqan bu cinayəti törətmiş şəxsləri məsuliyyətə cəlb etməyib. Heç o eksponatların taleyi də məlum deyil.

   Tarixdə böyük əks-səda yaradan bir sıra abidələrimiz də var ki, hər zaman onlara yenidən sahib olmaq istəmişik. Lakin bizim nəyisə arzulamağımız heç nəyi həll etmir.

   Bütöv Azərbaycan dövlətinin qurucusu, Səfəvi hökmdarı Şah İsmayıl Xətainin taxtının hazırda Türkiyənin məşhur "Topqapı" muzeyində saxlandığı bildirilir. Məlumatlara görə, taxtın üzərində "İran şahı Şah İsmayılın taxtı" sözləri yazılıb. Bir çox vətənpərvərlər bu taxtın ölkəyə gətirilməsinə çalışıb. Onun qılıncının və tacının da "Topqapı"da olub-olmaması haqda isə bilgi yoxdur.

   Qədim mədəniyyət abidəmiz "Kitabi-Dədə Qorqud" eposunun nadir əlyazmaları Almaniyanın "Drezden" və "Vatikan" muzeylərində qorunur. Əski əlifba ilə yazılmış dastanın bu əlyazmaları XVI əsrə aiddir. İndiyə qədər heç bir alim o əlyazmaların hansı şəraitdə adıçəkilən muzeylərə düşdüyünü dəqiq bilmir. Hər kəs mülahizə yürüdür, subyektiv fikir bildirir. Bunun araşdırılması, həqiqətin üzə çıxarılması çox vacibdir.

   Azərbaycan xalçaçılıq sənətinin şah əsəri-"Şeyx Səfi" xalçasının da toxuculuq mədəniyyətimizin formalaşmasında, tanınmasında çox böyük rolu var.

   Qeyd edək ki, XVI əsrdə (1539-cu ildə) Cənubi Azərbaycanın Təbriz şəhərində İ Təhmasibin sifarişilə Ərdəbil məscidi üçün toxunulan "Şeyx Səfi" xalçası hazırda Londonun Viktoriya-Albert muzeyində qiymətli bir eksponat kimi saxlanır. Həmin xalçanın sözügedən muzeyə düşməsinin tarixinə gəlincə, onu 1893-cü ildə ingilislər alaraq Londona aparıb və indiyə qədər orada saxlanır.

   Azərbaycan tərəfi bir neçə dəfə o xalçanı geri qaytarmaqdan ötrü təşəbbüs göstərsə də, buna nail ola bilməyib. Bir neçə il əvvəl isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Şeyx Səfi" xalçasının təkrar nüsxəsi (dublikatı) toxunaraq Müasir İncəsənət Müzeyində sərgilənir.

   Vətəndən kənarda "sürgün ömrü" yaşayan tarixi eksponatlardan biri də məşhur Gəncə Qapılarıdır. Uzun illərdir ki, Azərbaycan dövləti Gürcüstan hökumətindən Gəncə Qapılarının geri qaytarılmasını tələb edir. Lakin danışıqların heç bir faydası olmayıb. Buna görə də qapıların oxşarı hazırlanaraq Gəncənin girişinə qoyulub.

   Məlumat üçün bildirək ki, Gəncə Qapılarının tarixi çox qədimdir. O, 1063-cü ildə əl-Fəzrin oğlu Şəddadi Əsvar Şavirin dövründə onun tapşırığı ilə dəmirçi Osman oğlu İbrahim tərəfindən hazırlanmışdı. Gəncədə baş verən böyük zəlzələ zamanı gürcü çarı Dmitr tərəfindən qarət edilərək Gürcüstana aparılıb. Hazırda qapının bir tayı Kutaisidəki Helat monastırında saxlanır.

   Qürbət ellərdə olan abidələrimizin kiçik bir siyahısını təqdim elədik. Halbuki, adı bizə bəlli olanların sayı həddindən artıq çoxdur. Amma ola bilsin, indiyə qədər qeydə alınmayan abidələrimiz də var, sadəcə, onu arayıb-axtarmaq lazımdır.

   Məsələn, hələ də Babəkin qılıncının harada olduğu bilinmir. Hökmdarlarımızın taxt-tacı, onlara məxsus xəzinələr, qızıldan qiymətli əlyazmalar, tariximizə, folklorumuza aid yazılar hansısa bir muzeyin, kitabxananın küncündə öz sahibini gözləyir.

   Qarabağ savaşı zamanı bu torpaqdan aparılan qiymətli eksponatların başına gətirilən bəlalar haqda bilgimiz olsa da, bizə onların harada saxlandığı qaranlıqdır. Bəlkə də onlar yerli-dibli məhv edilib.

   Yeri gəlmişkən, qüdrətli Azərbaycan şairləri Məhəmməd Füzulinin məzarı İraqın Kərbəla şəhərində, İmadəddin Nəsiminin qəbri Hələbdədir, Abbasqulu Ağa Bakıxanov "Nəcəfül-Əşrəf"də dəfn edilib. Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə Türkiyədə uyuyur. Neçə-neçə böyük vətən oğul və qızlarının nəşi əcnəbi torpaqlarına əmanət kimi tapşırılıb ruhları isə sərgərdandır.

   "Topqapı", "Luvr", "Viktoriya-Albert", "Vatikan", "Drezden", "Ermitaj" başqa dünya şöhrətli muzey kitabxanalarda saxlanan qiymətli abidələrimizi ölkəyə gətirilməsi mümkünsüzdür. Buna danışıqlar, nə də pul ödəmək yolu ilə nail olmaq olar. Mütəxəssislər bu qənaətdədir. Belə olan halda, bu eksponatların təkrar nüsxələrinin (dublikatının, oxşarının) hazırlanmasına və onlardan ibarət bir muzeyin açılmasına mütəxəssislər necə baxır?

   Əlaqə saxladığımız mütəxəssislər bu təşəbbüsü alqışlasa da, onun həyata keçirilməsinin həm böyük maliyyə vəsaiti, həm də zaman tələb etdiyini dedilər.

   Onlar hesab edir ki, nəinki tarixi abidələrin, hətta məzarların da maketi, dublikatı hazırlanaraq o muzeydə nümayiş olunmalıdır. Dublikat eksponatların üzərinə yazılmalıdır ki, onların əsli kimə məxsus olub, hansı dövrdə hazırlanıb, hazırda olduğu muzeyə hansı şəraitdə düşüb s. Mütəxəssislər bildirir ki, bu, tariximizi əyani öyrənmək baxımından ən maraqlı muzey olardı. Dövlətin bu işə böyük dəstək verməli olduğunu deyən ekspertlərin sözlərinə görə, artıq Heydər Əliyev Fondu bu işi qismən həyata keçirməyə başlayıb.

   Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Bakı DÖvlət Universitetinin (BDU) folklor kafedrasının müdiri, pofessor Azad Nəbiyev də dublikat muzeyin yaradılmasına tərəfdardır. Professorun dediyinə görə, təşəbbüsün reallığa çevirilməsi üçün müvafiq qurumlar, elm adamları, imkanlı şəxslər bir araya gəlməlidir: "Bunu mütləq etmək lazımdır. Xaricdə yalnız şahlarımızın tac-taxtı, hansısa bir hökmdarın qılıncı, xalçalarımız saxlanmır, orada eyni zamanda çox qiymətli əlyazmalarımız var. Artıq ölkədə bu işə başlanıb. Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Məmməd Adilov əlyazmaların üzünün köçürülərək ölkəyə gətirilməsi sahəsində müəyyən işlər görür. Əlbəttə, bu çox azdır. Bir faktı xatırladım. Bir neçə il əvvəl Monqolustanın Ali Xuralı vaxtilə monqolların işğal nəticəsində qarət edərək ölkəyə gətirdiyi maddi-mənəvi mədəniyyət abidələrinin böyük bir yeraltı sərdabədə saxlandığını elan elədi. Onlar bütün dövlətlərə müraciət etdilər ki, kimin nəyi var gəlib aparsın. Amma təəssüf ki, Azərbaycan alimləri ora gedib abidələrimizə sahib durmadı. Görünür, bunun üçün ya maliyyə imkanı yoxdur, ya bu sahə ilə məşğul olan alimlər bundan xəbərsizdir, ya da bir qədər çətin olduğu üçün hələlik bu işə başlamamışıq. Biz bu işə başlasaq görərik ki, monqol işğalı zamanı Azərbaycandan çox qiymətli əlyazmalar, kitablar, maddi qeyri-maddi abidələr aparılıb. Xüsusən, Alban mədəniyyətilə bağlı bir sıra əlyazmaların da o sərdabədə saxlandığına inanıram. Daşkənddə keçirilən beynəlxalq simpoziumda mənə bir monqol elmlər doktoru yaxınlaşdı. Bildirdi ki, o yeraltı sərdabədə sizə aid çoxlu eksponat var, niyə gəlib onların taleyilə maraqlanmırsınız? Doğrudur, ordan gələndən sonra mən Tarix İnstitutuna Əlyazmalar İnstitutuna məlumat verməmişəm. Güman edirəm ki, bu izə düşüb, o sərdabədə Azərbaycan tarixinə aid nələrin olduğunu müəyyən etmək mümkündür".

   A.Nəbiyev bildirdi ki, onda olan qeyri-dəqiq məlumata görə, Monqolustandakı sərdabədə Azərbaycan şairlərinin divanları, əlyazmaları da qorunub saxlanır. A.Nəbiyevin sözlərinə görə, dünya muzeylərində olan eksponatlarımızın orjinalını Azərbaycana gətirə bilməsək də, onların oxşarlarını hazırlayıb bir yerdə toplamaq yaxşı olardı: "Amma bu eksponatların hazırlanması, o muzeyin yaradılması çox çətin prosesdir. Bu ağır həm də böyük maliyyə vəsaiti tələb edir. Güman edirəm ki, gələcəkdə bu işə diqqət yetiriləcək. Azərbaycanın yeni tarixi yazılır. Mən bu təşəbbüsü qaldıran Tarix İnstitutunun direktoru Yaqub Mahmudova təşəkkür edirəm. Azərbaycanın tarixini öyrənib aborigenlərin kimliyi haqda məlumatların ortaya çıxması ermənilərə ən tutarlı cavab olacaq". A.Nəbiyevin sözlərinə görə, dövlət xəttilə artıq Gəncə Qapılarının oxşarı hazırlanıb. Bu başqa abidələrəşamil edilməlidir. Heydər Əliyev Fondunun bu sahədə böyük işlər gördüyünü deyən A.Nəbiyev bildirdi ki, xarici muzeylərdə İçəri Şəhərlə bağlı çox maraqlı məlumatlar saxlanır: "İçəri Şəhər haqda o qədər maraqlı məlumatlar, materiallar, mənbələr var ki, sadəcə onları üzə çıxarmaq lazımdır. Folklor nümunələrimiz həddindən çoxdur. Mərhum akademikimiz Ziya Bünyadovun kitablarından birində yazılır ki, qədim dövrdə Azərbaycan nağıllarının beş cildi qızıl suyu ilə yazılaraq Şah Abbasın xəzinəsində saxlanırmış. Onun üzü köçürülərək ölkəmizə qonaq gələn səyyahlara, səfirlərə və başqa müsafirlərə hədiyyə olunurdu. Bu əlyazmalar, yəqin ki, haradasa saxlanır. Onun izinə düşimək lazımdır. "Kitabi-Dədə Qorqud"un "Drezden" Muzeyinə gedib düşməsi səbəbsiz deyil. Bu barədə əlimizdə müəyyən məlumatlar olsa da, səbəbini hələ də tam öyrənə bilməmişik. Uzun illər imperiyadan asılı olduğumuz üçün bu işlə müstəqil şəkildə məşğul ola bilməmişik. Dövlət müstəqilliyi əldə etmişik, bu da bizim çox böyük işlər görməyimizə şərait yaradır. Bütün sərhədlər açılıb. Düşünürəm ki, Heydər Əliyev Fondunun gördüyü işlərin sayı bundan sonra daha da artacaq. Vaxtilə Azərbaycanda maddi-mənəvi abidələrimizi qoruyan bir komitə fəaliyyət göstərirdi. Təklif edərdim ki, o yenidən bərpa edilsin. Çünki müstəqil bir təşkilat fəaliyyət göstərərsə, onun öz əlaqələri olacaq bu da bizə fayda verəcək. Bu zaman biz məlum olan mədəniyyət abidələrimizi ölkəyə qaytaracaq, naməlum qalan dəyərlərimizin isə izinə düşüb onları axtarıb tapacağıq. Dünya qloballaşmaya doğru gedir. Qlobal dünyada biz yerimizi ancaq mədəniyyətimizlə tuta bilərik". A.Nəbiyevin sözlərinə görə, yalnız Avropa ölkələrində deyil, Şərq ölkələrində də bizim bir sıra abidələrimiz var: "Füzulinin məzarı şərq ölkələrindən birində baxımsız bir qəbiristanlıqdadır. Bu siyahını uzatmaq da olar. O muzey digər vasitələrlə o tarixi canlandıra və xalqımıza təqdim edə bilərik. Bu geniş məsələdir. Bir alimin, bir insanın, bir müzakirənin həll edəcəyi deyil". Professor Nəbiyevin fikrincə, bu işə ictimaiyyət nümayəndələri də qatılmalıdır.

    

 

İradə SARIYEVA

 

Bakı xəbər.- 2011.-4-6 fevral.- S. 15.