Soyqırım iddiası məsələsində
türk xarici siyasəti üçün
TƏKLİF
Türkiyənin xarici siyasət sahəsində hər il aprelin 24-ü qarşılaşdığı ən
böyük
problemlərdən biri "erməni soyqırımı" iddialarıdır. Bu məsələ ilə bağlı istər elmi dairələrdə, istərsə
də, mediada yazılanlar özündən
əvvəlkindən fərqli
deyil.
Siyasi problemlərin həll edilməsi istiqamətindəki
çətinliklər bu
məsələni bir
"qanqren" halına
gətirib. Bu gün adı keçən problemin həlli üçün makro təsirə malik siyasət konsepsiyası qəbul etmək zərurəti ortaya çıxmıb.
Bu məqalədə bilinənlərin
təkrarından qaçılacaq, bu məqsədlə
"soyqırım" iddialarının tarixi perspektivinə
girilməyəcək. Məsələnin, Ermənistan və
Türkiyə başda olmaqla, bilavasitə əlaqəsi olan
ölkələrdə daxili siyasətə təsiri, bunun ikitərəfli
münasibətlərdə əks olunması, ABŞ faktoru və
Azərbaycan-Türkiyə münasibətlərinə təsirləri
analiz edilməyə çalışılacaq.
Bu günə qədər
soyqırım iddiası məsələsində Türkiyədə
dilə gətirilən təkliflər, görülən tədbirlər:
Məsələyə ümumi
olaraq baxıldıqda rəsmi yanaşmada heç vaxt
soyqırım kəlməsi tək tələffüz edilməmiş
və qarşısına "qondarma" ifadəsi də gətirilmişdir.
Bu ifadə parlamentdəki əksəriyyəti təmsil edən
siyasi partiyaların, medianın, qeyri hökumət təşkilatlarının
və xalqın dəstəyini almışdır.
Türkiyəli tədqiqatçılar,
ingilis dili başda olmaqla, fərqli dillərdə mövzu ilə
bağlı fikirlərini dünya ictimaiyyətinə
bildirmiş, ancaq "subyektiv" deyə xarakterizə olunan
bu məlumatlandırmalar, dərindən
araşdırılmadan, "tərəfdar toplama" olaraq
qiymətləndirilmişdir. Obyektiv və azad olduğunu irəli
sürən Qərb dünyası qarşısına qoyulan sənədləri
diqqətə almama, inanmama yolunu seçmiş (Fransadakı
kimi) soyqırım olmadığının söylənməsinə
belə qanunlarla maneəçilik törətmiş,
dolayısı ilə bu baxımdan mövzuya
açıqlıq gətirmə və həll yolları əvvəlcədən
bağlanmışdır.
"Türkiyə
Respublikasının arxivləri açılsın, elm
adamlarının müstəqil, tərəfsiz
araşdırma aparmaları təmin olunsun" təklifi də
Ermənistan tərəfindən dəstəklənməmiş
və problemin həllinə kömək etməmişdir.
10 oktyabr 2010-cu il tarixində
Türkiyə ilə Ermənistan arasında diplomatik
münasibətlərin qurulmasına dair protokol, dünya
ictimaiyyətinin diqqətini çəkmiş, ancaq Ermənistan
Konstitusiya Məhkəməsinin "soyqırım" məsələsilə
bağlı qəbul etdiyi qərar nəticəsində bu məsələni
həlli yenə də əngəllənmişdir.
Bir başqa ifadə ilə, iki
ölkə arasında diplomatik, siyasi və iqtisadi münasibətlər,
bu məsələ səbəbilə təxirə
salınmışdır. Qısa, orta və uzun müddətə
də məsələnin həllinin qeyri müəyyənliyini
qoruması müşahidə edilməkdədir. Bu məqalədə
məsələnin həllinə dair real təklif gətirilməsinə
çalışılacaq. Məsələ Türkiyə və
Ermənistan xaricindəki əlaqədar ölkələr
arasında da qiymətləndiriləcək.
ABŞ və
soyqırım:
Türkiyə və Ermənistan
xaricində bu problemin həllində əhəmiyyət
daşıyan və təməl daşlarından biri olan
ölkə ABŞ-dır. Soyqırım iddiası məsələsi
ABŞ-ın daxili siyasətində dəyərləndirilməkdədir.
Bu ölkədə, istisnasız olaraq, hər dəfə
prezident seçkilərində "soyqırım" məsələsi
gündəmə gətirilmiş, namizədlər bununla
bağlı müxtəlif vədlər vermişlər. Bugünkü
prezident Barak Obamanın 4 noyabr 2009-cu ildə seçki
kampaniyası ərəfəsində "ABŞ-ın
dürüstcə erməni soyqırımından bəhs edən
bir prezidentə layiq olduğunu" dilə gətirməsi
dediklərimizi ən yaxşı nümunədir.
Soyqırım iddiaları
Vaşinqton sərhədləri xaricində də seçki
siyasətinin gündəmində yer almış, ictimaiyyətdə
siyasi fiqurlar arasında sərt müzakirələrə səbəb
olmuşdur. Jean Schmidt - son seçkilərdə Ohayo
ştatı, 2-ci Bölgədən Nümayəndələr
Palatasına girmişdir - seçki kampaniyalarında bu məsələ
ilə bağlı fikirlərini bu şəkildə ifadə
etmişdir: "Sahib olduğum tarixi məlumatlara görə,
1915-ci ildə yaşanan faciəli hadisələrə
soyqırım deyilmir. Bu məsələ müzakirəsiz
deyil. Amerika və dünyada çox sayda mötəbər
tarixçi tam tərsini söyləməkdədir. Bu məsləni
ABŞ Konqresi deyil, müəyyən bir beynəlxalq komissiya həll
etməlidir".
Schmidtin eyni bölgədən rəqibi,
erməni əsilli David Krikorian isə Schmidti bu fikirlərinə
görə "Türklərdən soyqırımı inkar
üçün (qan pulu) aldığı" şəklində
ittiham etmişdir. Bununla bağlı bir başqa nümunə
ABŞ Konqresi Nümayəndələr Palatası xarici əlaqələr
müdiri Howard Bermandır. O da ABŞ-ın qondarma erməni
soyqırımının tanınması zamanının gəlib
çatdığını ifadə etmişdir.
Bütün bunlar soyqırım
iddialarının okeanın o tayındakı bir ölkənin
seçki kampaniyalarına önəmli dərəcədə
təsir etdiyinə, eyni zamanda, erməni lobbisinin liderlər səviyyəsində
uğurlu olduğuna dair nümunələrdir.
Seçki öncəsi verilən vədlər
ermənilərdə bir ümidə səbəb olmuş, bu,
Türkiyə Respublikasının qondarma soyqırımı
tanıması nöqtəsində təsirli bir təzyiq vasitəsi
olaraq görülmüşdür.
Prezident seçkisi sonrasında isə
verilən soyqırımı tanıma vədlərinə hər
dəfə Türkiyənin geosiyasi, strateji önəmi diqqətə
alınmışdır.
Seçkiqabağı kampaniya
dövründə məsələni dəstəkləyənlərdən
biri olduğu təəssüratı bağışlayan Barak
Obama 24 aprel mesajında, "soyqırım" yerinə, ermənicə
"böyük fəlakət" mənasını verən
Meds Yeghern terminindən istifadə etmişdir. Bu da dünya mətbuatında
təəccüblə qarşılanmışdır. Məsələn,
Financial Times: "Obama Türkiyə ilə münasibətləri
qorumaq üçün vədinə əməl etmədi.
...."; BBC: "Prezident seçilənə qədər
soyqırım kəlməsini tez-tez dilə gətirən
Obama bu kəlmədən istifadədən yayındı";
AP: "Obama "soyqırım" deməyərək, tənqid
etdiyi Buş hökumətinin daha bir diplomatik manevrini etmiş
oldu". Məsələnin başqa bir tərəfi də bu
cür siyasi ifadənin ermənilərdə
yaratdığı böyük məyusluqdur.
Türkiyə
və soyqırım:
ABŞ prezidentlərinin hər il
yayımladığı 24 aprel mesajında
"soyqırım" kəlməsinin istifadə
olunmaması üçün Türkiyədə adətən
bir səfərbərlik başladılır. Milli Məclisdə
təmsil edilən partiyaların ingilis dilini yaxşı bilən
və ABŞ-ı tanıyan nümayəndələrindən
qruplar yaradılmaqdadır; bunlar Vaşinqtona gedərək,
siyasi qərar mexanizmindəki fiqurlarla üzbəüz
danışmaq üsulu ilə Türkiyənin soyqırım
fikrinə dəstək axtarmaqdadırlar. Bundan başqa,
Türkiyə adına məsələ ilə bağlı
lobbi fəaliyyətini davam etdirməsi üçün
ABŞ şirkətlərinə böyük məbləğdə
pul ödəyirlər.
Türkiyədə prezident və
baş nazirin təxminən dekabr ayından başlayaraq
ABŞ prezidentlərilə apardığı telefon
danışıqları mətbuatda "Hörmətli
Prezident/Baş nazir ABŞ prezidentilə
görüşüb, Türkiyənin fikrini dilə gətirmişdir"
şəklində əks edilməklə, bu və buna bənzər
ifadələr və alınan cavablar bir neçə ay
ölkə gündəmində yer almışdır.
Son zamanlar Türkiyədə Ermənistan
və soyqırım iddiaları ilə bağlı universitetlər
bazasında araşdırma mərkəzləri
yaradılmış və önəmli əsərlər
ortaya qoyulmuşdur. Bunlar ingilis dilinə tərcümə
edilmiş, ancaq elm dairələrindən və beynəlxalq
siyasi qərar mexanizmlərindən gözlənilən dəstək
gəlməmişdir. Türkiyəyə soyqırım
iddiaları ilə bağlı edilən təzyiqlər davam
etmişdir.
Ermənistan
və lobbilərinin uğuru:
Erməni lobbiləri
dünyanın müxtəlif ölkələrindəki
parlamentlərin soyqırım iddiasını
tanımasını təmin etmişdir. ABŞ-ın 42
ştatı buna nümunə ola bilər. Digər nümunələr
İngiltərə, Rusiya və s.dir. Vatikanın da bu qrupa
qatılması nəzərəçarpan bir hadisədir. Türkiyənin
qonşusu Yunanıstanda 24 aprel tarixinin "Türklərin I
Dünya Müharibəsində qətl etdiyi erməniləri
anma günü" olaraq qəbul edilməsi də qanunun makro
ölçüsünə sadəcə bir örnəkdir.
Türkiyə
Respublikasının ifadələrə etirazı:
Bildiyimiz ifadədən kənara
çıxılmayıb; bu da qondarma soyqırımı
tanıyan ölkələr arasındakı münasibətlərə
zərər verməsi və sərt şəkildə
qınanması olaraq özünü göstərib. Yenə
ritorik çərçivədən kənara
çıxmamış, ancaq alınan qərarların
heç birində geriyə dönüş təmin edilə
bilməmiş, bu da ölkənin mötəbərliyinə
kölgə salmışdır.
Son örnək də Norveç
Parlamentinin 2010-cu il mart ayında soyqırımın
tanınmasına istiqamətlənmiş qərarıdır. Bunun
ardınca Türkiyənin bilinən nəticəsiz
reaksiyası gəlmişdir. Başda mətbuat olmaqla, ictimaiyyətin
reaksiyası sona çatınca da iki ölkə
arasındakı siyasi-iqtisadi, mədəni münasibətlər
fasiləsiz olaraq davam etmişdir.
Türkiyə,
Ermənistan, Soyqırım
İki ölkə arasında
münasibətlərin fonunda qondarma soyqırım məsələsi,
sanki yol göstərən kompas vəzifəsini yerinə
yetirməkdədir. Ermənistan milli hərəkatının
lideri və Ermənistanı müstəqilliyə
qovuşduran Levon Ter-Petrosyanın Türkiyə siyasətində
bu kompas istisna olaraq istifadə olunmamış, Petrosyan
Türkiyə ilə quruluşçu, müsbət bir dialoq
axtarma prosesi başlatmaq istəmiş, bu da Ankara tərəfindən
dəstəklənmişdir. Ermənistan Parlamentinin 11 avqust
1991-ci ildə qəbul etdiyi Müstəqillik Bəyannaməsinin
11-ci maddəsindəki "Ermənistan Respublikası 1915-ci
ildə Osmanlı dövlətində və Qərbi
Ermenistanda törədilən soyqırımın beynəlxalq
aləmdə qəbul edilməsi üçün aparılacaq
işləri dəstəkləyəcəkdir" maddəsi
Ankara-İrəvan münasibətlərində
özünü göstərməmişdir. Petrosyan diasporun
Ermənistan üzərindəki təsirini qırmaq, hətta
1991-ci il dekabr tarixində Vaşinqtonda Erməni diaspor
lobbisinin qabaqda gələnlərindən Türkiyə əleyhdarı
siyasətlərini yüngülləşdirmələrini də
istəmişdir.
Yenə onun dövründə Ermənistan
1992-ci ildə ATƏT-ə üzv olmuş, maddələr
arasında olan "sərhədlərdə dəyişiklik
istənilməyəcək" şərtini də qəbul
etmişdir. Petrosyanın bu siyasəti Ermənistanda
özünə tərəfdar tapmamış, liderin sonunu
hazırlayan ən önəmli səbəblərdən biri
olaraq sayılmışdır. İki ölkə arasında əsən
sülh rüzgarları 1998-ci ildə iqtidara gələn
Robert Köçəryanla birlikdə sona çatmış,
onun "barışaq, ancaq keçmişi də unutmayaq"
sözü ilə yenidən başa
qayıdılmışdır. Xələfi Sarkisyanın 10
oktyabr 2009-cu il protokolları ilə əlaqədar olaraq
"soyqırım mövzusunda güzəşt yoxdur"
şəklindəki açıqlaması da problemin gündəmindəki
yerini və əhəmiyyətini bir daha gözlər
önünə sərmişdir.
Türkiyə,
Azərbaycan, protokol
10 oktyabr 2009-cu il tarixində
imzalanan və Türkiyə ilə Ermənistan arasında
diplomatik münasibətlərin qurulmasına dair protokol iki
dost ölkə olan Azərbaycan və Türkiyə əlaqələrinə,
loru dildə desək, zərbə vurmuşdur. Protokolda ifadə
olunan Türkiyənin sərhədlərini Ermənistana
-şərtli də olsa-açma ehtimalı Azərbaycanda dərin
kədərə səbəb olmuş; Bakının Ankaraya bəslədiyi
güvənin zədələnməsinə gətirib
çıxarmışdır.
Üstəlik, Azərbaycan və
Rusiya arasında imzalanan təbii qaz müqaviləsi regionda
Rusiyanın təsirini artırmışdır.
Türkiyənin qardaş ölkə
ilə yaşadığı müvəqqəti gərginlik
siyasət baxımından regional təsirini təhlükəyə
salmışdır.
Türkiyə təbii qaz təminində
Rusiyadan yüzdə 60 nisbətində asılı vəziyyətdədir;
bu sahədə asılılıq Qərb və Avropa ölkələri
üçün də eynidir. Rusiyanın enerjidəki
monopoliya gücünü qırmaq adına ortaya atılan
"Nabucco" layihəsi əhəmiyyətlidir. Təbii
qazın Azərbaycan, Türkmənistan və Qazaxıstandan
alınması və Rusiya kənarlaşdırılaraq, boru xəttinin
Türkiyə üzərindən Avropaya
çatdırılması planlanan bu proyektdə Azərbaycan
açar ölkələrdən biridir. Sözügedən
Bakı - Moskva enerji yaxınlaşması da bu proyektə
vurulacaq əhəmiyyətli zərbələrdən biri
olması etibarilə əhəmiyyətlidir.
Türkiyənin Ermənistan
açılımı ilə Cənubi Qafqazda Bakı-Ankara
dostluq əlaqələrilə qurduğu bilavasitə təsir
gücü də təhlükəyə girmişdir. Türkiyənin
bəlkə də ən böyük itkisi Azərbaycan
ictimaiyyətindəki müsbət təəssüratını
əhəmiyyətli dərəcə zədələməsi
olmuşdur.
Xülasə: Soyqırım məsələsi
yalnız Ermənistan və Türkiyə arasındakı
mikro siyasətə təsir göstərməmiş; mövzu
erməni diasporu kanalı ilə okeanın o tərəfinə
daşınmış, "soyqırım"
iddialarının saysız ölkə tərəfindən
gerçək qəbul edilərək tanınması ilə
makro ölçüyə yüksəlmişdir.
Türkiyə Respublikasının
aldığı tədbirlər (elmi
çalışmalar/ölkələr nəzdindəki siyasi
təşəbbüslər/2009 Protokolu) soyqırım
mövzusunu gündəmdən salmamış, Türkiyə
üzərindəki soyqırım iddialarının
tanınması istiqamətindəki təzyiqləri yüngülləşdirməmiş,
əksinə, artırmışdır. Bunun yanında
imperatorluq ənənəsindən gələn Türkiyə
Respublikasının beynəlxalq ölçüdə mötəbərliyi
zədələnmişdir. Ankara ritorik çərçivəni
aşa bilməyən əks-arqumentlərdən əl çəkməli,
daşındırıcı və qətiyyətli bir siyasət
aparmalıdır.
Bununla bağlı təqdim edilən
təklif aşağıdadır və təklifdə əsas
hədəf budur: "Soyqırım mövzusunun
tanınması ilə bağlı Türkiyə
Respublikası üzərindəki təzyiqlərin
azalması, ya da ortadan qalxması. Dərin tarixi perspektivi olan,
bu gün regional, qlobal ölkələr arasındakı əlaqələrə
təsir etmə bacarığını göstərən bir
mövzunun gündəmdən düşməsinin çətinliyi
məlumdur.
Veriləcək təklifin də
buna nə dərəcə xidmət edəcəyi eyni şəkildə
müzakirəyə açıqdır; ancaq xüsusilə
ABŞ-dakı erməni diasporu tərəfindən
yaradılan, Türkiyəni və ölkə vətəndaşlarını
narahat edən mövcud "tanınma təzyiqi"
qarşısında tutulan "passiv" mövqe Türkiyənin
mötəbərliyinə zərər verərək, ölkə
vətəndaşlarını narahat edir.
Problemin həllilə bağlı
təklif:
Bu təklif üç ünsürü
ehtiva etməkdədir:
1. Türkiyə qətiyyətini
nümayiş etdirməli və dövlət siyasətini
ritorikdən konstitusiya xəttinə daşımalıdır:
Şərhi: Konstitusiyaya əlavə
edilərək soyqırım iddiaları qəti bir ifadə
ilə "rədd" edilməlidir. Dövlət tərəfindən
bunu dəstəkləyən bir bəyanat da verilməlidir. Bu
bəyanatın məzmunu təxminən belə
olmalıdır. "Türkiyə Respublikası Osmanlı
dövlətində baş vermiş 1915-ci il hadisələrini
bir "soyqırım" olaraq qiymətləndirməməkdədir.
Bu hadisəni soyqırım olaraq qiymətləndirəcək
ölkələrlə iqtisadi, siyasi, mədəni əlaqələrimizdə,
başda "rəsmi qınama" olmaqla, heç bir reaksiya
verilməməli, əlaqələr normal şəkildə
davam etdirilməli, tanımaların qədəri Ankaranın
siyasətini dəyişdirməməlidir.
Bu dəyişikliyin əsas məqsədi
bundan ibarətdir. Məsələnin konstitusiya səviyyəsinə
çıxarılması Ankaranın qətiyyətini
nümayiş etdirməsi baxımından vacib əhəmiyyet
kesb edir. Buna paralel olaraq, edilən təzyiqlərdən nəticə
alına bilməyəcəyi üçün, təbii olaraq
azalmaya doğru gedəcək. Tam mənada üst-üstə
düşməsə də, buna bənzər olaraq, İran
konstitusiyasındakı bir normanı nümunə olaraq
göstərə bilərik. İran Konstitusiyasına görə,
xarici ölkə əsgərinin İranda yerləşdirilməsi
qadağandır. Buna paralel olaraq, başda Rusiya olmaqla, Tehrandan
gələ biləcək təzyiqlər zərərsizləşdirilmişdir.
Bir konstitusiya maddəsinin dəyişdirilməsi
hüquqi olaraq mümkündür. Ancaq ölkə ictimaiyyətinin
yekdilliklə inandığı bir maddənin dəyişdirilməsinə
təşəbbüs göstərilməsinin çətinliyi
də aşkar şəkildə ortadadır.
2. Elmi tədqiqatların fasiləsiz
şəkildə aparılması təmin edilməlidir:
Şərhi: Türkiyə
Respublikasının "qondarma soyqırım" məsələsilə
bağlı aparacağı elmi tədqiqatlar beynəlxalq səviyyədə
fasiləsiz şəkildə davam etdirilməlidir. Məsələnin
tədqiqində elmilik əsas götürülməli, bu təqdiqatların
nəticələri, başda ABŞ olmaqla, dünya ictimaiyyətinə
çatdırılmalıdır.
3. Türkiyə Respublikası
regional-qlobal çərçivədə aktiv xarici siyasət
yürütməlidir.
Şərhi: Bu maddə təklifin
əsl maddəsi deyil; ancaq ilk iki maddəni tamamlayıcı əhəmiyyətli
bir ünsürdür.
Türkiyənin xarici işlər
naziri Əhməd Davudoğlunun ABŞ Nümayəndələr
Palatası Xarici Əlaqələr Komitəsinin 1915-ci il hadisələrilə
bağlı 4 Mart 2010 tarixli qanun layihəsilə əlaqədar
olaraq, "Dünya və regional sülhə bu qədər
töhfə verən bir ölkəni narahat edəcək bir qərar
almaq, heç bir ağıl və məntiqə uyğun gələn
davranış deyil" və Türkiyənin Baş naziri Rəcəb
Tayyib Ərdoğanın ABŞ-ın təzyiqlərinə
qarşı "Türkiyə əvvəlki Türkiyə
deyil" ifadələri son maddənin əhəmiyyətini təkrar
ortaya qoymaqdadır.
Bu təklif
bizə nə verə bilər?
1. Azərbaycan ve Türkiyə
arasındakı hazırkı müsbət siyasi, iqtisadi əməkdaşlıq
davam edəcək.
2. Qarabağın işğalı
məsələsində Ankaranın Bakıya verdiyi dəstək
davam edəcək.
3. Qətiyyətli dövlət
siyasətinin aparılması ABŞ-dakı erməni lobbisinin
soyqırım iddialarının tanıdılması istiqamətindəki
səyləri nəticə verməyəcək ve Türkiyə
Respublikasına təzyiqlər azalacaq, hətta orta və uzun
müddətdə ortadan qalxa biləcək.
4. Bu məsələ, başda
ABŞ-da prezident seçkiləri olmaqla, öz "cazibədarlığını"
itirəcək, Ohayo ştatındakı kimi yerli seçkilərdə
sui-istifadə edilməyəcək.
5. ABŞ-la Türkiyə
arasındakı müttəfiqlik əlaqələri zərər
görməyəcək;
6. ABŞ-da soyqırım məsələsində
Türkiyə lehinə işlər görən lobbi şirkətlərinə
maddi vəsait axını dayanacaq;
7. Ermənistan-Türkiyə əlaqələrində
ABŞ-dakı erməni diasporunun təsiri azalacaq, beləliklə,
yeniden Petrosyan dövründəki münbit siyasi dialoq
mühiti yaranacaq;
8. ABŞ kimi böyük bir
ölkədə hər il gündəmə gələrək,
xüsusilə erməni gəncliyində mövcud olan
"soyqırım törədilmişdir" fikrinin daha da
oturuşmasına və nəsildən-nəsilə
köçürülməsinə vasitə olması önlənəcək;
9. Soyqırımı tanıyan
ölkələrin sayında azalma ola biləcək;
10. Soyqırımı tanıyan
ölkələrlə siyasi və iqtisadi əlaqələr zərər
görməyəcək;
11. Türkiyə Respublikası
soyqırım məsələsində "təyin edici"
mövqeyə keçəcək, ölkənin nüfuzu
qorunacaq.
Türkiyənin Akdeniz Universiteti
Beynəlxalq Münasibətlər Fakültəsinin müəllimi
Yrd. Doç. Dr. Necati İyikan
Ülviyyə Filiyeva
Bakı
xəbər.- 2011.- 8 fevral.-
S.14-15.