Nağdsız alış-veriş bizdə
iki səbəbdən
geniş yayıla bilmir
Nazim Məmmədov:
"Bankların maraqlı olmaması və insanların prosesə
hələ alışmaması..."
Azərbaycanda
əhali hələ də nağd əməliyyatlarla
alış-verişə üstünlük verir. Əmanətlərin sığortalanması
həyata keçirilsə
və banklarda kifayət qədər əmanətlər olsa da, əhali hələ də nağd əməliyyatların
aparılmasına meyllidir. Nağdsız hesablaşmalar çox
cüzi səviyyədədir.
Statistik hesablamalara görə, ölkədəki alqı-satqı
əməliyyatlarının cəmi 10 faizi plastik kartlarla aparılır.
Yalnız yanacaqdoldurma məntəqələrinin
90 faizi müştəriyə plastik kart vasitəsilə xidmət
göstərir. İri ticarət obyektləri və otellərin
əksər hissəsi də bu sistemə keçib. Hazırda
4 milyon vətəndaş plastik kart sahibi olsa da, onların yalnız
3 faizi nağdsız ödəmələrdə istifadə
olunur. Hesablamalara görə, bu il yanvar 1-nə dövriyyədə
olan pul kütləsinin həcmi 8 milyard 297,5 milyon manat təşkil
edib ki, bu göstərici də ötən ilin müvafiq
dövrü ilə müqayisədə 34,5 faiz artıq deməkdir.
Yanvarın 1-nə olan pul kütləsinin 5 milyard 455,8 milyon
manatı nağd pul vəsaitlərinin, 1 milyard 263,1 milyon
manatı tələb edilənədək vəsaitlərin, 1
milyard 578,6 milyon manatı isə müddətli depozitlərin
payına düşüb. Bildiyimiz kimi, nağd pul kütləsinin
çoxluğu inflyasiyaya gətirən amillərdəndir.
Bundan xilas olmağın yollarından biri isə, sözsüz
ki, qeyri-nağd pul əməliyyatlarına keçidi sürətləndirməkdir.
Eyni zamanda, pulun hərəkəti üzərində şəffaflığın
təmin edilməsi üçün də nağdsız vəsaitlərin
artırılması vacibdir. Dünya miqyasında isə,
artıq çoxdandır ki, əməliyyatlar nağdsız
yolla həyata keçirilir. Belədə pulun kənar ciblərə
getməsinin də qarşısı səmərəli şəkildə
alınır. Bizdə isə görünən odur ki, ticarət,
məişət və iaşə obyektləri nağdsız
ödəmələrə maraq göstərmir. Hətta
bununla bağlı qərar olsa da. 2006-cı ildə Nazirlər
Kabinetinin nağdsız ödəmələrə keçidlə
bağlı qərarına görə, min manatdan artıq
aylıq dövriyyəsi olan ticarət obyektləri, ictimai
iaşə və digər xidmət sahələri
nağdsız ödəmələrə keçməlidir. Amma
indiyə kimi bunun faydası olmayıb. Görəsən, ticarət,
məişət və iaşə obyektlərinin
nağdsız hesablaşmaya keçidinə mane olan nədir?
İqtisadçı alim Nazim Məmmədov
burada maneə olan bir çox amilləri sadalasa da,
başlıca səbəb olaraq, bankların prosesdə maraqlı
olmamasını göstərdi: "Nəzarət-kassa
aparatlarından sonra pos-terminalların daha da şaxələnməsi
üçün ilk növbədə böyük marketlər
şəbəkəsi olmalıdır. Adətən,
böyük marketlərdən sonra xırda obyekt sahibləri də
onların nümunələrinə istinad edərək bu xidməti
həyata keçirməyə maraqlı olur. Obyektiv səbəblərdən
biri bankların bunda maraqlı olmamasıdır. Çünki
bank sektoru ümumilikdə korporativ idarəetmə mədəniyyətindən
uzaqdır və təklif etdiyi qiymətlər də kifayət
qədər yüksəkdir. Ona görə də xırda
mağazalarda, xidmət sahəsində pos-terminalların
qoyulmasında banklar maraqlı olmur. Həmin səbəbdən
sahibkarlar belə xidmətdən çəkinir. Səbəblərdən
biri də, N.Məmmədova görə, insan amililə
bağlıdır: "Hələ də
insanlarımızın bu işə
alışqanlığı tam təmin olunmayıb. Baxmayaraq
ki, dövlət büdcəsindən maliyyələşən
təşkilatlarda əmək haqqının verilməsi
plastik kartlarla həyata keçirilir. Ancaq Azərbaycanda plastik
kartlar, bir qayda olaraq, bir rol oynayır, bu da banklardan nağd
şəkildə pul çıxarmaqdan ibarətdir. İstifadəçi
nağdsız ödəniş etsəydi, bankomata da xidmət
haqqı ödəməzdi. Yəni cibinə ziyan
vurmazdı". Çıxış yolunu isə, maarifləndirmə
işinin gücləndirilməsində görür:
"Maarifləndirmə işi daha da gücləndirilməlidir.
İnsanlara izah olunmalıdır ki, heç olmasa kommunal xidmətləri
plastik kartlarla həyata keçirsinlər. Amma bunu da etmirlər.
Qonşu ölkələrin təcrübəsinə
baxdıqda balaca bir obyektdə bir neçə pos-terminalın
qurulduğunun şahidi oluruq. Çünki banklar artıq rəqabət
aparır, xidmət haqqını aşağı salır ki,
məhz onun pos-terminalından istifadə etsinlər. Azərbaycanda
isə adətən vətəndaş bankla işləməyə
daha çox iqtisadi yollarla məcbur edilir. Banklar daha çox
xidmət təklif etməlidir. Plastik kartlar təkcə pul vəsaitini
idarəetmə üçün yox, həm də kredit
kartları şəklində təklif olunmalıdır. Yəni
istifadə edib, sonra vəsaiti ödəmək şəklində.
Onda vətəndaş bankdan xırda borclanmaya gedər, bu da
daha çox bankın özünün marağında
olmalıdır. Bizdə isə banklar bir neçə şəxsə
məxsus hüquqi forma olaraq fəaliyyət göstərir. Korporativ
idarəetmə mədəniyyəti aşağıdır.
Bankların prosesdə maraqlı olması üçün bu
sektorda güclü rəqabət olmalıdır. Nağdsız
ödənişlər üçün ilkin növbədə
təşviqat xarakterli addımlar atılmalı, güzəştlər
olmalıdır. Türkiyədə vaxtilə plastik kartlardan
istifadə edən vətəndaşların kartları
sonradan lotereya kimi oynanırdı. Başlıca səbəb
isə bank sektorunda rəqabətin yüksək
olmamasıdır". Özünə gəldikdə isə,
bəzi hallarda plastik kartlardan istifadə edir: "4, 5
bankın müştərisiyəm. "Muğanbank"ın, Bank of Baku"nun,
"Beynəlxalq Bankın,
"Unionbank"ın plastik
kartları var. Böyük
marketlərdə alış-veriş
edərkən kartdan istifadə etmək imkanı əldə edirəm. Təəssüf ki, yaşadığım
yerdə bir və ya iki
pos-terminalı olan
market var. Əfsus ki, çox yerdə həmin kartdan istifadə edə bilmirəm. Əhalinin gur olduğu
yerlərdə bir neçə bankın bankomatları yanaşı
olmalıdır. Hökumət bu sektorda daha
çox təşviqedici
addımlar atmalıdır".
Rüfət SULTAN
Bakı
xəbər.- 2011.- 8 fevral.- S.15