Ordumuzun, əsgərlərimizin ideya silahı...

 

  "Azərbaycançılıq itirilmiş torpaqlarımızı da, ona qarşı mübarizəni də tam dolğun şəkildə özündə ehtiva edir"

 

  Seyid Camal Əzimbəyli: "Azərbaycançılığın orduda aşılanması əsgərin döyüş ovqatını, ruh yüksəkliyini həmişə üstün səviyyədə saxlayır"

 

  Dövlətin mühüm atributlarından biri də ordudur. Çünki hər bir dövlətin müstəqilliyinin, dövlət olaraq var olmasının qarantı rolunda ordu çıxış edir. O üzdən ordunun gücləndirilməsi hərtərəfli olmalıdır. Burada təkcə fiziki hazırlıq və silah amili başlıca rol oynamır. Həmçinin, əsgərin ovqatı, psixoloji hazırlıq səviyyəsi də həlledici əhəmiyyətə malikdir. Əsgərin psixoloji hazırlıq səviyyəsinin kökündə isə milli ideologiyaya bağlılıq, sədaqət dayanır.

   Ordudakı əsgər milli ideologiyanı nə qədər dərindən bilsə, hərtərəfli hazırlıq səviyyəsi bir o qədər yüksək olar. Xüsusən də döyüş hazırlığı səviyyəsi. Azərbaycanın da milli ideologiyası, məlum olduğu kimi, azərbaycançılıqdır. O üzdən hər bir əsgər ölkənin tarixini, dövlətçilik ənənələrini, tarixi ərazilərini, xalqın tarixin keşməkeşli labirintlərində üzləşdiyi çətinlikləri, tarixən qədim torpaqlarımızın kimlərin işğalına məruz qalmasını və s. bu kimi faktorları bilməlidir. Bütün bunları bilən savadlı əsgər müharibə zamanı istənilən çətinliyə, məhrumiyyətlərə dəyanətlə dözüm nümayiş etdirəcəg. Eyni zamanda, işğal altında olan torpaqlarımızın müharibə yolu ilə azad olunması mərhələsində bütün bu sadalananların müstəsna əhəmiyyəti var. Bütün bunları kompleks şəkildə bir arada tutmaq gücünə malik olan yeganə məfhum azərbaycançılıq ideologiyasıdır. Ona görə də orduda buna nail ola bilsək, o zaman azərbaycançılıq ideologiyasına böyük töhfə vermiş olarıq. Çünki azərbaycançılıq ideologiyasının təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması bu gün ən mühüm məsələlərdən biri olaraq aktuallığını qoruyub saxlamaqdadır.

   Ona görə ki, dövlətin oturuşmasında, möhkəmlənməsində və dayanıqlı əsaslara söykənərək inkişaf etməsində bu ideologiya əsaslı rol oynayır. Təsadüfi deyil ki, azərbaycançılıq ideologiyası həm də birləşdirici bir məfhum hesab olunur. Bu da ondan irəli gəlir ki, azərbaycançılıq ideyası ətrafında, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkədəki bütün insanlar birləşib. Azərbaycanda yaşayan bütün xalqlar azərbaycançılıq ideyasını birləşdirici, vəhdət yaradıcı bir ideya kimi qəbul etməklə yanaşı, həm də bu ideologiya cəmiyyətdə oturuşub. Azərbaycançılıq ideyasının fundamental əsaslarından birini də məhz bu faktor təşkil edir. Bu baxımdan azərbaycançılıq ideyası, demək olar ki, əhalinin bütün spektrini əhatə edir. Yuxarıda sadalanan bütün bu faktorların vəhdəti bir daha onu sübut edir ki, Azərbaycanın uğurlarını şərtləndirən mühüm faktorlardan biri də sözügedən ideologiyanın yüksək səviyyədə orduya aşılanmasıdır. Bu baxımdan azərbaycançılığın orduda təbliğinin vəziyyəti necədir? Orduda azərbaycançılıq ideologiyasının əhəmiyyəti necə dəyərləndirilir?

   Məsələyə münasibət bildirən tanınmış şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, tarixən Azərbaycan insanının təfəkküründə milli özünüdərk onun dövlətçilik ənənələrinin, prinsiplərinin mühafizə olunmasına yardımçı olmuşdur: "Bu baxımdan, torpaqlarımızın işğal altında olduğu bir zamanda qloballaşan, böyüyən dünyada orduda azərbaycançılıq ideyasının geniş səviyyədə təbliğ olunmasına ehtiyac var.

   Azərbaycan dövlətinin beynəlxalq arenada yeritdiyi uğurlu xarici siyasət kursuna nəzər saldıqda görürük ki, burada başlıca amil işğal altında olan torpaqların azad olunmasına yönəlib. Bunun üçün ən mühüm şərtlərdən biri Azərbaycan ordusunun güclü və qüvvətli olmasıdır. O üzdən, təbii ki, Azərbaycan ordusunda milli vətənpərvərlik hisslərinin aşılanmasında və dövlətə bağlılılığın güclənməsində bu ideologiyanın rolu böyükdür. Azərbaycan dövlətinin tarixini, xalqın bütövlüyünü bilmək, dərk etmək hər bir əsgərin amalı olmalıdır. Belə olarsa, bu, ordunun daha da güclənməsinə, orduda xidmət edən əsgərlərdə vətənpərvərlik hisslərinin daha dərindən aşılanmasına gətirib çıxaracaq. Təsadüfi deyil ki, sevgili peyğəmbərimiz vətəni qorumaq imandandır söyləyib. Bu deyim doxsanıncı illərdə ermənilərlə ağır döyüşlər aparan ordumuzun sanki bir şərəf işi idi, bir and dəftəri idi. Yağı düşmənlə mətanətlə vuruşan əsgərlərimiz bu kimi fikirlərdən ilham alaraq öz borcunu yerinə yetirirdi. O baxımdan, milli ideologiyanın əsgərlərimizə lazımınca aşılanması onların döyüş ovqatını, ruh yüksəkliyini həmişə üstün səviyyədə saxlayır.

   Nəzərə alsaq ki, Azərbaycan müharibə şəraitindədir və torpaqlarının iyirmi faizi işğal altındadır, o zaman biz bu məqamlara son dərəcə önəm verməliyik. Azərbaycançılıq ideologiyasının təbliği baxımından ordumuzda xidmət göstərən bütün əsgərlər arasında da milli ideologiyanın aşılanması, təbliğ olunması birlik və bərabərliyin nümunəsi olardı. Bütün bunların fonunda hesab edirəm ki, azərbaycançılıq ideologiyasının orduya aşılanması milli, vətənpərvərlik ruhunun yüksəlməsinə səbəb olacaq bir ideyadır. O baxımdan, bu ideyanın birinci olaraq orduda aşılanması orada xidmət göstərən əsgərlərimizin intellektul səviyyəsinin yüksəlməsinə xidmət edir. Yəni bu onların öz tarixini bilərək, yaşayaraq xidmət göstərməsinə bir zəmin olar".

   Millət vəkili Zahid Orucun sözlərinə görə, azərbaycançılıq ideologiyası son on ildə dövlətin rəsmi xəttində özünü daha qabarıq göstərməkdədir: "Bu proses daha artıq mənəvi mühiti, müəyyən mənada təhsili, dövlət idarəetmə sistemlərini əhatə etməkdədir. Ancaq demək ki, Azərbaycan ordusu sırf hansısa ideologiyanın təsiri altında olmalıdır, bu bir qədər doğru olmaz. Ona görə ki, ordu bilavasitə hərbi strukturdur, qarşısında konkret vəzifələri var və s. O cümlədən, ötən dövr ərzində müstəqil Azərbaycanın ordusunun formalaşdırılması üçün gərəkən işlər və bazis də məhz bu dövrdə formalaşmaqdadır.

   Azərbaycan ordusunun formalaşmasında bir qədər cumhuriyyət dövründəki generallar rol oynasa da, həmin dövr çox qısa olub. İkinci dövr isə 70-ci illərdə ulu öndər Heydər Əliyevin Cəmşid Naxçıvanski adına hərbi məktəbin əsasını qoyması ilə başladı. Yəni sırf ordu quruculuğu siyasəti bu gün, konkret olaraq, beynəlxalq əlaqələr konteksində, daha çox, hansısa qanuni sənədlər, nizamnamələr, təlimatlar və s. əsasında baş verir.

   Azərbaycan ordusunda qarşıdaki dönəmdə görüləcək mənəvi və ideoloji işlərdən biri də məhz azərbaycançılıq ideallarının əsgərlərə çatdırılması, o cümlədən, bu ideologiyanın gerçək tarixi və onun keçdiyi mərhələlərin əxz olunmasından ibarət olacaq. Çünki orduya hansı vəziyyətdə daxil olmağından asılı olmayaraq, insanlarımız məlumatlı olmayacaqsa, öz tarixi torpaqlarını tanımayacaqsa, gerçək vəziyyətini bilməyəcəksə, hansı məhrumiyyətlərdən keçdiyimizi anlamayacaqsa, o zaman konkret, real hədəflər uğrunda mübarizə aparmaqda çətinlik çəkəcək. Çünki dünyada ən güclü ordu hesab edilən ABŞ ordusu belə, qlobal təhlükəsizliyin təmin olunmasını öz fərdi təhlükəsizliyi konteksində aparır. Onlar hesab edirlər ki, Əfqanıstanda gedən proseslərin Birləşmiş Ştatlar insanına aidiyyəti var. Əks halda "Taliban", "Əl-Kaidə" dünyanın təhlükəsizliyini təhdid edəcək və nəticədə elə ABŞ əsgərinə şərbə vuracaq. Görünən odur ki, onlar bu kimi qlobal təhlükələrin fərqində olduqlarına görə bunun məsuliyyətini dərk edirlər. Məhz bu ideologiyanı əllərində əsas tutaraq, min kilometrlərlə yolu qət edib bölgəyə gəliblər. Nə qədər ki, ulu öndər Heydər Əliyevin şəxsi sərkərdəlik nümunəsi ortadadır, özünü şəxsiyyət kimi formalaşdırmaq modeli var, paralel şəkildə azərbaycançılıq ölkənin silahlı qüvvələrində ən yaxşı bir tədris kitabıdır. Eyni zamanda, mənəvi və əxlaqi tərbiyə kitabıdır, kodeksidir.

   Azərbaycan əsgərini formalaşdırmaq üçün bunun qədər yaxşı, tamamilə ortada olan, hopdurulmuş, ən ciddi şəkildə milli-mənəvi amallarımıza bağlanmış alternativ ideologiyalar yoxdur. Hansısa bir millətçilik məsələsini ortaya qoymaq mümkündür.

   Ancaq bunun nə qədər birləşdirici rol oynayacağını demək çətindir. Ən orijinal, dövrün, zamanın, mövcud reallıqların tələblərinə cavab verən ideologiya məhz azərbaycançılıq ideologiyasıdır. Çünki azərbaycançılıq itirilmiş torpaqlarımızı da, ona qarşı mübarizəni də tam dolğun şəkildə özündə ehtiva edir. Həmçinin, azərbaycançılıq bu ölkədə milli-etnik birliklərin vahid ideologiya ətrafında təmərküzləşməsini və s. özündə ehtiva edir.

   Ona görə də hesab edirəm ki, orduda siyasi işlər üzrə zabitlərin ən başlıca işi məhz azərbaycançılığın təməl prinsiplərini əsgərlərə aşılamağdan ibarət olmalıdır. Nə qədər təlimatlar, əmrlər olursa-olsun, milli-mənəvi dəyərlər və bunların cəmindəki milli ideologiyanın əsgərlərə aşılanması başlıcı yer tutmalıdır. Çünki ordu dövlətin müstəqilliyinin qarantıdır".

 

 

   Vidadi ORDAHALLI

 

   Bakı xəbər.- 2011.-8 fevral.- S.12.