Ansambllarda milli sazımızı
Anadolu sazı sıxışdırmağa başlayıb
Elxan Məmmədli:
"Onlar da bizim sazı öz ansambllarına salsın"
"Hər ikisi bizə əzizdir"
deyən folklorşünas nədən narazıdır?
Saz, milli musiqi alətimiz olmasına
baxmayaraq, ansambllara çox gec yol tapıb. Bu alətin imkanlarından, daha çox, xalq çalğı alətləri
ansamblları tam formalaşdıqdan
sonra istifadə edilib. Müasir dövrdə sazın dövlət tərəfindən
dəstəkləndiyi bir
vaxtda müasir ansambllarda sazımızın
səsi çox zəif eşidilir. Artıq bəzi ansambllardan yerli saz yığışdırılaraq,
yerinə Anadolu sazı gətirilir.
Hazırda şadlıq sarayı
və restoranların ansambllarında da Anadolu sazı üstünlük təşkil
edir. Bu isə
öz musiqi alətimizin meydandan sıxışdırılaraq çıxarılmasına
gətirib çıxara
bilər. Türkiyə türklərinə məxsus
sazın ansambllarda yer tutmasına qarşı deyilik. Bu da olsun, amma bunu elə
şəkildə etmək
lazımdır ki, bundan bizim öz
sazımız zərər
çəkməsin. Biz
xalq musiqi alətlərinin bütün
növlərindən istifadə
edilməsinin tərəfdarıyıq.
Anadolu sazı da həmçinin.
Onu da dinləməyi sevirik. O azəri sazının qardaşıdır.
Onların eyni ansamblda
birgə görünməsi
heç də təqdim edilən musiqi əsərinin səslənməsinə zərər
gətirməz. Bəzi "yenilik"
tərəfdarları, nədənsə,
bu amili nəzərə almır.
Ansambllarda ürəkləri istəyəni edirlər.
Son vaxtlar efirlərdə
də Anadolu sazı görünməyə
başlayıb. Bizim solo saz
ifaçılarının buna maraq göstərməsi
təqdirəlayiqdir. Ancaq bu şərtlə ki, öz alətimizə hörmətsizlik etməsinlər.
Bütün mənalarda Türkiyədəki
qan, din qardaşlarımıza
həsəd aparmaq olar. Çünki onlar öz maddi-mənəvi dəyərlərini
uca tutmağı bacarır. Onların heç bir
xalq çalğı
alətləri ansamblında,
musiqi qrupunda Azərbaycan sazı yoxdur. Bəlkə bu ondan irəli gəlir ki, onlarda bizim
sazımızı ifa
etməyi bacaran ifaçı yoxdur? Amma biz özümüzün alətimizi
unudub, Anadolu sazından dördəlli yapışırıq.
Ümumiyyətlə, hazırda sazın
təbliğində ciddi
problem var. Bu da bu işlə məşğul
olanların qeyri-peşəkarlığından
xəbər verir.
Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA) Folklor
İnstitutunun şöbə
müdiri, filologiya elmləri namizədi Elxan Məmmədli "Bakı-Xəbər"ə açıqlamasında
bu inkarçılığın
tərəfdarı olmadığını
bildirdi. E.Məmmədlinin sözlərinə görə,
alətdən üz çevirmək soy-kökümüzdən,
milli kimliyimizdən kənar düşməyimizə
xidmət edir. E.Məmmədlinin verdiyi məlumata
görə, milli sazımız ansambllara keçən əsrin
60-cı illərində gəlib.
Böyük musiqiçi
Əhmədxan Bakıxanovun
səyi nəticəsində
saz xalq çalğı alətləri
ansamblına daxil olub: "Müəyyən
ansambllarda həm bizim saz, həm
də o biri saz var. Sazın funksiyası çox
genişdir. Sazın böyük bir ansamblı əvəz
etdiyi məlumdur. Ansambllarda, başqa alətlərlə
yanaşı, saz da olmalıdır. Sazın
xalq çalğı alətləri ansamblına gətirilməsi
Əhmədxan Bakıxanovun adı ilə bağlıdır.
İlk dəfə ansamba Zakir Bayramovun simasında
sazı o gətirib. Onda birinci dəfə
saz ansambla uyğunlaşdırıldı və bütün
Azərbaycan musiqisini mənimsədi. Bunun
özü çox böyük inqilab idi".
E.Məmmədlinin
sözlərinə görə, ansamblda oturuşması xatirinə
saz pərdələrinin tar pərdələrinə
uyğunlaşdırılması onu göstərdi ki, ansamblda
sazın fəaliyyəti yox, yalnız şəkli, forması
görünür. Anadolu sazının bərqərar
olması naminə milli sazımızın "qapı
arxasında" saxlanmasına pis baxdığını deyən
E.Məmmədlinin fikrincə, Anadolu xalq çalğı alətləri
ansambllarında da Azərbaycan sazı olsa yaxşı olar:
"Bizim ansambllar böyük həvəslə o sazı
öz tərkibinə daxil edir. Onlar da bizim
sazı öz ansambllarına salsın. Görək
salırmı? Biz təqlidçiliyə
adət eləmişik. Türkiyədə
yaşayan qardaşlarımız bura gələndə
çalışırıq ki, onların ləhcəsində
danışaq. Ora gedəndə də həmçinin.
Amma onlar həmişə öz
danışıq tərzlərini təbliğ edirlər.
Təəssüf ki, həm efirdə, həm
ansambllarda sazın özü görünsə də məzmunu
görünmür. Ansambllarda saz havası
eşidilmir. Sadəcə, bir milli alət
kimi sazın orada şəkli görünür, funksiyası
isə nəzərə çarpmır. Bu
məsələyə ciddi yanaşmaq lazımdır. Folklor İnstitutunun nəzdində fəaliyyət
göstərən "İrs" ansamblı burada
istisnadır. Bu ansamblda saz öz üzərinə
düşən vəzifəni layiqincə yerinə yetirir.
Bu alət ansamblda aparıcı yer tutur. Özü də ki, "İrs"də
aşıqlar da iştirak edir. Aşıq Mahmud,
aşıq Solmaz Kosayeva və başqaları bu ansamblın
üzvüdür".
E.Məmmədli
bildirdi ki, bir aşıqşünas alim kimi, sazın təbliğindən
qətiyyən razı deyil. Onun bildirdiyinə görə,
saz barədə danışmaq haqqı elə adamların əlindədir
ki, o şəxslərin aşıq sənətindən xəbəri
yoxdur: "Bilirsiz, televiziyaların musiqi proqramlarına rəhbərlik
edənlərin çoxu saza yad adamlardır. Onun
məişətində, yaddaşında saz yoxdur. Saz gərək insanın qanında kodlaşsın
ki, o, tamaşaçılara əsl saz səsini təqdim etməyi
bacarsın. Onlar elə bilir ki,
bütün Azərbaycan xalqı da onun özü kimi saza
biganədir.
E.Məmmədli həmçinin
bildirdi ki, milli sazımızın xalq çalğı alətləri
sırasında duraraq ansamllarda özünə yer tutmasında
mərhum xalq artisti Baba Mahmudoğlunun (Mirzəyev) da rolu əvəzsizdir.
Onun sözlərinə görə, B.Mahmudoğlu
yaratdığı "Dastan" ansamblında saz alətini ən
yüksək mərtəbəyə qaldırıb: "Baba
Mahmudoğlunu sazsız təsəvvür eləmək
mümkün deyil. O bizim bir neçə aşıq
havasını ansambl üçün işləyib.
Onun bu günlərdə
Muğam Evində 70 illik yubileyi qeyd edildi, amma orada bir nəfər
də aşıq çıxış eləmədi. Bu da məni narazı saldı. Saza
canı-qanı ilə bağlı olan bir adamın məclisində
saz səsi eşidilmədi. Dövlətimiz
saza böyük sayğı göstərir, məmurlar və
televiziyaların musiqi proqramlarına rəhbərlik edən
adamlar nə üçün dövlətin təqdir elədiyini
təqdir eləmir?"
E.Məmmədlinin qənaətinə
görə, milli sazımızın ansambllardakı yerinin
Anadolu sazına verilməsi də bu biganəlikdən
qaynaqlanır.
Qarşı tərəfin
də mövqeyini dərc edə bilərik.
İradə
SARIYEVA
Bakı
xəbər.- 2011.- 9 fevral.- S. 15.