Ölkəni bürümüş antikorrupsiya hərəkatının xalq üçün mümkün nəticələri müzakirəyə çıxdı

 

   İctimaiyyətin özünün də hərəkatda fəal iştiraka cəlb edilməsi barədə maraqlı ideya gündəmə gəlib

 

  Ölkədə korrupsiya və rüşvətxorluğa, məmur özbaşınalığına qarşı geniş bir mübarizənin başlaması aydın müşahidə olunmaqdadır. Məsələ cəmiyyətin də xüsusi diqqət mərkəzindədir. Xatırladaq ki, bütün bunlar Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyilə yanvarın 27-də korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Komissiyasının iclasından sonra baş verir. Məhz həmin iclasdan sonra bir sıra dövlət qurumları konkret addımlar atmağa başlayıb.

   Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib ki, təqribən 200 vətəndaş rüşvətlə qarşılaşması iddiası ilə nazirliyə müraciət edib: "Bu məsələyə fövqəladə hal kimi baxılacaq. Çox ciddi araşdırılaraq qərar qəbul olunacaq". Tabeliyində olan qurumlarda rüşvət və süründürməçiliklə bağlı faktların olması, o cümlədən baş porokuror Zakir Qaralov, səhiyyə naziri Oqtay Şirəliyev və digər nazirlik və komitə rəhbərlərinin də dilindən etiraf olunub.

   Qeyd edək ki, korrupsiya faktlarını aradan qaldırmaq üçün ciddi tədbirlərin həyat keçirilməsi qərara alınıb. İlk "təmizləmə" işini Dövlət Əmlak Komitəsi görüb. Burada 15 nəfər işdən uzaqlaşdırılıb, 40 nəfər barəsində isə müxtəlif tənbeh tədbirləri görülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 136, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2, Baş Prokurorluq isə 5 əməkdaşını vəzifəsindən azad edib. Bunun ardınca Azərbaycanda səhiyyə müəssisələrinin 21 rəhbər işçisi vəzifədən çıxarılıb. Səhiyyə Nazirliyinin rəsmi saytında yer alan məlumata görə, işçilər nazirlikdə yanvarın 31-də keçirilmiş geniş kollegiya iclasının nəticəsi olaraq işdən azad edilib. Xəstəxana, doğum evi, gigiyena və epidemiologiya mərkəzlərinin 21 nəfər rəhbər və struktur bölmə rəhbərləri əhaliyə göstərilən tibbi yardımın təşkilində yol verilən ciddi nöqsanlara görə işdən çıxarılıb.

   Bütün bunlar korrupsiyaya qarşı ciddi mübarizəyə start verildiyini aydın göstərir. Ekspertlər hesab edir ki, korrupsiyanın aradan qaldırılmasında vətəndaşlar özləri də maraqlı olmalıdır. Rüşvətə qarşı mübarizə ictimailəşməlidir. Hesab edilir ki, yaranmış indiki vəziyyətdən ictimaiyyət çox yaxşı istifadə edə bilər, yəni onlar öz hüquqlarını qorumaq istiqamətində addımlar atmalıdır. Vətəndaş korrupsiya ilə üzləşərkən ayrı-ayrı dövlət qurumlarına, qaynar xətlər, kütləvi informasiya vasitələrinə məlumat verməlidir. Beləliklə, korrupsiya ictimailəşməlidir, yəni vətəndaşlar buna biganə qalmamalıdır.

   Hələlik isə rəsmi səviyyədə korrupsiyaya qarşı başlanan mübarizə davam etməkdədir. İndii sual doğuran məqam isə bu islahatların istehlak, eləcə də bazarın digər seqmentlərinə təsirlərinin nədən ibarət olacağıdır.

   Onu da qeyd edək ki, son bir ildə ölkədə inflyasiyanın tempi artmağa başlayıb. Bu ilin yanvar ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri 2010-cu ilin dekabr ayı ilə müqayisədə 0,8 faiz bahalaşıb. Dövlət Statistika Komitəsinin açıqlamasına əsasən, ay ərzində ərzaq məhsullarının qiymətləri 1,5 faiz qalxıb. Bu arada nəzərə alsaq ki, dünya bazarında taxıl, ət, süd, yağ və digər ərzaq məhsullarının qiyməti bahalaşıb və təkcə şəkərin qiyməti son 30 ildə rekord həddə çatıb, o zaman düşünmək olar ki, antikorrupsiya tədbirləri gücləndirilməzsə, Azərbaycanda istehlak qiymətləri daha yüksək ola bilər.

   İqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, korrupsiyaya qarşı mübarizənin aparılması Azərbaycanın prioritet məsələlərindən hesab edilir. O qeyd edir ki, antikorrupsiya tədbirləri, eləcə də bu sahədə atılan addımlar iqtisadiyyatın sağlamlaşdırılmasına xidmət edə bilər. O ki qaldı korrupsiyaya qarşı mübarizənin istehlakçıların sosial rifahına təsirlərinə, iqtisadçı deyir ki, korrupsiya, rüşvətxorluq birmənalı şəkildə vətəndaşların sosial vəziyyətinə təsir göstərir: "Bu yalnız onunla bağlı deyil ki, vətəndaşlardan bir sıra hallarda ödənişlər tələb edilir və ya korrupsiya əlavə xərclər yaradır. Korrupsiya iqtisadiyyatın, xüsusilə kiçik biznesin inkişafını tormozlayır. Eyni zamanda, korrupsiya real sektorda istehsal edilən məhsulların maya dəyərinin süni şəkildə yüksəlməsinə gətirib çıxarır. Azərbaycanda korrupsiyanın və ya qeyri-rəsmi ödənişlərin, eləcə də inhisar səviyyəsinin çox olmas nəticəsində istehlak bazarında qiymətlər nəinki qonşu ölkələr, hətta Mərkəzi və Şərqi Avropa ölkələrilə müqayisədə yüksəkdir".

   Mütəxəssisin fikrincə, korrupsiyaya qarşı mübarizənin aparılması təkcə iqtisadiyyatın sağlamlaşdırılması deyil, istehlak bazarında qiymətlərin aşağı salınması baxımından da əhəmiyyətlidir: "Antikorrupsiya tədbirləri davam edərsə və bu proses sistemli şəkildə aparılarsa, o zaman istehlak bazarında qiymətlər kəskin azalacaq. Tədqiqatlar göstərir ki, korrupsiya, qeyri-rəsmi ödənişlər istehsal edilən ərzaq və qeyri ərzaq məhsullarının dəyərinin süni şəkildə kəskin yüksəlməsinə gətirib çıxarır. Konkret olaraq, pomidor istehsal edən rayonlarda apardığımız tədqiqat bu məhsulun maya dəyərinin təxminən 30 faizini, yəni 3/1-ni qeyri-rəsmi ödənişlərin təşkil etdiyini deməyə əsas verir".

   Ekspertin sözlərinə görə, bir sıra məhsulların istehsalında korrupsiya və rüşvətin payı 50 faizə yaxındır: "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, qeyri-rəsmi ödənişlərin aradan qaldırılması istehsal edilən məhsulların maya dəyərinin azalmasına, süni şəkildə yaranan xərclərin aradan qalxmasına gətirib çıxarar. Nəticədə ölkə daxilində qiymətlər azalar. Eyni problem idxal edilən məhsullarla da bağlıdır.

   İdxal edilən məhsullarda qeyri-rəsmi ödənişlərin payı kifayət qədər yüksəkdir. Bu da istehlak bazarında xaricdən gətirilən məhsulların qiymətinin baha olmasını əsaslandırır". V.Bayramov bildirir ki, korrupsiyaya qarşı mübarizə həm idxal, həm də yerli istehsal məhsullarının qiymətinin 30 faiz azalmasına səbəb olacaq.

  

 

   Tahir TAĞIYEV

 

   Bakı xəbər.- 2011.- 9 fevral.- S. 7.