400 min kv.km idik, 86 min kv.km-ə düşdük...

 

Onun da 20 faizi...

 

Hər bir dövlətin ümdə vəzifəsi ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını təmin etməkdir. Bu mənada, belə demək mümkünsə, Azərbaycanın bəxti elə də gətirməyib. Ona görə ki, zaman-zaman bu və ya digər səbəblərdən torpaqlarımızı itirə-itirə gəlmişik. Bunun obyektiv və subyektiv səbəbləri olub. Çünki vaxtilə 400 min kvadrat kilometrlik əraziyə malik bir ölkədən indi cəmi-cümlətani 86 min kvadrat kilometrlik ərazi qalıb.

Erkən orta əsrlərdə Azərbaycan deyilən diyar iki dövlət arasında bölünmüşdü. Bu dövlətlərin hər ikisi də türk mənşəli idi. Cənubda Atropatena, şimalda isə Albaniya yerləşirdi. Həmin ərazilər bəzən müstəqil siyasət yeritsələr də, bir çox hallarda daha böyük dövlətlər olan Sasanilərdən asılı qalmışdılar. Buna baxmayaraq, hər ikisi öz təbii ərazilərini qoruyub saxlaya bilmişdi. Sonradan Azərbaycan adlanan diyar bütünlüklə Ərəb Xilafətinin nəzarəti altına keçdi. Bu dövrdə Azərbaycan xilafətin tərkibində olsa da, bütöv bir tam halında birləşdirilmişdi. Yəni onun əraziləri hansısa başqa vilayətlərdə deyil, vahid Azərbaycan vilayətində cəmləşdi. Azərbaycan adlı məfhum da əsasən məhz bu dövrlərdə meydana gəlib inkişaf etməyə başladı. Bu vaxtlar Azərbaycanın ərazisi şimalda Dərbənd keçidindən başlayıb, cənubda Həmədana, Şərqdə Xəzər sahillərindən Qərbdə indiki Ermənistanın Türkiyə ilə sərhədlərinədək uzanırdı. Bu ərazidə yaşayan başlıca xalq da azəri türkləri idi. Amma buna baxmayaraq, elə həmin dövrlərdə müsəlman ərəbləri, erməni hiyləsinə uyaraq, onlara münasibətdə azərbaycanlılara nisbətən daha səmimi olmağa başladı. Bunun nəticəsidir ki, ərəb zülmünə qarşı 20 ildən çox mübarizə aparan Böyük Babəki əsir edib ərəblərə təhvil verən də məhz erməni Sumbat olub. Hansı ki, Babəkin başçılığı altında başlanan bu azadlıq mübarizəsi çox keçməmiş, başqa ərazilər kimi, Azərbaycan torpaqlarının da müstəqilliyinə gətirib çıxardı. Düzdür, həmin dövrdən başlayaraq, XII əsrin ortalarına qədər Azərbaycan ərazisində bir çox xırda feodal dövlətlər meydana gəldi. Sasanilər, Sacilər, Rəvvadilər, Şəddadilər bu qəbildən olan feodal dövlətləri idi. Onların bir çoxu Azərbaycanın cənub məkanında, digərləri isə Kürlə Araz çaylarının qovşağında yaranmışdı. Ən şimalda isə Şirvanşahlar hakimiyyət başında idi. Bu zamandan başlayaraq, Azərbaycan ərazisinin müxtəlif xırda feodal dövlətlərinə bölündüyünün şahidi oluruq. Düzdür, onların hər biri, xüsusən də Şirvanşahlar ölkənin vahid bir məkanda birləşməsinə çalışırdı. Amma feodal pərakəndəliyi və şəxsi maraqlar bu ideyanın reallaşmasına əngəl oldu. Bütün bunlara baxmayaraq, həmin dövlətlərin ərazisi çərçivəsində olsa da, Azərbaycan torpaqları öz bütövlüyünü əsasən qoruyub saxlayırdı. Hətta Səlcuq türklərinin hakimiyyəti altında olanda belə torpaq bütövlüyünə elə də ciddi ziyan dəyməmişdi. Bunun nəticəsidir ki, sırf türk mənşəli Eldəgizlər dövləti də məhz Azərbaycan ərazisində formalaşdı. Yəni həmin sülalənin hakimiyyəti zamanı, Şirvanşahlar istisna olmaqla, bütün Azərbaycan torpaqlarının bir bayraq altında birləşdirilməsi mümkün oldu. Hətta monqol işğalları dövründə də Azərbaycan bir əyalət olaraq bütövlüyünü saxlayırdı. Amma həmin vaxt da ermənilər, monqollara sığınaraq, müsəlmanlara qarşı fitnə-fəsadlar törətməkdə idi. Azərbaycan ərazisi tam olaraq bir də Səfəvilərin hakimiyyəti dövründə dövlət çərçivəsində bütöv bir hala gətirildi. Şah İsmayıl və oğlu I Təhmasib əsas torpaqları Azərbaycan olan bütöv bir imperiyanı yaratdılar. Bu zaman dövlət dili kimi də məhz azərbaycan türk dili işlədilirdi. Səfəvilərin iki əsrdən artıq hakimiyyəti dövründə Azərbaycan dövlətin ən vacib və mühüm əhəmiyyət kəsb edən ərazisi kimi olduqca böyük rol oynayırdı. Hətta bu ərazilər o zamankı orta əsr Avropa ölkələri tərəfindən belə tanındı. Amma iki qardaş türk dövlətinin - Səfəvilərlə Osmanlı imperiyasının daim bir-birilə çarpışması sonda hər iki möhtəşəm imperiyanın zəifləməsinə gətirib çıxardı. Məhz bu müharibələr sonrakı əsrlərdə Azərbaycan ərazilərinin parçalanmasında, demək olar ki, mənfi mənada özünəməxsus rol oynadı. Onların qardaş qırğını törətdiyi ərəfələrdə Azərbaycan torpaqlarının bir hissəsi növbə ilə gah osmanlıların, gah da səfəvilərin nəzarəti altında olurdu. Osmanlılarla səfəvilərin qardaş qırğınından istifadə edən Rusiya imperiyası yavaş-yavaş Cənubi Qafqaza yaxınlaşmağa başladı. Üzücü müharibələrdən zəifləyən Səfəvilərin süqutu ilə Azərbaycan torpaqları da xırda feodal xanlıqlara bölündü. 400 kvadrat kilometrlik bir ərazidə nə az, nə çox - düz 18 müstəqil xanlıq yarandı. Onların da arasında, eyni millətdən olmalarına baxmayaraq, daim soyuqluq yaşanırdı. Belə ki, xanlıqlar yaxınlaşan xarici təhlükə dönəmində dayaq olmaq əvəzinə, bir-birinə quyu qazmaqla məşğul idilər. Bunun da nəticəsində xanlıqların ərazisi tez-tez qardaş qanına bulaşırdı. Təkcə Qubalı Fətəli xan torpaqların birləşdirilməsi uğrunda ardıcıl mübarizə aparırdı. Hətta bir müddət o, Azərbaycanın şimal-şərq ərazisini birləşdirməyə nail oldu. Lakin digər xanların fitnə-fəsadı birləşmə ideyasının sona qədər davam etdirilməsinə maneə yaratdı. Nəticədə də bunun ardınca Azərbaycan ərazisinin daha ağır günləri başladı. Qüdrətlənən şimal qonşumuz Rusiya imperiyasının ekspansionist siyasəti və təcavüzü nəticəsində torpaqlarımız iki hissəyə parçalandı ki, hazırda da eyni situasiyadır. XIX əsrin ikinci və üçüncü onilliyində baş tutan iki Rus-İran müharibəsilə Azərbaycanın şimalı Rusiya, cənubu isə İran tərəfindən işğala məruz qaldı. Araz çayı iki Azərbaycan arasında bir sərhəd oldu. 280 min kvadrat kilometrə yaxın ərazimiz o gündən İranın nəzarəti altına keçdi. Bu fürsətdən sui-istifadə edən ermənilərin İran və Türkiyədən Azərbaycan torpaqlarına, xüsusən də Qərbi Azərbaycan və Qarabağa axını başladı. Xalqımızın başına gələn başlıca bəlalar da məhz ondan sonra özünü göstərdi. Mənfur ermənilər torpaqlarımızda yerləşər-yerləşməz, ərazi iddialarında bulundular. Çar Rusiyası isə bu işdə onlara yardımçı idi. Ərazimizin bir hissəsinin İrəvan quberniyasına düşməsindən iştahlanan erməni cəlladlar yavaş-yavaş həmin yerləri özününküləşdirdi. Beləliklə, torpaqlarımızın itirilməsinə start verildi. Əsas bəlalar isə XX əsrin əvvələrindən özünü göstərdi. Şimali Azərbaycan torpaqları işğal ərəfəsində 120 min kvadrat kilometr əraziyə malik idi. XX əsrin əvvəlində, çar Rusiyası imperiyasının dağılması ilə onun ərazisində yeni-yeni dövlətlər meydana gəldi. Onlar arasında, Azərbaycanla yanaşı, Ermənistan da vardı. Hansı ki, onların yaratdığı dövlət sırf Azərbaycan torpaqları olan ərazidə formalaşdı.

Təəssüf ki, yenicə formalaşan Azərbaycan dövləti ermənilərin bu fəaliyyətinin qarşısını ala bilmədi. Amma bu da son deyildi. Azərbaycan Cumhuriyyəti dönəmində 114 min kvadrat kilometr əraziyə malik dövlətimiz bolşevik işğalından sonra daha da kiçildildi. Göyçə, Zəngəzur mahalları uzağı görməyi bacarmayan Nərimanovlar tərəfindən Ermənistana peşkəş edildi.

Bu azmış kimi, qədim Azərbaycan şəhəri olan Dərbənd də birdəfəlik olaraq Rusiyanın himayəsi altına keçdi. Borçalı mahalı isə Gürcüstana verildi. Belədə, cumhuriyyət dövründə 114 min kvadrat kilometr əraziyə malik ərazimiz 86 min kvadrat kilometrə qədər azaldıldı. Bütün bunlar azmış kimi, Ermənistanda öz dədə-baba torpaqlarında yaşayan soydaşlarımız zaman-zaman oradan didərgin salındı. 1948-1953-cü illərdə xaricdən gələn ermənilərin yerləşdirilməsi bəhanəsilə 150 minə yaxın azərbaycanlı Qərbi Azərbaycandan deportasiya olundu. Keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəlində isə azərbaycanlıların Qərbi Azərbaycandan qovulması prosesi erməni vəhşiliyi nəticəsində başa çatdırıldı. Yenidən müstəqilliyə qovuşan Azərbaycana dikilən düşmən gözləri onun yeni bir ərazisinin itirilməsinə gətirib çıxardı. Ermənistanın himayəsinə sığındığı Moskvanın ekspansionist siyasətilə Dağlıq Qarabağ və ətraf ərazilərimiz mənfur qonşularımız tərəfindən işğal edildi. Hazırda, Dağlıq Qarabağ da daxil olmaqla, işğal altında olan ətraf məkanlar ölkə ərazisinin 20 faizini təşkil edir. Belədə, indi dövlətimizin nəzarəti altında qalan torpaqlar cəmi-cümlətani 70 min kvadrat kilometr ərazini əhatə edir. Birləşmiş Millətlər Təşkilatı və dünya dövlətləri tərəfindən ölkəmizin ərazisi 86 min kv.km olaraq tanınsa da, dediyimiz kimi, onun 20 faizi Ermənistan tərəfindən işğal edilib. Amma bu o demək deyil ki, Azərbaycan xalqı bununla barışıb. Əsla. Ölkəmiz hər an torpaqlarını erməni tapdağından azad etməyə hazırdır.

Bunun üçün onun yetərincə qüvvəsi və iqtisadiyyatı da var. Gec-tez onsuz da Dağlıq Qarabağ və ətraf rayonları azad edəcəyik. Onu da qeyd edək ki, Azərbaycan zaman-zaman torpaqlarını itirməklə bərabər, həmin ərazilərdəki maddi-mədəni abidələrindən də məhrum olub. Azərbaycan xalqının qədimliyini göstərən bu maddi-mədəni abidələrimizi indi düşmənlərimiz öz adlarına çıxmaqla məşğuldur. Belədə, vaxtilə 400 min kv.km əraziyə malik nəhəng bir ərazimizdən indi 86 min kv.km qalıb ki, onun da 20 faizi hələ də işğaldadır.

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə hazırlanıb

 

 

Rüfət SULTAN

 

Bakı xəbər.- 2011.- 11-13 fevral.- S. 12.