Azərbaycanda "kiçik hökumət" modeli yenidən üzə çıxdı

 

Antikorrupsiya dalğası fonunda maraqlı və rasional təşəbbüslər meydana çıxır

 

Zaman-zaman ölkə gündəminə gətirilən məsələlərdən biri də "kiçik hökumət" modelidir. Bu fonda bəzi ekspertlər bir sıra dövlət qurumlarının birləşdirilməsini, yeni idarəçilik strukturlarının yaradılmasını təklif edir. Ölkədə ötən ayın sonlarında başlanan antikorrupsiya kampaniyası çərçivəsində sözügedən ideya yenidən xüsusi diqqət mərkəzinə gətirilib. Antikorrupsiya tədbirlərinin ölkə iqtisadiyyatına, bazarın seqmentlərinə necə təsir edəcəyi sual olaraq qalmaqdadır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov korrupsiyaya qarşı mübarizənin daha səmərəli aparılması üçün təkcə inzibati metodları deyil, institusional və struktur islahatların da aparılmasını vacib sayır.

Onun sözlərinə görə, beynəlxalq maliyyə qurumları dəfələrlə struktur islahatlarının aparılması təklifilə çıxış edib: "Müəyyən dövrlərdə struktur islahatları diqqəti çəksə də, son illər Azərbaycanda idarəetmə strukturunun dəyişməsinə yönələn islahatlar hələlik aparılmır. Struktur islahatlarının aparılmaması bürokratik aparatın şişməsinə, korrupsiya imkanlarının genişlənməsinə zəmin yaradıb. O baxımdan korrupsiyaya qarşı mübarizənin ciddi şəkildə aparılması məqsədilə idarəetmə aparatında institusional və struktur islahatlara ehtiyac var. Yalnız bu islahatları aparmaqla korrupsiyaya qarşı mübarizəni gücləndirmək mümkündür".

V.Bayramovun fikrincə, idarəetmə aparatının səmərəliliyinin qorunması, bürokratik əngəllərin və korrupsiya hallarının qarşısının alınması üçün bir sıra dövlət qurumları birləşdirilməli, bəzi idarələrə isə müstəqil dövlət qurumu statusu verilməlidır: "Struktur islahatları iqtisadi idarəetmənin müxtəlif sektorlarını əhatə etməlidir. İslahatlar nəticəsində "Azərsu" ASC, Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti ləğv edilərək, hər iki qurumun bazasında yeni agentliyin - Dövlət Su Agentliyinin yaradılmasını, "Azərenerji" SC-nin Dövlət Neft Şirkətinə birləşdirilməsini, Dövlət Gömrük Komitəsinin ləğv edilərək Vergilər Nazirliyinin tərkibində idarə formasında fəaliyyət göstərməsini, Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilərək İqtisadi İnkişaf Nazirliyinin tərkibinə verilməsini, Sosial Müdafiə Fondunun ləğv edilərək departament şəklində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsini, eləcə də İqtisadi İnkişaf Nazirliyinin tərkibindəki Antiinhisar Departamentinin nazirlikdən ayrılaraq Rəqabətin Müdafiəsi Agentliyinin yaradılmasını təklif edirik".

İqtisadçı MDB-nin əksər ölkələrində Rəqabətin Müdafiəsi Agentliyinin fəaliyyət göstərdiyini diqqətə çatdırır: "Agentliyə bazara müdaxilə, inhisar hallarının qarşısının alınması üçün ciddi səlahiyyətlərin verilməsinin təmin olunmasını təklif edirik.Bundan əlavə Sənaye və Energetika Nazirliyinin ləğv edilərək, funksiyalarının bir qisminin Neft Şirkətinə verilməsini, o cümlədən İqtisadi İnkişaf Nazirliyinin bazasında Yanacaq Energetika Departamentinin formalaşmasının təmin olunmasını təklif kimi irəli sürürük. Sahibkarlıq subyektləri və əhali ilə daha çox işləyən nazirliklərdə müşahidə şuraları yaradılmalıdır. Həmin şuraların tərkibinə yalnız dövlət qurumlarının deyil, vətəndaş cəmiyyəti institutlarının da nümayəndələri daxil edilməlidir".

İSİM rəhbərinin fikrincə, struktur dəyişikliklərinin aparılması idarəetmə aparatının daha sağlam, çevik işləməsinə imkan verə bilər: "Bu, korrupsiya hallarının qarşısının alınması ilə bağlı uzunmüddətli, dayanıqlı mübarizənin təmin olunmasına imkan yarada bilər".

Bundan öncə analoji təkliflərlə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev də çıxış edib. Ekspert xatırladır ki, Ukrayna prezidenti Viktor Yanukoviç ötən ilin dekabrın 9-u hökumətdə struktur dəyişikliyi aparıb. Prezident fərmanı ilə 112 mərkəzi icra orqanından 63-ü qalıb, nazirliklərin sayı isə 20-dən 16-ya endirilib. Prezident Nazirlər Kabinetinə ciddi ixtisarlar aparmaq, hökumətin tərkibini 26 nəfərdən 17-yə endirməyi, işçilərin sayını isə iki dəfə azaltmaq tövsiyəsi verib.

Azərbaycanda hökumət strukturunun daha effektli və mobil olması üçün hansı addımları atmaq lazımdır? Bu istiqamətdə hansı problemlər var?

Ekspert bildirir ki, Azərbaycan reallığında əksər hallarda dövlət qurumlarının funksiya və səlahiyyətləri konkret şəxslərə uyğunlaşdırılır: "Məsələn, son illər Azərbaycanda hansısa hökumət qurumu yaradılmazdan öncə onun rəhbərinin kim olacağı müəyyənləşir, təyinatdan sonra isə həmin qurumun əsasnaməsinin işlənməsi yeni rəhbərə həvalə olunur. Hazırda Azərbaycan Nazirlər Kabineti təxminən 45 ali qurumdan təşkil olunub. Bu Litva, Estoniyada və Gürcüstan kimi bizimlə oxşar siyasi-iqtisadi sistemə malik ölkələrin anoloji göstəricilərindən, orta hesabla, 2-2,5 dəfə çoxdur. Əhalisi bizdən təxminən 6 dəfə çox olan Ukrayna hökuməti Azərbaycan Nazirlər Kabinetindən cəmi 2 dəfə çox olacaqsa, deməli, bizdə də hökuməti kiçiltmək üçün kifayət qədər imkanlar qalır".

R.Ağayevin sözlərinə görə, bu proses təkcə struktur vahidlərinin sayının azalması ilə yekunlaşmamalıdır: "Bizdə dövlət idarəetmə sistemində məşğulluq həddən artıq sıxdır. Doğrudur, hazırda bu sistemdə çalışan insanların heç də hamısı dövlət qulluğu haqqında qanunvericiliyin təsir dairəsində olan işçilər deyil. Apardığımız araşdırmalar göstərir ki, Azərbaycanın hökumət qurumlarında qeyri-qulluqçu statusu ilə çalışanların sayı heç də qulluqçuların sayından az deyil. Rəsmi statistikada bu məlumatların üzərindən sükutla keçilməsi dediyim faktları təsdiqləyir. Qiymətləndirmələrimizə əsasən deyə bilərəm ki, hazırda, statusundan asılı olmayaraq, Azərbaycanın dövlət idaretməsində çalışanların sayı əhalinin hər 1000 nəfərinə düşən nisbəti baxımından biz inkişaf etmiş ölkələri 35-40 faiz üstələyirik".

R.Ağayev düşünür ki, oxşar və ya bir-birinə yaxın profilli strukturların konsolidasiyası ilə hökumətin ölçülərini əhəmiyyətli dərəcədə kiçiltmək olar: "Məsələn, Səhiyyə və Sosial Müdafiə nazirliklərinin bazasında vahid Sosial Məsələlər Nazirliyinin, kommuniksiyaya məsul olan strukturların əsasında İnfrastruktur Məsələlər Nazirliyinin formalaşdırılması ideya olaraq kifayət qədər realdır. Lakin bu ssenari təkcə mexaniki olaraq hansısa strukturların ləğvinə deyil, həmçinin dövlət qurumlarının real funksiyalarına uyğun statusunun müəyyənləşdirilməsinə də imkan verəcək".

Ekspertin yanaşması budur ki, Nazirlər Kabinetinin kiçildilməsi hökumət qurumlarını təsərrüfat funksiyalarından azad etməklə onları yalnız dövlət siyasətini reallaşdıran qurumlara çevirə bilər.

 

 

Tahir Tağıyev

 

Bakı xəbər.- 2011.- 11-13 fevral.- S. 9.