Əməllərimiz qiyamətin əlamətlərindən xəbər verir

 

Hədis alimləri qiyamətin əlamətləri barədə Peyğəmbər(ə)-nin müxtəlif kəlamlarının olduğunu qeyd ediblər. Məsələn, "On böyük əlamət görünməyincə qiyamət qopmaz. Bunlar Duman; Dəccal; Dəbbətül-ərz; Günəşin Qərbdən doğması; İsa(ə)-nin zühuru; Yəcus və Məcusun ortaya çıxması; Qərb, Şərq və Ərəbistanda yerin batması; Yəməndə bir atəşin peyda olmasıdır".

İslam alimlərindən Suyuti (v.e. 1505) və başqalarına görə, qiyamətin əlamətləri iki növdür. Böyük və kiçik. Əmanətə xəyanət, adam öldürmək, fitnə-fəsad yaratmaq, məhəbbət və etimadın azlığı, şit və hay küylü musiqi, haramların çoxalması qiyamətin kiçik əlamətləridir.

Buxari (v.e. 870) qiyamətin əlamətləri barədə "Səhih"ində yazır: "Həz. Peyğəmbər bir məclisdə çıxış edirdi. Bir nəfər icazəsiz sual verdi: "Qiyamət nə zaman baş verəcək?". Rəsulu Əkrəm(ə) çıxışını qurtarandan sonra soruşdu: "Qiyamət barədə sual verən haradadır?" Həmin adam: "Mən buradayam, ey Allahın Peyğəmbəri"-dedi. Peyğəmbər(ə) buyurdu: "Əmanət yox olduqda qiyamətin qopmasını gözlə". O da soruşdu: "Bəs əmanətin yox olması necə olur? Peyğəmbər(ə): "İş sahibinə verilməyəndə qiyamətin qopmasını gözlə"-dedi. Bu hədisi açıqlayan təfsirçilər qiyamətin üç növünün olduğunu qəbul ediblər: Fərd və toplumun qiyaməti, kainatın qiyaməti. Fərdi qiyamət hər bir şəxsin ölümüdür. Cəmiyyətin qiyaməti oradakı düzənin pozulması, dini və etnik qarşıdurmalar, sosial partlayışlar, haqq və hüququn işləməməsidir. Yuxarıdakı hədis toplumun qiyamətindən bir nümunədir. Bu iki qiyamətə kiçik qiyamət də deyilir. Digər hədisdə Buxari yazır: "İbni Məsud deyib: Həz.Peyğəmbər buyurub: "Qiyamətin qopmasını görən insanlar xalqın ən pisidir". Hədisin təfsirini verən Müslimə (v.e. 875) görə, Allah qiyamət ərəfəsində qəlbində zərrə qədər imanı olan hər kəsin canını alar. Sağ qalanların qəlbində zərrə qədər iman olmadığı üçün, onlar camaatın ən pisidir.

Səhabədən gələn digər hədisi Buxari belə təqdim edib": Rəsulullah(ə) buyurub: "Allah elmi qullarından çəkib çıxarmaqla almaz, alimlərin ruhunu alar, sonda bir alim belə sağ qalmaz. Xalq da cahilləri alim kimi qəbul edər. Onlara sual verilər, onlar da səhv fətva verib həm özlərini, həm də xalqı sapdırarlar". Burada elmsizlik qiyamətin əlamətlərindən hesab edilib. Hədisdə sözügedən elm İslami elmlərdir. Çünki dünyəvi elmlərdə inkişaf olduğu halda, İslami elmlərdə bu tendensiya yoxdur. Təəssüf ki, Quran hikmət və ayələrini öz məzhəb və maddi maraqlarına, siyasətə qurban verən "üləmələr, ayətullahlar" kifayət qədərdir. Mənəviyyatın aşılanmasını, əxlaqsızlığın adi hal kimi qəbul edilməsini də qiyamətin əlamətlərindən hesab edən Peyğəmbər(ə) buyurub: "Zinanın ortaya çıxması, şərabın içilməsi, elmin yox olması, cəhalətin hökm sürməsi qiyamətin əlamətlərindəndir".

 

"Kaş, ölənin yerində mən olaydım"

 

Həz.Əliyə istinadən Buxari yazıb: "Peyğəmbər(ə)-dən eşitdim: "Axır zamanda yaşları kiçik, düşəncələri dəyərsiz cılız bir toplum olacaq. Onlar yaradanların ən xeyirlisinin sözünü söylər, fəqət özləri oxun vurub dəldiyi yerdən çıxdığı kimi İslamdan çıxarlar". Səhabədən gələn rəvayəti isə Buxari belə təqdim edib: "Peyğəmbər(ə) buyurub: "İki böyük toplum vuruşmayınca qiyamət qopmaz. Özünü Allahın Rəsulu hesab edən otuza yaxın yalançı Dəccəlin ortaya çıxmasına qədər qiyamət qopmaz. Qiyamət ərəfəsində elm yox olar, zəlzələlər çoxalar, fitnələr ortaya çıxar, sui-qəsdlər artar. İnsanlar ev tikmək üçün yarışar. Ərazi üstündə mübarizə o səviyyəyə çatar ki, bir adam digərinin basdırıldığı torpağa tamah salıb deyər: "Kaş, ölənin yerində mən olaydım". Digər rəvayəti qələmə alan Buxari yazır: "Peyğəmbər(ə) buyurub: "Bu halda qiyamət hökmən qopacaq: "Bir kimsə dəvəsinin südünü sağacaq, fəqət onu içə bilməyəcək"; "Bir kimsə tikəsini ağzına qoyacaq, fəqət yeməyə macal tapmayacaq".

 

Qiyamətin iki mərhələsi

 

Quran qiyamətin iki mərhələdən ibarət olduğunu buyurub.

 

"Sur (birinci dəfə) çalınacaq, Allahın istədiyi kimsələrdən (Cəbrail, İsrafil, Əzrail və Mikaildən yaxud Ərşi daşıyan mələklərdən və ya İslam şəhidlərindən) başqa dərhal hamı öləcək. Sonra bir daha çalınan kimi onlar (qəbirlərdən) çıxıb (Allahın əmrinə) müntəzir olacaqlar" (Zumər, 68). Ayədən göründüyü kimi, Allah birinci mərhələdə istədiyi kimsələrdən başqa hamının ölümünə hökm verəcəkdir. İkinci mərhələdə isə bütün ölülər qəbirlərdən qalxıb, Allahın əmrini gözləyəcəklər.

   İmam Qəzzali (1058-1111) surun birinci və ikinci dəfə üfürülməsini belə şərh edib: "Sur birinci dəfə üfürüləndən sonra Allah İsrafil(ə) də daxil olmaqla, hər şeyi və hər kəsi öldürəcək. 40 ildən sonra Allah İsrafil(ə)-ni dirildəcək və o, suru iki dəfə üfürəcək. Bu zaman bütün insanlar diriləcəklər".

   Əksər müfəssirlərə görə, sur böyük bir borudur və Qiyamət günü Allahın əmrilə Həz.İsrafilin bu aləti üfürməsilə başlayacaq. Lakin Razi (v.e. 1219) və başqaları hesab ediblər ki, sur məcazi mənanı ifadə edir. Yəni bu, orduya şeypur vasitəsilə dayanmaq əmri necə verilirsə, hərəkət etmək əmri də həmin şeypurla verilir. Qiyamətin birinci və ikinci mərhələləri də həmin sur ilə veriləcək. Qiyamətin qopması müddətini isə Quran belə açıqlayır: "Qiyamətin qopması (əmri) bir göz qırpımında, yaxud daha tez olar. Allah, həqiqətən hər şeyə qadirdir" (Nəhl 77). Yəni ölülərin qəbirlərdən qalxması vahid mərkəzdən şəbəkəyə qoşulan elektrik cihazları kimi bir göz qırpımında olacaq.

 

Qiyamətin dəhşətləri

 

Qurani-Kərim qiyamətin dəhşət, vəhşət və əzəmətini müxtəlif misallarla başa salır. Məs., "Ey insanlar! Rəbbinizdən qorxun. Həqiqətən qiyamət gününün (axır saatın) zəlzələsi dəhşətli şeydir!" (Həss. 1). Əslində planetdə baş verən lokal zəlzələlər o böyük zəlzələnin - Qiyamətin əlamətlərindən biridir. Qiyamət ərəfəsində çox dəhşətli hadisələrin olacağını Rəbb belə bəyan edir: "Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü (qiyamət günü) yadınıza salın. (O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi, dirildib əvvəlki halına salarıq" (Ənbiyə 104). Buradakı "kitab səhifəsi kimi büküb qatlayacağımız" ifadəsi, Azərbaycan dilindəki "filankəsin kitabı bağlanıb" termininin sinonimidir. Yəni "insanların kitabı bağlandığı" kimi, qiyamət vaxtı kainat kitabının səhifəsibağlanacaq. Məs., Günəş və dağlar yox olacaq, ulduzlar sönüb parçalanacaqs. i.a. Bu dəhşətli mənzərəni Quran belə təsvir edir. "Günəş (əmmamə kimi sarınıb) sönəcəyi zaman, ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman, dağlar yerindən qopardılacağı zaman" (Təkvir 1-3). Dağların və göylərin qiyamətdəki durumları onların təkcə yox olması yerindən qopardılması ilə məhdudlaşmayacaq. "O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək. Dağlar isə didilmiş yun kimi olacaqdır" (Qariə 4,5); "O gün göy göyərmiş mis kimi olacaq" (Məaric-8); "(Qiyamət günü) Göy yarılıb ərinmiş yağ ( ya dağ basılmış dəri) kimi qıpqırmızı olduğu zaman (halınız necə olacaq)?" (Rahmən 37). Göründüyü kimi, Qiyamətdə yerin, göyün, dağların qorxunc bir vəziyyətdə olması insanlar üçün əyani ibrətdir. Yəni ey insanlar, bilinyadda saxlayın ki, sizin ayaqlarınızın altındakı Yer kürəsini başınızın üstündəki səmanı yaradan da, onları bu dəhşətli hala salan da Mənəm! Və siz elə güman etməyin ki, həmin hal sizin başınıza gəlməyəcək. Yerə və göyə sığmayan təkəbbürünüzü, dağlardan da artıq əzəmətinizi elə hala salacam ki, özünüz özünüzü tanımayacaqsınız.

 

Qiyamətdə insanların durumu

 

Kiçik bir aləm olan insan bu dünyadan ayrılarkən çox əziyyət çəkir. Təsadüfi deyil ki, canvermə anında insanın çəkdiyi məşəqqətin bir hissəsi həm də onun kəffarəsi kimi qəbul olunur. Quran bu anı "Ölüm qorxusundan qıçın-qıça dolaşacağı zaman" (Qiyamət 29) kimi dəyərləndirir. Zəməxşəri demişkən, ruhun bədəndən çıxması ilə anı olan bu hal, çox əziyyətli və çox çətindir. Qiyamətdə isə bu məşəqqət son dərəcə şiddətli olacaq. Göylərin və Yerin, Günəş və ulduzların qiyamətdəki vəziyyətlərini açıqlayan Quran, həmin vaxtda insanların durumunu belə bəyan edir: "O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək, çəyirtkə kimi bir-birinə qatışacaqlar" (Qariə 4). "Onlar elə zəif və elə peşiman olacaqlar ki..." (Zəməxşəri). İnsanların qiyamətdəki digər hallarını xarakterizə edən Rəbb buyurur: "Onu (qiyaməti) görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini (vaxtından əvvəl) yerə qoyar. İnsanları sərxoş görərsən, halbuki, onlar sərxoş deyillər" (Həcc 2). Quran qiyamət dəhşətinin şiddətini və bu şiddətin insana necə təsir etməsini belə nəql edir: "Uşaqları ağsaçlı qocalara döndərəcək gündən özünüzü necə qoruyacaqsınız" (Muzəmmil 17). Göründüyü kimi, böyük dərd və bəlaya düçar olan insanın bir gecədə qara saçının ağarması və ya yuxusunda Cəhənnəm əzabını görən bir kəsin ertəsi gündəki halı həmin ayədəki məşəqqətin cüzi hissəsidir. Çünki ayə həddi-buluğa çatmış gəncin yox, uşaqların ağsaçlı qocalara dönəcəyindən xəbər verir. Quran qiyamətdəki məşəqqətin şiddəti və müxtəlifliyini digər ayədə belə açıqlayır: "Üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çövrələrin qaralacağı qiyamət günündən (qorxun)" (İnsan 10); "O gün onları başlı-başına buraxarıq. Onlar dalğalar kimi bir-birinə qarışarlar" (Kəhf 99). Yəni insanlar eybəcər şəkildə su dalğaları kimi bir-birinə qarışıb tanınmaz hala düşərlər.

Qiyamət əbədiyyatın qapısı olduğu kimi, qəbr aləmi də qiyamətin qapısıdır. Qiyamət dəhşətləri bu qapının vəhşətlərindən keçir. Qəbr isə hər gün beş dəfə təbil vurub bəyan edir: "Ey insanlar! Yerinizi nə qədər geniş qazsanız da, qəbirüstü abidələrinizi mövzeleyə çevirsəniz də sizi sıxıb əzab verəcəyəm. Nə qədər ki, sağsınız pis işlərdən əl çəkin, tövbə edin. Bilin ki, həşirdən əvvəlki sorğu-sual məndə olacaq. Mən yalqızlıq, tənhalıq və vəhşət, altı və üstü, sağı və solu qara torpaq olan yerəm. Bura gələn Rəbb kəlamlarını reallaşdıran saleh əməli özünə yoldaş etsin. Mən qaranlıq, zülmət bir yerəm. Bura dünyada etdiyiniz ibadətlərlə, xeyirli işlərlə nurlanar. Mən ilan və əqrəblər olan yerəm. Bura Ona təslimlə gəlin. Ey dirilər, ölməzdən qabaq ölənlərdən ibrət alın. Zira ibrət qəbirdə yox, diriykən dünyada olur. Bilin ki, mən haqqam və çəkdiyiniz hər nəfəs mənə doğru atdığınız addımdır. Bunu sizə əzizlərinizin qəbri deyir."

 

Qiyamət əbədiyyatın qapısıdır

 

Qiyamət və onun iki mərhələsi: Surun birinci dəfə çalınması ilə hamı öləcək, ikinci dəfə isə hamı dirilib həşir meydanına gətiriləcək. Həmin gün kimin üçün qəhr, kimin üçün isə fəxr günüdür. O zaman gözlər, barmaqlar, əl və ayaqlar, Günəş, Ay, ulduzlar, gecə və gündüzlər və daha nələr-nələr gördüklərinə, bildiklərinə və eşitdiklərinə şahidlik edəcəklər. Bir yanda vaxtilə ilahilik iddiasında olan birisi, digər tərəfdə isə rüşvət, korrupsiya, zina, böhtan və digər haramlarla tanınan tanış bədbəxtlər üzü üstə sürünəcəklər. O bir tərəfdə isə "çürümüş sümükləri kim dirildəcək" deyən fironlar şaşqınlıq, peşimançılıq və dəhşət içində qıvrılacaqlar.

Orada haqq batilə, ədalət zülmə, halal harama qalib gələcək. Kimisi əbədi səadət evinə, kimisi də irinli və atəşli Cəhənnəmə.... Bir sözlə, insanlar o gün ölüm deyilən ilahi bir rəhmətdən ilahi bir qüdrətlə yenidən diriləcək, məhşərə çəkiləcəklər.

Dünya hikmət, axirət isə qüdrət aləmidir. Dünya hikmət aləmi olmasaydı, hər şey birdən yaranardı. O zaman baba nəvədən, ağac da çiçək və meyvədən məhrum olardı. Axirət qüdrət aləmi olmasaydı, qiyamət bir anda qopmazdı və Allahın möhürü olan insan da bir anda "ol" möhürü ilə dirilməzdi. Bəli, böyük aləm olan Kainatı da və kiçik aləm sayılan İnsanı da qədər qələmi Kim yazıbsa, möhürü də vuran Odur.

Lakin Kainatda ən axırda yaradılan insan olduğu üçün, son xətm də və son möhür də Bəşərdir. Və heç kim də özünün Allahın möhürü olduğuna əmin olub güman etməsin ki, həmin gün ondan etdikləri işlər barədə heç nə soruşulmayacaq. Əks halda İlahi ədalətə, mizan-tərəziyə, qiyamətə, məhşərə, sorğu-suala, Cənnət və Cəhənnəmə ehtiyac da qalmazdı.

  

 

Vaqif Cəliloğlu

 

Bakı xəbər.- 2011.- 14 fevral.- S.12.