Beynəlxalq Təşkilatlarda Azərbaycanın təqdimatı müzakirə mövzusuna çevrildi

 

Aynur Camalqızı: "Bütün imkanlardan kompleks şəkildə səmərəli istifadə edib, Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq"

 

Vaqif Arzumanlı: "Xarici təşkilatlardakı təmsilçiliklərdə ölkə həqiqətlərinin dünyaya çatdırılması..."

 

Əli Orucov: "Bir çox ölkələr Azərbaycan həqiqətləri barədə dolğun məlumata malik deyil"

 

Tarix boyu Azərbaycan xalqı min bir faciə ilə üzləşib. Bir sıra istilaçı hücumlar nəticəsində zaman-zaman malik olduğu tarixi əraziləri itirmək məcburiyyətində qalıb. Bu da millətimizin yaddaşında acı izlər buraxıb. Xüsusən də ötən yüz il ərzində millətimizin başına bir sıra müsibətlər gəlib və nəticədə xalqımız olmazın iztirablara, əzab-əziyyətə düçar olub.

İndinin özündə də o yaralar sağalmaq bilmir ki, bilmir. Tarix nə qədər amansız olsa da, bütün bu baş verənləri heç cür unutmaq olmaz.

Məsələ ondadır ki, XIX-XX əsrlər bununla bağlı ən faciəli və dramatik hadisələrin baş verməsilə yadda qalıb. Belə ki, 1813-cü ildə İranla Rusiya arasında imzalanan Gülüstan, daha sonra 1828-ci ildə imzalanan Türkmənçay müqavilələri ilə böyük Azərbaycan iki yerə bölünərək işğal edildi. Yüzlərlə kənd yandırıldı, tarixi abidələr məhv edildi və s. Nəticədə xeyli sayda soydaşımız doğma yurdunu tərk etməli oldu. Bununla kifayətlənməyən rus imperiyası şimali Azərbaycanda erməniləri məskunlaşdırmağa başladı. 1918-ci ildə Azərbaycan müstəqillik əldə etsə də, bunun ömürü çox uzun olmadı. İyirmi üç aydan sonra bolşevik Rusiyası Azərbaycan Demokratik Respublikasının müstəqilliyinə son qoydu. ADR ölkənin o dövrdə bir sıra beynəlxalq qurumlarda tanınması üçün böyük iş gördü. Məhz həmin işlərin nəticəsi idi ki, 1920-ci ilin yanvarında Versal konfransında iştirak edən ölkələr Azərbaycanın müstəqilliyini tanıdılar. Ondan sonrakı dövrdə Azərbaycan işğal olunduğuna görə, ölkəmizin beynəlxalq qurumlarda təmsil olunmasına imkan olmadı. Ancaq 1991-ci ildə ölkə müstəqilliyinə qovuşandan sonra bir sıra beynəlxalq təşkilatlara üzv oldu. Belə ki, Azərbaycan BMT-yə, ATƏT-ə, Avropa Şurasına, İslam Konfransı Təşkilatına və s. nüfuzlu beynəlxalq qurumlara üzv qəbul olundu.

Nə qədər ədalətsiz, ikili standartların hökm sürdüyü bir dünyada yaşasaq da, Azərbaycan həqiqətlərinin beynəlxalq qurumlar vasitəsilə dünyaya çatdırılması istiqamətində səy göstərməliyik. Ölkə mənafelərinin beynəlxalq hüquq çərçivəsində qorunması istiqamətində yorulmadan, qətiyyətlə mübarizə aparmalıyıq. Bu yöndə bütün beynəlxaq hüquq normalarının tələblərindən istifadə edərək, fəaliyyətimizi gücləndirməliyik. Bunu etsək, o zaman müstəqil dövlət olaraq ciddi dönüşə nail ola bilərik. Bu yöndə görülən işlər həm də azərbaycançılıq ideologiyasının möhkəmlənməsinə xidmət edir.

Yuxarıda sadalanan bütün bu faktorların vəhdəti bir daha onu sübut edir ki, Azərbaycanın uğurlarını şətləndirən mühüm amillərdən biri də beynəlxalq qurumlar vasitəsilə ölkə həqiqətlərinin dünyaya çatdırılmasıdır.

Ötən müddət ərzində Azərbaycanın beynəlxalq qurumlarda təmsilçiliyi nə səviyyədədir? Azərbaycan həqiqətlərinin həmin qurumların timsalında dünyaya çatdırılması vəziyyəti necədir?

Məsələyə münasibət bildirən sabiq millət vəkili Aynur Camalqızının sözlərinə görə, Azərbaycan gənc, müstəqil dövlət olmağına baxmayaraq, çox böyük uğurlar əldə edib: "Təbii ki, bu uğurların kökündə Azərbaycanın beynəlxalq təşkilatlardakı təmsilçiliyi müstəsna rola malikdir. Ümumiyyətlə, Azərbaycan qlobal dünyanın bir hissəsidir və o baxımdan biz böyük dünyanın tərkib hissəsi olaraq gedən proseslərdən kənarda qala bilmərik. Ölkənin demokratikləşməsi, demokratik təsisatların oturuşmasında sözügedən beynəlxalq təşkilatlarda təmsil olunmağımız mühüm önəm kəsb edir. Məsələn, biz 10 ildir nüfuzlu Avropa Şurasının üzvüyük. AŞ sayəsində Azərbaycanın qanunvericilik bazası yüksək səviyyədə təkmilləşib. Çox vacib qanunlar qəbul olunub və Azərbaycan bir sıra əhəmiyyətli beynəlxalq konvensiyalara qoşulub. O üzdən ölkə həqiqətlərinin dünyaya çatdırılması yönündə Azərbaycanın bir sıra beynəlxalq təşkilatlarda təmsil olunması çox önəmlidir. Çünki həmin təşkilatlar, eyni zamanda, bir tribunadır. Ona görə ki, həmin təşkilatlar vasitəsilə Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırılır. Azərbaycan həqiqətləri deyəndə, bizim bir nömrəli problemimiz - Dağlıq Qarabağın işğaldan azad olunması məsələsi yada düşür. Qarabağ münaqişəsilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında BMT-də, AŞ-dəki fəaliyyət yüksək qiymətləndirilməlidir. Ancaq o da var ki, ötən müddət ərzində dünya bir çox həqiqətlərə göz yumub. O da bizim günahımız üzündən baş verməyib. Sadəcə problem ondadır ki, bir sıra dövlətlər ikili standartlardın çıxış edir. Məhz onların ikili standartlardan çıxış etmək siyasəti Azərbaycan həqiqətlərinə dürüst qiymət verməyə imkan vermir. Bütün bunlara baxmayaraq, biz mübarizəmizi dayandırmamalıyıq. Bütün imkanlardan kompleks şəkildə səmərəli istifadə edib, Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq".

Siyasi şərhçi, professor Vaqif Arzumanlının sözlərinə görə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məsələsində bir sıra problemlər var: "Azərbaycan dövləti müstəqil olandan sonra, suveren dövlət olaraq, dünya ictimaiyyətinə, beynəlxalq münasibətlər sisteminə qoşulması məsələsi aktuallaşdı. Həmçinin bu, yüksələn xətlə inkişaf etməyə başladı. Təsadüfi deyil ki, 1992-ci il martın 2-də Azərbaycan BMT-yə üzv qəbul olundu. Bundan sonra Azərbaycan Respublikası digər nüfuzlu beynəlxalq qurumlara üzv olmağa başladı. Bunlara misal olaraq İslam Konfransı Təşkilatı, Avropa Şurasını, GUAM-ı və digər beynəlxalq təşkilatları göstərmək olar. Onu da qeyd edim ki, burada, beynəlxalq təşkilatlar olmaqla yanaşı, ayrı-ayrı sahə təşkilatları da var. Bütün bunların fonunda, təbii ki, Azərbaycanın ayrı-ayrı dövlətlərlə diplomatik münasibətləri də yaranmağa başladı. Yəni Azərbaycanın artıq YUNESKO-da, Avropa İttifaqında və digər bir sıra beynəlxalq təşkilatlarda nümayəndəlikləri yaradıldı. Eyni zamanda, ayrı-ayrı dövlətlərdə səfirliklər, konsulluqlar yarandı və s. Bu gün Azərbaycanın 50-dən artıq ölkədə səfirliyi fəaliyyət göstərir. Onu da nəzərə almalıyıq ki, Azərbaycanın beynəlxalq təşkilatlarda təmsilçilik fəaliyyəti çox cavandır. Çünki bu sahədə bizim dəyərli mütəxəssislərimiz azdır və kifayət qədər deyil. İndi bizdə bir sıra ali məktəblərdə beynəlxalq münasibətlər üzrə mütəxəssislər hazırlanır. O cümlədən, bir neçə ildir fəaliyyət göstərən Diplomatiya Akademiyası bununla bağlı məzunlar hazırlayır. Şəxsən özüm bir ziyalı kimi tez-tez xarici ölkələrdə oluram və səfirliklərimizin fəaliyyətilə az-çox tanışam. Bütün bunların fonunda hesab edirəm ki, səfirliklərdə daha yaxşı diplomatlar, beynəlxalq münasibətlər, beynəlxalq hüquq sahəsində müəyyən təcrübə qazanmış şəxslər çalışmalıdır. Məncə, belə olsa daha yaxşı və effektli nəticə verəcək. Bəzən olur ki, xarici ölkədəki səfirimiz bir özü ilə məşğul olur, bir də səfirliyin sırf fəaliyyətilə. Azərbaycanın bu və ya başqa ölkədə olan səfirliklərində, beynəlxalq təşkilatlardakı təmsilçiliklərində ölkə həqiqətlərinin dünyaya çatdırılması arzuolunan səviyyədə deyil. Şəxsən məni bu səviyyədə qane etmir. Son illər Azərbaycan dövləti vəziyyəti yaxşılaşdırmaq üçün belə bir addım atdı ki, hər bir səfirliyin o ölkədə yaşayan Azərbaycan diasporu ilə əlaqələrini tənzimləyən xüsusi bir adam fəaliyyət göstərsin. Ancaq buna baxmayaraq, yenə də bu sahədə müəyyən çətinliklər qalmaqdadır. Vaxtilə bizim məhz BMT-də, Avropa Şurasında və digər bir sıra qurumlarda Azərbaycanı təmsil edən diplomatların zəif fəaliyyəti nəticəsində dünya ictimaiyyətinə Dağlıq Qarabağ həqiqətlərini kifayət qədər çatdıra bilmədik. Bizim beynəlxalq qurumlardakı diplomatlarımız öz fəallıqları ilə bu boşluğu doldura bilərdilər. Məsələn, bəyənmədiyimiz ermənilər, gürcülər bu sahədə daha fəaldır. Beynəlxalq ictimaiyyətə öz dövlətləri haqda maksimum məlumat verə bilirlər. Bu işdə təbliğat apara bilirlər. Ancaq bizim nümayəndəliklərimizin bəzilərində bir passivlik var. Bəzən lazımi səviyyədə fəallıq göstərmirlər, görüşlər keçirmirlər. Çox yaxşı olardı ki, bu postlarda təmsil olunan insanlar kifayət qədər məlumata malik olsun. Birinci növbədə həmin şəxslərin özü Azərbaycanın keçmişi, dövlətçiliyi haqda yetərli məlumata sahib olmalıdır. Bu çox böyük önəm kəsb edir. Bütün bunlara sahib olmayan Azərbaycan həqiqətlərini arzuolunan səviyyədə dünya ictimaiyyətinə çatdıra bilməz. Elələri var ki, heç Azərbaycan dilini düz-əməlli bilmir. Həlbuki, diplomat hansısa xarici dillə yanaşı, öz dilini də mükəmməl bilməlidir. Ümumiyyətlə, bu yöndə görüləsi çoxlu iş var".

AMİP funksioneri Əli Orucovun fikrincə, indiyə qədər bu istiqamətdə görülən işləri tam qaneedici hesab etmək olmaz: "Ona görə ki, bu kimi məsələlərdə boşluqlar var. Bir çox ölkələr Azərbaycan həqiqətləri barədə dolğun məlumata malik deyil. Məhz bu boşluqlardan bizi istəməyən qüvvələr istifadə edir. Xüsusən də ermənilər belə məqamlardan məharətlə yararlanmağa çalışır. Yəni mümkün olan qədər Azərbaycan barədə yanlış rəy formalaşdırmağa çalışırlar. Nəticədə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında problemlər yaranır. O üzdən xaricdə Azərbaycanı təmsil edən diplomatların üzərinə böyük məsuliyyət düşür. Onlar maksimum çalışmalıdır ki, ölkə həqiqətlərini dolğun formada beynəlxalq ictimaiyyətə, lazımi dairələrə çatdırsınlar. Digər tərəfdən, hesab edirəm ki, bu yöndə koordinasion fəaliyyətin qurulmasına ehtiyac var. Koordinasion fəaliyyət deyəndə, Azərbaycanın xarici ölkələrdəki diaspor qurumlarının, diplomatik korpusların və digər təşkilatların əlaqəli şəkildə fəaliyyət göstərməsini nəzərdə tuturam. Yəni ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında sözügedən təşkilatların işi bir-birini tamamlamalıdır. Hansısa fərdi maraqlar önə keçməməlidir. Bütün hallarda, bu yöndə qurulan iş adekvat səciyyə daşımalıdır. Necə deyərlər, reallığı özündə əks etdirməlidir. Yalnız o halda biz uğur əldə edə və dünya ölkələrini dolğun məlumatlandıra bilərik. Başqa cür mümkün deyil. Digər tərəfdən, bu kimi işlərdə kadr seçiminə son dərəcə diqqətli yanaşmaq məsləhətdir. Bəzən elə olur ki, bu sahə ilə məşğul olanların həmin işi həyata keçirməyə yetərli bacarığı olmur. Bu kimi məqamlara diqqət etmək lazımdır".

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun aliyyə dəstəyilə hazırlanıb

 

 

Vidadi ORDAHALLI

 

Bakı xəbər.- 2011.- 14 fevral.- S.11.