Daha hansı mənəvi sərvətlərimizi YUNESKO sisteminə bağlamaq olar?

 

Bayram Qasımxanlı: "BMT Xocalı soyqırımı..."

 

Ədalət Əsgəroğlu: "Məlumatı oxuyanda..."

 

Azərbaycan xalqının milli bayramı olan Novruzun YUNESKO-nun qorunan qeyri-maddi irs siyahısına salınması böyük ənənələrə tarixə malik olan bayramımızın bəşəriliyini bir daha təsdiq etdi. Bütün dünya xalqlarının məişətində yazın gəlişi bayram edilir, amma heç bir millət bunu bizim qədər təntənəli keçirmir.

Novruz bayramına Birləşmiş Millətlər Təşkilatı (BMT) da öz töhfəsini verir. Məlumatlara görə, BMT Novruz bayramı ilə bağlı təbrik açıqcaları hazırlamaq üçün müsabiqə elan edib. BMT gənc rəssam və dizaynerləri bu müsabiqədə iştiraka dəvət edir. Şərtə görə, təqdim edilən rəsmlərdə BMT-nin bəşəri sülh və xeyirxahlıq ideyalarının müsbət çalarları və s. əks olunmalıdır.

Qeyd edək ki, 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Novruz bayramının Beynəlxalq Novruz Günü kimi qeyd edilməsi barədə qərar qəbul edib. Məqsəd dünyadakı bütün dövlət və xalqların bu bayramın tarixi və ənənələrinə əsaslanaraq, təbiətlə insan arasında harmoniyanı və bəşəri sülh və xeyirxahlıq ideyalarını təbliğ etməsidir.

Azərbaycan alimləri, qələm adamları və rəssamları BMT-nin bu təşəbbüsünü ürəkdən bəyənir. Onların fikrincə, BMT bu addımı atmaqla xalqımızı sülhməramlı, dünya xalqları ilə xoş münasibət qurmaqda maraqlı olan bir xalq kimi təqdim edir. Müsahiblərimiz bildirir ki, BMT-nin elan etdiyi müsabiqədə yalnız yaş məhdudiyyəti (16-29 yaş) onları qane etmir. Müxtəlif beynəlxalq tədbirlər çərçivəsində Azərbaycan rəssamları Novruz bayramı mövzusunda, bu bayramın sülh, əminamanlıq simvolu olması barədə əsərlər işləyib. Bu rəsmlərində açıqcalar üzərində yer almasını istəyənlər var.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor, folklorşünas Məhərrəm Qasımlı bizimlə söhbətində BMT-nin elan etdiyi müsabiqəni yüksək qiymətləndirdiyini dedi":Novruz bayramının YUNESKO-ya salınması Heydər Əliyev Fondunun xidmətidir. BMT müxtəlif dövrlərdə ayrı-ayrı məsələlərə həsr olunmuş layihələr həyata keçirib. Açıqcaların hazırlanması sahəsində də işlər görüb. Nə yaxşı ki, Novruz bayramı da onların diqqətini cəlb eləyib. Bununla BMT milli bayramımızın dünyada daha yüksək səviyyədə təbliğ olunması istiqamətində böyük iş görür. İnanıram ki, bu müsabiqə beynəlxalq status alacaq və burada həm bizim rəssamlar, həm də başqa ölkələrin rəssamları iştirak edəcək. Təsəvvür edin, səmənimiz, milli şirniyyatlarımız, xörəklərimiz, Novruz atributları bu açıqcalarda əks olunacaq və bu da dünyanın görkəmli insanlarının masasının üstünə gedəcək. Bu, eyni zamanda, Novruza iddialı olan digər dövlətlərin təbliğatının qarşısını alacaq".

Rəssamlar İttifaqının üzvü, rəssam Bayram Qasımxanlı da BMT-nin elan etdiyi müsabiqəni təqdir edir. B.Qasımxanlının sözlərinə görə, bu işdə BMT-yə Azərbaycan Rəssamlar İttifaqı da kömək etməlidir: "Mənə elə gəlir ki, bu beynəlxalq miqyaslı bir müsabiqədir. Bütün sülhpərvər rəssamların burada iştirakını arzu edərdim. Yaş məhdudiyyəti olmasaydı, mən özüm də müsabiqədə iştirak etmək istərdim. Hesab edirəm ki, gənclər burada fəal iştirak edəcək. Təbrik açıqcalarının hər ünvana göndərilməsi insanları bir-birinə daha doğma edəcək. Başqa xalqlar bu açıqcalar vasitəsilə Azərbaycanla tanış olacaq. Özü də ki, Novruz bayramı mövzusunda hazırlanacaq təbrik açıqcaları öz qeyri-adiliyilə fərqlənəcək".

B.Qasımxanlı dedi ki, BMT Xocalı soyqırımı mövzusunda da rəsm müsabiqəsi elan etsə, çox yaxşı olar.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair-publisist Ədalət Əsgəroğlu da BMT-nin Novruz bayramı ilə bağlı təbrik açıqcalarının hazırlanması üçün elan etdiyi müsabiqəni dəstəklədiyini bildirdi":Məlumatı oxuyanda sevindim. Nəhayət ki, dünya Novruzun bizə aid olduğunu qəbul elədi. BMT-nin bu müsabiqəni keçirməsi bu bayramın dünyəviliyindən, bəşəriliyindən xəbər verir. Təbrik açıqcalarında Novruz adətlərinin tərənnümü bizim dünyada qələbəmizdir. Açıq görsənir ki, Novruz bayramını ilk keçirən əcdadlarımız onun bəşəriyyət üçün olduğunu əvvəlcədən bilirmiş. Azərbaycan rəssamlarının burada iştirakı vacibdir. Arzu edirəm ki, BMT gələcəkdə təbrik açıqcalarında Dədə Qorqudun, Nizami Gəncəvi, Füzuli və digər şairlərimizin də şəkillərinin yer alması üçün müsabiqə elan eləsin".

Yazı Azərbaycan Prezidenti Yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur

  

 

Aynur İBRAHİMLİ

 

Bakı xəbər.- 2011.- 16 fevral.- S.15.