Azərbaycanın
beynəlxalq inteqrasiyasında yeni istiqamət açılıb
Kontinental
qurumlarla əməkdaşlıq
bizə nə verə bilər?
Fuad Muxtar-Ağbabalı: "Kontinental təşkilatlarla
əməkdaşlıq, ən azından, ölkənin
tanıdılması baxımından faydalıdır"
Vaqif Arzumanlı: "Təbii ki, Azərbaycan
kontinental təşkilatlarla əməkdaşlıq edərsə,
bunun ölkəyə ancaq xeyri dəyə bilər"
Tarix
boyu Azərbaycan xalqı min bir faciə ilə üzləşib.
Bir sıra istilaçı hücumlar nəticəsində
zaman-zaman malik olduğu tarixi əraziləri itirmək məcburiyyətində
qalıb. Bu da millətimizin yaddaşında acı izlər
buraxıb. Xüsusən də ötən yüz il ərzində
millətimizin başına bir sıra müsibətlər gəlib
və nəticədə xalqımız olmazın iztirablara, əzab-əziyyətə
düçar olub.
İndinin
özündə də o yaralar sağalmaq bilmir ki, bilmir. Tarix
nə qədər amansız olsa da, bütün bu baş verənləri
heç cür unutmaq olmaz.
Məsələ
ondadır ki, XIX-XX əsrlər bununla bağlı ən faciəli
və dramatik hadisələrin baş verməsilə yadda
qalıb. Belə ki, 1813-cü ildə İranla Rusiya
arasında imzalanan Gülüstan, daha sonra 1828-ci ildə
imzalanan Türkmənçay müqavilələrilə
böyük Azərbaycan iki yerə bölünərək
işğal edildi. Yüzlərlə kənd
yandırıldı, tarixi abidələr məhv edildi və
s. Nəticədə xeyli sayda soydaşımız doğma
yurdunu tərk etməli oldu. Bununla kifayətlənməyən
rus imperiyası şimali Azərbaycanda erməniləri məskunlaşdırmağa
başladı. 1918-ci ildə Azərbaycan müstəqillik əldə
etsə də, bunun ömrü çox uzun olmadı. İyirmi
üç aydan sonra bolşevik Rusiyası Azərbaycan
Demokratik Respublikasının müstəqilliyinə son qoydu. ADR
ölkənin o dövrdə bir sıra beynəlxalq qurumlarda
tanınması üçün böyük iş
gördü. Məhz həmin işlərin nəticəsi idi
ki, 1920-ci ilin yanvarında Versal konfransında iştirak edən
ölkələr Azərbaycanın müstəqilliyini
tanıdı. Ondan sonrakı dövrdə Azərbaycan
işğal olunduğuna görə, ölkəmizin beynəlxalq
qurumlarda təmsil olunmasına imkan olmadı. Ancaq 1991-ci ildə
ölkə müstəqilliyinə qovuşandan sonra bir
sıra beynəlxalq təşkilatlara üzv oldu. Belə ki,
Azərbaycan BMT-yə, ATƏT-ə, Avropa Şurasına,
İslam Konfransı Təşkilatına və s. nüfuzlu
beynəlxalq qurumlara üzv qəbul olundu.
Nə
qədər ədalətsiz, ikili standartların hökm
sürdüyü bir dünyada yaşasaq da, Azərbaycan həqiqətlərinin
beynəlxalq qurumlar vasitəsilə dünyaya
çatdırılması istiqamətində səy göstərməliyik.
Ölkə mənafelərinin beynəlxalq hüquq çərçivəsində
qorunması istiqamətində yorulmadan, qətiyyətlə
mübarizə aparmalıyıq. Bu yöndə bütün
beynəlxaq hüquq normalarının tələblərindən
istifadə edərək, fəaliyyətimizi gücləndirməliyik.
O da məlumdur ki, dünyada bir sıra beynəlxalq qurumlarla
yanaşı, kontinental xarakterli təşkilatlar da var. Həmçinin
sözügedən təşkilatlar, regional xarakterli
olmalarına baxmayaraq, dünyada, kifayət qədər
nüfuza malikdir. O cümlədən, həmin kontinental
xarakterli təşkilatların dünyada gedən proseslərə
müəyyən təsiri var. Məsələn, ABŞ,
Meksika və Kanadanın təmsil olunduğu Azad Ticarət
Assosiasiyası, Afrika Birliyi Ölkələri Təşkilatı,
cənub-şərqi Asiya ölkələrini özündə
birləşdirən ASEAN təşkilatı ən
tanınmış və nüfuzlu kontinental təşkilatlardan
hesab olunur. Azərbaycan günbəgün genişlənən
beynəlxalq əlaqələri çərçivəsində
sözügedən kontinental təşkilatlarla əməkdaşlıq
etməlidir. Ən azından, Azərbaycanın haqlı
maraqlarının qorunması baxımından həmin təşkilatların
faydası dəyə bilər. Həmin kontinental təşkilatlarla
əməkdaşlıq etməklə, ölkəmizin potensial
imkanları haqda bir sıra dövlətləri
doğru-düzgün məlumatlandıra bilərik. Bunu etsək,
o zaman müstəqil dövlət olaraq ciddi dönüşə
nail ola bilərik. Bu yöndə görülən işlər
həm də azərbaycançılıq
ideologiyasının möhkəmlənməsinə xidmət
edir.
Yuxarıda
sadalanan bütün bu faktorların vəhdəti bir daha onu
sübut edir ki, Azərbaycanın uğurlarını şətləndirən
mühüm amillərdən biri də beynəlxalq qurumlar
vasitəsilə ölkə həqiqətlərinin dünyaya
çatdırılmasıdır.
Maraqlıdır,
mütəxəssislər Azərbaycanın kontinental təşkilatlarla
əməkdaşlığını necə qiymətləndirir?
O cümlədən, sözügedən təşkilatlarla əməkdaşlığın
ölkəmizə hansı fayda verəcəyi qənaətindədirlər?
Politoloq
Fuad Muxtar-Ağbabalının fikrincə, kontinental təşkilatlarla
əlaqələrin genişləndirilməsi ölkənin
maraqlarının qorunması baxımından
faydalıdır: "Kontinental regional beynəlxalq təşkilatlar
dünya siyasətində kifayət qədər böyük
çəkiyə malikdir. O cümlədən, bunların biri
digərindən fərqlənir. Bu nöqteyi-nəzərdən
həmin təşkilatlarla əməkdaşlıq, orada
assosiativ üzüv olaraq təmsil olunmaq ölkəyə
fayda gətirir. Ancaq bircə şeyi yadda saxlamaq
lazımdır ki, sözügedən təşkilatlarla əməkdaşlıq
və yaxud da üzüvlük Azərbaycanın bir sıra
problemlərinin kökündən həll ediləcəyi
anlamına gəlmir. Nəzərə almaq lazımdır ki, həmin
təşkilatların yaranma prinsipləri də çox
maraqlıdır. Yəni regional təşkilatlar o vaxt
yaranır ki, bölgədə yerləşən
aparıcı dövlətlər bunda maraqlı olsun. Həmçinin,
müəyyən funksiyaların həyata keçirilməsini
həmin təşkilatlara həvalə etsinlər.
Bütün hallarda, mövcud olan beynəlxalq təşkilatlarla
əməkdaşlıq etmək lazımdır. Çünki
bu minvalla Azərbaycan bir sıra problemlərinin mövcud
olduğunu onların diqqətinə dolğun
çatdırmaq imkanı əldə edir. Eyni zamanda, problemlərin
həll olunmasına yardım edilməsini istəyə bilir. Yəni
ölkənin problemlərinin həmin təşkilatlar
timsalında daha çox qabardılması, ölkədə
qabaqcıl fikirlərin, ideyaların, siyasətin həmin
ölkələrin diqqətinə çatdırılması
lazımlı məsələlərdən biridir. O cümlədən,
ölkənin adət-ənənələrinin dünyaya
çatdırılması baxımından da kontinental təşkilatlarla
əməkdaşlıq gərəkli sayıla bilər.
Baxmayaraq ki, regional təşkilatlarda təmsil olunun ölkələr
də, digər təşkilatlarda olduğu kimi, bütün
hallarda öz milli maraqlarından çıxış edir.
Buna rəğmən, əlaqələr qurmaq gərəklidir.
Hesab edirəm ki, Azərbaycan daha çox həmin təşkilatlara
üzv olarkən ölkənin milli maraqlarını var
gücü ilə müdafiə etməyə
çalışmalıdır. Onu da qeyd edim ki, Azərbaycandan
coğrafi baxımdan uzaq olan regional təşkilatlara üzv
olmaq mümkündür. Həmçinin, rəsmi üzv olmaq
istəməyən ölkələrə əlavə bir
müşahidəçi statusu da verilə bilir. Həmin
statusdan istifadə edərək ölkənin bir sıra məsələlərini
qaldırmaq olar. Bu minvalla siyasi, iqtisadi, humanitar və digər
sahələrdə əməkdaşlığı təşviq
və inkişaf etdirmək mümkündür. Kontinental təşkilatlarla
əməkdaşlığı, ən azından, ölkənin
tanıdılması baxımından faydalı hesab etmək
olar. O üzdən burada pis bir şey görmürəm".
Siyasi
şərhçi, professor Vaqif Arzamanlı da Azərbaycanın
kontinental təşkilatlarla əməkdaşlığına
müsbət yanaşdığını bildirdi:
"Ümumiyyətlə, profilindən asılı olmayaraq,
dünyada mövcud olan beynəlxalq təşkilatların hər
birilə əlaqələrin qurulması vacib və faydalıdır.
Ümumdünya Ticarət Təşkilatından tutmuş, hər
hansı digər xırda beynəlxalq təşkilat da Azərbaycanla
əlaqə saxlayırsa, bu ölkəmizin xeyrinədir. Eyni
zamanda, belə əlaqələr Azərbaycanın gələcək
inkişafı üçün stimul rolunu oynaya bilən bir
amildir. Çünki Azərbaycan, bir sıra müstəqil və
böyük dövlətlərlə müqayisədə,
müasir dövlətçilik ənənələri
baxımından cavandır. Təbii ki, Azərbaycan kontinental
təşkilatlarla əməkdaşlıq edərsə, bunun
ölkəyə ancaq xeyri dəyə bilər. Məsələn, dünyada Beynəlxalq Aviasiya Birliyi var.
Azərbaycan
sözügedən birliyin üzvü olmasaydı, bu gün
ermənilər yenidən bərpa etdikləri Xocalı
aeraportuna birbaşa bir sıra ölkələrdən təyyarə
uçuşlarının həyata keçirilməsinə
nail olardılar. Nəticədə ermənilər öz məqsədlərinə
nail olmaq üçün istədikləri kimi davranardılar.
Azərbaycanın həmin təşkilatda təmsil
olunması ermənilərin arzularını ürəyində
qoydu. Azərbaycan razılıq vermədən heç vaxt
Xocalı aeraportuna aviareys təşkil edə bilməzlər.
Yaxın Orta Şərqdə, Mərkəzi Asiyada və digər
bölgələrdə olan regional təşkilatların
hamısı ilə əməkdaşlıq etməyi vacib
hesab edirəm. Ona görə ki, əlaqələrin olması
ölkəyə heç vaxt ziyan gətirmir. Əksinə,
daha çox xeyir gətirir. Ola bilər ki, regional təşkilatlardan
birinin bu gün bizə xeyri var, digərinin, ola bilər sabah
xeyri dəyəcək. Deməyim odur ki, bu kimi məsələlərə
son dərəcə kompleks yanaşmaq lazımdır. Məsələn,
götürək elə GUAM təşkilatını. Bu təşkilatda
biz təmsil olunmaqla nə itirmişik? Faktiki olaraq heç nə.
Regional münaqişələrin gündəmə gətirilməsində
həmişə bu təşkilatın bizə faydası dəyib.
Hətta GUAM-ın xarici işlər nazirlərinin təkidilə
təşkilat Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasında məhəlli
münaqişələrin aradan qaldırılması məsələsini
qaldırdı. Nəticədə pis-yaxşı bu məsələ
bir sıra dövlətlər tərəfindən müdafiə
olundu.
Bir
var Azərbaycan təkcə öz imkanları çərçivəsində
hansısa problemi gündəmə gətirsin, bir də var ki,
bir sıra ölkəni özündə birləşdirən
təşkilatın vasitəsilə buna
çalışsın. O üzdən, regional təşkilatlarla
əlaqələrin qurulmasını lazımlı hesab edirəm.
Həmin təşkilatların Azərbaycanla
bağlılığı nə qədər möhkəm
olarsa, biz bir o qədər bu əlaqələrdən faydalana
bilərik. Yəni həm Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması, həm
də ölkənin özünün sosial-iqtisadi, elmi-mədəni
inkişafı üçün bu vacibdir.
Onu
da nəzərə almaq lazımdır ki, kontinental təşkilatlarda
təmsil olunan ölkələr imkanlarına görə
dünya siyasətində müəyyən çəkiyə
malikdir. Bəzən elə olur ki, hansısa böyük
dövlətin ortaya qoyduğu mövqe proseslərin axarına
bu və ya digər dərəcədə öz təsirini
göstərir. O üzdən, bu kimi faktorlardan
çıxış edərək, Azərbaycanın beynəlxalq
təşkilatlarla əməkdaşlığına dəstək
vermək lazımdır".
Məqalə
Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
hazırlanıb
Vidadi ORDAHALLI
Bakı xəbər.- 2011.-16 fevral.- S.12.