"Azərilmə" müxtəlif yollarla xaricə aparılmış xalçalarımızın təkrar nüsxələrini toxuyur

 

Əlövsət Qəribov: "Analar gərək ərə gedən qızına əldə toxunan xalçalar versin"

 

Onların sırasında oğurlanan xalçaların da oxşarları var?

 

Xalçaçılıq əcdadlarımızın bizə miras qoyduğu böyük bir sənətdir. Aranlı-yaylaqlı həyat tərzi keçirən tərəkəmə nənələrimiz, harada yaşamağından asılı olmayaraq, xalça, kilim, cecim, zili, fərməc, xurcun və s. toxumaqda davam edib. Ərə getməyə hazırlaşan qızlara toxuculuq vacib bir məşğuliyyət kimi öyrədilirdi. Bəzən gəlin ər evində çəkdiyi zülmləri xalçalara həkk edir, dərdini yaxınlarına bu cür bəyan edirdi. Bu mənada, çox vaxt xalçaları məktub adlandırırlar. O bu funksiyanı uzun əsrlər həyata keçirib.

Toxuculuq Azərbaycan əhalisinə qədimlərdən məlum idi. Əhali, əsasən soyuqdan qorunmaq üçün toxuculuq məhsullarından istifadə edirdi. Sonra isə, min-bir rəngin hikmətindən xalçalarımız doğuldu. Azərbaycan gözəlləri xalçalar toxuyub ər evinə cehiz apardı. Ölkəmiz xalçaçılıq sənətinin vətənlərindən biri kimi daim səyyah və tacirlərin diqqətini cəlb edib. Hələ VII-VIII əsrdən başlayaraq xalçalarımız dünya bazarına ayaq açıb. Elə o dövrlərdən də yerli hökmdarlar tərəfindən şahlara, xaqanlara Azərbaycan xalçaları hədiyyə göndərilirdi. İstilalar, müharibələr dövründə qarət edilən xalçalarımız da yad diyaralara peşkəş gedirdi. Xalçalarımızın taleyi yalnız indi deyil, keçmiş zamanlarda da ürəkaçan olmayıb. Gözəlliyi "başına bəla" olan xalçalarımız yadlar tərəfindən mənimsənilib. Bütün dövrlərdə xalçalarımızla bağlı xoşagəlməz hadisələr yaşanıb. Təəccüblüdür ki, hazırda dünyanın bir sıra muzeylərində, şəxsi kolleksiyalarda saxlanan xalçalarımızın əksəriyyəti bu məmləkətlərə əyri yollarla gətirilib. Kimlərsə oğurladığı sənət əsərlərini evində saxlamaqdan qorxaraq onu muzeylərə satıb. Bir də ki, yaşı yüz illəri adlayıb keçən xalçalar tarixi mədəniyyət əsəri kimi həmişə yüksək qiymətləndirilir. Bu eksponatların qiyməti də çox baha olur. Məsələ ondadır ki, onların tarixi qədim olsa da, əksəriyyətinin üstünə "Azərbaycan xalçası" sözü yazılmayıb. "Qafqaz xalçaları", "İran xalçaları" kimi təqdim edilən xalçalarımızın nə zamansa Azərbaycana aid olduğu təsdiqlənəcək.

Sovet dövründə Azərbaycan xalçaçılığı özünün çox yüksək mərhələsinə qədəm qoydu. Bu dövrdə çoxlu xalçaçılar meydana gəldi, xalçaçılıq bir elm-tədris sahəsi kimi diqqəti çəkdi. Onlarla xalçaçı rəssam yetişdi. Kəndlərdə, qəsəbələrdə, şəhərlərdə xalça sexləri yaradıldı. Gəncədə, Bakıda, digər şəhərlərdə xalça fabrikləri fəaliyyətə başladı. Düzdür, burada toxunan xalçalar əldə toxunan xalçalardan xeyli dərəcədə fərqlənirdi, amma milli çeşnilər və ornamentlər xalçaların əsasını təşkil elədi. Sadəcə, istifadə edilən iplər sintetik və pambıq idi. Yundan isə az hallarda istifadə edilirdi. Bu barədə o illərdə xalçaçılıqla məşğul olan insanlar məlumat verir. Amma kəndlərdə toxunan xalçaların toxunmasında ancaq yundan istifadə edilirdi.

Bakı, Quba, Şirvan, Qazax, Borçalı, Dərbənd, İrəvan, Naxçıvan, Təbriz, Urmiyə, Qarabağ, Qaradağ, Lənkəran və s. bölgələrimizdə toxunan xalçalar öz gözəlliyi və əzəmətilə nəinki adi insanları, hətta şahları, şahzadələri belə mat qoyurdu. Bu, Azərbaycan xalqının qüdrətidir. Bəziləri deyir ki, Azərbaycan xalçalarından da gözəl xalçalar var. Təəssüflər olsun, elə adamlara rast gəlirik ki, onlar İtaliya, Orta Asiya, Tacikistan xalçalarını tərifləyir. Deyir ki, bu xalçalar bizim xalçalardan min qat yaxşıdır, guya o xalçalar yüz dəfə yuyulsa, təmizlənsə belə rəngini itirmir. Bu fikrdə olanlarla qətiyyən razılaşmaq olmaz. Yeddi-səkkiz, bəzən on nəsilin yaddaşını özündə saxlayan xalçalar var ki, elə bil indii toxunub. Bu xalçalarımız ölkəmizin hüdudlarından kənarlara daşınıb. Ötən əsrin 80-90-cı illərinə qədər ailələrdə, evlərdə yaşı beş yüz, min olan xalçalar həddindən çox idi. Amma indii bu cür xalçalara rast gəlmək mümkünsüzdür. Çünki sərhədlər açıldıqdan sonra əcnəbilərlə əlbir olan işbazlar xalçalarımızı ehtiyac içində olan nənə və analarımızdan alaraq xaricə aparırdı. Bəzən o xalçalara elə şinikləndirici qiymət qoyulurdu ki, insanlar imtina edə bilmirdi. Onlar arasında Sona xalaya bənzəyəni (Mir Cəlal Paşayevin "Bir gəncin manifesti" əsəri) olduqca az idi. Onlar da ingilisə, almana, fransıza, ispana "itə ataram, yada satmaram" deyə bilərdi, amma demədilər. Yaxşı ki, qədirbilən ziyalılarımızın bəziləri bölgələrə gedərək o xalçaların yerli muzeylərə satılmasına dair camaat arasında təbliğat aparmağa başladı. Xalçaların çox az hissəsi muzeylərə gəldi. Dövlət xalçaları, qədim palaz və toxuculuq məmulatlarını həddindən artıq ucuz qiymətə aldığı üçün camaat satmaq istəmirdi. Hansı yolla olursa olsun, dədə-babalarından miras qalan xalçaların xaricə satılmasında maraqlı olan adamlar vardı. Ehtiyac içində dolanan insanlar bir parça çörək üçün xalçaları 1500, 2 min dollara xaricə satırdı. Bəzən bu məbləğ o qədər fantastik olurdu ki, hər kəs o pula sahib olmaq istəyirdi.

Muzeylərdən, şəxsi kolleksiyalardan, evlərdən oğurlanan xalçalar da az olmayıb. İşbazlarla əlbir olan insanlar onları oğurlayaraq alverçilər vasitəsilə xarici ölkələrə ötürüblər.

Keçən əsrin 90-cı illər mətbuatına nəzər salsaq görərik ki, Azərbaycan xalça muzeyindən, eləcə də digər məkanlardan yoxa çıxan xalçaların heç birinin izi tapılmayıb. Bu məsələlərlə bağlı bir neçə dəfə cinayət işi açılsa da, hələ heç kəs məsuliyyətə cəlb edilməyib. Bu gün rəsmi qurumlar heç o oğurluq hadisələrinə toxunmaq istəmir. Elə bil ki, bu sahəyə yaxın olanların hamısı oğruların kim olduğunu bilir, sadəcə adını açıqlamaqdan çəkinir. Xalçalar itərkən bir çox mədəniyyət məmurlarının bu işdə adı hallandırıldı, amma heç biri cavabdeh şəxs kimi dindirilmədi. Xalça mütəxəssisləri deyir ki, itən xalçaların heç biri Bakıda, ümumiyyətlə Azərbaycan ərazisində saxlanmır. Onların kütləvi surətdə xaricə ötürüldüyünü deyən mütəxəssislər bildirir ki, muzeydən oğurlanan xalçalar öz yerində, hətta xaricdə keçirilən rəsmi sərgilər zamanı da "aradan çıxarılan" xalçalar olub. Sadəcə, bunu açıb-ağardan olmayıb. Mədəniyyət məmurları "biabır olacağıq" deyib məsələ barədə açıqlama verməyi məsləhət görməyib. Sənətşünaslardan birinin dediyinə görə, xalçalarımızın müəyyən qədəri xaricə "qara" yolla getdiyi üçün onların harada saxlandığı qeyri-müəyyəndir.

"Şeyx Səfi" xalçasının taleyi də, saxlandığı yer də bəllidir. İngiltərənin "Viktoriya-Albert" Muzeyində qorunan bu xalçanın təkrar nüsxəsi artıq Azərbaycanda toxunulub və Müsir İncəsənət Muzeyində sərgilənir.

Ondan başqa onlarla xalçanın xaricdə olduğu deyilir. Söhbət harada saxlandığı məlum olan xalçalardan gedir.

Məlumatlara görə, xaricdəki xalçaların hamısının təkrar nüsxəsi toxunaraq yerli muzeylərə, o cümlədən də tikintisi davam etdirilən Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Sənəti Dövlət Muzeyinə veriləcək.

Bunu "Azərilmə" MMC-nin əməkdaşları da təsdiq elədi. Hazırda ölkənin xalça sənayesinin başında duran "Azərilmə"nin əməkdaşı Əlövsət Qəribov "Bakı-Xəbər"ə bildirdi ki, onların oğurlanaraq xaricə aparılan xalçaların taleyindən xəbəri yoxdur: "Bizdə elə də ətraflı məlumat yoxdur. Camaat nə bilir, biz də onu bilirik. Fikirləşirəm ki, xalça oğurluğu ilə məşğul olan adamların məsələsilə hüquq-mühafizə orqanları məşğul olmalıdır. Bu fakt ya ört-basdır edilib, ya da bu istiqamətdə axtarışlar davam etdirilir. Oğrunu, cinayətkarı axtarırlar. Azərbaycan xalçaları dünyanın hər yerində var. Oğurlanan xalçalarla yanaşı, elə xalçalar da var ki, onları toxuyan adamların özləri əcnəbilərə satıb. Bu, qanuni yolla olduğundan, heç kəs buna heç nə deyə bilməz. Xalçalarımızın hamısı Azərbaycan adından danışır. Bu Azərbaycana aid bir sərvət kimi kolleksiyalarda, evlərdə, muzeylərdə qorunur. Xalçalarımızın varlığı xalqımızın, xalq sənətinin təbliğatı deməkdir. Xarici muzeylərdə olan xalçaların çoxunun təkrar nüsxəsi toxunur, onları muzeylərimizə hədiyyə edirik. "Şeyx Səfi" xalçasından sonra indi də onların toxunmasını davam etdiririk. "Azərilmə"nin də öz muzeyi var, satış və alış mərkəzi var. Çox istəyirəm ki, siz özünüz gəlib buradakıları öz gözünüzlə görəsiniz. Bu gün xalçalarımızın xaricə satılması ənənəsi davam etdirilir. Xaricə satış üçün xalça aparan adamlar bu xalçaların öz sexi, yaxud öz ailə üzvləri tərəfindən toxunduğuna dair Azərbaycan Xalçası Muzeyindən rəsmi arayış almalıdır. Bu, satışa aparılan hər bir xalçaya aid olunur. Bu da onun üçündür ki, bu xalçaların muzey eksponatı olmadığı təsdiq olunsun. Köhnə xalça muzeydə, təzə xalça isə satışda olar".

Dünya bazarında Azərbaycan xalçasına tələbat olduğunu deyən Ə.Qəribovun sözlərinə görə, yerli bazarda da xalçalarımızın satışı yüksək səviyyədə olmalıdır. Xaricdən gətirilən xalçaların qızlarımıza cehiz kimi verilməsinə yaxşı baxmayan Ə.Qəribov bildirdi ki, onlar "geydirmə" xalçalardır: "Maşında toxunan xalçaların heç biri cehiz kimi arzuedilən deyil. Analar öz qızına gərək əldə toxunan xalçalar versin. Deyirlər ki, bizim xalçalar çox bahadır. Baha da olmalıdır. Onu toxuyan analar, bacılar gözünün nurunu itirir.

Bu qiymət onların zəhmətinin müqabilində qəpik-quruşdur. Əslində, baha deyil. İmkanlı adamlar xalçaları daha baha qiymətə almalıdır. Amma bizimkilər deyir ki, ucuz qiymətə verin. Qiyməti 10 manatdan 2 milyard manata qədər olan xalçalar var. Yun xalçanın kvadratı 800, ipək xalçanınkı isə 1 000 manatdan 4 000 min manata qədər artır".

Məqalə Azərbaycan Prezidenti Yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 

 

İradə SARIYEVA

 

Bakı xəbər.-2011.-17 fevral.- S.15.