İrəvanı necə
vermişiksə, elə də almalıyıq...
Musa Qasımlı: "AXC bir neçə
istiqamətdə mübarizə aparmaq iqtidarında deyildi"
Yunus Oğuz: "Bu, tarixin səhvi
idi"
Azərbaycan
torpaqlarının zaman-zaman, fürsət düşdükcə
düşmən qüvvələr tərəfindən
parçalandığı hamıya bəllidir. Onun nəticəsidir
ki, vaxtilə 400 min kvadrat kilometrlik əraziyə malik məmləkətimiz
bu gün 86 min kvadrat kilometr sahəyə malik dövlət
kimi tanınır. Onun da 20 faizi hələ də Ermənistanın
işğalı altındadır. Azərbaycandan
qoparılıb alınan torpaqlar arasında İrəvan və
onun ətrafı da var. Vaxtilə İrəvan ətrafı
torpaqlar Ermənistana verilib.
Proses,
1918-ci ildə, Zaqafqaziya Seyminin dağılmasından sonra,
Qafqazda müstəqil dövlətlərin yaranması ilə
başlanıb. Belə ki, Gürcüstanın ardınca
1918-ci il mayın 28-də Azərbaycan və Ermənistan da
öz müstəqilliyini elan edir. Hiyləgər ermənilərin
paytaxt şəhəri olmadığından, onlar Azərbaycan
tərəfə müraciət edərək, İrəvanın
onlara güzəşt edilməsini təklif edir. Həmin vaxt
çətin durumda olan, ordusu olmayan yeni Azərbaycan hökuməti
belədə sözügedən qədim türk şəhərini
ermənilərə güzəştə getməli olur. Əvəzində
isə Ermənistandan Azərbaycanın digər torpaqlarına
ərazi iddiasında olmayacağı vədini alır.
Hansı ki, qısa zamandan sonra Ermənistan bu vədinə də
xilaf çıxaraq, ölkəmizin digər ərazilərinə,
xüsusən də Qarabağa dəfələrlə təcavüz
edir. İrəvan isə o zaman Ermənistana verilir ki, indi bunun
ziyanını çəkirik. Yuxarıda qeyd etdiyimiz kimi, həmin
dövrdə hələ formalaşmaqda olan Azərbaycan
hökuməti Ermənistanın bu istəyinin
qarşısını almaq iqtidarında deyildi. Ordusu yox idi.
Azərbaycanın ürəyi olan Bakı hələ də Nərimanov-Şaumyan
bolşevik-daşnak cütlüyünün işğalı
altında idi. Hətta Azərbaycanı öz himayəsinə
götürən Osmanlı Türk İmperiyası da bu
işdə ölkəmizə dayaq durmadı. Çünki
onlar da düşünürdü ki, ermənilər İrəvan
ətrafında öz dövlətini yaratmaqla Türkiyə ərazisinə
olan iddialarından imtina edəcək. Amma sonrakı proseslər
göstərdi ki, bu da yanlış mövqe idi. O ki, qaldı
İrəvana, Azərbaycanın Çar Rusiyası tərəfindən
işğalına qədər bu ərazidə ermənilər
olsa da, onlar əksəriyyət təşkil etmirdi. 1828-ci il
işğalına qədər mövcud olan İrəvan
xanlığı sırf türk xanlığı idi. Burada
olan az sayda erməni də bu xanlığın tərkibində
yaşayırdı. Yəni bu onu göstərir ki, İrəvan
heç bir halda - nə tarixi, nə qədimi, nə də
coğrafi-siyasi baxından erməni şəhəri
olmayıb. Ermənilər bura gəlmə xalqdır. Buradan
tapılan qədim tarixi abidələr də bunu sübut edir.
Yalnız çar işğalından sonra, Azərbaycanın
digər ərazilərinə olduğu kimi, İrəvan
torpağına da çoxsaylı erməni ailəsi
köçürüldü. Belədə, tədricən də
olsa, İrəvanda ermənilərin sayı artmağa
başladı və bu fürsətdən istifadə edən mənfur
qonşularımız sonda İrəvanı əlimizdən
almağa nail oldu.
Millət
vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı həmin
vaxt Azərbaycan hökumətinin bunun qarşısını
almaq iqtidarında olmadığını dedi: "1918-ci il
mayın 28-də Qafqazda heç bir zaman mövcud olmayan Ermənistanın
da dövlət müstəqilliyi elan edildi. Yeni yaradılan
dövlət Ararat Respublikası adlanırdı. Cənubi
Qafqaz sovetləşdikdən sonra bolşeviklərin
hazırladığı "Daşnaksütyun
Partiyasının əksinqilabi rolu" adlı tarixi
arayışda Ermənistan Respublikasının Yeni Bəyazid,
İrəvan və Aleksandropol qəzalarının hissələrindən
yaradıldığı yazılırdı.Azərbaycanlılara
məxsus torpaqlarda yaradılan həmin respublikanın ərazisi
9 min kvadrat kilometr idi. Lakin qısa müddətdə təcavüzkarlıq
siyasəti nəticəsində Ararat Respublikasının ərazisi
xeyli genişləndirildi. Ermənistanın ərazisi barədə
Tiflisdəki ABŞ konsulu Smit dövlət katibinə 1918-ci il
15 iyul tarixli teleqramında məlumat verərək
yazırdı ki, Almaniya və Türkiyə tərəfindən
tanınmış yeni Ermənistan dövlətinin ərazisi
12 min kvadrat kilometrə, sərhədləri isə Dilicandan cənub-qərbdə
Alagözə, oradan da Eçmiədzinin cənubundan İrəvanın
şərqinə, buradan isə Sevan gölünə qədərdir.
Yeni yaradılan Ararat Respublikasının paytaxtı yox idi. Erməni
Milli Şurası Azərbaycana müraciət edərək,
İrəvanın paytaxt kimi onlara verilməsini xahiş etdi.
Çünki o vaxt Aleksandropol (Gümrü) Türkiyənin əlində
idi. Müraciət Azərbaycan Milli Şurasının
mayın 29-da Tiflisdə keçirilən iclasında
müzakirə edildi. Məsələ üzrə
çıxış edən Nazirlər Şurasının sədri
Fətəli xan Xoyski ermənilərlə bu barədə
aparılan danışıqlar haqda məlumat verərək, ermənilərin
dövlətinin yaradılması üçün onlara siyasi
mərkəzin lazım olduğunu, Aleksandropolun Türkiyəyə
keçməsindən sonra belə mərkəzin yalnız
İrəvan ola biləcəyini, İrəvanın güzəştə
gedilməsinin qaçılmaz olduğunu söylədi. Səsvermə
nəticəsində güzəştin lehinə 16, əleyhinə
isə 1 nəfər səs verdi, üç nəfərsə
bitərəf qaldı. İrəvanı paytaxt alandan sonra ermənilər
sakitləşməyərək, ərazilərini genişləndirməyə
və azərbaycanlılara qarşı kütləvi
qırğınları davam etdirdilər. İngilis nümayəndəsi
Koks 1918-ci il 30 oktyabrda Tehrandan Böyük Britaniya Xarici
İşlər Nazirliyinə göndərdiyi teleqramda 1918-ci
ilin martında Cənubi Qafqazda 118 Azərbaycan kəndinin
dağıdıldığını və onların
öldürüldüyünü yazırdı.
"Daşnaksütyun Partiyasının əksinqilabi rolu"
adlı arayışdan aydın olur ki, 1918-ci ildən Ermənistanda
hökmranlıq edən daşnakların 30 aylıq hakimiyyəti
dövründə azərbaycanlı əhalinin 60 faizi yer
üzündən silinmiş, Ermənistanın bütün
türk əhalisi qanundankənar elan edilmiş, burada
yaşayan azərbaycanlı və kürd əhalisini qırmaq
yolu ilə ölkəni erməniləşdirmək
ideyasını həyata keçirib. 1918-ci ildə başlanan
bu siyasət nəticəsində Ermənistanda türklərin
sayı 77 faiz azalaraq 60 min nəfər olmuşdu. Həmin
dövrdə Azərbaycan hökuməti hələ Tiflisdə
idi və müvəqqəti paytaxtı Gəncəyə köçməmişdi.
Hökumətin əsas məqsədi, Gəncəyə gələrək,
sonra baş şəhər, siyasi, dini, mədəni, elmi,
ictimai fikir mərkəzi olan Bakını azad etmək idi.
Hökumətin əsas hədəfi bu idi. Lakin bunun
üçün ölkənin kifayət qədər
gücü yox idi, ordu hələ formalaşmamışdı.
Belə şəraitdə hökumətin İrəvanı
verməməsi xeyli çətin idi. Bizə yaxın ölkələr
də Ermənistanla dil tapmağı tövsiyə edirdi.
Düşünürdülər ki, İrəvan paytaxt olaraq
güzəştə gedilsə, Ermənistan bəlkə
sakitləşə. Azərbaycanın onu müdafiə etməyə
gücü yox idi, digər tərəfdən də ermənilər
artıq İrəvanı paytaxt elan edib oturmuşdu. Belə
şəraitdə hökumətimiz bir neçə istiqamətdə
hərbi qüdrəti və imkanı daxilində mübarizə
aparmaq iqtidarında deyildi".
"OLAYLAR"
İnformasiya Agentliyi və eyni adlı qəzetin baş redaktoru
Yunus Oğuz sözügedən ərazinin ermənilərə
verilməsini tarixin səhvi kimi dəyərləndirdi:
"İrəvan azərbaycanlılar yaşayan bir ərazi
idi. Bildiyiniz kimi, 5 dövlətlə həmsərhəd
olduğumuz məkanlarda tarixən azərbaycanlılar
yaşayıb. O cümlədən, Ermənistan da soydaşlarımızın
məskənidir. O zaman Ermənistan Respublikası elan olunanda
paytaxtı Gümrüdə yerləşirdi. Sonradan
paytaxtın İrəvana köçürülməsinə
Azərbaycan Demokratik Cumhuriyyətinin razılıq verməsi
bir məqsəd daşıyırdı. Fikirləşirdilər
demokratik bir cumhuriyyətdə yaşayan ölkələr
genosid, deportasiya kimi məsələlərlə məşğul
olmayacaq. Bu da tarixin səhvi idi. Çünki artıq
1903-cü ildən başlayaraq azərbaycanlılara
qarşı istər Türkiyə və Güney Azərbaycanı,
istərsə də hazırkı Azərbaycan ərazilərində
ermənilər tərəfindən qətl-qiyam həyata
keçirilməyə başlandı. 1918-ci ildə İrəvanı
verməklə düşünürdülər ki, burada
kompakt yaşayan əsas əhali olan azərbaycanlılar
gec-tez əsas hakimiyyət qüvvəsi olacaq. Təəssüf
ki, bunda yanıldılar. Sonradan SSRİ-nin tərkibində
olanda yerdə qalan soydaşlarımız da oradan deportasiya
olundu". Həmsöhbətimiz Azərbaycan hökuməti tərəfindən
güzəştlə bağlı atılan bu addımı
yanlış hesab edir: "Azərbaycan Demokratik Respublikası
və onun Milli Məclisində azərbaycanlı ruhunda olmayan
kifayət qədər deputat vardı.
Onlarda
bu məsələdə çox aktiv iştirak edirdi. Son nəticədə
əsrin əvvəlində İrəvanın verilməsilə,
əsrin sonunda, üstündən 70 il keçəndən
sonra nəinki Ermənistanda, onu əhatə edən rayonlarda və
Qarabağda bir nəfər də olsun azərbaycanlı qalmadı.
Görünür bu, millətimizin ziyalılarının
tarixi yaxşı bilməməsi, tarixi araşdırma
aparmadan buna razılıq verməsinin nəticəsi oldu. Hələ
o zaman razılıq veriləndə ortada bir şey yox idi.
Fikirləşirəm ki, nə Gürcüstanda, nə Ermənistanda,
nə də Azərbaycanda demokratik respublika qurulmuşdu.
İnsanlar fikirləşirdi ki, nə olacaq-olacaq,
qonşularımızı, dostlarımızı
özümüzdən küsdürməyək.
Azərbaycan
Demokratik Cumhuriyyətinin inkişafı türklərin
Bakını azad etməsi və onun paytaxt elan olunmasından
sonra baş verib. Ona görə də insanlar fikirləşirdi
ki, burada kağız üzərində iş aparılır və
İrəvanın verilməsi elə bir böyük qəbahət
olmaz. Amma təəssüf ki, sonradan bu tarixi fakta çevrildi
və bununla barışmalı olduq. Azərbaycanda həmin
dövrdə erməni, rus deputatları kifayət qədər
idi. Onlar milli azlıqlardan olan deputatlar da vardı. Ermənilər
cumhuriyyətin parlamentində aktiv iştirak edirdi. Milli
azlıqları, qafasında millətçilik ruhu olmayan azərbaycanlıları
öz tərəflərinə çəkə bilirdi. Burada
gizlədiləsi bir şey yoxdur. O zaman Bakıda kifayət qədər
erməni neft milyoneri yaşayırdı. Onlar öz işlərini
görür, bəzi hallarda parlament üzvlərinin bir
çoxunu da ələ alırdı. Bunu zaman-zaman
görmüşük, dövrümüzdə də təkrar
olunub. Sovetlər dövründə millətimizin əsl
tarixini öyrənməyə qoymurdular. Ümumiyyətlə,
demokratik cumhuriyyətdən söz açılmırdı.
Ermənilərin hansı qətliam törətdiyini,
torpaqların necə verildiyini yalnız bir-iki nəfər
bilirdi ki, onlar da KQB-in icazəsilə arxivlərə girir, amma
susmalı olurdu. Danışa bilənlər də Moskvaya xidmət
edirdi".
Həmin
dövrdə İrəvan verilməsəydi nə baş verə
biləcəyinə gəldikdə, Y.Oğuz dünya güclərinin
bunda maraqlı olmadığını bildirdi: "Azərbaycanla
Osmanlı İmperiyasının sərhədlərinin boya-boy
baş tuması o vaxtlar Türkiyənin də marağında
idi. Dünya dövlətləri isə bunda maraqlı deyildi.
O zaman Antanta qoşunları Türkiyə daxilinə girməyə
başladı. Erməni diasporu özülərini
bütün dünyada əzilmiş xalq kimi göstərirdi.
Olmayan
hadisələri işıqlandırırdılar. Dünyaya bəyan
etmişdilər ki, dövləti olmayan bir millət kimi ermənilər
mövcuddur. Erməni diasporu XIX əsrin ortalarından siyasi,
biznes və iqtisadi sahələrdə kifayət qədər
lobbiçiliklə məşğul idi.
Bunun
son nəticəsi olaraq dünya dövlətləri Ermənistan
dövlətinin yaranması və İrəvanın onun
paytaxtı olmasına razılıq verdi. O zaman Azərbaycan məsələsi
dünya üçün ümumiyyətlə yox idi. Azərbaycan
kimi yeni dövlətin yaranması onlar üçün faktiki
olaraq nonsens oldu. Vaxtilə Rusiyanın əsarəti altında
olan bu əraziləri dəyişmək və orada yeni dövlətlər
yaratmaq bunların heç ağlına da gəlmirdi".
Rüfət Sultan
Bakı xəbər.- 2011.-17 fevral.- S.12.