Azərbaycanı təqdim etmək üçün turizmin geniş imkanları var

 

   Nəsir Nəsirli: "Hər hansı bir ölkənin mədəniyyətini və s. xüsusiyyətlərini əcnəbilərə tanıtmaq üçün turizm əvəzedilməz vasitədir"

 

   Anar Fərmayılov: "Azərbaycana təşrif buyuran turistlər yeni kadrlar sayəsində ölkənin milli-mədəni dəyərləri..."

 

   Hər bir xalqın özünəməxsus adət-ənənələri, milli xüsusiyyətləri, tarixi, dəyərləri və s. bu kimi mühüm əhəmiyyətə malik xüsusiyyətləri var. O da məlumdur ki, hər bir xalq ona məxsus olan milli dəyərləri, fərqlilikləri özündə əks etdirən ənənələri yaşada, tanıda bilirsə, o zaman dünya çapında bir millət olaraq öz möhrünü vurur. O üzdən bu kimi fərqli dəyərlər toplusundan ibarət ənənələrin qorunub saxlanması çox mühüm əhəmiyyət kəsb edir.

   Zamanında onları qorumaq, tanıtmaq və ən başlıcası - böyüməkdə olan gənc nəslə təlqin etmək başlıca vəzifələrdən biri olmalıdır. Ümumilikdə bu istiqamətdə görülən işlər kompleks şəkildə həyata keçirilməklə yanaşı, son dərəcə sistemli olmalıdır ki, effektivliyi daha böyük əhatə dairəsinə malik olsun. Bir növ bu yöndə görülən işlər, atılan addımlar həm də milli ideologiyanın tərkib hissəsini təşkil edir. Yəni bunları milli ideologiyadan ayrı təsəvvür etmək doğru olmaz. Ayrı təsəvvür olunarsa, o zaman bir natamamlıq yaranacaq. Çünki unutmaq olmaz ki, dövlətin oturuşmasında, möhkəmlənməsində və dayanıqlı əsaslara söykənərək inkişaf etməsində bütün bunların cəm halında var olması ciddi əhəmiyyət kəsb edir. Yəni bu faktorların hamısı nəticə etibarilə bir-birini tamamlamalıdır. Yuxarıda sadalanan bütün bu faktorların vəhdəti bir daha dövlətin monolitliyini, bütövlüyünü özündə ehtiva edir.

   Bu baxımdan, deyərdim ki, xalqımızın bəxti gətirib. Azərbaycan xalqı xoşbəxtdir ki, dünyaya örnək sayıla biləcək bir sıra tarixi hadisələrdə öz adını qızıl hərflərlə həkk edə bilib. Baxmayaraq ki, xalqımız keşməkeşli və çox mürəkkəb, eyni zamanda, ziddiyyətli mərhələlərdən keçib. Həmçinin, tarixdə bir sıra ağır məhrumiyyətlərə, ədalətsizliklərə məruz qalıb. Sual yarana bilər ki, Azərbaycan xalqı tarixdə örnək sayıla biləcək hansı yeniliklərə imza atıb? Məsələ ondadır ki, müstəmləkəçiliyin, cəhalətin tüğyan etdiyi XX əsrin əvvəllərində Şərqdə ilk demokratik dövlətin əsasını azərbaycanlılar qoyub. Çoxlarına məlumdur ki, 1918-ci ilin 28 mayında elan olunan Azərbaycan Demokratik Respublikası 23 ay yaşasa da, Şərqdə ilk demokratik dövlət olaraq tarixə düşdü. Parlamentdə bir sıra fərqli siyasi görüşləri təmsil edən partiya və fraksiyalar təmsil olunurdu ki, bu da Şərq ölkələri timsalında çoxpartiyalılığı özündə əks etdirən ilk nümunədir. Halbuki, o dövrün bir sıra Avropa ölkələrində belə, bu qədər demokratik əsaslara söykənən dövlət yox idi.

   Onu da unutmaq olmaz ki, Azərbaycanın dəyərlərini, adətnənələrini, tarixini, iqtisadiyyatını, mətbəxini, əhalinin sosial yaşayış səviyyəsini və s. xüsusiyyətləri dünyaya tanıtmaq üçün təkcə informasiya vasitələrindən istifadə etmək yetərli deyil. Burada digər əyani vasitələrdən də istifadə etmək lazımdır ki, Azərbaycan haqda daha aydın və dolğun təəssürat yaransın. Bu vasitələrdən biri də turizmdir ki, bu imkanlardan bir sıra ölkələr çox uğurla faydalanır. Yəni ölkəyə gələn turistlərə Azərbaycana məxsus bir sıra dəyərlərin göstərilməsi xalqımız və dövlətimiz haqda xoş təəssüratların formalaşmasına gətirib çıxaracaq. Bütün bunların fonunda ən başlıcası odur ki, Azərbaycan haqda doğru-düzgün rəy formalaşması üçün zəmin yaranacaq. O üzdən, bu kimi məsələlərdə turizm şirkətlərinin üzərinə çox böyük məsuliyyət düşür. Onu da qeyd edim ki, ölkəyə gələn turistlər üçün təkcə dəbdəbəli, beşulduzlu və yüksək servisə malik otellərin inşa olunması yetərli deyil. Bütün bunlarla paralel, turistləri Azərbaycan haqda hərtərəfli məlumatlandıra biləcək peşəkar kadrların olmasına da ciddi ehtiyac var. Bunun üçün də turizm şirkətləri bu yöndə kadrların hazırlığı səviyyəsinə ciddi fikir verməlidir. Turistlərə bu yöndə xidmət göstərəcək personalın bilik səviyyəsindən çox şey asılıdır. Turizmin inkişafı ilə bağlı Azərbaycanın potensial imkanları kifayət qədər böyük olsa da, ölkəmizin bu sahədə təcrübəsi, bir sıra digər ölkələrlə müqayisədə, xeyli azdır. Bu da təbiidir ona görə ki, Azərbaycan 20 ildir müstəqilliyə qovuşub. Həmçinin, 90-cı illərdə ağır müharibə, iqtisadi sıxıntılar bir müddət turizm sektorunun inkişafına mane olub. Ancaq son illər bu sahədə ciddi inkişaf hiss olunur. Belə ki, ilbəil ölkəyə gələn turistlərin sayı artır, turistlərə xidmət göstərən otellər, infrastruktur əhəmiyyətli şəkildə yenidən qurulur və s. Bunun nəticəsidir ki, ötən il ölkəni 1,2 milyon turist ziyarət edib. Bu istiqamətdə diqqətçəkən məqamlardan biri də 5 ildir ölkədə Turizm İnstitutunun fəaliyyət göstərməsidir. Sözügedən univeristet bu sahədə rəsmi olaraq kadr hazırlamaqla məşğuldur. Maraqlıdır, bütün bu deyilənlərin fonunda mütəxəssislər Azərbaycana məxsus olanların dünyaya çatdırılmasını necə dəyərləndirir?

   Turizm İnstitutunun dekanı Nəsir Nəsirli hesab edir ki, ölkəyə gələn əcinəbi turistlərin dolğun məlumatlandırılması üçün bütün mümkün vasitələrdən yararlanmaq faydalı olar: "Həmin turistlərə Azərbaycan haqda məlumatları ətraflı özündə əks etdirən disklərin, bukletlərin, fləş-kartların paylanması faydalı olar. Təkcə bələdçilərin verdiyi məlumatlarla kifayətlənmək yetərli olmaz. Bütövlükdə təbliğat, marketinq istiqamətində işlər kompleks şəkildə həyata keçirilməlidir ki, bunlar nəticədə bir-birini tamamlasın. Lazım gələrsə, kitablardan da istifadə etmək gərəkdir. Düzdür, turist harasa səyahətə çıxarkən vaxtını kitab oxumağa o qədər də sərf etmir. O üzdən, daha çevik və konkret faktları özündə əks etdirən vasitələrdən istifadə olunması səmərəlidir. Unutmaq olmaz ki, hər hansı bir ölkənin məişətini, mədəniyyətini, təbiətini, iqtisadiyyatını və s. xüsusiyyətlərini əcnəbilərə tanıtmaq üçün turizm əvəzedilməz bir vasitədir. Sadəcə, lazımdır ki, bundan doğru-düzgün istifadə edəsən. Azərbaycanın mədəniyyəti çox zəngindir və eyni zamanda, müxtəlifliyilə seçilir. Adicə Azərbaycan mətbəxinin əcnəbilərə doğru-düzgün göstərilməsi nəyə desən dəyər. Bir məqamı da qeyd edim ki, xaricdən gələn turistlərin məlumatlandırılması ilə əsasən bələdçilər məşğul olur. Bizim institutda bələdçi ixtisası üzrə buraxılış bu il olacaq. Ötən il bizim ilk buraxılışımız olsa da, orada ancaq milli və sosial mədəni sahədə xidmət, bir də marketinq-menecment üzrə buraxılış olub. Builki buraxılışda bələdçi ixtisası olduğuna görə, biz həmin sahədə işləyəcək kadırların hazırlığına xüsusi önəm vermişik. Hesab edirəm ki, əcnəbi turistlərlə işləyəcək bələdçilər mütləq xarici dilləri bilməlidir. Bizim institutun məzunları 3 xarici dildə ünsiyyət yarada bilir. Bununla belə, hesab edirəm ki, turizm üzrə bələdçilər bir mərkəzdən idarə olunmaqla, müxtəlif dillər, sahələr, zonalar üzrə qruplaşdırılmalıdır. Təsadüfi deyil ki, Mədəniyyət və Turizm Nazirliyi nəzdində bir bələdçilər assosiasiyasının yaradılması ideyası gündəmdədir. Həmin qurum hər ölkədən gələn turistin öz dilini bilən bələdçini onlara yönəldəcək. Bir məqamı da qeyd edim ki, dünyada bütün dillər üzrə bələdçi hazırlamaq qeyri-mümkündür. Ona görə də beynəlxalq aləmdə daha çox tanınmış dillər üzrə bələdçilər hazırlanmalıdır".

   Turizm İnstitutunun digər rəsmisi Anar Fərmayılovun sözlərinə görə, təmsil olunduğu ali məktəb yaranana qədər turizm sahəsində heç bir kadr hazırlanmayıb: "İndiyə qədər bu sahədə yetərli kadrların olmaması bu sektorda inkişafın davamlı getməsinə öz maneçiliyini göstərib. Azərbaycanın zəngin mədəniyyətini, tarixi abidələrini, folklorunu və s. milli dəyərlərini xaricilərə normal səviyyədə təqdim edə bilən kadrlar lazımdır. Biz bu yöndə çalışırıq ki, müasir tələblərə cavab verən kadrların hazırlanmasına nail olaq. Görülən işlər buna yönəlib. Az vaxt ərzində bütün bunların hamısına birdəfəlik nail olmaq mümkün olmasa da, zaman keçdikcə bu işlərin hamısı yoluna düşəcək. Ötən il Azərbaycan Turizm İnstitutunun 74 məzunu olub ki, onlar ancaq 3 ixtisas üzrə olan kadrlardan ibarətdir. Bunlar menecment, marketinq və turizm sosial mədəni servis sahələridir. Builki buraxılışda bələdçi-tərcüməçilərin olacağı nəzərdə tutulub ki, düşünürəm bu sahə üzrə çalışacaq kadrların faydası böyük olacaq. Kadrlar artıq öz töhfələrini verə biləcək halda Azərbaycanda turizmin inkişafında böyük önəm daşıyacaq. Bu yöndə sırf ixtisaslı kadrların işləməsi həm Azərbaycanda turizmin inkişafına güclü təkandır, həm də ölkəyə gələn turistlərin əhatəli məlumatlandırılmasına xidmət göstərir. O üzdən düşünürəm ki, turizm kadrlarından şirkətlər maksimum səmərəli istifadə etməlidir. Kadrların düzgün seçilməsi ölkə iqtisadiyyatının, mədəniyyətinin və digər sahələrin əcnəbilərə düzgün çatdırılması baxımından çox böyük rola malikdir. Bu işlə əsas məşğul olan bələdçi-tərcüməçilər 3 dili mükəmməl bilməlidir. Kadr hazırlığında biz bu kimi məqamlara xüsusi olaraq diqqət göstəririk. Bu da ona zəmin yaradır ki, Azərbaycana təşrif buyuran turistlər yeni kadrların sayəsində ölkənin milli-mədəni dəyərlərilə ətraflı tanış olmaq imkanı əldə edir".

   Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİVDövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə hazırlanıb

 

 

   Vidadi ORDAHALLI

 

   Bakı xəbər.- 2011.- 18-20 fevral.- S.15.