Qurani - Kərimin
tərcümə qüsurları...
II yazı
Müstəqilliyimizin əldə
etdiyi mənəvi dəyərlərdən biri də
ayrı-ayrı xalqlara yox, bütün bəşərə
nazil olan müqəddəs Qurani - Kərimin azərbaycanlı
alimlər tərəfindən ədəbi tərcüməsidir.
Səməvi möcüzənin məna və ləfz (hərf)
məalini - anlamını çoxmilyonlu Azərbaycan oxucusuna
ana dilində təqdim edən akademiklər Ziya Bünyadov
(Allah rəhmət eləsin!) və Vasim Məmmədəliyev
bu çətin və məsuliyyətli missiyanın öhdəsindən
yetərincə gəliblər.
Belə saleh işlərin həm də
bir ibadət kimi fəzilətinə toxunan Peyğəmbər(ə)
buyurub: "Biliyilə xalqı faydalandıran alim yetmiş il
ibadət edən adamdan xeyirlidir".
Quranın Azərbaycan dilinə bədii
tərcüməsinin müəlliflərindən biri,
Kitabın bütün nəşrlərinə "On
söz" yazan Vasim müəllim bu işin nə qədər
çətin olduğunu belə açıqlayıb: "Biz
Qurani-Kərimin tərcüməsinin nə qədər
çətin və məsuliyyətli bir iş olduğunu
yaxşı başa düşür, tərcümənin
nöqsan və xətalardan xali olmadığını yəqin
bilirik. Bu barədə öz qeyd və mülahizələrini
bildirəcək oxuculara əvvəlcədən təşəkkür
edirik". Oxucuya verilən bu dəyərə görə, biz
də Vasim müəllimə
şükranlığımızı bildiririk və bəzi
ayələrin mənalarının tərcüməsi barədə
fikrimizi dəyərli oxucularla bölüşmək istəyirik.
1) "Mömin qadınlara de ki,
gözlərini haram buyrulmuş şeylərdən
çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb
yerlərini (zinadan) qorusunlar (və ya örtülü
saxlasınlar); ..., zinət yerlərini ərlərindən...,
yaxud qadınların məhrəm yerlərini hələ
anlamayan uşaqlardan başqasına göstərməsinlər..."
(Z.Bünyadov, V.Məmmədəliyev, Qurani-Kərim, Məali,
2007, Nur 31).
Ayənin tərcümə olunan:
"Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş
şeylərdən çevirsinlər (naməhrəmə
baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya
örtülü saxlasınlar)" hissəsinin latın
qrafikası ilə nazil olan dildə (ərəbcədə)
daha yaxın ifadəsi belədir: "və qul lilmuminəti yəğzuznə
min əbsarihinnə və yəhfəznə furucəhunnə".
Orijinalın Azərbaycan dilinə hərfi tərcüməsi
isə belədir: "və mömin qadınlara de:
"yumsunlar gözlərini və qorusunlar ayıb yerlərini"
(Qeyd: Müasir Azərbaycan əlifbasında apostrof işarəsi
olmadığı üçün nümunə gətirilən
bütün ayələrin orijinalının Azərbaycan
dilində yazılışı apostrofsuz verilib).
Qeyd edək ki, Qurani-Kərimi tərcümə
edən mütərcimlərin əksəriyyətinin ehtiyac
duyulan yerlərdə ayələrə mötərizə
daxilində qısa açıqlamalar verməsi geniş
yayılmış metodlardan biridir. Rəbb kəlamlarının
qavranmasına xidmət edən bu metod sözsüz ki, təqdirəlayiqdir
və oxucu marağındadır. Belə yanaşmaya
üstünlük verən Vasim müəllim yazır: "Ayələrin
tərcüməsilə yanaşı, lazım gələn
yerlərdə onlara mötərizə daxilində qısa izah
verilmişdir". Təəssüf ki, Vasim müəllim bu
prinsipi qoruya bilmədiyi üçün, izahi tələb
olunan sözləri oxucuya nazil olan ayə kimi təqdim edib. Yəni
mütərcim "haram buyrulmuş şeylərdən"
ifadəsini müəllif sözü kimi mötərizədə
yox, Rəbb kəlamı kimi tərcümə edib. Halbuki ayənin
tərcüməsini qısa izahlarla aşağıdakı
kimi vermək orijinala daha yaxın olardı: "Və
mömin qadınlara de: "(Haram olan şeylərlə qarşılaşanda)
gözlərini çevirsinlər və ayıb yerlərini
(üz və əllərdən başqa bədənlərinin
hər yerini özgələrin görməsindən)
qorusunlar".
2) Həmin ayənin bir hissəsi
isə belə tərcümə olunub: "... zinət yerlərini
ərlərindən ..., yaxud qadınların məhrəm yerlərini
hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər..."
(Nur 31). Bu tərcümənin "yaxud qadınların məhrəm
yerlərini hələ anlamayan uşaqlardan başqasına
göstərməsinlər" cümləsinin latın
qrafikası ilə nazil olan dildə daha yaxın ifadəsi belədir:
"əvittiflil - ləziynə ləm yəzhəru ələ
əvratin-nisəi". Kəlamın orijinala yaxın tərcüməsi
isə bu anlama daha müvafiqdir: "yaxud qadınların əvrət
yerlərini hələ anlamayan uşaqlardan başqasına
göstərməsinlər". Lakin Z.Bünyadov və V.Məmmədəliyevin
I-nəşrdəki (1992-ci il) tərcüməsində "məhrəm"
sözü təəssüf ki, heç bir dəyişikliyə
uğramadan 15 ildən sonra çap olunan IX nəşrdə də
yer alıb. Bu isə terminin mənasının tərcümə
baxımından "daha da dəqiqləşdirilməsinə"
(V.Məmmədəliyev) yox, əksinə, nazil olan "əvratin-nisəi"
(qadınların əvrət yerləri) kəlamının
ümumi kontekstdən kənarlaşdırılmasına xidmət
edib.
Fikrimizi açıqlamaq
üçün ilk öncə "məhrəm"
sözünün lüğəti mənasına diqqət
çəkək. Ərəb sözü olan məhrəm: a)
hərəmxanaya girib-çıxma hüququna malik (kişi);
v) yaxın dost; c) qohum terminlərini ehtiva edir. Yəni "məhrəm"
termini bir hüquqdur, konkret şəxsdir. O, bədənin hər
hansı üzvü deyil. Və təbii ki, həmin səbəbdən
Rəbbimiz "məhrəm" yox, "əvratin-nisəi"
sözündən istifadə edib. "Əvrat"
sözü isə: a) bədənin gizli yerləri; v) arvad mənalarını
verir. Bu sözün istilahi (terminin hamılıqla qəbul
olunduğu mənada işlənməsi) mənası belədir:
açması, başqasına göstərməsi,
başqalarının baxması haram və ayıb olan yerlər;
insanın həya edərək örtdüyü şey və
ya bədən üzvləri. Beləliklə, yuxarıdakı
arqumentləri nəzərə alaraq hesab edirik ki,
sözügedən kəlamın əslə daha yaxın tərcüməsi
belə olmalıdır: "yaxud qadınların əvrət
yerlərini hələ anlamayan uşaqlardan başqasına
göstərməsinlər" və ya: "yaxud
qadınların gizli (ayıb) yerlərini hələ anlamayan
uşaqlardan başqasına göstərməsinlər".
3) "İman gətirib
yaxşı işlər görənlərin xoş halına!
(Onları) gözəl bir sığınacaq (Cənnət
gözləyir)!" (Z.Bünyadov, V.Məmmədəliyev, Qurani-Kərim,
Məali, 2007, Ər-Rad 29). Ayənin latın qrafikası ilə
nazil olan dildə daha yaxın yazılışı belədir:
"Əlləziynə əmənu və amilus-salihati Tubə
ləhum və husnu məəbin".
Ayənin orijinalında "Tubə" sözü
olduğu halda, tərcümədə bu termin yoxdur. Halbuki, istər ayənin
əslə daha yaxın tərcüməsinin vacibliyi, istərsə
də Quran maarifləndirilməsi baxımından bu sözə
böyük ehtiyac duyulur. Bu ayədə sözügedən
xoşbəxtlər cənnət üstü cənnət
sakinləridir. Onlar həm iman gətirib saleh işlər
görənlər, həm də qəlbləri Allahı zikr
etməklə aram tapmış səidlərdir (bəxtiyarlardır).
Bu şəxslər: "İman gətirən və
yaxşı işlər görən kimsələrə
müjdə ver: Onlar üçün (ağacları)
altından çaylar axan cənnətlər vardır" (Bəqara,
25) ayəsində zikr olunan cənnətməkanlarından bir
pillə üstündür. Tubə belə müstəsna
insanlara məxsusdur, onlar üçündür.
Tubə kökləri yuxarıda,
gövdə və budaqları isə aşağı doğru
uzanan Cənnətdəki müstəsna ağacın
adıdır. Peyğəmbər(ə) buyurub: "Tubə bir
ağacdır. Allah onu qüdrət əlilə yaradıb. Cənnət
əhlinin paltarı onun yarpaqlarından tikilir".
Göründüyü kimi, Tubə Cənnətdə
altından çaylar axan ağaclardan fərqli olaraq kök,
gövdə, budaq və yarpaqları ilə xariqüladə,
çox nadir və daha qüdsi təyinata malik ağacdır.
Beləliklə, yuxarıdakı qısa şərh və kəlamlara,
"Tubə" sözünə istinad edərək
sözügedən ayənin orijinala daha yaxın tərcüməsini
oxucuya təqdim edirik: "Tubə ağacı iman gətirən
və yaxşı işlər görən kəslərə
məxsusdur və gözəl bir sığınacaq (gözləyir
onları)!"
4) "Allah hər kəsə
(dünyada) etdiyi əməlləri cəzasını vermək
üçün belə edəcəkdir! Şübhəsiz
ki, Allah tezliklə haqq-hesab çəkəndir"
(Z.Bünyadov, V.Məmmədəliyev, Qurani-Kərim, Məali,
2007, İbrahim 51). Ayənin latın qrafikası ilə nazil
olan dildə daha yaxın ifadəsi belədir: "liyəcziyəlləhu
kullu nəfsin mə kəsəbət. innəlləhə səriyul-hisəbi".
Tərcümənin daha
yaxşı qavranması üçün sözügedən
ayədən əvvəlki kəlamlara diqqət çəkək:
"O gün günahkarları qandallanmış (zəncirlə
bir-birinə bağlanmış) görəcəksən! Köynəkləri
qətrandan olacaq, üz-gözlərini də atəş
bürüyəcəkdir!" (İbrahim, 49-50). Bu
üç ayənin nəinki orijinalı, hətta bədii tərcüməsi
göstərir ki, Rəbbimiz o gün "hər kəsə
etdiyi əməllərin cəzasını vermək
üçün" yox, yalnız "köynəkləri qətrandan
olacaq... qandallanmış günahkarları cəzalandıracaq".
Yəni Allah o gün hər kəsin əməlinə görə
haqq-hesabını verəcək. Kiminin pis əməlinə
görə cəzasını, kiminin də yaxşı əməlinə
görə mükafatını, savabını verəcək.
Həmin səbəbdən hesab edirik ki, orijinaldakı "liyəcziyəlləhu
nəfsin mə kəsəbət"ifadəsinin əslə
daha yaxın tərcüməsi belə olmalıdır:
"Allah hər kəsə (dünyadakı) qazancına
görə qarşılığını vermək
üçün belə edəcəklər!"
Qeyd edək ki, ərəbcədəki
"cəzə" sözü lüğətdə
"yaxşı və ya pisin qarşılığı (əvəzi)"
anlamını verir. Rəbbimiz son Kitabında bu sözdən
bir neçə dəfə istifadə edib. (bax: Səffət
80; Nəhl 33; Əhqaf 25 və s.). Məsələn, "Kim
yaxşı bir iş görərsə, ona həmin işin on
qat əvəzi (savaba) verilir. Kim pis bir iş görərsə,
ona həmin işin misli qədər cəza verilər. Onlara
haqsızlıq edilməz" (Ənam 160). Buradakı "cəza"
sözü orijinalda "yuczə" ilə ifadə olunub.
5) "(O mühacirlər hər
cürə əziyyətə) Dözənlər və
yalnız Rəbbinə təvəkkül edənlərdir".
(Z.Bünyadov, V.Məmmədəliyev, Qurani-Kərim, Məali,
2007, Nəhl 42). Ayənin latın qrafikası ilə nazil olan
dildə daha yaxın ifadəsi belədir: "Əlləziynə
sabəru və ələ Rabbihim yətəvəkkəlun".
Ayə
özündən əvvəlki kəlamın davamıdır.
Həmin səbəbdən bu iki ayəyə vahid kontekstdən
baxılmalıdır. Müəlliflər həmin ayələri
belə tərcümə ediblər: "Zülmə məruz
qaldıqdan sonra Allah uğrunda hicrət edənləri
dünyada gözəl bir sakin edəcəyik. ... Kaş (kafirlər
və hicrətdən geri qalanlar bunu) biləydilər! (O
mühacirlər hər cürə əziyyətə) dözənlər
və yalnız Rəbbinə təvəkkül edənlərdir!"
(Nəhl 41, 42).
Göründüyü kimi
bütün kəlam və işləri hikmətli olan Rəbbimiz
Nəhl 42 ayəsinin birinci hissəsində qatlaşma,
dözmə, səbr etmə (ərəbcə - təəssi,
təhəmmül) yox, səbr edənlər (ərəbcə
- sabəru) sözündən istifadə edib. Çünki bəzi
dözənlərdən fərqli olaraq, səbr edənlərin
hamısı səbatlı və mətanətlidir.
Səbr edənlər Allahu-Təalənin Əs-Sabur
isimləşmiş sifətinin təcəllisindən bir zərrəyə
malik şəxslərdir. Allah bu sifətilə hər hansı
bir işi görməyə nə tələsər, nə də
gecikər. O, bu işi zamanı gələndə təxirə
salmaz. Allahın bu sifətinə söykənən insan
heç vaxt tələsməz, gecikməz və işin sonunu
Ona həvalə edib, problemi vaxtında çözər.
Səbrin insan fəaliyyətində ki, roluna toxunan
Peyğəmbər(ə) buyurub: "İmanın iki
qanadı var: səbir və şükür". Təbir caizsə,
bu dəyərlərə sahib olan bəndə bir can yox, iki
can daşıyır. Səbr və şükür canı.
Bu iki cövhərin dəyərini
xarakterizə edən Həz.Əli isə buyurub: "Səbr
edin, çünki səbr imanla müqayisədə bədəndəki
baş kimidir. Başı
olmayan bədəndə xeyir yoxdur. Səbr tükəndikdə
isə imandan xeyir gəlməz.... Bir para adamlar Allaha savab
üçün ibadət edər: Bu ibadət tacirlərin
ibadətidir. Bir bölük də Allaha qorxudan ibadət edər.
Bu da kölələrin ibadətidir. Bir bölük isə
Allaha şükür edərək ibadət göstərər.
Bax, azad insanların ibadəti budur".
Qurani-Kərimdə Rəbbimiz Rəsulu
Əkrəm(ə) və imanlı bəndələrə xitabən
buyurub: "(Çətin vaxtda) səbr etmək və namaz
qılmaqla (Allahdan) kömək diləyin" (Bəqara, 45);
"(Ya Rəsulum!) Peyğəmbərlərdən
əzm sahibləri olanların səbr etdiyi kimi, sən də
(Allah yolunda çətinliklərə, əziyyətlərə)
səbr et, onlardan (müşriklərə əzabın tez gəlməsindən)
ötrü tələsmə" (Əhqaf 35); "Allah səbr
edənləri sevər" (Ali-İmran 146); "Allah səbr
edənlərlədir" (Bəqara 153) və s.
Dözümdən fərqli olaraq daha geniş fəaliyyəti
əhatə edən səbr aşağıdakı hissələrə
ayrılır: 1) Allaha qulluqda - ibadət və itaətdəki
çətinliklərə qarşı səbr; 2) Nəfsin
haramları tələb etməsinə qarşı səbr; 3)
Cəza və qədərə riza göstərməyə,
dünyavi bəlalara qarşı səbr; 4) Dünyanın
aldadıcı təkliflərinə qarşı səbr; 5)
Zaman və məkanın tələsdirməsinə
qarşı səbr. Səbr bu növlərilə insan həyatında
bir zirvədir. Bu zirvənin zirvəsi isə rizadır. Və
düşünürəm ki, Allah dərgahında riza mərtəbəsindən
daha yüksək bir ünvan yoxdur.
Lakin səbr yalnız imtahan ilə bəlli olur. Hər cür
imtahanlar qarşısında Haqq qapısından
ayrılmayanlar, o qapıda qalmaqda qərarlı olanlar, qapının
hər açılıb bağlanmasında başını
qapının kənarından çəkməyənlər
bu sınaqdan üzü ağ çıxarlar.
Beləliklə, həm Rəbbimizin "sabəru" kəlamı
(Nəhl 42), həm də dözüm və səbrin fərqliliyi
ayənin əslə daha yaxın bədii tərcüməsini
zəruri edir. Tərcüməni
təqdim edirik: "Onlar səbr edən və yalnız Rəbblərinə
güvənən kəslərdir".
Vaqif Cəliloğlu
Bakı xəbər.-2011.-21
fevral.-S.15