"Azərbaycanda məlumat azadlığının qanunvericilik əsasları"

 

   Rəşid Hacılı: "Çox vaxt vətəndaşlar özləri qanundan istifadə etməyə səy göstərmir"

 

   Ələsgər Məmmədli: "Bu qanunların ən uğurlusu..."

 

   Azadlıq bütün cəmiyyətlərdə arzuedilən bir məfhumdur. Amma hamı azadlığı olduğu kimi dərk etmir. Bir qisim insanlar ondan tələb olunduğu səviyyədə istifadə edir, müəyyən şəxslər isə, azadlıqdan sui-istifadə edərək, ağlına gələni edir. Düşünmür ki, azadlığın da sərhədi ola bilər.

   Fikir və söz azadlığı cəmiyyətin inkişafında böyük rol oynayır. Vətəndaşlar, əsasən kütləvi informasiya vasitələrindən istifadə edərək, öz fikir və düşüncəsini aidiyyəti orqanlara çatdırır.

   Bəzi insanlar deyir ki, ölkəmizdə söz və məlumat azadlığı qanunla tənzimlənir və vətəndaşların istənilən məlumatı almağa, ötürməyə, yaymağa ixtiyarı var. Mətbuat nümayəndələri də həmçinin. Onlar da cəmiyyəti maraqlandıran bütün məlumatları araşdırmaq, yaymaq, barəsində müzakirələr açmaq məsələlərində haqlı olduqlarını daim gündəmə gətirir.

   "Azərbaycanda məlumat azadlığının qanunvericilik əsasları"nı araşdırıb, qanunun kimin nə nəyin tərəfində olduğunu uzə çıxarmağa çalışdıq.

   Məlum oldu ki, Azərbaycanda məlumat azadlığının qanunvericilik əsasları hələ XX əsrin əvvəllərində - (1918-20) ilk demokratik respublikamız olan Azərbaycan Xalq Cumhuriyyəti (AXC) dönəmində formalaşdırılıb. Həmin dövrdə "Azad Mətbuat Haqqında" Bəyannamə imzalanıb. AXC-nin söz və məlumat azadlığının qayda və prinsiplərini özündə ehtiva edən bu sənəddən ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra da istifadə edilib. Yəni 1992-ci ildə "Azad Mətbuat Haqqında" Bəyannamə arxivdən üzə çıxarılaraq hökumət tərəfindən tətbiq edilib. Ekspertlərin sözlərinə görə, hazırda söz və mətbuat azadlığı, fikir plüralizmi həm dövlətimizin Konstitusiyasında, həm "İnformasiya Əldə Etmək Haqqında" Azərbaycan Respulikası Qanununda, həm də digər qanunların müvafiq bəndlərində öz əksini tapır.

   "Məlumat Azadlığı Haqqında" Azərbaycan Respublikasının Qanununun birinci maddəsində bildirilir ki, məlum qanunun 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır: "Bu qanunun məqsədləri üçün məlumat dedikdə, təqdimat formasından asılı olmayaraq təbiətə, cəmiyyətə və dövlətə baş vermiş hadisələr, proseslər, faktlar, şəxslər haqqında xəbərlər nəzərdə tutulur".

   "Məlumat Azadlığı Haqqında" Qanunun ikinci maddəsində isə məlumat azadlığının təminatı məsələsi yer alır. Burada hər kəsin məlumat almaq üçün müraciət etmək hüququ var. Məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır. Məlumat azadlığının məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir. Məlumat azadlığından istifadə edilməsi qaydaları Azərbaycan Respublikasının Konstitusiyası və ona müvafiq olaraq Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir.

   Məlumat üçün bildirək ki, məlumat azadlığı haqqında qanun 1998-ci ildə mərhum prezident Heydər Əliyev tərəfindən imzalanıb. Qanunda əks olunan müəyyən məsələlər isə uzun müddət müzakirə mövzusu olduğundan və buradakıların əksəriyyətinin mübahisə doğurduğu nəzərə alınaraq 2005-ci ildə sözügedən qanuna əlavə və dəyişikliklər edilib. Bu dəfə sənədi prezident İlham Əliyev imzalayıb. Hazırkı qanunvericilik sənədlərinin daha mükəmməl olduğunu və burada yer alanların tam olaraq məlumat alma azadlığını təmin etdiyini deyirlər.

   Media Hüququ İntitutunun rəhbəri Rəşid Hacılının sözlərinə görə, Azərbaycanda məlumat azadlığının qanunvericilik əsasları 2005-ci ildə qəbul edilən "İnformasiya əldə etmək Haqqında" Qanunla tənzimlənir. R.Hacılının sözlərinə görə, qanunun özü çox yaxşı bir qanun olsa da, amma onun tətbiqi, həyata keçirilməsi istənilən səviyyədə deyil. Onun fikrincə, qanunun həyata keçirilməsilə bağlı lazımi addımlar atılmır. O bildirdi ki, qanun urnalistlərə informasiya almaq hüququnu versə də, çox zaman onlar informasiya almaqda problemlə üzləşir. "Başqa qanunvericilik aktları da var. O qanundan danışmaq istəyirəm ki, vətəndaşlar ona söykənib dövlət qurumlarından onu maraqlandıran məsələ ilə bağlı informasiya ala bilsin. Çox vaxt vətəndaşlar özləri qanunlardan və onlara verilən hüquqdan istifadə etməyə səy göstərmir. Çünki onların bu qanunlardan xəbəri yoxdur" deyə R.Hacılı bildirdi. Bu sahədə ciddi maarifləndirmə işinin aparılmasına ehtiyac olduğunu deyən Media Hüququ İnstitutunun rəhbəri hesab edir ki, qəzetlər və qeyri-hökumət təşkilatları bu sahədə maarifləndirmə işi aparır. R.Hacılının dediyinə görə, maarifləndirmə işini daha geniş şəkildə dövlət məmurları və televiziyalar apara bilər: "Televiziyalar müxtəlif vasitələrlə bu maarifləndirmə prosesini sürətləndirməlidir. Müxtəlif sosial roliklər çəkərək qanun haqda məlumat verə bilərlər. Şəhərdə stendlər vurub vətəndaşların dövlət orqanlarından məlumat almaq hüququnun nələrdən ibarət olduğunu orada göstərmək olar".

   Media Hüququ üzrə ekspert, "İREX" təşkilatının hüquqşünası Ələsgər Məmmədli də bizimlə söhbətində bildirdi ki, bu məsələdə ilk növbədə Konstitusiyamızın 50-ci maddəsinə və 47-ci (ifadə azadlığı) maddəyə istinad edilir: "Təbii ki, məlumat azadlığının qanunvericilik əsasları bununla tənzimlənmir, bununla bağlı başqa qanunlar da qəbul olunub. Bu qanunların da ən uğurlusu 2005-ci ildə qəbul edilən "İnformasiya Əldə Etmək Haqqında" Qanundur. Baxmayaraq ki, "Məlumat Azadlığı Haqqında Qanun" 1998-ci ildə qəbul olunub. Ancaq o qanun, daha çox, deklarativ xarakterli idi. Burada müəyyən prinsiplər sadalansa da, praktik olaraq qanun necə işləyir, bu yox idi. Amma "İnformasiya Əldə Etmək Haqqında" Qanun bu məsələni olduqca geniş şəkildə təmin etdi. Təəssüf edirəm ki, bu qanunda nəzərdə tutulan İnformasiya üzrə müvəkkillik institutu yaradılmadı. Bu 6 ay ərzində yaradılmalı idi".

   Ə.Məmmədli dedi ki, 2001-ci ildən sonra Avropa İnsan Hüquqları üzrə Konvensiyaya qoşulmuşuq və bu sənədin 10-cu maddəsi də məlumat azadlığını təmin edən ciddi hüquqi sənəddir. Onun sözlərinə görə, 10-cu maddədə təsbit edilən məlumat azadlığını və ifadə almaq azadlığını məhdudlaşdıracaq əsaslar bizim 2002-ci ildə qəbul olunan Konstitusiya Qanununda göstərilib: "Öncə Konstitusiyamızın 50-ci maddəsində belə bir məhdudiyyət yox idi".

   Ə.Məmmədlinin bildirdiyinə görə, bəzi məmurlar və məhkəmələr vətəndaşların məlumat azadlığının təmin olunmasına əngəl törədir: "Bəzən görürsən ki, hansısa bir icra strukturu, informasiya sahibi məlumat almaq istəyən vətəndaşların azadlığını məhdudlaşdırır.

   Ə.Məmmədlinin sözlərinə görə, məlumat azadlığı haqqında qanunvericilik bazası zəngin olsa da, onun tətbiqində müəyyən problemlər var: "Qanunlar var, bu sənədlər məlumat azadlığını tənzimləyir. Bu müsbət haldır. Qanunda açıq şəkildə göstərilir ki, ictimai vəsaitləri idarə edənlər informasiya sahibidir. Amma məhkəmələrdə bəzi hakimlər bu amili nəzərə almaq istəmir. Qanunlar bəzi məmurlar və bəzi məhkəmələr tərəfindən pozulur".

   Beynəlxalq Avrasiya Fondu mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu isə hesab edir ki, məlumat azadlığı ilə bağlı qəbul edilən bütün qanunvericilik aktlarında, maddələrdə müsbət məqamlar var. Dövlətin mətbuata və söz azadlığının təmin edilməsinə səy göstərdiyini, bu sahədə müəyyən işlər gördüyünü deyən R.Kərimoğlunun sözlərinə görə, illər öncə yaradılan Mətbuat Şurası, sonradan formalaşdırılan Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu (KİVDF) məlumat, söz azadlığının qorunması və dəstəklənməsi məqsədilə yaradılıb: "Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər qanunvericilik bazası var. Bu baza da çox mükəmməldir. Sadəcə olaraq, onun işləməsində müəyyən problemlər olurdu və Mətbuat Şurasının, Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun yaradılması bu amala xidmət edirdi. "Kütləvi İnformasiya Haqqında" Qanun, "İnformasiya Əldə Etmək Haqqında" Qanun var. Bu qanunların icrasında problemi bəzi məmurların ucbatından yaranır. Mətbuat Şurasına yeni bina tikildi, ölkə başçısı da açılış mərasimində iştirak elədi. O bu stuktura dəstək oldu. Qanunvericilikdə məlumat azadlığını təmin edən bəndlər var. Söz azadlığı da onların sırasındadır. Qarabağ müharibəsi dövründə ən böyuk çətinliyimiz informasiya blokadasını yara bilməməyimiz idi. Əslində, Sovet dövründə söz azadlığı, məlumat azadlığı deyilən anlayış yox idi... Həm Konstitusiyadakı müvafiq bəndlər, həm də digər sənədlərdə göstərilən məsələlər söz azadlığına xidmət edən amillərdir".

   Müsahibimizin dediyinə görə, ölkə başçısı İlham Əliyev də söz və məlumat azadlığına təkan verir. Jurnalistlərin həbs edilməsinin əleyhinə olduğunu deyən R.Kərimoğlu bildirdi ki, qələm adamları yazdıqlarına görə məhbəsə atılmalı deyil: "Yadınıza gəlirmi, Asif Mərzili həbs ediləndə ölkə başçısı buna reaksiya verdi və baş redaktorun azadlığa qovuşmasını reallaşdırdı. Prezident o vaxt öz davranışı ilə dedi ki, jurnalist niyə həbs olunmalıdır, başqa cəza metodları da var. Nə gizlədək, görürsən ki, jurnalistlərin informasiya almasında bəzi problemlər mövcuddur. Eyni zamanda, jurnalistikamızda peşəkarlığının artırılması və digər sahələrdə çox zəruri işlər var, onlar görülməlidir. Hazırda bu sahədə ciddi işlər gedir.

   R.Kərimoğlunun bildirdiyinə görə, bundan sonra dövlət bu sahəyə daha çox diqqət ayırmalıdır: "Diqqət, qayğı göstərilir, bundan sonra da göstərilsə çox yaxşı olar. Hesab edirəm ki, görüləcək işlər çoxdur. İş gedir, amma onunla yanaşı nöqsanlar da var. Sözsüz ki, iş olan yerdə nöqsan da olur. Müəyyən boşluqlar nəzərə çarpır, onlar aradan qaldırılmalıdır. İndi "Diffamasiya Haqqında" Qanunun qəbulundan söhbət gedir. Olsa bilsin, bu qanun Azərbaycanda qəbul edilsin. Halbuki bu, Avropa ölkələrinin çoxunda qəbul edilməyib. Amma bizi bunu qəbul etməyə məcbur edirlər".

   Ekspertlər hesab edir ki, hər bir vətəndaş qanunun ona verdiyi səlahiyyətdən istifadə edərək ona lazım olan məlumatı istədiyi orqandan ala bilər. Bəzi özəl qurumların məlumat alma azadlığını pozmasına gəlincə, mütəxəssislər deyir ki, onlar informasiya verməkdə cavabdeh olmadığından, mətbuata, cəmiyyətə açıq olub-olmamaq onların öz işidir.

   Yazı Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

  

 

    Namiq QULİYEV

 

    Bakı xəbər.-2011.-21 fevral.- S.11.