"Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladların şanlı Vətəni!"
Asif
Rüstəmli: "Xalqımızın öz ərazisini, vətənini
işğalçılardan qorumaq ənənəsinin tarixi
çox qədimdir"
"Daim
Mübariz kimi oğullarımız işğalçılara
qarşı mübarizənin ön cəbhəsində
olacaq"
Şanlı
Vətən Azərbaycan! Sənin mövcudluğunu, müstəqil
dövlətlər sırasında öz yerini
tutmağını səni canından əziz sevən, göz
bəbəyi kimi qoruyan övladların mücadilələr
verərək həyata keçirib. Azərbaycan xalqı tarixdə
bir neçə dəfə müstəqil dövlətə
sahib olub. Dilimiz dəfələrlə rəsmi dövlət
dili statusunda çıxış edib. Üç rəngli
bayrağımız həm XX əsrin əvvəllərində,
həm də sonlarında müstəqil Azərbaycanın
bağrı başından göyərib. Himnimiz bir əsrdə
iki dəfə xalqımızın varlığına,
dövlətimizin bağımsızlığına şahid
olub.
"Qorxaq diləksiz yaşar, millətim
qəhrəmandır" - bütün dövrlərdə Azərbaycan
xalqı cəsarətli, yadelli işğalçılara,
istilaya, zülmə qarşı mübariz olduğunu
sübüt edib. Dövlətimizin müstəqil olması da
müqəddəs bir dilək, istək kimi millətimizin daim
ürəyindən keçib. Nəhayət, 1918-ci ildə ilk
dəfə dövlət müstəqilliyimiz elan edildi və
insanların azad yaşamaq arzusu reallaşdı. Həm Cənubi,
həm də Şimali Azərbaycanda onlarca qəhrəman
oğullar, qızlar yaşayıb, qılınc-qalxan
götürüb, tüfəngə sarılıb düşmənə
layiqincə cavab verib. Tarixə qızıl həflərlə
yazılan Şeyx Xiyabani, Səttərxan, Bağırxan, Seyid
Cəfər Pişəvərinin qəhrəmanlığı
indiki nəsil tərəfindən də böyük sevgi və
sayğı ilə qeyd edilir.
Azərbaycanın şimalında
da düşmənə qarşı döyüşlərdə
mübarizə aparan yüzlərlə insan olub. İstər
Birinci Dünya Müharibəsində, istər İkinci
Dünya Müharibəsində, istərsə də Qarabağ
savaşında canını qurban edən minlərlə, on
minlərlə vətən övladları bununla
xalqımızın başını həmişə uca edib.
Çar müstəmləkəsinə qarşı mübarizə
aparan Cavad Xan və oğullarının, Qubalı Fətəli
xanın, Bakı xanı Hüseynqulu xanın adlarını
da qəhrəmanlar sırasına daxil edə bilərik. Fətəli
xanın həyat yoldaşı Tuti Bikə də ərilə
çiyin-çiyinə düşmənə qarşı
vuruşub. Cənubi Azərbaycanda şah rejiminə
qarşı barışmaz mübarizə aparanlardan bir
neçəsi də qızlarımız idi. Cənublu qəhrəman
Mərziyənin şücaətini heç cür unutmaq
mümkün deyil. Mərhum xalq şairimiz Bəxtiyar Vahabzadə
bu qorxmaz vətən qızının obrazını
özünün "Mərziyə" poemalarından birində
yaradıb.
Birinci Dünya Müharibəsində
qəhrəmanlıq göstərərək şəhidliyə
qovuşan ilk təyyarəçimiz Fərrux Ağa
Qayıbov, "artilleriya Allahı" Əliağa
Şıxlinski, general Səməd bəy Mehmandarov qəhrəmanlıq
tariximizə öz adlarını yazdırıb.
İkinci Dünya Müharibəsində
faşizmə qarşı vuruşan və Sovet İttifaqı
Qəhramanı adına layiq görülən Azərbaycan
oğulları-Ziya Bünyadov, Nəcəf Nərimanov, Məlik
Məhərrəmov, Həzi Aslanov, Mehdi Hüseynzadə, Adil
Quliyev, Hüseynbala Əliyev, Qəzənfər Məmmədov,
Qafur Məmmədov, Gəray Əsədov və
başqalarının keçdiyi döyüş yolu, vətənpərvərliyi
əsl Vətən sevgisi məktəbidir. Fransa Müqavimət
Hərəkatının üzvü Əhmədiyyə Cəbrayılovun
(Xarqo) fəaliyyətini unutmaq ədalətsizlik olardı. Böyük
Azərbaycan oğlu bu gün Fransanın Milli Qəhrəmanı
kimi əbədilik qazanıb. Mixaylo ləqəbli Mehdi
Hüseynzadənin də bir partizan kimi İtaliya və
keçmiş Yuqaslaviyada (Slovakiya) göstərdiyi
şücaət unudulmayıb. O indi də Slovakiyanın Milli
Qəhrəmanıdır. Məlumat üçün bildirək
ki, Böyük Vətən Müharibəsi
iştirakçısı, Mixaylo ilə çiyin-çiyinə
cəbhə həyatı yaşayan əslən Qərbi Azərbaycandan
olan Cəlal Həkimli özünün "İntiqam"
adlı kitabında oxuculara dostu haqda müfəssəl məlumatlar
verir.
Sovet dövründə yüzlərlə
Azərbaycan övladı əmək qəhrəmanı kimi
ucaldı, elm, mədəniyyət, incəsənət, ədəbiyyat,
səhiyyə, təhsil sahəsində fərqləndi. Respublikamızda
neçə-neçə Sosialist Əməyi Qəhrəmanı
yetişdi. Biz Bəsti Bağırovanın, Sevil
Qazıyevanın, Şamama Həsənovanın, Bilqeyis Məmmədovanın,
Qüdrət Səmədovun və başqalarının
adlarını böyük ehtiramla çəkə bilərik.
Bu insanlar torpağı əkib-becərməklə, bol məhsuldarlıq
əldə etməklə əmək qəhrəmanları
kimi şöhrət tapdı.
Ermənilərin öz
havadarlarının köməyilə bir neçə istiqamətdən
ölkəmizə hücum etməsi Azərbaycan oğul və
qızlarını silaha sarılmağa vadar elədi. Həm
birinci, həm də ikinci Qarabağ müharibəsində
yüzlərlə insan qəhrəmanlıq göstərdi. Vətən
oğul və qızlarının bir qismi şəhidliyə,
bir qismi isə qaziliyə ucaldı. Bakıda, Sumqayıtda, Gəncədə,
Naxçıvanda və digər iri şəhər və
rayonlarda Şəhidlər Xiyabanları salınıb. Burada
Azərbaycanın ərazi bütövlüyünü öz
həyatından dəyərli hesab edən şanlı qəhrəmanlar
uyuyur.
"Azərbaycan! Azərbaycan! Ey qəhrəman
övladın şanlı Vətəni!" sözü Azərbaycanın
dövlət himninin bir misrasıdır. Xatırladaq ki, bu,
1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan
Demokratik Respublikasının himni olub, ölkəmiz ikinci dəfə
müstəqillik əldə etdikdən sonra o yenidən bizim
himnimiz kimi qəbul edilib.
Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA) N.Gəncəvi adına Ədəbiyyat
İnstitutunun baş elmi işçisi, filologiya elmləri
namizədi Asif Rüstəmli bizimlə söhbətində
himnimizin yaranış tarixindən danışdı. Onun
sözlərinə görə, himnimiz 1919-cu ildə
yazılıb: "1919-cu ilin yanvar ayında Azərbaycanın
üçrəngli bayrağı təsdiq edildikdən sonra
himn və gerblə bağlı təşəbbüslər
irəli sürülüb. Bu təşəbbüs də o
dövrün Nazirlər Kabinetinin dövlət himininin
yaradılması haqqında elanı ilə nəticələndi.
1919-cu ildən başlayaraq Azərbaycan dövlətinin
müstəqillik, azadlıq, hürriyyət ideyalarını
özündə əks etdirən çoxlu şeirlər
yazıldı. Bu təşəbbüsə qoşulanlar bunu
könüllü şəkildə edirdi. Dövlət himninin
yazılması üçün 1919-cu ilin avqustunda həm
himnlə, həm də dövlət gerbilə bağlı
müsabiqə elan edildi. Xeyli gənc və yaşlı yazar
dövlət himni yazmağa qoşuldu. Onların sıralarında
elə adamlar var ki, onların heç biri sonradan şair kimi
tanınmayıb. Məsələn, Xədicə xanım
adlı bir şairənin o dövrdə yazdığı
şeirə Zülfüqar Hacıbəyli marş musiqisi
yaratmışdı. "Övraqi Nəfisə"
jurnalında onun mətni çap olunmuşdu. O marş da milli
himinin yaradılması istiqamətində bünövrə
idi. Himnimiz ilk dəfə milli marş kimi 1919-cu ilin may
ayının 28-də - Azərbaycanın istiqlal günündə
səsləndirilib. O dövrün "Azərbaycan" qəzeti
"Parlaman önündə bir saat" adlı bir reportaj
çap eləmişdi. Orada qeyd olunmuşdu ki, 30 nəfərə
qədər 7-10 yaşlarında uşaq bir əlində
taxtadan hazırlanmış silah, o birində isə kiçik
ölçülü üçrəngli bayraq
"Şanlı Vətən" mahnısı oxuya-oxuya
parlament qarşısından fəxarətlə keçirdi. Bu,
təbii ki, himnimizin ilk variantıdır. Bu himnin musiqisi,
şübhəsiz ki, birmənalı şəkildə
Üzeyirbəy Hacıbəyova aiddir. Mətn hissəsi Əhməd
Cavadın adına verilsə də, müəllifliyi
mübahisəlidir..."
A.Rüstəmli bildirdi ki,
bütün zamanlarda Azərbaycan oğulları,
qızları Vətənin bütövlüyü,
azadlığı uğrunda canını əsirgəməyib.
Ədəbiyyatşünas alimin sözlərinə görə,
hər bir qəhrəmanımız "Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni"
ifadəsinin köynəyindən keçərək əbədiliyə
ucalıb: "Fikrimcə, Azərbaycan türklərinin qəhrəmanlıq
tarixi Babəkdən-Xürrəmilər Hərəkatından
başlayır. Xalqımızın öz ərazisini, vətənini
(dəxli yoxdur kimlər hansı adlarla)
işğalçılardan qorumaq ənənəsinin tarixi
çox qədimdir. Tariximizin müxtəlif dövrlərini,
müxtəlif mərhələlərini nəzərdən
keçirdikdə doğrudan da işğalçılara qarşı
müqavimətin, mübarizənin şahidi oluruq. Bu
baxımdan Azərbaycan xalqı, min şükür ki,
özünün qəhrəman oğullarını yetirib və
onlarla da fəxr edir. Təkcə XIX-XX əsrlərə baxsaq
görərik ki, Rusiya imperiyası ilə mübarizədə
xalqımızın nə qədər döyüşkən
oğulları həlak olub, imza qoyub. Məsələn, mənə
elə gəlir, Cavad xanı xatırlamaq kifayətdir ki, Azərbaycan
xalqının həmişə istilaya, işğala
müqavimət göstərdiyini deyək. Oğullar həlak
olub, amma əqidəsindən dönməyib. Fərz edin ki,
Rusiyanın canişini Sisyanovun İçəri Şəhərin
Qoşa Qala Qapısı ağzında qətlə yetirilməsi
işğalçılığa "yox" deyilməsidir. Yaxud 1920-ci ilin may ayında baş verən Gəncə hadisəsini yada salaq. Qırmızı Sovet Ordusunun Azərbaycana qarşı yürütdüyü işğalçılıq
siyasətinə həmin
üsyan çox sərt bir cavabdır.
Azərbaycan xalqının özü
zəhmətkeşdir, sülhsevərdir.
Dəfələrlə müxtəlif ordulara
arxalanaraq Azərbaycana
qarşı işğalçılıq
və soyqırım siyasəti həyata keçirən, təcavüzkar
ermənilərin hərəkətlərini
heç bir vaxt xalqımız müqavimətsiz qarşılamayıb.
İşğalçıların məqamı çatdıqca
cavabını verib və öz haqq işini bütün dünyada nümayiş etdirib.
Yəni bu baxımdan hesab edirəm ki, ermənilərin hazırkı işğalçılığı
da cavabsız qalmayacaq. Bizim Mübariz İbrahimov,
Ramil Səfərov kimi oğullarımız var ki, onlar
işğalçılıq faktını sükutla, sakitliklə qəbul etməyəcək. Daim Mübariz
kimi oğullarımız
işğalçılara qarşı
mübarizənin ön
cəbhəsində olacaq".
A.Rüstəmlinin
dediyinə görə,
Sovet İttifaqı Qəhrəmanları da, əmək qəhrəmanları
da hər bir yerdə xalqımızın adını
yüksəklərə qaldırıb:
"Ümumiyyətlə, Azərbaycan
xalqı son yüz ildə Çar imperiyası dövründə
də, ADR dönəmində
də, Sovetlər Birliyinin tərkibində də müstəqil dövlətin sahibi kimi yaşayıb. O bu illərdə zəhmətlə, namusla,
şərəflə ömür
sürüb. Bu tarixlərdə
əmək qəhrəmanlarımız
da var, faşizmə
qarşı döyüşdə
öz sərkərdəliyilə,
igidliyi, zəkası ilə mübarizə aparan qəhrəmanlarımız
da var, Qarabağ
savaşında bizim
211 nəfər Milli Qəhrəmanımız var. Mənə
elə gəlir ki, onların hamısını bir amal birləşdirir. Hamısı
Azərbaycan xalqının,
Azərbaycan torpağının
uğrunda aparılmış
mübarizədə şəhid
olub. Həlak olanlara Allah rəhmət
eləsin. Onlar şəhidlik
zirvəsinə ucalmış
insanlardır ki, bu günkü gənclərimiz üçün
onların həyat yolu örnəkdir, nümunədir".
İradə SARIYEVA
Bakı xəbər.- 2011.- 22 fevral.-
S.12.