Akademiyanın elmi işçisi himnimizdəki məşhur sözlərin Əhməd Cavada məxsus olmadığını iddia edir

 

   Asif Rüstəmli: "O heç vaxt Cəmo bəy imzası ilə yazmayıb"

 

   Müstəqil Azərbaycan Respublikasının atributlarından biri olan dövlət hmnimizlə bağlı mübahisələr, uzun illərdir ki, davam edir. Himnin musiqisi elə də kütləvi şəkildə müzakirə edilməsə də, mətni və söz müəllifi barədə müxtəlif fikirlər irəli sürülür.

   Məlumdur ki, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycan Xalq Cumhuriyyəti (AXC) dövründə dövlət atirubutu statusu almış himni yenidən qəbul elədi. Bilirik ki, 1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan öz müstəqilliyini elan etdi, müstəqillik aktı isə eks-prezident Ayaz Mütəllibov tərəfindən imzalandı. Öz azadlığına qovuşmuş bir dövlətin həm bayrağı, həm himni, həm gerbi, həm də digər atributlarının olması vacib idi.

   Sonra AXC-nin üç rəngli bayrağı bayrağımız, himni himnimiz oldu. Deyilənə görə, gerbimiz yenidən işlənib hazırlandı. Onun müəllifinin yəhudi mənşəli bir rəssam olduğu bildirilir.

   "Azərbaycan! Azərbaycan! Ey qəhrəman övladın şanlı vətəni" misraları ilə başlanan himnimizin Azərbaycanın dövlət atributu kimi qəbul edilməsinin konkret kimin təklifi olması haqda məlumata rast gəlmədik. Həmin himnin musiqisinin dahi bəstəkarımız Üzeyir Hacıbəyova, mətninin isə tanınmış şairimiz, Stalin repressiyası qurbanı Əhməd Cavada məxsus olduğu Ali Sovetdə (Milli Məclisdə) elan edildi. Mübahisə də elə o vaxtdan başladı. 20 ilə yaxındır ki, bu himn üzə çıxarılıb, amma hələ də onun mətn müəllifinin kim olduğu araşdırılıb meydana çıxarılmayıb. Beş-üç alim deyir ki, mətn müəllifi Əhməd Cavad deyil, bir qisim araşdırmaçı isə onun Əhməd Cavada aid olduğunu iddia edir.

   Ötən əsrin 90-cı illərində himnimizlə bağlı çap olunan yazılara nəzər salsaq görərik ki, mərhum xalq yazıçısı, professor Əzizə xanım Cəfərzadə başda olmaqla, bir neçə tədqiqatçı birmənalı olaraq bu mətnin AXC dövründə yaşayıb fəaliyyət göstərmiş Cəmo bəy Cəbrayılbəyliyə aid olduğunu israr edirdi.

   Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Gəncəvi adına Ədəbiyyat İnstitututunun baş elmi işçisi, "Ozan" Nəşriyyatının rəhbəri, filologiya elmləri namizədi Asif Rüstəmli də dövlət himnimizin mətn müəllifinin Əhməd Cavad olmadığı qənaətindədir. A.Rüstəmli fikrini himn mətninin Əhməd Cavadın o dövrdə Azərbaycan və Türkiyədə nəşr olunan kitablarından heç birində yer almaması ilə əsaslandırır: "Himnin musiqisi şəksiz olaraq Üzeyir bəyə aiddir, amma mətn müəllifi indiyə qədər də mübahisəlidir. 1919-cu ildə "İran" mətbəəsində "Milli nəğmələr" adlı bir kitabça buraxılıb. Burada o dövrün həm türkiyəli, həm Azərbaycan şairlərinin vətənpərvərlik mövzusunda yazdığı təxminən 99 şeir toplanıb. Onlardan biri də indiki himnimizin mətnidir. Bu şeirin aşağı hissəsində indiki kimi Əhməd Cavad adı yox, Cəmo bəy imzası var. Cəmo Cəbrayılbəylinin özü o dövrün çox tanınmış qələm sahibi idi. Ədəbiyyatla, tərcümə məsələlərilə, pedoqoji fəaliyyətlə məşğul olurdu. Hətta o dövrün mətbuatına nəzər salanda onun bir neçə pyesinin səhnəyə qoyulduğu haqda da məlumatlara rast gəlirik. Təbdil etdiyi bəzi əsərlər vardı. Mətbuatda çıxış edən bir adam idi Cəmo Bəy Cəbrayılbəyli. Cəmo bəy imzası ilə yalnız Cəbrayılbəyli yazmırdı. O vaxt Cəmo bəy Hacınski də vardı. Məsələ burasındadır ki, milli himnimizin mətni bu Cəmo bəylərdən hansına məxsusdur? Bilirsiz, əlimizdə əlyazma yoxdur, mətnin ilk variantı yoxdur, qonorar sənədi indiyə qədər qalmayıb. Yaxud müəlliflərin bu sahədə hər hansı bir sənədi, imzası yoxdursa, mətni müəllifin üslubuna görə müəyyənləşdirmək düzgün deyil. Bəzən sual veriləndə ki, himn mətninin həqiqi müəllifi kimdir? Deyirlər ki, Əhməd Cavad. Niyə? Ona görə ki, onun ruhu Əhməd Cavad yaradıcılığına uyğundur. Bəri başdan deyim ki, Əhməd Cavadın 1919-cu ildə kitabı çap olunub. Həmin kitaba bu şeir daxil edilməyib. İkincisi isə, sonrakı dövrlərdə Əhməd Cavadın sağlığında yazdığı yazılarda bu barədə məlumata rast gəlmirik. Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa edənə qədər Əhməd Cavadın Türkiyədə bir neçə kitabı çap olunub, o nəşrlərə də bu şeir salınmayıb. Hətta bizim türkiyəli həmkarlar tərəfindən də daxil olunmayıb. Bütün bunlar göstərir ki, o şeir kifayət qədər əsaslandırılmamış məlumatlara əsasən Əhməd Cavada aid edilir. Əhməd Cavad yaradıcılığı ilə məşğul olan tədqiqat aparan bir neçə ədəbiyyatşünasımızın bu istiqamətdə mövqeyilə tanış olmuşam. Bütün bunların heç biri o qədər də etibarlı mövqe deyil. Yəni fakta söykənmirlər. Onlar kifayət qədər tənqidə dözümsüzdür. Bu baxımdan da onun Əhməd Cavadın şeiri olduğuna şübhəm var. Məni, o dövrün bir tədqiqatçısı kimi, bu mətnin Əhməd Cavada məxsus olduğu qətiyyən inandırmır. Amma Cəmo bəy məsələsi diqqətimi çəkir. Şeirin sonunda Cəmo bəy imzasının yazılması onun birmənalı şəkildə Əhməd Cavada aid olmadığını sübut edir. Çünki o heç vaxt Cəmo bəy imzası ilə yazmayıb. Bu hansı Cəmo bəyindir? Bu, tədqiqatçıların qarşısında duran suallardan biridir".

   "1919-cu ildə çap olunan mətnin sonunda Cəmo bəy yazılmasına baxmayaraq, bəs necə oldu ki, o Əhməd Cavada aid edildi". A.Rüstəmli bildirdi ki, ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra bu himnin qəbul edilməsini təklif edən adamlar həyatdadır və onlar bu suala cavab verməlidir: "O dövrdə bu mətni Milli Məclisə kim təqdim edib? Bu niyə Əhməd Cavadın adı ilə bağlıdır? Bu sualları ünvanlamaq olar ki, onlar hansı məntiqə əsaslanıb bu mətni Əhməd Cavadın adı ilə bağlayıb. Hesab edirəm ki, gec deyil, bu məsələni indii qaldırmaq olar. Ədəbiyyatda vacib məsələlərdən biri həqiqətin öz yerini almasıdır. Haqqın qələbə çalmasıdır. Nə Əhməd Cavadın, nə də digərinin başqasının zehni əməyindən, bədii düşüncəsindən, duyğusundan yaranan əsərlərə ehtiyacı var. Bu mətni Əhməd Cavadın kitabına salsaq, o bununla zənginləşmir, oradan çıxarsaq kasıblamır. Bizə faktlar gərəkdir. O faktları araşdırmaq lazımdır". Mövzunu davam etdirəcəyik.

 

 

İradə SARIYEVA

 

Bakı xəbər.- 2011.- 23 fevral.- S. 14.