Məşhur himnimizin müəllifi ilə bağlı AMEA aliminin tam yeni fikrinə reaksiya verildi

 

  1968-ci ildə Türkiyədə çıxan "Azərbaycan" jurnalı dövlət himnimizin müəlliflərinin Üzeyir Hacıbəyov Əhməd Cavad olduğunu yazıb

 

  Dövlət himnimizin üzə çıxarılmasında Niyazinin rolu nədən ibarət olub?

 

  Vaqif Səmədoğlu: "Mustafa Vəkilov "Azərbaycan marş"ından danışırdı"

 

  Azərbaycanın dövlət himninin mətninin həqiqi müəllifi kimdir-Əhməd Cavad, Cəmo bəy Cəbrayılbəyli, yoxsa Cəmo bəy Hacınski? Uzun illərdir ki, ictimaiyyət bu suala cavab axtarır. Mütəxəssislərin hərəsi bir söz deyir, camaat bilmir kimə inansın. Sözü mötəbər sayılan şəxslərin əksəriyyəti Əhməd Cavadın mətn müəllif olduğunu, elm aləmində ciddi qəbul edilən faktları hər zaman etibarlı mənbələrdən götürən alimlər əksini deyir.

   Əhməd Cavadşünaslar isə, ümumiyyətlə mövqe bildirmək istəmir. Tanınmış şairlərin çoxu himnin sözlərinin çox zəif olduğu fikrini irəli sürür, onun yenilənməsinə tərəfdar kimi çıxış edirlər. Məlumatımıza görə, hətta bir neçə xalq şairi mərhum prezident Heydər Əliyevə himnin sözlərinin dəyişdirilməsini təklif edib, lakin o bu mətni "müqəddəs" adlandıraraq onun dəyişdirilməsinə qarşı çıxıb.

   İyirmi ilə yaxındır ki, bütün dərsliklərdə, dəftərlərdə, nəşrlərdə, ictimai yerlərdə, təhsil, səhiyyə mədəniyyət ocaqlarında, dövlət qurumlarında himnimizin mətni yerləşdirilir. Himnin əvvəlində isə onun bəstəkarının Üzeyir Hacıbəyov, mətn müəllifinin isə Əhməd Cavad olduğu qeyd olunur.

   Xatırladaq ki, qəzetimizin ötən sayına açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmlər namizədi Asif Rüstəmli himnimizin sözlərinin Əhməd Cavada aid olmadığını bildirmişdi. A.Rüstəmlinin sözlərinə görə, Ə.Cavadın müəllif kimi qəbul edilməsi heç bir faktla əsaslandırılmayıb. Üstəlik, Ə.Cavadın o dövrdə nəşr olunan heç bir kitabında himnin mətni olmayıb.

   Bu fikirlər dərc edildikdən sonra respublikanın bəzi tanınmış ziyalıları, orta məktəb müəllimləri bizimlə əlaqə saxlayaraq həqiqəti üzə çıxarmağımızı istəyir. Orta ümumtəhsil məktəblərində dərs deyən müəllimlər deyir ki, axır vaxtlar "himnimizin mətninin həqiqi müəllifi kimdir" sualı şagirdləri ciddi narahat edir.

   Alimlərdən, tədqiqatçılardan dəqiq cavab ala bilmədiyimiz üçün 1991-1992-ci illərdə Milli Məclisin üzvü olmuş şəxslərlə əlaqə saxladıq. Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı bildirdi ki, bu elə-belə məsələ deyil, ciddi yanaşma tələb etdiyindən, xaricdə olduğu üçün hələlik bu barədə heç demək istəmir: "Bu barədə ilk olaraq mütəxəssislər öz sözünü deməlidir. Mənim fikrimə gəlincə, Bakıya döndükdən sonra bu ətrafda danışa bilərəm. İndi isə xaricdəyəm".

   Digər millət vəkili, xalq şairi Vaqif Səmədoğlu isə, Əhməd Cavadın himnimizin mətn müəllifi olaraq qəbul edilməsinin sirrini qəzetimizə açdı. İndiyə qədər mətbuatın diqqətindən kənarda qalan bu məsələyə V.Səmədoğlu aydınlıq gətirdi. O bildirdi ki, bu, əsaslandırılmış şəkildə olub: "İndi hər kəs bir söz danışır. Biri deyir, sözləri Camo bəy yazıb, başqa birisi deyir Əhməd Cavad yazıb. Hətta mətni Üzeyir bəyin özünün yazdığını deyənlər var. Mən fikrimi bildirim. 1968-ci ildə maestro Niyazi Türkiyədən "Azərbaycan" adlı jurnal gətirmişdi. Mənə zəng vurub bu barədə danışdı görüşdük, o həmin dərgini mənə verdi. Bu jurnal bütövlükdə Mustafa Kamal Atatürkün vəfatının ildönümünə həsr olunmuşdu. O mərasimdə çıxış edənlən sırasında Mustafa Vəkilov da var idi. O, "Azərbaycan marş"ından da danışmışdı jurnalın əvvəlində indiki himnimizin sözləri notu çap olunmuşdu. Onun bəstəkarı kimi Üzeyir Hacıbəyovun, mətn müəllifi kimi isə Əhməd Cavadın adı qeyd olunub. Mən o vaxt həm o mətni köçürdüm, həm notu. Sonra jurnalı Niyazinin özünə qaytardım. Uzun müddət sonra notu Aydın Əzimova verdim, o musiqinin üstündə işlədi".

   "Vaqif bəy, yəqin ki, onun dövlət himni kimi qəbul edilməsi təşəbbüsünü Siz qaldırmısınız. Oradakılar da müəlliflərin kim olduğunu ilk dəfə Sizdən eşidib".

   V.Səmədoğlunun sözlərinə görə, o qətiyyən belə bir təklif irəli sürməyib: "Yox, bu mənim təklifimlə olmayıb. O kimin təşəbbüsü ilə qəbul edilib, bilmirəm. Bilirsiz, Meydan Hərəkatı dövründə əvvəllər mitinqlərdə Üzeyir Hacıbəyovun "Koroğlu" operasından uvertura səsləndirilirdi. Aydın Əzimov o vaxtkı "Azərbaycan marşı" işləyəndən sonra isə o səslənməyə başladı. Milli Məclis qəbul edəndə o artıq məşhur idi.

   Hər kəs mətn müəllifinin, "Azərbaycan" jurnalında qeyd edildiyi kimi, Əhməd Cavad olduğunu bilirdi. Düşünərəm ki, bunu problem etməyə dəyməz. Kimin üçün maraqlıdırsa, buyurub araşdırsın, müəllifin kimliyini təsdiqəsin. Öz aramızdır, himnin sözləri elə keyfiyyətli deyil".

   Dövlət himnimizin mətninin dəyişdirilməsinin dərəcədə vacib olduğuna gəlincə, V.Səmədoğlu bunu doğru saymır: "Dəyişmək olmaz-günahdır".

   

 

   İradə SARIYEVA

 

  Bakı xəbər.- 2011.- 24 fevral.- S.15.