İslamda
yas mərasimləri və əyintilər...
"Birtərəfli dar küçələrdə
günlərlə yas çadırı qurmaq düz deyil"
"Adəm oğlunun ölümlə
ünsiyyəti körpənin ana döşü ilə
ünsiyyətindən çoxdur" Həz. Əli(ə.s.)
Bu
bir həqiqətdir ki, cəmiyyətdə insanların fərqli
yaşamalarının şahidi oluruq. Biri dünyasını
dəyişir, ona ağlayırıq, həyatda qalana da
başsağlığı veririk; biri xəstə yatır,
onu ziyarət edirik; bir başqası öz dərdi ilə
baş-başa qalır; bir qisminin həyatı axirət
dünyasına yaxın olsa da, dünya işlərinin
dalınca qaçır; bəzilərinin ətrafı bəlalarla
əhatə olunur, sanki qəflət içində yaşayar,
oyanmaz! Həyatını bu cür yaşayanlar Haqq
dünyasına qovuşanların ardınca düşüb
gedənlərdir. Amma
hara getdiklərini anlamazlar. Vay belələrinin halına, vay!
Həz. Əli (ə.s.) buyurub:
"Dünya fəlakətlərlə doludur. O, insanların
qapısını döyüb dərd və bəla gətirir."
Daha sonra möminlərin əmiri davam edir: "Bu dünyada
axirətdən daha çox başqa şeyə bağlanan və
dünya işlərinə axirətdən daha çox əhəmiyyət
verən adam fani dünyaya axirətini satmış, əbədi
məkanı müvəqqəti məkanla dəyişmiş,
özünü tərk etmiş, ötəri şeylərə
meyl etmiş və doğru yoldan sapmışdır."
Yer üzü nə qədər
geniş olsa da, hər birimizə dar bir yer düşür.
Ağlımıza sahibkən bu oyun-oyuncaqlı dünyanın
ləzzətlərinə aldanmaq olmaz.
Ölüm yaşa baxmır. Vaxt,
vədə çatdısa, bir anın içində ruh bədəndən
ayrılır. İslam ilahidən gələn bir din kimi
insanlar arasında izzət və hörmət üzərində
qurulan ideologiyaya sahibdir. Bu ideologiyanın əsas qayəsi və
fəlsəfəsi ədalətdən və haqdan, israfçılıqdan
uzaq olmaqdan, Haqq dünyasına qədər nəfsi ilə
mübarizədən, yas mərasimlərini dəb-dəbədən
uzaq təşkilindən, həm də məzarın
mümkün qədər sadə olmağından ibarətdir.
Yas mərasimlərin verilməsi, dəfn günündən 40
gününə qədər, daha sonra ilin də verilməsi
israfçılıqla müşayiət olunmamalıdır.
İslam Peyğəmbərinə
görə, ən böyük savab cənazənin
arxasınca gedib onu torpağa tapşırmaqda ehtiva edilir. Hədislərə
görə, cənazə kimin onu qəbr evinə ötürməsini
görür, qəmli-qüssəli doğmalarına xitab etsə
də, lakin heç kim onu eşitmədiyi üçün
tabuta uzanır. Bu mənada Məhəmməd Peyğəmbərin
(ona salam olsun) tövsiyyələri hüzn mərasimlərinin
ana xəttini təşkil edir. Peyğəmbərimizin
qoyduğu şəriət qaydaları ağıl və hikmətlə
vəhdət təşkil etdiyindən, bundan sonra da təkcə
İslam dünyasında deyil, bütün aləmdə
hökmranlıq edəcək.
Mal, nemət bu dünyada Rəbbimiz
tərəfindən verildiyindən, ona çox
bağlanmağın da faydası yoxdur. Həyat mənbəyi
olan belə şeylərdən müəyyən dərəcədə
və ölçüdə istifadə etmək insanın qiymətini
artırar.
İsrafçılığın,
cah-cəlalın kimə nə dərəcədə gərək
olduğunun (və gərək oldumu?) zamanın hökmü
ilə çox şahidi olmuşuq.
Dahi Nizami "Sirlər Xəzinəsi"ndə
deyir:
Sanma ki, su səadət, bolluq
qaynağı olmuş,
və yaxud:
Sən dünyanın üstündən
xətt çək, bir az şad yaşa
Sənə uzaq olandan uzaqlaş,
azad yaşa!
Yolun, mənzilin uzaq, yormasın
yollar səni,
Hazırla yolluğunu, ruzunu, azuqəni.
Göründüyü kimi, dahi
Nizami də sanki hamımıza xitab edir. Kim bu dünyanı
ağlı ilə dərk edibsə, ona tərif deməkdən
vaz keçib, kim ondan bəhs edirsə, danışırsa
dodağı, dili alışıb yanıb. "Bir tələdir
bu dünya, güvənməli yer deyil."
Azərbaycan Respublikasında din
dövlətdən ayrıdır. Dini ayinlərin müəyyən
məcraya yönəlməsi və tənzimlənməsi
üçün dövlətin müvafiq qanunları var. Hər
şeydən əvvəl, ölkənin əsas qanununda
"Din və Dövlət", "vicdan
azadlığı" ehtiva edilən müddəalar var.
İstər Konstitusiya, istərsə də "Dini Etiqad
Azadlığı Haqqında" qanunlar dünyəvi
dövlətin ideyalarına yad olan ünsürlərin
qarşısını almaq və cəmiyyətin mənəvi
əsaslarını qorumaq dövlətin əsas vəzifələrindən
biri kimi nəzərdə tutulur. Dövlət ona aid olan hər
hansı işin yerinə yetirilməsini dini qurumlara həvalə
etmir və onların da fəaliyyətinə qarışmır.
Diqqət çəkən hal ondan ibarətdir ki, "Dövlət
qulluğu haqqında" 2000-ci il 21 iyul tarixli Azərbaycan
Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq,
dövlət qulluqçusunun statusundan istifadə edib dini mərasimlərin
keçirilməsinə müdaxiləsi yolverilməz hesab
edilir.
Ölkə Konstitusiyasının
digər müddəasına görə, dini mərasimlərin
yerinə yetirilməsi ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa
zidd deyildirsə sərbəstdir.
Mərasimlərin keçirilməsi,
dini etiqad və əqidə hüquq pozuntusuna bəraət
qazandıra bilməz.
Yas mərasimlərinin şəhərdə
keçirilməsi bəzən heç nəyə əhəmiyyət
vermədən, mənəviyyatımıza və islami dəyərlərə
ciddi xələl gətirən hallarla yadda qalır. Hərəkətin
intensiv xarakter daşıdığı küçələrdə
və yaxud birtərəfli keçid imkanı olan dar
küçələrdə 3 gün çadırın
qurulması başadüşülən deyil. Bu zaman savabdan
çox günah işlədilir. Nəqliyyatın hərəkəti
məhdudlaşır, qəza şəraiti yaranır. Lakin
heç kim hüzn sahiblərinə irad tutmur. Qənaətimə
görə, burada dövlət orqanlarının konstitusion müddəalara
uyğun olaraq müdaxilədən kənar olması humanizmin
və hüququn aliliyinin nümunəsi, nəticəsidir. Əslində
çadırın qurulması ilə yolda hərəkət məhdudlaşır,
ictimai münasibətlərə ziyan dəyir. İslam yas mərasimlərinin
belə keçirilməsini tövsiyə etmir. Bütün
hallarda ictimai marağa üstünlük verilməlidir.
Narahatlıq doğuran digər fakt
mərasimin 1-3-7 və 40-cı günlərinin verilməsindən
ibarətdir. Burada görünməyən tərəflər
var.
İlk öncə qeyd etmək
yerinə düşər ki, hüzn sahibi öz
ölüsünə savab qazandırmaq üçün
ehsanı imkanına uyğun verirsə, burada ona qadağa
qoyula bilməz. Lakin unutmaq olmaz ki, çay, halva və digər
nabatlı süfrə də, xurma da ehsan sayılır.
Hüzn mərasimləri əsl zəngin şərq süfrəsini
xatırladır. Məclisə toplaşanlar "fürsətdən"
istifadə edib, çoxdan görüşmədikləri
şəxslərlə hal-əhval tutub başları yenə
dünya söhbətlərinə qatılır. Ölü
üçün dualar və Rəbb kəlamlarının fəziləti
unudulur. Burada məclisi idarə edən ruhanilərimiz,
mollalarımız da Qurani-Kərimin surələrindən və
ayələrindən məclisi idarə edə biləcək
şərhlər verə bilmədikləri üçün
günahlardan xali ola bilməz. İslama görə, hüzn məclisinin
xeyri və son nəticədə ölü üçün cəmiyyət
üçün, savabı və faydası ondadır ki,
Qurani-Kərim yalnız belə məclislərdə tilavət
edilir, mənası mərasim iştirakçılarına
çatdırılır. Bununla da Allahın mərhəmətindən
hamıya, xüsusilə Rəbb kəlamlarını
eşidib qulaq asanlara pay, mükafat düşür. Sonra
ölüyə rəhmət diləyib məclis sahibinə
başsağlığı verməklə sanki dərdinə,
qəminə şərik oluruq, ona təsəlli veririk. Bu da
savabla müşayiət edilən bir islami dəyərdir.
Bakı əhalisinin və iri şəhərlərin
sakinlərinin narahatlığı ilə yadda qalan digər
faktorlar da var. Bunlar çadırların qurulması, yas mərasimlərinin
islami dəyər həddini aşmaqla keçirilməsi, habelə
başdaşıların sifarişi, ən
başlıcası isə qəbir üçün yer
alınmasının əksər insanlardan ötrü əlçatmaz
olmasıdır. Bir növ ölü sahibi ölüsünə
layiq məclis təşkil edə bilməyəndə, dəfn
etməyə yer tapmayanda, səliqə-sahmanlı
çadıra maddi vəziyyəti imkan verməyəndə qəhər
onu boğur. Daxili iztirablar və mənəvi əzabın əlindən
qurtula bilmir. Bu da ona bir dərd olur. "Nə etməli"
sualının cavabı o qədər çətin deyil. Bəyənmədiyimiz,
eninə və uzununa söydüyümüz kommunist rejiminin bəzi
xüsusiyyətlərindən ibrət götürək. Məhəllələrdə
boş olan yerlərdən gözümüzü çəkək,
otellər, ofislər yerinə 150-200 nəfərlik
"xeyir-şər" evləri tikək və bərabərlik
qismən təmin ediləcək. Sonrakı mərhələlərdə
isə israfçılıqla mübarizə aparmaq çox
asandır və hesab edirəm ki, mərasimlərin
keçirilməsi barədə təkmil bir qanunun qəbul
edilməsi vaxtı da artıq zamanın, xalqın, həm də
İslamın tələbidir.
Azərbaycanın unitar, dünyəvi
və demokratik bir dövlət olması cəmiyyətimizə
çox şeyi əyani şəkildə diqtə edir. Azərbaycan
xalqının mənəvi dəyərlərinə əsaslanan,
beynəlxalq hüququn hamılıqla tanınmış
normalarına dəyər qatan və xalqın iradəsinə
söykənərək qəbul edilən 1995-ci il
Konstitusiyamız Azərbaycan xalqının çoxəsrlik ənənələrinin
canlı təcəssümüdür. Məhz bu qanun vicdan
azadlığına təminat verir. Konstitusiyanın "Din və
dövlət", "vicdan azadlığı" maddələrinin
şərhinin bəlli olmayan tərəfi də var. Fikirləşməliyik
ki, hər bir səhv addımımızda Tanrı ilə
peymanımızı pozuruq və canımızı
qurtaracağımıza ümid edirik. Yenə Şeyx Nizaminin
beytinə diqqət edək:
Aləm əzəldən bəri
alver evinə bənzər,
O dünyanı alırlar, bu
dünyanı verirlər
Bu alverdə özünü
günahkar etmə, saqın,
Artıq verib, əskik al,
çalış borcun qalmasın.
Gül əyri olduğundan, qoynunda
bitdi tikan,
Qamış şəkərə
döndü düzlüyün ucbatından.
Şərhə ehtiyac duymadan ibrət
götürməliyik..
Yuxarıda qeyd etdiyim kimi, qəbir
üçün yerin seçilməsi və müəyyən
edilməsi əsəb gərginlikləri hsabına
mümkün olur. Sosial çətinliklər ölü
sahibini "dinməzliyə", əsəbini içində
boğmağa vadar edir. Bakı şəhərində qəbir
yerinin alınması, qazılması və hörülməsi
baha başa gəlir. Bundan sonra isə abidənin qoyulması
da bir problemə çevrilir. İslama görə, məzar
mümkün olduğu qədər sadə olmalıdır. Məzarın
üstünə xərc çəkilməsini İslam
qadağan edir. Bu cür xərclər daha çox yoxsullara və
ehtiyac içində yaşayanlara çəkilsə,
ölüyə daha çox savab nəsib olar. İmkanı
olan bu cür davranmalıdır. Yalnız öz rifahı
üçün çalışanlar Aləmlərin Rəbbindən
qafil olur. Allah hamıya bol ruzi və imkan vermir. Verilənləri
isə əta etdiyi mal-dövlətlə, oğul-uşaqla
imtahana çəkir. Quranda bu barədə buyrulur: "Allah
bütün bəndələrinə bol ruzi versəydi, onlar
günah etməklə yer üzündə həddi
aşardılar."
Rəvayətə görə, Həz.
Əli (ə.s.) Məhəmməd Mustafanı qüsl verib kəfənləyərkən
demişdir: "....Sənin ayrılığına heç
bir təsəlli yoxdur. Bu sənə məxsus olan bir
haldır. Ələm və kədərin hamını
bürümüş, ümumi bir matəmdir. Səbrli
olmağı əmr etməsəydin, fəryad qoparardım,
sızıldamaqdan çəkindirməsəydin, göz
yaşlarım quruyana qədər ağlayardım sənə.
Amma bu sənin üçün yenə də az olardı. Neyləmək,
ölümü qaytarmaq olmaz və heç kəs ondan
qaça bilməz.. Rəbbinin dərgahında bizi yad et və
öz xatirəndə saxla!..."
Həqiqətən səbrli olmaq
çox yaxşıdır. Ah - fəryad qoparıb
ağlamağın da faydası yoxdur. Ayrılıq müsibət
olsa da, onu dərd etməyə dəyməz. Ən
başlıcası odur ki, Rəbbinin dərgahına
qovuşduqdan sonra şəninə verilən mərasim həddən
artıq sadə olmuşdur. Barı nümunə götürək.
Həz. Əli
(ə.s.) Həz. Fatiməni dəfn edərkən də
buyurmuşdur:
"Ya Rəsulallah! Məndən sənə
çox tez qovuşan qızından salam olsun.
Qızının ayrılığından səbrim tükənib,
taqətim qalmayıb...Səni qəbirə qoydum, ruhum
boğazımla köksüm arasından qəbz oldu. Əmanətin
qaytarıldı, mənə verdiyin alındı..Salam olsun hər
ikinizə: Sizinlə, incimiş və küsmüş
adamın sağollaşması kimi ayrılmıram..Bu
ayrılıq yorulub bezdiyimdən deyil...."
Yenə rəvayət edirlər ki,
İslam Peyğəmbərinin son anda vəsiyyəti bilavasitə
namazın kim tərəfindən qılınması, onun
yuyulmasının Həz. Əliyə həvalə edilməsindən,
habelə harada dəfn olunmasından ibarət olub. Lakin qəbirüstü
abidənin inşası və ya yas mərasiminin hansı
şəkildə verilib-verilməməsi barədə
heç bir vəsiyyət edilməyib. Göründüyü
kimi, istər fəxri cahan peyğəmbərimizin, istərsə
də elmin hikmətin zənginliyi və fəlsəfi mənası
ilə seçilən Həz.Əli (ə.s.)
üçün yas mərasiminin verilməsi həzrətlər
tərəfindən önə çəkilməyibsə, niyə
biz israfçılıqla davam edən yas mərasimlərini
heç bir ölçüyə sığmayan həddə
verməliyik?
Quranda Allaha və onun göndərdiyi
dinə və qoyulan qaydalara qarşı nankorluq edənlərin
necə də pis bir aqibətə sürüklənəcəyi
izah edilir, insanda ən böyük ilahi nemət olan
ağıldan hər kəsin yerli-yerində istifadə etməsi,
ətrafına diqqət və ibrətlə baxması
üçün kainat hadisələrinə təmas edilməsi
də ağlın gücü ilə mümkün olması
dönə-dönə vurğulanır. Haqla düşünsək,
ətrafımıza ibrətlə baxıb imkansızları
görsək, özümüzü bir anlıq onların vəziyyətində
hiss etsək başqa fikrə düşmərik, yas mərasimlərində
həddi aşmarıq, ehsanın yalnız yemək-içməkdən
ibarət olmasından vaz keçərik.
Başqalarının dərdinə şərik olmaq, imkan
daxilində maddi sıxıntılara düşənlərə
əl uzatmaq, məclislərdə Allah kəlamlarının
tilavəti ehsandır. Nə etmək ki, başqa dinlərdən
fərqli olaraq, bizdə israfçılığa daha
çox yer verilir.
Cəmiyyətdə yas mərasimlərinin
keçirilməsinin sadələşdirilməsi barədə
söz-söhbətlər artıq əhatəsini genişləndirib.
Bunun
üçün qanun layihəsinin Milli Məclisdə
müzakirəsi də çox vacibdir. Allah İslam dinini yer
üzünə bəxş etməklə dini vəzifələr
də müəyyən etmiş, ona xor baxmağı,
saymazlıq göstərməyi, onun müəyyən etdiyi sərhədləri
pozmağı, tapdalamağı günah saymışdır.
O, qadağalar qoyub və qadağalara da riayət etmək tələb
olunur. Riayət etsək, Rəbbimiz özünə xas mərhəmətilə
günahlarımızdan keçər. Amin!
Məqalə
"İslamda yas mərasimləri və əyintilər"
mövzusunda yazı müsabiqəsinə təqdim edilir
Şəmsəddin
Əliyev
Bakı xəbər.- 2011.- 25-27
fevral.- S. 15.