Azərbaycan dünya azərbaycanlılarının
vətənidir
Dövlətimizin konkret zaman, məkan və şəraitə uyğun olaraq müəyyənləşdirdiyi xarici siyasət strategiyasında müstəqilliyin möhkəmləndirilməsi,
milli maraqların qorunması, ərazi bütövlüyümüzün bərpası, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, regional iqtisadi əməkdaşlığın dərinləşdirilməsi,
Ermənistan - Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin ədalətli həlli ilə yanaşı, diaspor və lobbi quruculuğu kimi sahələr də prioritet istiqamətlərdən biridir.
Diaspor quruculuğu və
lobbiçilik xaricdə təmsil olunan xalqın və dövlətin
maraqlarının müdafiəsində, həmin xalqa mənsub
soydaşların təşkilatlanmasında əsas rol
oynayır. Bu baxımdan, gənc olmasına baxmayaraq, Azərbaycan
diasporunun ölkəmizdə baş verən dəyişiklikləri
beynəlxalq ictimaiyyətə çatdırması, xaricdə
yaşayan azərbaycanlıların təşkilatlanmasındakı
rolunu xüsusilə qeyd etmək lazımdır.
Diasporla İş üzrə
Dövlət Komitəsinin dəstəyilə xaricdə
yaşayan azərbaycanların təşkilatlanması, cəmiyyətə
inteqrasiyası, onların ictimai-siyasi həyatda iştirak səviyyəsinin
artırılması, tarixi Vətənlə əlaqələrinin
genişləndirilməsi, habelə, diaspor təşkilatları
arasında səmimi əməkdaşlıq münasibətlərinin
yaradılması istiqamətində görülən işlər
diasporumuzun uğuru kimi qəbul edilməlidir. Bu uğurda
diaspor təşkilatları arasında əlaqələrin
gücləndirilməsi, qarşılıqlı fikir və əməkdaşlığın
müzakirəsini xüsusilə qeyd etmək lazımdır. İstanbulda
Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı,
Türkiyə Cumhuriyyətinin Baş Nazirliyi və DİDK-in
dəstəyilə "Türk Şurası, türk diasporu və
sosial-iqtisadi əməkdaşlıq" mövzusunda
keçirilmiş Dünya Türk Forumu onlardan biridir.
Diaspor təşkilatlarının
fəaliyyətinin daha da gücləndirilməsi, Ermənistanın
Azərbaycana hərbi təcavüzü ilə bağlı
beynəlxalq aləmin daha çox məlumatlandırılması
və bu faktın dünya dövlətinin parlamentlərinin
müzakirəsinə çıxarılmasına nail
olunması da xarici siyasətimizin diqqət yetirdiyi əsas məsələlərdən
biridir.
İslam Konfransı Təşkilatının
(İKT) üzvü olan Dialoq və Əməkdaşlıq
uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası
Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü
ilə 2008-ci ilin may ayında elan edilmiş "Xocalıya Ədalət"
beynəlxalq məlumat və təşviqat kampaniyası bu il
də bir sıra ölkələrdə etiraz aksiyaları,
elmi-praktik konfranslar və digər tədbirlərlə öz
işini davam etdirir. Bu kampaniyada diaspor təşkilatlarımız
da fəal iştirak edir. Rusiyanın ictimai-sosial həyatında
fəallıq göstərən Rusiya Azərbaycan Gəncləri
Təşkilatı, həmçinin, orada yaşayan və təhsil
alan gənclərimizin təşkilatlanmasında və
onların cəmiyyətə inteqrasiyasında əsaslı
addımlar atır.
Yadda qalan uğurlardan biri də bir
sıra diasporçuların mükafata layiq görülməsi
oldu. Azərbaycanlı alim, Latın Amerikası Azərbaycanlıları
Assosiasiyasının sədri Natiq Atakişiyevin Meksikanın
inkişafına töhfə vermiş şəxsiyyətlərin
sırasına daxil edilməsi, Meksikanın Milli Miqrasiya
İnstitutunun dərc etdiyi "Dünyanın bizə hədiyyə
etdiyi 200 meksikalı" adlı kitabda onun barəsində məlumatın
yer alması, Moldova Azərbaycanlıları Konqresinin sədri
Vüqar Novruzovun millətlərarası dostluq münasibətlərinin
möhkəmləndirilməsi, inkişafı və milli mədəniyyətlərin
qarşılıqlı zənginləşməsi işində
ictimai fəaliyyətinə görə Moldovanın dövlət
mükafatı olan "Gloria Muncii" ordenilə təltif
edilməsi buna nümunədir.
Gürcüstanda - öz tarixi Vətənində
yaşayan azərbaycanlıların həmin cəmiyyətə
inteqrasiyası və orada yaşayan gənclərin ölkəmizlə
əlaqələrinin möhkəmləndirilməsi, milli-mənəvi
dəyərləri, mədəniyyəti haqqında daha da
geniş şəkildə məlumatlandırılması da
diqqət mərkəzində olub.
Gənclərimizin fəallığının
artırılması istiqamətində digər ölkələrdə
də mühüm işlər görülüb. 2010-cu il
aprelin 24-də Ukrayna Azərbaycanlıları Konqresinin
Dnepropetrovsk vilayət təşkilatının təşəbbüsü
ilə bu şəhərdə Ukraynada yaşayan azərbaycanlı
gənclərin I forumunun keçirilməsi gənclərin həmrəyliyinin
artırılmasında uğurlu addım olub. 2010-cu ildə
Koreya Respublikasının Xarici Dillər Universitetinin
Türk-Azərbaycan Dilləri fakültəsində "BUTA
Azərbaycan Mədəniyyət Dərnəyi"nin fəaliyyətə
başlaması isə ölkəmizlə bağlı
koreyalı gənclərin daha ətraflı bilik almasına
müsbət töhfə oldu.
İlin ən yaddaqalan və
mötəbər hadisələrindən biri isə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Gəncliyi Dövlət
Proqramı"na uyğun olaraq, noyabr 27-28-də Almaniyanın
Frankfurt şəhərində keçirilmiş Dünya Azərbaycanlı
Gənclərinin I Konqresi oldu. Azərbaycan Respublikasının
Diasporla İş üzrə Dövlət Komitəsinin Gənclər
və İdman Nazirliyilə birgə təşkil etdiyi bu tədbirdə
xaricdə yaşayan azərbaycanlı həmvətənlərin
diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi
fəallığının artırılması, mədəni
irsimizin təbliğində, habelə Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılmasında gənclərin
daha fəal iştirakı ilə bağlı bir sıra məsələlər
müzakirə olundu. Toplantının yekununda qəbul
edilmiş üç mühüm sənəd- "Dünya
Azərbaycanlı Gəncləri I Konqresinin Qətnaməsi",
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
müraciət" və "Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar
dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara,
xarici ölkələrin parlamentlərinə, dövlət və
hökumət başçılarına müraciət" təqdirəlayiqdir.
"Gənclər Dünya Azərbaycanlı
Gənclərinin I Konqresindən nə gözləyir"
sualını cavablandıran Prezident İlham Əliyev
demişdir: "Diaspor üzvləri də Azərbaycanın
elçiləridir. Sizin fəaliyyətinizdən çox
şey asılıdır. Siz Azərbaycana dəstəksiniz,
Azərbaycanın da hökuməti və dövləti sizə
dəstəkdir. Dünyanın müxtəlif ölkələrinə
səpələnmiş soydaşlarımız, xüsusilə
də azərbaycanlı gənclər yaşadıqları cəmiyyətə
uğurla inteqrasiya olunur. Dünyanın nüfuzlu universitetlərində
təhsil alan azərbaycanlı gənclərin Avropa, Amerika və
digər ölkələrdə fəaliyyəti onların həm
də fərqli cəmiyyətlərdə Azərbaycanı təmsil
etməsi deməkdir. Çünki hər bir əcnəbi Azərbaycanı
onların simasında tanıyır, bu ölkənin mədəniyyəti,
milli dəyərləri haqqında fikirləri də məhz
soydaşlarımızın fəaliyyəti əsasında
formalaşır. Odur ki, xarici ölkələrə mütəmadi
səfərlər edən və ölkəmizdən kənarda
yaşayan gənclərimizin üzərinə bir sıra vəzifələr
düşür".
Bu baxımdan bu il noyabrın 27-28-də
Almaniyanın Frankfurt şəhərində keçiriləcək
Dünya Azərbaycanlı Gənclərinin Birinci Konqresindən
çox şey gözləyirik. Azərbaycan dövlət və
hökumət nümayəndələrinin, millət vəkillərinin,
Nazirlər Kabinetinin əməkdaşının, Azərbaycan
Respublikasının Rusiya, Fransa, Avstriya, Almaniya, Böyük
Britaniya, İsveçrə və Türkiyədəki
fövqəladə və səlahiyyətli səfirlərinin,
ölkəmizin Avropa Şurası, TürkPA, İKT Gənclər
Formundakı nümayəndələrinin, İnsan
Hüquqları üzrə Avropa Məhkəməsi təmsilçilərinin,
respublikadakı gənclər təşkilatları rəhbərlərinin,
xarici ölkələrdəki diaspor təşkilatları sədrlərinin
və fəal gənclərin, eləcə də xaricdə təhsil
alan tələbələrin iştirak edəcəyi tədbir
xüsusi önəm daşıyır. Qeyd edək ki, bu tədbiri
Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər
və İdman Nazirliyi birgə təşkil edəcək.
...1991-ci ilin dekabrın 16-da Naxçıvandan başladı
Keçən əsrdə məlum
ciddi müqavimətlərə
baxmayaraq, o vaxt "Sərhəd hərəkatı"
adı ilə bir sıra siyasi
aksiyalar həyata keçirilirdi. Nəticədə SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd
çəpərləri söküldü.
İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət
imkanları yarandı,
sadələşdirilmiş keçid məntəqələri
təşkil edildi.
Beləliklə, 1989-cu il dekabrın 31-də
dünya azərbaycanlılarının
həmrəylik bayramı
keçirildi. 1990-cı ildə həmin günün ildönümü
respublikanın demokratik
qüvvələri tərəfindən
geniş qeyd edildi. 1990-cı il noyabr ayının 3-də
Türkiyədə keçirilən
Birinci Millətlərarası
Azərbaycan Türk dərnəkləri qurultayı
isə, Naxçıvan
Muxtar Respublikasından
başlanmış sərhəd
hərəkatının real nəticəsi kimi, milli birlik və
həmrəylik yolunda
atılan mühüm
addım oldu. Noyabr ayının 5-də
qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il
həmrəylik günü
kimi qeyd edilməsi zərurəti irəli sürüldü.
Bütün bunları
nəzərə alaraq,
Heydər Əliyevin başçılıq etdiyi
Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi
1991-ci il 16 dekabr tarixli iclasında bu məsələni müzakirə
etdi. Qəbul olunmuş qərarda deyilirdi:
1. 31 dekabr dünya azərbaycanlılarının
həmrəyliyi və
birlik günü elan olunsun və
hər il
bayram edilsin.
2. 31 dekabr dünya azərbaycanlılarının
həmrəyliyi və
birlik günü kimi bütün Azərbaycan Respublikasında
rəsmi qeyd olunması üçün
qanunuvericilik təşəbbüsü
qaydasında Azərbaycan
Respublikası Ali Sovetinə
təklif verilsin.
Bu qərarı Ali Sovet
1991-ci il dekabrın 25-də rəsmiləşdirdi.
Məhz bu tarixdən
sonra Azərbaycançılıq,
dünya azərbaycanlılarının
həmrəyliyi, milli
təəssübkeşlik ideyaları
müxtəlif ölkələrdə
yaşayan azərbaycanlılar
arasında sürətlə
yayılmağa başladı.
Yuxarıda adı çəkilən qərardan
sonra dünyada yaşayan azərbaycanlılar,
onların hansı dövlətlərin ərazisində
yaşamaları və
s. barədə dəqiq
məlumatlar toplanmağa
başlandı. Hazırda bütün
dünyada yaşayan azərbaycanlıların sayı
50 milyon nəfərdən
çoxdur.
YUNESKO-nun rəsmi
məlumatına görə
isə, dünyada 40 milyondan çox azərbaycanlı yaşayır:
Cənubi Azərbaycanda
23 milyon, Türkiyədə
3 milyonadək, Rusiyada
1,5 milyon, Ukraynada 500
min, Almaniyada 300 min, ABŞ-da
1 milyon, Kanadada 174 min,
Fransada 170 min, Hindistan
və Pakistanda 350 min,
İsveçrədə 40 min, İsveç, Norveç,
Danimarka və Hollandiyada 300 min, İraqda
700 min, Əfqanıstanda 430 min və s.
Beləliklə, əsrimizin əvvəllərindən
təşəkkül tapan
və fəaliyyətini
son dövrlərdə xeyli
gücləndirən Azərbaycan
diasporu yeni bir inkişaf mərhələsindədir. Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində
formalaşan özəkləri,
birlikləri Azərbaycan
dövlətinin, Azərbaycan
mədəniyyətinin, Azərbaycan
həqiqətlərinin tanınmısı
və təbliği işində mühüm rol oynayır. Hazırda dünyanın bir çox ölkələrində
Azərbaycan dilində
müxtəlif qəzet
və jurnallar nəşr olunur, xüsusi radio və televiziya verilişləri hazırlanır. Bu gün dünyanın
30-dan çox ölkəsində
azərbaycanlıların 100-dən artıq ictimai, milli və mədəni
cəmiyyət və təşkilatı fəaliyyət
göstərir. Belə birliklər
ABŞ-da, Almaniyada, İngiltərədə, Belçikada,
Türkiyədə, Hollandiyada,
İsveçrədə, MDB ölkələrində daha
güclüdür.
İndi Azərbaycan Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin
xaricdə yaşayan azərbaycanlılar və
Azərbaycanda fəaliyyət
göstərən beynəlxalq
ictimai-siyasi təşkilatlarla
iş sektoru, respublika EA Milli Münasibətlər İnstitutunda
Azərbaycan diasporu şöbəsi və s. strukturlar fəaliyyət göstərir.
Diqqətəlayiq cəhətlərdən biri də soydaşlarımızın
yaşadıqları ölkələrin
ictimai-siyasi həyatında
fəal iştirakıdır.
Məsələn, ABŞ-ın Kaliforniya
ştatındakı 300 minlik
azərbaycanlı icması
ilk dəfə qubernator
seçkilərində öz
namizədlərini irəli
sürüb. Rusiya Federasiyasında
seçkili orqanlarda vəzifə tutan həmyerlilərimizin sayı
artır. Amerika Konqresinin bədnam
"Porter əlavəsi"ni
qəbul etməməsində
oradakı diasporumuzun da müəyyən rolu olmuşdur. Lobbi diasporun inkişafı nəticəsində meydana
çıxır. Almaniyada, Türkiyədə,
ABŞ-da, İsveçrədə
onun formalaşması,
güclənməsi prosesi
gedir. İftixarla qeyd edək
ki, hazırda xarici ölkələrdə
olan azərbaycanlıların
hamısı Azərbaycanı
xalqımızın mənəvi
vətəni hesab edir.
Yazı Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim
olunur
Vaqif Cəliloğlu
Bakı
xəbər.- 2011.- 25-27 fevral.- S.12.