"Əsgəranın yanğından mühafizə rəisi Karo kəlbətinlə qızıl dişlərimi çıxardı"

 

   Erməni vəhşiliyindən 19 il ötür

 

   Bu ürək parçalayan səhnələr min il öncəki Pun, Pelopennos müharibələrinə yox, Xocalı faciəsinə aiddir

 

   Erməni vəhşiliyindən 19 il ötür

   Azadlığı istəmirəm zərrə-zərrə

   Qram-qram

   Qolundakı zəncirləri qıram gərək,

   Qıram! Qıram!

   Azadlığı istəmirəm bir həb gibi,

   Dərman gibi,

   İstəyirəm səma gibi!

   Günəş gibi, cahan gibi!

   Çəkil! Çəkil, ey qəsbkar!

   Mən bu əsrin gur səsiyəm!

   Gərək deyil sısqa bulaq,

   Mən ümmanlar təşnəsiyəm! (X.R.Ulutürk)

 

   Düşüncələrimi bu şeirlə başlamağım əbəs deyil. Azadlıq naminə zaman-zaman tarixin haqsızlıqlarına, ədalətsizliklərinə məruz qalmış Azərbaycan xalqı XX əsrin sonlarında Qarabağ sınağı ilə imtahana çəkildi. Bu qədim millət yarandığı ilk vaxtlardan etibarən həmişə böyük imperiyaların nəfs mənbəyi olub. Ancaq təəssüflər olsun ki, illər, əsrlər keçməsinə baxmayaraq, bu gün də düşmənlərimiz anlamır ki, bu qədim torpağın, elin arxasında böyük millət, qüdrətli dövlət dayanır. Qədim Mannadan böyük Urartuya, Atabəylərdən ulu Şirvanşahlara, Səfəvilərdən günümüzə qədər öz taxt-tacını, torpağını qoruyan millət "Torpaqdan pay olmaz" həqiqətini nəsildən-nəslə çatdırıb.

   Bu böyük millət zaman-zaman faciələrlə üzləşib. XX əsrin sonları Rusiya imperiyası Azərbaycanı 20 Yanvar, Xocalı faciəsi - ümumiyyətlə Qarabağ faciəsilə imtahana çəkdi. Bu hadisələrin üzərindən müəyyən qədər vaxt keçsə də, bizim intiqam, qəzəb hisslərimiz günü-gündən daha da artır. Qəzəb, kin, intiqam hissləri qəlbimizə hakim kəsilir.

   1992-ci il fevralın 25-dən 26-na keçən gecə xalqımız qanlı faciə ilə üzləşdi. Gözlənilmədən Xocalı şəhəri 366-cı rus hərbi alayının atəş səslərinə tuş gəldi. Yeddi min nəfər əhalisi olan Xocalı şəhəri yerlə yeksan oldu. Yüzlərlə köməksiz və günahsız insan amansızcasına qətlə yetirildi. Uşaq, cavan, qoca, qadın demədən heç kimə aman vermədilər, dinc əhalini qırdılar, şəhəri yandırdılar. Ermənilər öz alçaq və yaramaz hərəkətlərilə qanlı cinayətlərini bəşəriyyətə yenidən göstərdilər. Xocalı soyqırımını törətdilər. Xocalı müsibəti ermənilərin xalqımıza qarşı törətdiyi genosiddir. Biz istəyirik ki, bu genosid qəzet, jurnal səhifələrində tez-tez verilsin, telekanallarda və radiolarda hər gün səsləndirilsin. İnternet saytlarında, sosial şəbəkələrdə yayılsın, müxtəlif beynəlxalq təşkilatlara, xarici ölkə parlamentlərinə çatdırılsın. Bu haqda yazarlarımız hadisələri xarici dillərə tərcümə eləsinlər. Ermənilərin vəhşiliyi nəticəsində 613 nəfər şəhid oldu, 1275 nəfər dinc sakin əsir düşdü, 487 nəfər şikəst oldu. Şəhid olanların 106 nəfəri qadın, 83 nəfəsi azyaşlı uşaq idi. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlar idi. Ermənilərin törətdiyi bu qanlı cinayətdə 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmış, başının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdi.

   Bu qanlı faciəni gözlərilə görən bir neçə şahidin fikirlərini oxucuların nəzərinə çatdırmaq istəyirəm.

   Xocalı sakini Cəmil Məmmədov: "Bizi Dəhraz kəndinin fermasına doldurdular. Hər gün döyürdülər... Əsgəranın yanğından mühafizə xidmətinin rəisi Karo mənim qızıl dişlərimi kəlbətinlə çıxartdı, ağzım qanla doldu".

   Xocalı sakini Etibar Nəcəfov: "Təpiklə vurub atamın çənəsini sındırdılar. Məshəti türkü Əhmədin əl-qolunu bağladılar, üstündə xəncəri var idi, həmin xəncərlə onun başını kəsdilər. Baş bədəndən ayrılandan sonra da qışqırırdı".

   Rus hərbçisi, mayor Leonid Kraverts: "Bizi atəşə tutana qədər götürdüyümüz başqa bir oğlan uşağının başı yox idi. Mən hər yerdə xüsusi qəddarlıqla öldürülmüş və eybəcər hala salınmış qadın, uşaq, qoca meyitləri gördüm".

   Fransanın "Le Mond" qəzeti (14 mart 1992): "Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqların meyitləri arasında baş dərisi soyulmuş, dırnaqları çıxarılmış 3 meyit gördülər. Bu, Azərbaycan təbliğatı deyil, reallıqdır". Üzərindən 19 il ötməsinə baxmayaraq, bu yara qəlbinizi ağrıdır. O insanların vəhşicəsinə qətlə yetirilməsi insanın ağlına gələndə nə edəcəyini, nə düşünəcəyini bilmir. Hərdən məni bir sual düşündürür. Bu dinc əhalinin günahı nə idi? Niyə körpələrimiz, yeniyetmələrimiz, gənclərimiz ömrünün gözəl vaxtında həyatla vidalaşdı? Ancaq bu suallarıma bəzən də belə cavab verirəm ki, xalqımız həmişə öz azadlığı uğrunda mübarizə aparıb. Həm də Azərbaycan neft diyarıdır. Həmişə öz torpağına, ağ-qara qızılına, milli sərvətlərinə görə yadellilərin işğal planında olub. Elə bu səbəbdən də 1918-ci il mart soyqırımı, 1990-cı il 20 Yanvar hadisəsi, 1992-ci il Xocalı faciəsi baş verib. Bundan əlavə, Laçın, Kəlbəcər, Qubadlı, Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan kimi əzəli torpaqlarımız da bu gün mənfur düşmən tapdağı altındadır.

   Azərbaycan Milli Məclisinin qərarı ilə 26 fevral Xocalı genosidi və Milli Matəm günü elan olunub. Ümummilli lider H.Əliyevin sərəncamına əsasən, hər il fevralın 26-da saat 10:00-da Xocalı qurbanlarının əbədi xatirəsi ölkə ərazisində dərin hüzn və sükut dəqiqəsilə qeyd olunur.

   Ermənilər həmişə türk millətinə qarşı düşmənçilik siyasəti yeridib. Onların başımıza gətirdiyi bu müsibətlər heç bir zaman bizim yaddaşımızdan silinməyəcək. Bu millət hər zaman digər ölkələrin torpağına, milli sərvətlərinə göz dikib, "böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayıb. Hətta onların öz içindən olan erməni tarixçisi K.Patkanyan da etiraf edib ki, "Ermənistan heç bir zaman bəşər tarixində xüsusi rol oynamamışdır.... Erməni tarixçisinin bu fikri mənfur xalqın böyük millət olmadığının göstəricisidir. Böyük ədəbiyyatşünas alim, professor Nizaməddin Şəmsizadə "Azərbaycan ideologiyası" kitabında yazır: "İndi tarixin özünü "tarixin günahları" adlanan yalanlardan təmizləmək zərurəti yaranıb. Bu gün Azərbaycan infarkt keçirmiş ürəyə bənzəyir! Dərddən parça-parçadır. Milli mənəviyyatımızın, Milli mədəniyyətimizin, Milli varlığımızın sağlamlığı üçün dərbədər düşmüş kütləni vahid ideya ətrafında toplaya bilən ideologiya lazımdır. Azərbaycan dili, Azərbaycan coğrafiyası kimi, Azərbaycan ideologiyası da vahid Azərbaycan xalqına və onun bütün dünyaya səpələnmiş övladlarına - Dünya Azərbaycanlılarına məxsusdur. Onun adı Azərbaycançılıqdır"...

   Bütün bu faciələr göstərdi ki, xalqımız azadlığı uğrunda həmişə mübarizə aparıb. Düzdür, bu hadisələrdə minlərlə oğul və qızlarımız canından keçib, şəhid olub. Peyğəmbərimiz Həzrəti Məhəmməd hədisi-şəriflərində şəhidlik haqqında buyurmuşdur ki, cənnətə girən heç bir müsəlman bir də bu dünyaya geri dönməyi arzulamaz. Ancaq şəhidlər yenidən bu dünyaya dönmək istər ki, bir daha şəhid olsun. Bir neçə ay bundan öncə Mübariz İbrahimovun qəhrəmanlığı bunu bir daha sübut etdi. O, şəhidlik zirvəsinə 22 yaşında ucaldı. 19 iyun 2010-cu ildə Tərtər rayonu Çaylı kəndi yaxınlığında düşmənimizə ibrət dərsi vermiş bu igid tək düşmənin postunu keçərək 6 saat döyüşmüşdür. O, qəhrəmanlıqla düşmənin 140 dan çox əsgər və zabitini məhv edib. Bildiyimizə görə, qayıtmaq imkanı ola-ola daha da irəli gedərək, vətən yolunda, xalqı yolunda bizlərin azad yaşayışı üçün canından keçib. Bu hadisədən sonra Ermənistanda 3 günlük matəm elan olunub. Mübarizin cəsədi bir neçə ay düşmən əlində olsa da, ölkə prezidenti cənab İ.Əliyevin gərgin səyi nəticəsində onun cənazəsi 2010-cu il noyabrın 6-da düşmən əlindən alınaraq vətənə qaytarıldı. Ölkə prezidenti cənab İ.Əliyev 22 iyul 2010-cu il tarixində Mübariz Ağakərim oğlu İbrahimova müstəsna xidmətlərinə görə "Azərbaycanın Milli Qəhrəmanı" adını vermişdir. Bu gün Mübariz hər birimizə örnək olmalıdır. Mübarizlə yanaşı digər oğullarımız-mayor Əhməd Abdullayev və baş leytenant Fərid Əhmədov da Azərbaycan tarixinə öz adını qəhrəmanlıqla yazdılar və vətənimiz uğrunda canından keçərək şəhid oldu. Fərid və Əhməd Mübarizin ardınca gedib və onsuz geri dönməyib. Onların ruhu cənnətdə qovuşdu. Bizim hər birimizə örnək olan bu gənc şəhidlərimiz adlarını tarixə yazdılar.

   Milli birliyi, yüksək iradəsi, böyük inamı, qüvvətli ordusu olmayan xalq heç vaxt qalib gələ bilməz. Sadaladığımız bu keyfiyyətlərin hamısı bu gün xalqımızda və dövlətimizdə mövcuddur. Və hər bir azərbaycanlı Ali Baş Komandanımızın əmrilə hər an düşmən üzərinə getməyə hazırdır. Biz sülh tərəfdarıyıq. Lakin torpaqlarımızın geri qaytarılması uğrunda lazım olan vaxt döyüşə getməyə hazırıq!

   Vaxt gələcək, bu millət içində olan bütün enerjisini toplayıb əzəmətli bir vulkan kimi püsgürəcək, onda təkcə yerin quruluşu yox, həm də dünyanın tarixi siyasi sahmanı dəyişəcək və həmin vaxt Qarabağ məsələsi bir ailənin kiçik bir problemi kimi həll olunacaq. Azərbaycanın ən qədim tarixi sərhədləri bərpa olunacaq. Gələcək nəsillər Şərqdə ən böyük dövlətlərdən birinin vətəndaşı kimi qürur hissilə yaşayacaq!

 

 

Ayişə İsazadə,

BDU-nun Jurnalistika

fakültəsinin I kurs tələbəsi

 

Bakı xəbər.- 2011.-25-27 fevral.- S.10.