Hamımızın
bir evi var: Azərbaycan...
Ağacın
kökü torpağa bağlıdır. Onu torpaqdan
ayırsan, dərhal məhv olub gedər. Şaxəli bir
ağac heykəli yonqarlanıb adicə odun parçasına
çevrilər. Ondan üç-beş il ömrü olan bir
xatirə qalar sadəcə. Kök, özül, qaynaq həm
insanların, həm ağacların, həm heyvanların, həm
də başqa yaradılmışların taleyində
mühüm rol oynayır. Onların özünü itirməməsini
tənzimləyir. İnsan öz kökü üstə
ayağa durur, böyüyür, hərəkət edir, cəmiyyətdə
öz yerini tutur.
Bütün
xalqların öz törəniş hadisəsi, pöhrələndiyi
şəcərə ağacı var. Hər xalq öz
canında, qanında, genlərində öz kodunu, milli mənsubiyyətini
daşıyır.
Əski türk
soy-kökünə mənsub olan azərbaycanlıların da
bir xalq kimi dünya ilə ülfəti çox-çox qədimlərə
dayanır. Elə bir dövr yoxdur ki, orada biz olmayaq və
öz sözümüzü deməyək,
gücümüzü göstərməyək. Bəşər
sivlizasiyası mövcud olandan biz də var olmuşuq. Əksər
qədim xalqlar kimi bizim də özümüzün Vətənimiz,
ana yurdumuz olub. Baxmayaraq ki, aqillər Yer kürəsini
bütün insanların doğma evi sayır. Şəfqət
hissilə cilalanan belə ifadələr kifayət qədər
olsa da, hər bir insanın əcdadlarının
doğulduğu yer onun ilk yuvasıdır. Görürsüz,
quş quşluğu ilə başqa quşun yuvasını
özünə vətən saymır. Gedib özünə
yuva qurur və balalarını da orada böyüdüb pərvazlandırır.
Bütün insanlar
öz evini dünyanın cənnəti sayır. Həqiqətən
də, hara getsən axşam evinə qayıdırsan və
rahatlığın tam bərpa olunur.
Yurdumuz həm isti ana
qucağıdır, həm də doğma evimiz. Vətənimizi
sevməyi, ona sadiq qalmağı evdə anamızdan öyrənirik.
Ömrü boyu bu tələbə riayət etməyə qərar
veririk. Hər bir xalqın borcudur ki, öz evini sevsin, qorusun, nə
qədər uzaqlara getsə də günün birində
öz ocağına dönsün.
Yunan şairi Homerin
gözəl bir sözü var: "Vətənin
tüstüsü də şirindir". Həqiqət var bu
ifadədə. Torpağın pisi də, yaxşısı da
bu yurdda doğulan insanlar üçün dəyərli
olmalıdır.
Hamımızın bir evi var-Azərbaycan. Dövlətlər
içində dövlətçiliyi olan,
şanı-şöhrəti olan ana yurdumuz həmişə
öz övladlarını öz qoynuna səsləyib. Dünyada 50 milyondan artıq azərbaycanlının
olması faktdır. Onlar göydəki
ulduzlar kimi bütün Yer kürəsinə səpələnib.
Elə bir qitə, materik, məmləkət
yoxdur ki, orada soydaşlarımız yaşamasın. Hər yerdən səsləri eşidilir onların.
Azərbaycanlıların dünyaya
yayılması prosesi hər bir dövrdə baş verib.
Dünən də həmvətənlərimiz
müxtəlif səbəblər üzündən ölkədən
gedib, bu gün də gedir. Buna pis baxmaq
lazım deyil. Əsas məsələ odur
ki, başqa məmləkətləri seçən azərbaycanlılar
nə dilini, nə milli, nə dini kimliyini, nə dövlətimizə,
nə də dövlətçiliyimizə
bağlılığını itirsin. Bütün
xalqların, dövlətlərin vətəndaşlarının
həyatında miqrasiya halları olur. Artıq
dünyada belə şeylərə təbii baxılır.
Azərbaycan
prezidenti İlham Əliyev bir neçə dəfə öz
çıxışında böyük fəxrlə "biz
dünyada əlli milyonuq. Bizim bir vətənimiz
var-Azərbaycan" deyib. O bununla dünyanın hər
bucağında yaşayan azərbaycanlıları bir ocaq
başına səsləyir, onların arxasında qüdrətli
Azərbaycanın dayandığını bəyan edir.
Həm mərhum
prezident Heydər Əliyevin, həm də hazırkı
ölkə başçımız İlham Əliyevin təşəbbüsü
ilə bir neçə dəfə dünyanın
ayrı-ayrı yerlərində yaşayıb fəaliyyət
göstərən nüfuzlu azərbaycanlılar Bakıya
toplaşıb. Onlar bütün
çıxışlarında Azərbaycanın onların
doğma evi olduğunu deyiblər. Bəli,
yurdumuz həm vətəndaşlarımız olanların, həm
də Vətəndən kənarda yaşayan
soydaşlarımızın dədə-baba evidir. Onlar hara getsə də bir vaxt bu evə dönüb
öz həyatını davam etdirmək istəyəcək.
Çox şahidi olmuşuq, bir ailənin
övladı hansısa bir səbəb üzündən ata
ocağından gedir, özü olmasa da nəvə-nəticələri
bu yurda qayıdıb ailə ənənələrini davam
etdirir. Bu da o deməkdir ki, doğma evin
çırağı yanır, ocağı tüstülənir.
Azərbaycan
türklərinin dünya miqyasında yayılması tarixinin
uzaqlara gedib çıxdığı bəllidir. Məlumatlara
görə, əsrlər əvvəl də ticarət, təhsil,
iş tapmaq ümidi ilə karvanlara qoşulub yad məmləkətlərə
güzar edən azərbaycanlılar çox olub. Onlardan bəziləri istədiyini əldə etdikdən
sonra Azərbaycana qayıtsa da, geri dönməyənlər də
olub. Xaricdə qalanların əksəriyyəti
burada ailə həyatı qurub, oğul-uşaq sahibi olub.
Təəssüflə qeyd etməliyik ki, azərbaycanlıların
bir çoxu öz dilini, dinini, milli kimliyini yeni ailəsində
təbliğ edə bilməyib. Onun
övladlarının genində azərbaycanlı kodu
yaşasa da, damarlarından azərbaycanlı qanı axsa da
onlar başqa kimlik altında böyüyüb. Bu faktlara həm keçmiş, həm də
müasir alimlərin qeydlərində rast gəlirik. Ancaq nə yaxşı ki, bu tale ilə üzləşənlərlə
yanaşı, öz milli kimliyini qoruyan, dilini unutmayan, Azərbaycanı
yaddan çıxara bilməyən soydaşlarımız da
çox olub. Onlar özlərindən
sonrakı nəslə Azərbaycan adlı doğma bir evə
sahib olduqlarını deyib. Yeni azərbaycanlılar
baba evini ziyarət etmək üçün cəhdlər
göstərib. Bu gün yüzlərlə
insan vahid Evə gəlib onu gözlərilə görür.
Azərbaycanlıların çoxu
İran, Türkiyə, Gürcüstan, Rusiya, Amerika, Avropa
ölkələrində və s. yaşayır. Bir çox soydaşlarımız İran, Türkiyə,
Gürcüstan və başqa məmləkətlərdə
tarixən yaşayıb, onlar aborigen xalq statusu
daşıyıb. Həmvətənlərimizin
bir qismi isə miqrasiya edib. Miqrasiya
xalqları, dövlətləri bir-birinə
yaxınlaşdıran bir aktdır. Hazırda
başqa ölkələrdən Azərbaycana miqrasiya edənlər
də, ölkəmizdən xaricə gedənlər də
çoxdur.
Dünyada
elə xalqlar olub ki, dili, tarixi haqda geniş bilgilər olsa da,
onların özü dünya səhnəsindən gedib. Yaşdaş olduğu xalqlarla çiyin-çiyinə
yaşamır. Bunun da başlıca səbəbi
o toplumların vətəninin, torpağının
olmamasıdır. Hetlər, etrusklar,
latınlar, elamlar, şumerlər, hurilər, lulibilər,
urartular ölü xalqlar sırasına aiddir. Bu xalqların böyük mədəniyyəti,
tarixi yazılarda yaşasa da onlar bir toplum kimi məhv olub.
Onların vətəni olsaydı, yəqin ki,
başqa xalqların içinə qarışıb, əriyib
məhv olmazdı. Vətən insanları
həm də ölmək, məhv olmaq, yoxa çıxmaq,
assimilyasiyaya məruz qalmaqdan qoruyur.
Hazırda
bütün yer üzünə səpələnən
xalqlardan biri də yəhudilərdir. Bu
xalqın nümayəndələri həm bəşəriyyətin
inkişafına müsbət təsir göstərir, həm də
bir sıra dünya əhəmiyyətli uğura, nailiyyətə
imza atır. Bu xalq, dünyanın hansı
guşəsində yaşamasından asılı olmayaraq,
bütün zamanlarda bir xalq kimi öz varlığını
qoruyub. Başqa millətlərin içinə
qarışıb itməyib. Bunun da səbəbi
bu toplumun müstəqil dövlətinin olmasıdır.
Yəhudilər harada yaşayırlar
yaşasınlar, onların ən başlıca dönüş,
arxa-dayaq, istinad yeri İsraildir. Bu fikirləri
mənfur qonşularımız ermənilərin xarici məmləkətlərdə
yaşayan nümayəndələri barədə də demək
olar. Xaricdə yaşayan ermənilər
bütövlükdə öz fəaliyyətlərini Ermənistan
dövlətinin tərəqqisi istiqamətində qurub. Erməni lobbisi əsrlərdir, erməni
xalqının xaricdəki etibarlı səsinə
çevrilib. Onların əriyib itməməsini
şərtləndirən Ermənistan Respublikasıdır.
Doğrudur, Avropada yaşayan ermənilərin
yeni nəslinin öz dilini yaşatmadığı haqda məlumatlar
dolaşır. Şərq ölkələrində
yaşayan ermənilərin müəyyən qisminin isə
öz milli kimliyini dandığı bildirilir. Gürcüstan Respublikasında yaşayan ermənilərin
gürcüləşdiyi artıq faktdır. Bütün bu halların mövcudluğuna baxmayaraq,
onlar tam olaraq əriyib başqa bir xalqa çevrilməyib.
Bu gün
xaricdə yaşayan azərbaycanlılar yaxşı bilir ki, Vətən,
ana yurd candan da şirindir. Çox
müşahidə etmişik. Xaricdəki
soydaşlarımız milli bayramlarda baba yurduna dönüb bu
şad günləri Azərbaycanda qeyd edir. Yad ellərdə məskunlaşan həmvətənlərimizin
əksəriyyəti məmləkətimizlə sıx əlaqəyə
malikdir. Onlar başqa ölkələrin vətəndaşı
olsalar da, fərqli həyat tərzi seçsələr də
öz ana dilini yaddan çıxarmır. Xaricdəki
soydaşlarımız bildirir ki, onlar hansı kökə mənsub
olduqlarını yaxşı bilir və heç vədə
bu kökdən qopmaq istəmirlər.
Xaricdə
fəaliyyət göstərən qələm adamları da
çoxdur. Onların əsas təbliğat
obyekti onlarla çiyin-çiyinə yaşayan
soydaşlarımız arasında milliliyi və vahid Azərbaycan
Evini təbliğ etməkdir. Əsərlər
yazılır xaricdə, Azərbaycan dövlətçiliyini
tərənnüm edir onlar. XX əsrin əvvəllərində
qırmızı imperiyanın ölkəmizi işğal etməsi
nəticəsində Azərbaycanı tərk edən yazarlar,
dövlət xadimləri, siyasilər, hüquqşünaslar və
s. peşə sahibləri öz məqalə və
kitablarında Azərbaycanı xatırlayırdı. Soydaşlarımızın ən böyük arzusu
Azərbaycanın müstəqilliyinin yenidən bərpa edilməsi
olub. Bunu onların övladları, nəvə-nəticələri
dilə gətirir.
Soydaşlarımız
bilir ki, heç bir vaxt Azərbaycan dövlətinin
sınır qapıları onların üzünə
bağlana bilməz. Bu qapı onların
üzünə həmişə açıqdır. Buna dövlətimiz özü təminat verir.
Bəzi
tarixçilərin fikrincə, Azərbaycan dövləti
ikinci dəfə müstəqillik qazanmasaydı və ölkəmiz
müstəqil olmasaydı, bəlkə də dünyanın
müxtəlif yerində yaşayan azərbaycanlılar
başqa millətlərin içində əriyərdi. Biz də əlli milyon olmağımızdan
qürurlanmazdıq. Yəni Sovetlərin
mövcudluğu uzun illər davam etsəydi, bundan xaricdəki
azərbaycanlılar daha çox əziyyət çəkərdi.
Ötən
əsrin 80-ci illərinin sonunda Ermənistan adlandırılan
tarixi dədə-baba yurdlarımızdan deportasiya edilən azərbaycanlılar
tam olaraq məhv olmaq təhlükəsindən qurtardı.
Çünki camaatı Azərbaycan məmləkəti
öz aquşuna aldı. Onların
öksuz, arxasız olmadığını
soydaşlarımıza sübut etdi. Gürcüstanın
Borçalı mahalında kompakt şəkildə yaşayan
azərbaycanlılar da dar gündə də, gen gündə
Azərbaycan dövlətinə arxalandığını,
güvəndiyini deyir.
Azərbaycan
dövlətinin mövcud vəziyyəti, iqtisadi cəhətdən
inkişafı, mədəniyyət sahəsindəki
oyanış respublikamızın qüdrətli
obrazını canlandırır. Vətəndən
kənarda yaşayan soydaşlarımız da Vətənimizin
möhtəşəmliyini görüb sevinir.
Əlli
milyonluq Azərbaycan xalqının, yəni bizim
hamımızın bir evi var-Azərbaycan. Vətən
bizə, biz də Vətənə gərəyik. Bu həqiqət bizim şüurumuzda, əqidəmizdə,
yaşam tərzimizdə özünə möhkəm yer
tutur. Azərbaycanın dünyada
tanınmasında soydaşlarımız əməli işlər
görüb. Başqa xalqlar görüb
ki, azərbaycanlılar illər keçdikdə
yadlaşıb başqalaşmır, dəyişmir, öz
milliliyini, mənsub olduğu soy-kökü, şəcərəni
qoruyur, onu övladlarına təlqin edir. Rusiyada,
Amerikada, Gürcüstanda, Avropa ölkələrində,
Baltikyanı respublikalarda məskunlaşan həmvətənlərimiz
Azərbaycan torpağının müqəddəsliyini, əzizliyini
unutmur. "Azərbaycan hamımızın Vətənidir",
"ora bizim evimizdir" deyir soydaşlarımız hər
zaman.
Böyük
şairimiz Səməd Vurğunun "el bilir ki, sən mənimsən,
yurdum-yuvam məskənimsən" misraları
çoxlarının həyat devizinə çevrilib. Bu cür ruhlandırıcı şeylər
insanlarımızı birləşdirir.
Məmməd
Araz "Azərbaycan-dünyam mənim" deyirdi. Respublikamızı özünə ev-eşik, isti
beşik sayan insanların sayı 50 milyondan artıqdır.
Ümidvarıq ki, gələcəkdə bu
insanların sırası daha da genişlənənəcək.
Soydaşlarımız ocaq-yurd müqəddəsliyini
əmanət kimi özlərindən sonrakılara ötürəcək.
Azərbaycan
bütün dünya azərbaycanlılarının evidir.
Hamımızın-50 milyonluq bir xalqın evi
olan bu məmləkət bu missiyanı ədəbiyyata qədər
daşıyacaq. Başqa cür də ola
bilməz. Çünki bu missiyanı yurdumuza
Tanrı bəxş edib. O bir dövlət kimi öz
kökündən cücərən, şaxələnən
insanların hər zaman doğma ocağı olacaq. Azərbaycanı neçə minilliklər əvvəl
dünya azərbaycanlılarına Vətən seçən
ulularımızın ruhu yurdumuzu hifz edəcək.
Dünya azərbaycanlılarının
izinə, səsinə bütün bəşəriyyətdə
rast gəlinir. Onlar Azərbaycan dövlətinin,
xalqının təmsilçisi kimi öz
mövcudluqlarını qoruyur. Xaricə
yayılan Azərbaycan evinin, ocağının
böyüdüb ərsəyə
çatdırdığı, yaxud kökündən pərvazlandırdığı
övladlarıdır. Onların ən
böyük vəzifələrindən biri bu Evi abad etmək,
çırağını yandırmaq, ocağını
alışdırmaqdır. Bu ocağın
istisi, bu evin mehribanlığı, doğmalığı
hamımıza lazımdır.
İradə
SARIYEVA
Bakı xəbər.-
2011.- 4 iyul.- S. 15.