Azərbaycan - dinlərin
qovuşduğu tolerant məkan
Çağdaş
mütərəqqi dünyanın əsas demokratik dəyərlərindən
biri kimi təbliğ etdiyi etnik tolerantlıq və dini
dözümlülük əslində xalqımızın əsrlər
boyu formalaşdırdığı və əksər ölkələr
üçün nümunə olan məxsusi dəyəridir. Müasir Azərbaycan
vətəndaşları üçün
bu iki dəyərin biri Rəbbimizin nazil etdiyi səmavi kitablardan,
digəri isə nəsillərin bir-birinə əmanət olaraq ötürdüyü
adət və ənənədən qaynaqlanır.
Bu ənənə ilk
növbədə, ölkənin coğrafi
yeri - iki qitənin kəsişdiyi
məkanda olması ilə əlaqəlidir. Xalqımızın
tarixən dünya ilə bütün
iqtisadi-mədəni əlaqələri bu
körpü vasitəsilə olduğu üçün
o, torpağına qədəm qoyan hər millətin nümayəndəsi,
icması ilə sülh şəraitində
yaşayıb, ondan nəsə götürüb, ona nəsə
verib. Göründüyü
kimi, dini və etnik tolerantlıq Azərbaycanda İslamdan da qabaq mövcud olub. İslam dini sadəcə, bu prosesi mühafizə edərək inkişaf etdirib.
Tolerantlıq dövlət siyasətinin
prioritet istiqamətlərindəndir
Azərbaycanın tarixi
ərazisi qədim zamandan həm də
müxtəlif dini icmaların, çoxlu etnik qrupların
vətəni olub. Şamanizm,
zərdüştlük, atəşpərəstlik bu ərazidə formalaşan
və bilavasitə xalqımızla bağlılıqı olan inanc mənbələri
olub. İudaizmin 2500,
xristianlığın 1930, islamlaşmanın
1370-il bundan qabaq Azərbaycanda
təşəkkül tapması, XVIII və XIX əsrlərdən
sonra Pravoslav, Roma-katolik, İncilçi-lüteran
kilsələrinin və sinaqoqların eyni
məkanda məscidlərlə birgə fəaliyyət
göstərməsi dünyaya örnək
olan unikal dəyərlərdəndir.
Bununla yanaşı, tarixin
bütün mərhələlərində
ölkəmizdə etnik və dini konfessiyalar arasında dözümlülük mühitinin
formalaşması, milli, irqi,
dini zəmində heç
bir diskriminasiya hadisəsinin
olmaması da danılmaz faktlardır. Halbuki,
müxtəlif dövrlərdə digər ölkələrdə
İudaizm, Xristian və
İslam dinindən sui-istifadə edilərək
qanlı hadisələrə, təxribatlara rəvac verilməsi,
dinlərarası münasibətlərin düşmənçilik
səviyyəsinə gətirilməsi acı həqiqətdir.
İftixarla qeyd edilməlidir ki, ölkəmizdə əsrlər boyu formalaşan
tolerantlıq müstəqillik dövründə daha da möhkəmlənərək,
dövlət siyasətinin prioritet istiqamətlərindən
birinə çevrilmişdir. 1992-ci ildə
qəbul edilmiş "Dini
Etiqad Azadlığı Haqqında" AR
Qanununa 1996 və 1997-ci illərdə müvafiq düzəlişlərin
edilməsi, 2011-ci ildə bu qanunun daha da
təkminləşdirilməsi, bu günə
kimi 500-dən artıq müxtəlif dini icmanın DQUDK tərəfindən qeydə
alınması dövlətin tolerantlıq istiqamətində
atdığı önəmli addımlardır.
Müstəqillik dövründə mütərəqqi islami dəyərlərə qayıdış
cəmiyyətin əxlaqi-mənəvi yüksəlişinə,
xalqımızın bütövlüyü
və birliyinə xidmət göstərmişdir. Qloballaşma
şəraitində ölkədə həyata keçirilən
irimiqyaslı enerji, nəqliyyat və informasiya dəhlizlərinin yaradılması, xarici investorların Azərbaycana uzunmüddətli
sərmayə qoymaları, Azərbaycandakı daxili
sabitlik və onun tərkib
hissəsi olan etnik
tolerantlıq və dini dözümlülüyün
mövcudluğu ilə mümkün olub.
Dözümlülük
və tolerantlıq, onların fərqli cəhətləri
Dözümlülük və
tolerantlıq bir-birinə nə qədər yaxın terminlər
olsa da, fəqət fərqli
cəhətləri də kifayət qədərdir. Dözümlülük insan haqları çərçivəsində
heç bir din mədəniyyət, cins,
inanc, düşüncə, sinif və etnik fərqə
varmadan bütün
insanların yaradılışından gətirdiyi özəllikləri
qeyri-şərtsiz qəbul etmək, onların bu
məxsusi keyfiyyətlərlə düşünməsinə
əməllərinə mane
olmamaqdır. Dözümlülük bəşəri anlamda fərqli
cins, dini anlamda fərqli inanc, psixoloji və fəlsəfi anlamda
fərqli düşüncə və fikir,
sosioloji anlamda fərqli
yaşayış tərzi və fərqli mədəniyyət,
etnik anlamda fərqli irq və bu bu kimi fərqliliklərin
həm varlılığının qəbulu, həm də
fərqli dəyərlərin daşıyıcıları ilə
bircə yaşamağın alternativsizliyinin
dərk edilməsidir. Dözümlülükdə
qarşı tərəfin dəyərlərini mənimsəmək
vacib olmadığı kimi,
onun fərqli anlayış, düşüncə,
inanc və mədəniyyətini
aşağılamaq da olmaz.
Burada münasibətlər "müxtəliflik
təbiidir, harmoniyadır" prinsipi
üzrə qurulmalı, zor tətbiq edilməlidir.
Cünki dözümlülk
insana fitratdan verilən
və Rəbb tərəfindən qorunması vacib
olan ruhani-dini dəyərdir.
Bunu Rəbbimizin aşağıdakı kəlamları
sübut edir: "Dində
zor yoxur. Din nəsihətdir".
Tolerantlıq isə kifayət edə biləcək güc və imkana malik fərd və çoxluğun
azlığın fərqli dəyərlərinə mane olmamasıdır. Göründüyü
kimi, dözümlülükdən fərqli
olaraq, tolerantlıqda tolera
edən tolera etdiyi şeyi əngəlləmə, ona qarşı çıxma gücünə
sahib olmalıdır. Tolerant
şəxs, qruplar və ya
cəmiyyət (çoxluq) sahib olduğu gücdən
vaz keçməli,
xoşlamadığı şeyə qarşı
çıxmamalıdır. Tolerantlıq bəşər
qanunları ilə tənzimlənən dünyəvi-mənəvi
dəyərdir. Dözümlülüyün ilkinliyi və tətbiqi sahəsinin
genişliyi tolerantlığa kölgə
salmır. Əksinə, onların hər ikisi
əxlaqi normalar kimi bəşər
həyatının vazkeçilməz dəyərləri, qloballaşma və inteqrasiya
prosesinin hərəkt verici
qüvvəsi, demokratiyanın bərqərarıdır.
Tolerantlıq və
dözümlülük anlayışının geniş məna
tutumuna toxunan, bu sözün lakonik izahını verək mərhum
prezident H.Əliyevə görə, "tolerantlıq həm
insani münasibətlərin və cəmiyyətdə gedən
proseslərin, həm də dövlətlərarası, millətlərarası,
dinlərarası münasibətlərin bir çox cəhətlərinə
aiddir... O,
təkcə dinlərin bir-birinə dözümlülüyünü
deyil, həm də bir-birinin
adətlərinə, mənəviyyatına dözümlülük,
mədəniyyətlərə dözümlülük
deməkdir".
Tolerantlıq prinsipləri Deklarasiyası 1995-ci
il noyabrın 16-da YUNESKO Ali
Konfransının 5.61 saylı Qətnaməsilə təsdiq olunub. 1999-cu il noyabrın
16-da isə Azərbaycan Respublikasının prezidenti
Heydər Əliyev bu əlamətdar gün münasibətilə ölkədə
fəaliyyət göstərən bütün
dini konfessiyaların rəhbərlərilə
görüşərək, dövlətin tolerantlıq ənənəsinin
qorunmasına xüsusi önəm verdiyini, irqindən, dilindən, dinindən,
dünyagörüşündən asılı olmayaraq, bütün
ölkə vətəndaşlarının sülh,
əminamanlıq və qarşılıqlı etimad mühitində yaşadığını,
konfessiyalararası münasibətlərdə heç
bir problemin
olmadığını bildirdi. Bu siyasətin
davamı olaraq, ölkə
başçısı İlham Əliyevin
16 noyabr 2007-ci ildə Bakıda
keçirilən Beynəlxalq Tolerantlıq Günü
münasibətilə konfrans
iştirakçılarına ünvanladığı məktubda
deyilir: "Ölkəmizdə müxtəlif
konfessiyaların nümayəndələri tərəfindən
nümayiş etdirilən
qarşılıqlı ehtiram, konstruktiv əməkdaşlıq,
həmçinin ümumbəşəri mənəvi dəyərlərin
mənimsənilməsi yolunda görülən
işlər olduqca yüksək qiymətləndirilir
və Azərbaycanı tolerantlıq baxımından bir çox ölkələr
üçün örnək hesab etməyə imkan verir".
Tolerantlıq Azərbaycan xalqının milli-dini sərvətidir
Din çox güclü təsir vasitəsinə malik olduğu üçün müasir
dünya bütün din və siyasi xadimləri
qloballaşma zəminində
düşünməyə məcbur edir. Harvard Universitetinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Samuel Hantinqon "Sivilizasiyaların
toqquşması" kitabında dünya
siyasətində dinlərin fundamental rolundan danışaraq qeyd
edir: "Müasir dünyada din mərkəzi
qüvvə hesab edilir.
Məhz "qüvvə" ona görə
ki, insanlara arqumentlər
verərək onları səfərbər edir...
Nə siyasi ideologiyalar,
nə də iqtisadi maraqlar
insanlar üçün
əsasdır. Bu iman
və ailə, qan və dindir
ki, insan özünü identikləşdirir, onun uğrunda döyüşür və ölür".
Azərbaycandakı etnik və dini tolerantlığın unikal
nümunəsini sivilizasiyaların toqquşmasının labüdlüyünü müdafiə edənlərə
misal gətirən İlham
Əliyev həmin məktubunda yazır: "Bu gün
sivilizasiyaların toqquşması və qarşıdurması
konsepsiyasına tərəfdar çıxanlar zəngin
tolerantlıq ənənələrinə malik
olan və Şərqlə Qərb
arasında körpü rolunu
oynayan bir ölkə kimi Azərbaycanın təcrübəsindən
ibrət götürə bilər".
Ölkəmizdə müxtəlif dinlər və mədəniyyətlər
tarixən öz mövcudluğunu
dialoq, tolerantlıq şəraitində qoruyub. Müasir Azərbaycanda milli siyasət
90-a yaxın etnik qrup,
müxtəlif millət və dini
azlıqların əminamanlıq şəraitində
yaşaması və dözümlülük
prinsipləri, həm də, din-dövlət sıx əməkdaşlığı
əsasında müəyyənləşdirilib. Milli
azlıqların dövlət qurumlarında təmsil
olunması, biznes sahəsində geniş iştirakı, qeyri-hökumət təşkilatlarına
və digər qurumlara rəhbərlik etməsi,
bir sözlə, onların ölkənin iqtisadi, siyasi, mədəni
həyatında fəal iştirakına şərait
yaradılması deyilənlərə bariz
nümunəsidir.
Məlumdur ki, müstəqillik qazanandan az sonra
iqtisadi və siyasi
formasiyanın dəyişməsinə baxmayaraq,
İsmayıllı rayonunun əsasən malakanlardan ibarət olan
"Nikitin" adına kolxozun
icması kolxoz sisteminin
saxlanmasını mərhum prezident Heydər
Əliyevdən xahiş etmişdi.
H.Əliyev malakan icmasının xahişini yerinə yetirərək, onların
kolxoz quruluşunda fəaliyyətinə
heç bir məhdudiyyət
qoymadı...
Məlumdur ki, əhalisinin 96%-i
müsəlman olan Azərbaycan vətəndaşlarının
inanc mənbəyi Qurani-Kərimdir. Teist-ateist münasibətlərinə
aydınlıq gətirən Rəbbimiz bu
kitabında müsəlmanlara tövsiyə edir:
"(Kafirlərə deyin:) Sizin öz dininiz
var, mənim də öz
dinim" (Kafirlər, 6). Tolerantlığın
zirvəsi sayılan bu kəlam sonradan Ali Xartiyada
(1215-ci il), BMT bəyannamələrində,
Azərbaycan da daxil olmaqla, bütün sivil dövlətlərin konstitusiyasında təsbit
olunub. Üç monoteist dinin
qarşılıqlı hörmət və etimad
şəraitində fəaliyyət göstərməsinin təqdirəlayiq
olduğunu israrla
qeyd edən Quran buyurur: "Müsəlmanlardan, musəvi (yəhudilər),
isəvi (xristianlar) və sabiilərdən
Allaha, axirət gününə inanıb
yaxşı iş görənlərin
mükafatları Rəbbinin yanındadır" (Bəqara,
62). Bu ayə latın mənşəli söz olan tolerantlıqdan
yox, tolerantlığı da
özündə ehtiva edən daha geniş dəyərdən-İslam
mədəniyyətindən bəhs edir.
Deməli, İslam coğrafiyasının
qısa müddətdə genişlənməsinin və
tolerantlıq da daxil olmaqla, bu sahədə Azərbaycanın
unikallığının əsas səbəbini, həm də
İslam mədəniyyətində axtarmaq daha ədalətli
olardı.
Dinlərarası münasibətlərin ölkəmizdəki
təqdirəlayiq durumu, dini
və etnik tolerantlıqda Azərbaycan modelinin örnəkliyi İSESKO-nun
2009-cu il üçün
Bakı şəhərini İslam Mədəniyyətinin
Paytaxtı elan etməsi də söylənən
fikri təsdiq edir.
Xalqımızın qədim və zəngin mədəniyyətinə,
islami dəyərlərə ölkəmizdə
verilən qiymətə heyranlığını gizlətməyən
İSESKO-nun Baş direktoru Əbdüləziz bin
Osman əl-Tuveycri deyib:
"Mən Azərbaycanla tanış olduqdan
sonra bu qənaətə
gəldim ki, zəngin maddi
və mənəvi irsinə görə Azərbaycan çox əhəmiyyətli ölkədir.
İSESKO bütün dünyaya
çatdırmalıdır ki, siz necə də qədim və zəngin mədəniyyətə
sahibsiniz..." Qeyd edək
ki, mədəniyyətlərarası dialoqun aparılması ənənələrinə
malik olan Azərbaycan
həm İSESKO-ya, həm də Avropa Şurasına yeganə üzv
dövlətdir.
Azərbaycan etnik-dini
tolerantlığın örnəyidir
BMT-nin "Tolerantlıq Prinsipləri
Deklarasiyası"na görə, dözümlülük
təkcə mənəvi borc deyil, eyni zamanda
siyasi və hüquqi
tələbatdır. Tolerantlıq sülhə nail
olunmasını mümkün edən və
müharibə mədəniyyətinin sülh
mədəniyyətilə əvəz olunmasına səbəb
olan ləyaqətlilikdir. Təəssüflə
qeyd edək ki, bunu işğalçı Ermənistan
dövlətinə və Qriqorian kilsəsinə
şamil etmək olmaz.
451-ci ildə Xolkidon Ümumdünya
Kilsə Məclisindən küfr
damğası ilə qovulan erməni Qriqorian kilsəsinin Azərbaycanda fəaliyyət
göstərən tarixi kilsələrə
təzyiqi, sonradan Ermənistanın
dövlət səviyyəsində etnik təmizləmə
və işğalçılıq siyasətini müdafiə
etməsi BMT-nin qətnamələrinə,
tolerantlıq prinsiplərinə dirsək göstərməkdir.
Ermənistanın monoetnik dövlət
olması, bu gün onun müasir
dünyanın gözü
qarşısında Azərbaycanın işğal
olunmuş dini və milli abidələrini yerlə-yeksan etməsi də
artıq danılmaz faktdır.
Əksinə, dünyaya
örnək olan dini və
milli tolerantlığın Azərbaycan modelinin prezident İlham Əliyev tərəfindən BMT
kürsüsündən elan edilməsi, xarici ölkə
başçılarının, dünyanın mötəbər
dini icmalarının bu
modeli dəstəkləməsi çağdaş Azərbaycanda aparılan
milli siyasətin uğurundan
və onun dönməz xarakterindən xəbər
verir.
Müasir Azərbaycan dünya
iqtisadiyyatının qloballaşması və daha
çox mobilləşməsi, kommunikasiya, inteqrasiya və
qarşılıqlı asılılığın sürətli
inkişafı, irimiqyaslı miqrasiyalar və
əhalinin məskunlaşması, urbanizasiya
və sosial sferada əsaslı
dəyişiklər əsrində yaşayır. Bununla yanaşı, artıq dini-etnik
dözümsüzlük və
münaqişələr eskalasiyası da
dünyanın hər tərəfini təhdid etməkdədir.
Belə təhlükədən milli sərhəd
və sərvətlərlə qorunmaq qeyri-mümkündür. Çünki
o, qlobal xarakter daşıyır. Elə Azərbaycanda
dünyaya örnək olan
tolerantlığın milli siyasətin tərkib
hissəsinə çevrilməsi də bu
zərurətdən doğub.
Vaqif CƏLİLOĞLU
Bakı xəbər.-
2011.- 4 iyul.- S. 11.