Gənc nəslin milli mənlik
şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik
hisslərinin tərbiyəsi
Gənclik zamanın,
dövrün hərəkətverici qüvvəsidir. Hər
bir cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü
gənclərə böyük ehtiyacı var. Bu gənclərin
yetişməsi üçün isə, cəmiyyət
özü zəmin yaratmalıdır. Milli mənlik
şüuruna malik olan gənclərin formalaşması
üçün beş-on il bəs etmir, bunun
üçün illər lazımdır. Gənc nəslin
milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik
hisslərinin tərbiyəsi ideoloqların qarşısında
duran böyük bir vəzifədir.
Bütün cəmiyyətlərdə
bu ali hissin yüksək səviyyədə tərbiyə edilməsi
tələb olunur. Azərbaycan da istisna deyil. Azərbaycan gəncliyi
bölgədə öz vətənpərvərliyi, milli mənlik
şüuruna sahib olan gənclər kimi həmişə
sayılıb-seçilib. Deyərdik ki, çox zaman
başqalarına nümunə olub.
Baxmayaraq ki,
maddiyyatın mənəviyyatı ötüb keçdiyi bir
dövrdə yaşayırıq. Ancaq gənclərimizin
heç də hamısı pul qazanmaq naminə dəyərlərimizin
üstündən xətt çəkmir. Sağlam ruhlu gəncləri
cəmiyyət yetişdirir, ictimaiyyət tərbiyə edir. Cəmiyyətdə
nöqsan varsa, bu istər-istəməz, gənclərin əxlaqına,
onların vətənpərvərlik hisslərinin zədələnməsinə
səbəb olur. Hər bir gənc öz doğulduğu ailənin,
yaşadığı mühitin ab-havasına uyğun
böyüyüb tərbiyə alır.
Tərbiyə
insanın bütün yaş dövrləri üçün
gərək olan yüksək bir keyfiyyətdir.
Övladlarının tərbiyəli böyüməsi, vətənpərvər,
yurdsevər olması hər bir valideynlərin arzusudur.
Azərbaycan xalqı
milli adət-ənənələrə, dəyərlərə
sadiq qalmağı sevir. Yəni həyat tərzi də, vətənpərvərlik
hissləri də, milli mənlik şüurunun inkişaf
etdirilməsi də ənənəvilik çərçivəsində
həyata keçirilir. Daha doğrusu, yaşlılar bunu təlqin
edir.
Azərbaycanın
dövlət müstəqilliyini qazanmasında gənclərimizin
rolu az olmayıb. Milli Azadlıq Hərkatında yüzlərlə
gənc Azərbaycan Respublikasının SSRİ-nin tərkibindən
çıxarılmasına çalışıb və bunun
üçün meydanlara axışıb. Günlərlə,
aylarla mitnq və piketlər keçirib.
Qonşu respublikalarla
müqayisədə Azərbaycanda həmişə gənc nəslin
tərbiyəsinə xüsusi önəm verilib. Azərbaycan
Xalq Cumhuriyyəti dövründə gənclərdə milli mənlik
şüurunun inkişaf etdirilməsi və onlarda vətənpərvərlik
hisslərinin tərbiyə edilməsi istiqamətində
böyük işlər görülürdü. Gənclərin
mədəni səviyyəsinin yüksəldilməsi,
onların təhsilə, idmana, musiqiyə cəlb edilməsi
üçün cəhdlər edilirdi. Bu dövrdə
çoxlu sayda milli mənlik şüurunun və yüksək
vətənpərvərlik tərbiyəsinin
daşıyıcıları olan gənclər yetişib. Gənclərin
yaradıcılığının məhsulu olan böyük
ədəbiyyat yaranıb bu illərdə. Orada həm milli
şüur hissi, həm də Azərbaycan sevgisi var.
Sovet dönəmində
milli şüurun inkişafına çalışanlar
barmaqla sayılacaq qədər idi. Bu da milli şüurun
formalaşdırılmasının Sovet ideologiyası ilə
ziddiyyət təşkil etməsindən irəli gəlirdi.
Amma vətənpərvərlik məktəbi olduqca ciddi şəkildə
formalaşmışdı. Bu tərbiyəni daşıyan gənclər
çox böyük uğurlara imza atıb. Onların nailiyyətlərilə
indinin özündə də öyünürük.
XX əsrin
sonlarında Azərbaycan cəmiyyətində ciddi dəyişikliklər
nəzərə çarpmağa başladı. Yeni nəsil gənclər
özlərilə yeni nəfəs gətirmişdi. Orta
ümumtəhsil məktəblərində, texnikumlarda, ali məktəblərdə
vətənpərvərlik təbliğ olunurdu. Kimdə vətənpərvərlik
hissi zəif nəzərə çarpırdısa, ona
qarşı qınaq kampaniyası başlanırdı.
Azərbaycan 20 ildir ki, imperiya zəncirlərindən
azad olunub. Müstəqil
dövlət kimi formalaşıb. Bu iyirmi
ildə Azərbaycanda milli mənlik şüuruna sahib olan
yüzlərlə vətənpərvər gənc yetişib.
Onların çoxu ana dilimizə,
soy-kökümüzə, vətənimizə münasibətini
Ermənistanın Azərbaycan torpaqlarını işğal
etməsi nəticəsində başlayan Qarabağ müharibəsində
bildirdi. Bu cavanlar "uf" demədən
öz canını, sağlamlığını, gələcəyini
ana torpağa fəda etdi. Bu faktın
özü göstərir ki, Azərbaycanda sağlam
şüura malik gənclərin yetişdirilməsi üçün
şərait var. Amma təlimatçılar, ideoloqlar
hansısa səbəbə görə bu missiyanı yerinə
yetirmək istəmir. Hər halda, bu belə
görünür. Dövlətimizin gənclər
siyasəti bəllidir. Bu siyasət aidiyyəti
qurumlar tərəfindən həyata keçirilməlidir.
Qurumlar müəyyən işlər görsə
də, hələ də tam olaraq müasir gənclərdə
milli mənlik şüurunun inkişaf etdirilməsinə və
onlarda vətənpərvərlik ruhunun geniş mənada tərbiyə
edilməsinə nail olmayıb. Məsələ
burasındadır ki, Gənclər və İdman Nazirliyi bu
istiqamətdə bir sıra layihələr həyata
keçirib. Gənclərin tərəqqisinə
hesablanan bu proqramlar birbaşa gənclərlə bağlı
olub.
Dövrümüzdə
yaşayan, təhsil alan gənclərin
müəyyən qrupu milli şüur
daşıyıcısı ola bilmir. Qloballaşma
tərəfdarı olan bu gənclər hesab edir ki, milliliyin
yerini qloballaşma tutmalıdır. Axır
vaxtlar yaşlı adamlar, orta məktəb müəllimləri,
hətta bağça tərbiyəçiləri belə gənclərin
böyük hissəsinin tərbiyə sahəsində geri
qaldığını deyir. Narazılıq
doğuran məqamlardan biri isə cavanların
böyüyün sözünə qulaq asmamasıdır.
Bəzi gənclər özlərini nəinki
ailədə, heç cəmiyyətdə də normal apara
bilmir.
Gənclərin
formalaşmasına məsul olan şəxslər bu işi
yerinə yetirmək əvəzinə bir tərəfə
çəkilib dövlətdən pul almaq istəyir. Deyirlər ki, gənclərdə milli şüur
formalaşdırmaq üçün külli məbləğdə
vəsait gərəkdir. Guya ki,
küçələrə, meydanlara təlimat stendləri
vurulmalıdır. Gənclərin üzərinə
düşən bütün vəzitfələr orada əks
olunmalıdır. Tamamilə yanlış
məsələdir.
Təhsil aldıqları
ali məktəblərdə də onlara
milli mənlik şüuru təlqin edilə bilər. Gənclərdə vətənpərvərlik tərbiyəsinin
yaranmasında universitet müəllimlərinin də rolu
böyükdür. Onlar auditoriyalara girib bu
mövzuda söhbət açsa, mütləq onun nəticəsi
olacaq. Hansısa bir Sovet İttifaqı Qəhrəmanının,
yaxud Azərbaycanın Milli Qəhrəmanının, adicə
bir şəhid əsgərin həyatı, döyüş
yolu haqda danışılsa tələbə sabah
o qəhrəmanlara oxşamaq istəyəcək. Amma auditriyalarda tamam başqa şeylər
danışılır. Televiziyalar da bu sahədə
əvəzsiz işlər görə bilər. Gənclər televiziya və internetlə daha
çox ünsiyyətdə olur. Onların
xidmətlərindən yararlanaraq ideoloji fikirlər səsləndirmək
mümkündür. Milli mənlik
şüuru daşıyıcıları və vətənpərvər
gənclərin həyat yoluna baxsaq görərik ki, bu onlarda
yeni yaranan hiss deyil. Onlar bağçadan, məktəbdən
ali məktəbə qədərki
dövrdə bu tərbiyəni zərrə-zərrə
canına yığıb. Bu gün də öz
hərəkətlərilə bir nümunədir.
Gənclərdə
bu müqəddəs hisslərin tərbiyələnməsində
qələm adamlarının da rolu danılmazdır.
Onlar mütamadi olaraq gənclərlə iş aparırdı.
Yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar
və digər incəsənət sahəsində
çalışan yaradıcı insanlar orta və ali məktəblərdə, istehsalat müəssisələrində
gənclərlə görüşlər keçirirdi. Onların gənclərlə ünsiyyəti
cavanların həyatını, arzularının
yönünü büsbütün dəyişirdi. Gənclərdə yüksək mənəvi keyfiyyətləri
tərbiyələndirən yaradıcı şəxslər
bundan ləzzət alırdı. Gənclərin
həyatından gözəl, ibratəmiz ədəbiyyat
nümunələri yaranırdı. Yazıçıların
bu əsərləri çox müsbət nəticələr
verirdi. O dövr gənclərin xarakterinə, dünya
görüşünə, maraqlarına, istəyinə
uyğun əsərlər dərhal da öz oxucusunu
tapırdı. Çünki bu əsərlərin
başlıca məqsədi gənclərin tərbiyəvi
ruhda formalaşmasını təmin etmək idi. Gəncin tərbiyəsində nöqsan yox idisə,
o birmənalı olaraq Vətəni, torpağı, insanları,
dostluğu, sülhü sevirdi. Gələcəkdə
də normal bir vətəndaş kimi özünü göstərirdi.
Yazıçılar, uşaq bəstəkarları,
rejissorlar gəncləri yetişdirirdi. Əlfi
Hacıyev, Salam Qədirzadə, Ələviyyə Babayeva,
Vidadi Babanlı, İsi Məlikzadə, Gülhüseyn
Hüseynoğlu və başqaları gənclər
üçün ədəbiyyat yaradırdı.
Çağdaş
yazarlar isə, sanki gənclərlə ünsiyyətdə
olmaqdan qaçır. Heç gənclərin
bir qismi də yaradıcı adamları qəbul etmək istəmir.
Bəlkə də gəncləri bu ünsiyyətə
yazıçılar, şairlər, musiqiçilər və
digər sənət sahibləri özləri cəlb etməlidir.
Onlarla müxtəlif mövzular əsasında
diskussiyalar, müzakirələr keçirməlidir. Şükür Allaha ki, cavanlara deyiləcək
sözlər çoxdur. Bu həm gənclərin
cəmiyyət üçün yararlı olmasına istiqamət
verə bilər, həm də onların vətənpərvərlik
hissini artırar. Bu eyni zamanda da bəzi gənclərin
əyri yollara düşməməsinin
qarşısını alar. Həyatda belə
təcrübələr yüzlərlədir. Sənət adamlarınvn ibrətamiz
çıxışlarını eşidib onlardan nəticə
çıxaranlar xoşbəxtliyin açarını
tapır.
Sovet
dövründə gənclərin düzgün istiqamətdə
formalaşdırılması üçün aparılan təbliğat
və təşviqat işinə külli məbləğdə
vəsait ayrılırdı. Hazırda da
gənclərin bədii-estektik zövqünün, tərbiyəsinin
formalaşmasına yardım etməsinə görə
dövlət yazıçı və şairlərə vəsait
ayırır. Daha doğrusu, məlumatlara görə, bu
iş üçün nəzərdə tutulan vəsait Azərbaycan
Yazıçılar Birliyinə verilir. Qurumun gənclər
ədəbiyyatı ilə bağlı fəaliyyət
göstərən bölümü bu vəsaitdən istifadə
edərək təbliğat aparmalıdır. Bu gün bu vacib işdə yazıçı və
şairlərin, bəstəkarların, rəssamların rolu
çox cüzi görünür. Təsadüfən
hansısa bir yazıçısı ali məktəblərdən
birinə gedir və burada kiçik bir görüş
keçirilir. Halbuki, sənət
adamlarının özləri bu görüşlərdə
maraqlı olmalıdır. Nəzərə
alaq ki, müharibə vəziyyətində yaşayırıq
və bizə vətənpərvər uşaqlar, yeniyetmələr,
gənclər lazımdır. Bu şəraitdə
olan dövlətlərin, demək olar ki, hamısında sənət
adamları insanlara milli mənlik şüuru, vətənvərvərlik
ruhu aşılayır.
Azərbaycan
gənclərinin milli soy-kökə qırılmaz tellərlə
bağlı olmasının şahidiyik. Hətta
xaricə təhsil almaq məqsədilə gedən gənclərin
də milli mənlik şüuru inkişaf edib. Bəzi təsirə düşənləri nəzərə
almasaq, bütövlükdə gənclərimizin milli məfkurəyə
bağlılığı çox etibarlıdır. Onlar yaxşı bilir ki, torpaqları yağılar tərəfindən
işğal edilən, oğlu-qızı aparılan, şəhid
edilən bir torpağın övladlarıdır. O
torpaqların azad edilməsində gənclərin rolu çox
böyük olacaq.
Gənclərdə
milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik
hisslərinin tərbiyəsində ziyalalırla, qələm
adamları ilə, sənətkarlarla yanaşı,
pedaqoqların da çox böyük rolu tələb olunur.
Hər bir insanın tərbiyəsi körpəlikdən
formalaşmağa başlayır. Məktəbdə
yetişir ilk vətənpərvərlər.
Azərbaycan
məktəblərinin bir çoxu şəhid və Milli Qəhrəmanların
adını daşısa da, bu təhsil ocaqlarında vətənpərvərlik
tərbiyəsi çox zəif şəkildə həyata
keçirilir. Görəcəyi iş şagirdlərdə
milli şüuru formalaşdırmaq, onlarda hərbi-vətənpərvərlik
ruhunu qaldırmaq olsa da, hərbi dərslər haqda
danışmağa dəyməz. Bu fənnin tədrisi
həddindən artıq pis vəziyyətdədir. Müharibə şəraitində olan bir ölkənin
məktəblərində bu sahənin kölgədə
qalması bizə utanc gətirir. Bayaq qeyd
etdik ki, yazıçı və şairlər məktəblərdə,
universitetlərdə görüşlər keçirmir.
Heç sağ qalan Milli Qəhrəmanlar,
müharibə veteranları, hərbçilərlə gənclər
də ünsiyyətdə olmur. Onların
döyüş yolu gənclərin mübariz bir vətəndaş
kimi yetişməsinə təsir edə bilər. Bu birmənalı belədir. Torpaq
uğrunda mücadilə verənlərin hər birində ilk
növbədə yüksək milli mənlik şüuru
formalaşıb. Milli məfkurəyə
bağlı olanların isə vətənpərvərlik tərbiyəsinə
malik olması şübhəsizdir.
Cəmiyyətin
aynası sayılan mətbuatın, xüsusən də
televiziyaların bu sahədə görəcəyi işlər
çoxdur. Gənclərin milli kök üstə, vətənsevər,
humanist bir insan kimi yetişdirilməsində müasir KİV-lərin
böyük rolu ola bilər. Televiziyalar, qəzetlər milli mənlik
şüurunun təbliğatına daha çox yer
ayırmalıdır. Bu mövzuda filmlər,
proqramlar, intellekt oyunları, diskussiyalar keçirilməlidir
ki, gənclər oradan nə isə götürsün. Gənclər bu dövlətin, xalqın gələcəyini
quran, onun təəssübünü çəkən,
yurdumuzun sınırlarını qoruyan vətəndaşlarımızdır.
Onlar sağlam, qayğısız şəkildə
yetişdirilməlidir. Bəzi gəncləri
müxtəlif ziyanlı dini cərəyanların, gərəksiz
ictimai-sosial təşkilatların toruna düşməkdən
hifz etməlidir cəmiyyətimiz. Onlar nə
qədər milli ruhda inkişaf etsə, bir o qədər vətənpərvər
olar. Dövlət gənclərə
qayğı göstərir, ictimaiyyət də bu
qayğıya dəstək verməlidir ki, gələcəyimiz
etibarlı əllərdə olsun.
Namiq Quliyev
Bakı
xəbər.- 2011.- 6 iyun.- S. 12.