Azərbaycan
ailələrinin dayanıqlı olmasında adət-ənənələrin
rolu...
Azərbaycan ailəsi tarixən
zəngin adət-ənənələrə malik
olub. Əsrlərin sınağından
çıxan bu adət-ənənələr
indinin özündə də cəmiyyətdə
və insan həyatında mühüm
rola malikdir. Məhz adət-ənənələrimizin
saflığının nəticəsidir ki,
Azərbaycanda qurulan ailələr
dayanıqlılığı və mükəmməlliyi ilə
seçilir. Bütövlükdə ailə
dayanıqlığı məsələlərində adət-ənənələrin
rolunu danmaq olmaz. Yəni bu kimi məsələlərdə onların rolu böyükdür.
Bunu özlüyündə şərtləndirən
bir sıra faktorlar var. Məsələn, bizdə ata-ana
övladının təlim-tərbiyəsindən tutmuş, onun fərd olaraq hərtərəfli yetişməsi, təhsil
alması və cəmiyyət üçün
layiqli şəxs kimi
formalaşmasında özünəməxsus rol
oynayır. Hər bir valideyn
övladının xoşbəxt olmasına
çalışır və bu yöndə
üzərində böyük məsuliyyət
hiss edir. Bunun nəticəsidir ki,
bizdə ailədə hər zaman böyük-kiçik yeri
tanınıb, böyüyə yüksək hörmət mühiti olub. Sadalanan bu xüsusiyyətlər
bir çox ölkələrdə
olduqca zəif inkişaf
edib. Yaxud da bizim ölkəmizdə
olduğu qədər bir-birini
tamamlamır, vəhdət halında deyil.
Deyilənlərə
digər misal ondan ibarətdir ki, bizdə olan toy adətləri
heç bir dövlətdə yoxdur. Məsələ
ondadır ki, Azərbaycan toyları bütün qohum-əqrəbanı,
tayfa və nəsli bir araya gətirir. Qohumluq əlaqələrinin
dayanıqlılığını saxlamaqla yanaşı, həm
də bu münasibətlərin daha da möhkəmlənməsinə
xidmət göstərir. Toylar qohumların bir araya gəlib
yaxından ünsiyyət qurmasına bilavasitə şərait
yaradır. Bu da, öz növbəsində, qohumluq əlaqələrinin
itməsinin qarşısını alır. Ən azından,
buna yaxından yardım göstərir. Azərbaycanın toy
adət-ənənələrinin yaxşı tərəfi həm
də ondan ibarətdir ki, qohum olan tərəflərin
bir-birini yaxından tanıması, bunun nəticəsində
uğurlu izdivacın qurulması üçün şərait
yaradır. Belə ki, toydan əvvəl şərti olaraq bir
sıra prosedur mərhələsinin olması tərəflərə
düzgün seçim imkanı yaradır. Çünki toya
qədər bir sıra mərhələlərin keçilməsi
zaman etibarilə doğru-düzgün qərar
çıxarmağa və seçim etməyə imkan verir.
Başqa bir gözəl
adətimiz valideyn xeyir-duası ilə bağlıdır.
Unutmaq olmaz ki, təməli möhkəm olan ailələrin
qurulmasında valideyn xeyir-duasının müstəsna çəkisi
var. Zaman-zaman cavanlar bu məqama xüsusi diqqət göstərib.
Təsadüfi deyil ki, valideyn, ağsaqqal xeyir-duası alan
cütlüklərin qurduğu ailə uzunömürlü və
ruzili olur. Məhz bunun təsirindəndir ki, bizdə nikah
qurularkən valideyn xeyir-duasının əhəmiyyətinə
xüsusi önəm verilir. Valideyn övladının nailiyyətlərinə
sevinir, nöqsanları üzə çıxanda isə
üzülür və onun aradan qaldırılması istiqamətində
ciddi şəkildə çalışır. Çünki
ailəsi üzərində daim valideyn məsuliyyətini hiss
edir. Bunun qarşılığında övlad da üzərinə
düşən borcu yerinə yetirməyə
çalışır. Yəni valideyn daim üzərində
övlad məsuliyyətini hiss edir. Həmin məsuliyyətin
olmasının nəticəsidir ki, Azərbaycanda qocalar evində
olan ahılların sayı, digər ölkələrlə
müqayisədə, qat-qat aşağıdır. Hətta deyərdim
ki, simvolik səviyyədədir. Bu bir daha Azərbaycan ailəsində
övlad məsuliyyəti institutunun təntənəsini
özündə əks etdirir. Bu da, öz növbəsində,
övlad məsuliyyəti institutunun nə qədər ciddi və
möhkəm dayaqlara söykəndiyini göstərir. Bu kimi
müqəddəsləşdirilmiş dəyərlər Azərbaycan
ailəsinin təməl prinsiplərinin daha sağlam əsaslar
üzərində möhkəmlənməsinə xidmət
edir. Bütün bunların cəm halında olması, həm
də Azərbaycanda boşanmaların sayının az
olmasına kömək edir. Həmçinin, mükəmməl
ailə modelinin ortaya qoyulmasına xidmət edir. Təsadüfi
deyil ki, Azərbaycanın ailə modelini bir sıra xarici
ölkə vətəndaşları özləri
üçün örnək hesab edir və mümkün qədər
bundan bəhrələnməyə səy göstərir.
Çünki ailə dayanıqlılığı məsələlərində
adət-ənənələrimiz prinsipial əhəmiyyətə
malikdir. Bu cür unikal sistemin formalaşması, təbii ki, əsrlərdən
bəri xalqımızın milli dəyərlərindən
süzülüb gələn adət-ənənələrin
bəhrəsidir. Zaman sübut etdi ki, sadalanan elementlər cəmiyyətə
ancaq fayda və stimul verir. Başqa bir tərəfdən, Azərbaycan
ailəsinə təsir göstərən adət-ənənələr
imperativ əsaslara söykənmir. Bu sadəcə,
xalqımızın öz içindən gələn bir mənəvi
duyğudur. Görünən odur ki, həqiqətən
də bizdə buna dair əvəzsiz örnəklər toplusu
var.
Tanınmış şərqşünas
Seyid Camal Əzimbəylinin sözlərinə görə, ailə
dayanıqlılığı məsələlərində
adət-ənənələrin rolu ölçüyəgəlməz
dərəcədə böyükdür: "Çoxluq kəsimi
içərisində hər zaman ailə öndə gələn
müqəddəs dəyərlər içərisindədir.
Ona görə də bu müqəddəs dəyərlərin
mühafizə olunmasında, milli-mənəvi dəyərlərimizin
bizim üçün yazılmamış qanunları çərçivəsində,
hətta dövlətçiliyimizin belə bütövlənməsinə
xidmət göstərən nüansları var. Bu baxımdan
ailənin dayanıqlılığı,
bütövlüyünə xidmət göstərən Azərbaycan
kişisinin, qadınının ləyaqət anlamı hər
şeydən ucada gəlir. Ona görə də
bu müqəddəs dəyərlər çərçivəsində
düşünəndə, Azərbaycan xalqının milli
kimliyində birmənalı olaraq adət-ənənələrin
dayanıqlı rolu öz əksini tapıb. Ailənin uca, əziz tutulması, bütün dəyərlərin
fövqündə durması onun
dayanıqlılığına, eyni zamanda, əyilməzliyinə
gətirib çıxarır. O baxımdan
xalqımızın milli yaşantısında, ailənin
mühafizə olunmasında, bütöv bir ailə
anlamında tanıdılmasında bu dəyərlərin
qorunmasının, mühafizə olunmasının çox
böyük əhəmiyyəti var. Bu kimi müqəddəs
meyarlar, prinsiplər ailənin mühafizə olunmasına gətirib
çıxarır. Digər tərəfdən,
müsəlman kimliyimizi nəzərə aldıqda, dinimizin gətirdiyi
qaydalar içərisində Azərbaycan xalqının
ülvi adət-ənənələrini qoruması
büsbütün İslamın prinsipləri ilə də
üst-üstə düşür. Hətta
sevgili Məhəmməd Peyğəmbərimiz də ailəyə
sahib durmanın İslamın başlıca şərtlərindən
olduğunu bizlərə bəyan etmişdi. Bununla bağlı onun xütbəsində də
sözügedən dəyərlərin qorunması bizim
üçün müəyyən olunmuşdu".
Azərbaycan Ziyalılar
Birliyinin sədri Eldəniz Quliyevin sözlərinə görə,
ailə dəyərləri, adət-ənənələr
hamısı bir-birilə sıx bağlıdır:
"Bunları bir-birindən ayrı təsəvvür etmək
doğru olmaz. Çünki bu həm də bizim
mental şüurumuzdan irəli gəlir. Hədər
yerə demirlər ki, ailə kiçik dövlətdir. Ancaq ailəni qorumaq üçün birinci növbədə
adət-ənənələrimizi, dəyərlərimizi
qorumalıyıq. Adət-ənənələrimizi
qorumadan ailəni qoruya bilmərik. Bu zaman nəticə
etibarilə ailələrin dayanıqlı olmasını
qorumaq mümkün olmayacaq. Ailə
qorunmasa, cəmiyyət də qorunmayacaq. Cəmiyyət
qorunmasa, dövlətimiz, müstəqilliyimiz də
qorunmayacaq. Görürsüz, bütün
bunların hamısı bir-biri ilə zəncirvari əlaqəli
məsələlərdir. Belə
çıxır ki, ailənin rolunun böyük olması ilə
yanaşı, milli adət-ənənələrin də, dəyərlərimizin
də onun qədər rolu böyükdür. Göz qabağında olan bəzi problemlər
insanı narahat edir. Məsələ
ondadır ki, dayanıqlı ailə ilə bağlı olan adət-ənənələrimizin
dağılma təhlükəsi, aşınması,
deqradasiyaya məruz qalması ailələrə də öz təsirini
göstərir. Statistikaya nəzər
salsaq görərik ki, ilbəil boşanmaların sayında
artım müşahidə olunur. Baxmayaraq
ki, toylarımız çox təmtəraqlı keçirilir.
Bu bir sıra obyektiv və subyektiv səbəblərdən
qaynaqlanır. Problem ondadır ki, biz milli dəyərlərimizin
qorunmasına kifayət qədər diqqət yetirmirik. Digər tərəfdən, son vaxtlar cəmiyyətimizdə
müəyyən yanlış təsəvvürlər
formalaşıb. Elə hesab edirlər ki,
qloballaşma şəraitində baş verənlərdən
qaçmaq mümkün deyil. Müasir dəyərləri
tam əxz etmədən, milli təfəkkür tərzimizdən
keçirmədən, ənənələrimizə tam
uyğunlaşdırmadan gözüyumulu qəbul edirik. Bunun nəticəsində bizdə ailə münasibətlərində
müəyyən problemlərin yaşanması
üçün münbit şərait yaranır. Tarixən formalaşan dayanıqlı ailə modeli
dağılmağa məruz qalmaq təhlükəsilə
üzləşir. Yuxarıda
sadaladığım amillər bütövlükdə cəmiyyətdə
müəyyən mənfi zəmində tendensiyaların
inkişafına şərait yaradır. Əlbəttə,
bu cür meyllər, yanlış təfəkkür tərzi
pis nəticələr verir. Ona görə
də bu kimi məsələlərdə son dərəcə
həssas və diqqətli olmalıyıq. Zərərli vərdişlərin cəmiyyətdə
geniş səviyyədə kök salmasına mane
olmalıyıq. Hansısa gecikmə müəyyən
ciddi fəsadlara gətirib çıxarır.
Bütün bunlar kifayət qədər narahatedici məqamlar
olduğundan, bizim ictimaiyyəti, dövləti,
ziyalıları düşündürməlidir. Cəmiyyətin
taleyi ilə bağlı məsuliyyət daşıyanları
qayğılandırmalıdır ki, vaxtında bunun
qarşısı alınsın. Əks təqdirdə, əlbəttə,
çox şey itirə bilərik. Unutmaq olmaz ki,
keçmişini, özünü, əslini itirən xalq, millət
çox böyük məhrumiyyətlərə məruz
qalır. O cümlədən adət-ənənələrini
də...".
Vidadi Ordahallı
Bakı xəbər.- 2011.- 6 iyul.- S. 15.