Azərbaycanda
ailə məsələlərinə televiziya
baxışı...
Cəmiyyətin hərəkətverici
qüvvəsidir ailə. Bu iki məfhumu bir-birindən ayrı
təsəvvür etmək mümkünsüzdür.
İnsanın yetişməsində, tərbiyəsində, ailə
ilə yanaşı, mühit də böyük təsirə
malikdir. Cəmiyyətdə baş verən dəyişikliklərin,
islahat və uğurların ailələrə
daşınması prosesi hər zaman mövcud olub.
Ailə ilə cəmiyyətin
qarşılıqlı əlaqəsi bir sıra mənfi və
müsbət halların yaranmasına gətirib
çıxarır. Adətən cəmiyyətdə
yaşanan neqativliklər ailə üzvləri tərəfindən
ailələrə inteqrasiya edilir. Bunun da acı nəticələr
verdiyi bəllidir. Xoşagələn hallar da ailələrə
daxil olur. Amma hazırkı dövrdə yaxşıdan
çox pisdən təsirlənirlər.
Azərbaycan cəmiyyəti, ailəsi
dözümlülük, humanistlik, bir qədər də ənənəvilik
üzərində dayandığına görə onu elə
də böyük təhlükə gözləmir. Ancaq buna
baxmayaraq, bu məsələdə ciddi problemlər də
çoxdur. Bir çox Azərbaycan ailələri ənənəvi
ailə modelini saxlamağa cəhd edir. Düşünürlər,
ənənəvilik öz yerini möhkəm tutmalıdır
ki, yad təsirlər ailəni içindən yeməsin.
Axır
vaxtlar bir sıra sosial terminlər məişətimizə
daxil olub. Tez-tez gender problemindən
danışılır, demoqrafiya məsələləri
gündəmə gətirilir. Çox
yaxşı. Məqsəd qadınların cəmiyyətdəki
yerini möhkəmlətmək, xanımların ailə daxilində,
cəmiyyətdə, iş prosesində pozulan
hüquqlarını qorumaq, onların kişilərlə bərabər
hüquqlu olmasının əyani şəkildə görsənməsi
və s. məsələlərin həyata keçirilməsidir.
Yerli televiziyalarda ailə
problemləri, o cümlədən də gender, demoqrafiya kimi məsələlər
vaxtaşırı çözülür. Ailələrdə, cəmiyyətdə baş verənlər
müzakirəyə çıxarılır. Demək olar ki, sosial proqramların əksəriyyətinin
mövzusu ailədir.
Fakt budur ki, son illər
ölkədə boşanmaların sayı artıb, ailədaxili
münaqişələrdən əziyyət çəkənlər
həddindən artıq çoxdur. Bir
çox ailələrdə qadınların
hüquqlarının pozulması, onların analıq heysiyyətinin
tapdanması halları var. Qadınlar döyülür, təhqir
edilir, bəzən insan alverinə, fahişəliyi cəlb
edilir. Bu bəlli məsələdir.
Boşanma tempinin yüksələn xətt
üzrə getməsi isə insanları daha çox narahat etməlidir.
Hazırkı dövrdə sağlam, problemsiz
ailə qurmaq olduqca çətindir. Ailənin
təməlinin möhkəm özüllər üzərində
qurulması vacib faktordur ki, ailələr nə qədər
çətinə düşsələr də
dağılmasın.
Televiziyalarda ailə
məsələlərilə bağlı həm
aparıcı, həm də ekspert qismində elə adamlar
çıxış edir ki, ümumiyyətlə onların
normal ailə haqda təsəvvürü yoxdur.
Veriliş
aparıcılarının əksəriyyəti ya
şou-müğənniləridir, ya da aktrisalar.
Ömründə bircə il ərlə
yaşamayan, ailə müqəddəsliyinin qədrini bilməyən,
qaynana-qayınata qulluğunda dayanmayan, dünyaya qanunsuz
övlad gətirən, məişət pozğunluğunda ad
çıxaran, gecə barlarının daimi sakini olan bir
xanım camaata ailə dərsi keçir. Tövsiyə
edir ki, ailə müqəddəsdir, arvad ərin sözünə
tabe olmalıdır, ailəni qorumaq lazımdır və s.
Amma özləri dediklərinin heç birinə əməl
etməyib. Ailə məsələlərilə
bağlı teleproqramlara çağırılan ekspertlərin
əksəriyyəti də ailə məsələsində
kifayət qədər nöqsanı olan şəxslərdir.
Öz ailəsini qoruya bilməyən, ərinə,
yaxud arvadına ömrü boyu xəyanət edən şəxslər
çıxıb ailə paklığından, ər-arvad sədaqətindən
danışır. Ailəşünas kimi
meydanda görünənlərin əksəriyyətinin tərbiyəsi
bir ictimai sima kimi ictimaiyyəti qətiyyən qane etmir.
Təkliflər var
ki, ailənin qorunması, müdafiə olunması, sağlam
özüllər üzərində qurulan ailələrdən
ağızdolusu danışan ekspertlərin ailə tərkibi,
həyatı, keçdiyi yol barədə
tamaşaçılara geniş arayış verilsin. Bu fikirdə olanlar bildirir ki, o insanlarla bağlı ən
xırda detal belə unudulmalı deyil. O mənada ki, gənclər
onlara məsləhət verənlərin kim
olduğunu, buna haqqının
çatıb-çatmadığını ayırd edə
bilsin.
Gəncliyində
müxtəlif kişilərə məşuqəlik edən
bir xanım özünü ailə eksperti kimi
tamaşaçılara təqdim edir. Bəzi
televiziyaların özləri qeyri-sağlam düşüncə
və həyat tərzinə malik olan adamları məsləhətçi
qismində efirə dəvət edir. Guya ölkədə
onlardan başqa adam yoxdur ki, ailədən
danışsın. Həyatı boyu o
qadının, bu qadının ərinə göz dikən,
ailələr dağıdan birisinin haqqı varmı qadın
hüquqlarının müdafiəsindən danışa?
Belələrinin ailə müqəddəsliyindən
danışmaq ixtiyarı olmadığı halda, bu şəxslər
paklıqdan söhbət açır. Qondarma
psixoloqlar, sosioloqlar, filiosoflar, parapsixoloqlar efirləri
işğal edərək öz ziyanlı
tendensiyalarını cəmiyyətə ötürür.
Təəssüflər olsun ki, bundan da zərər
çəkən yeni qurulan ailələr olur. Bəzən aparıcılar və ekspertlər elə
fikirlər səsləndirir ki, onun Azərbaycan ailə modelilə
heç bir əlaqəsi yoxdur. Bu
yanlış istiqamətlər də gəncləri əməlli-başlı
çaşdırır.
Əlaqə
saxladığımız sosioloqlar, psixoloqlar bildirir ki, bu
qüvvələrin efirlərə çıxmasında
maraqlı olan televiziya rəhbərləri var. Həmin rəhbərlər
o şəxslərə meydan verməklə cəmiyyətdə
ailə haqda qeyri-ciddi fikir formalaşdırmaq istəyir.
Tamaşaçı görəndə ki, ailə
barəsində danışan adamın özünün ailəsi
yoxdur, ömrü boyu əxlaqdan kənar işlərlə məşğul
olub, bu ona pis təsir edəcək. Ailə haqda
danışmağa haqqı olan adamların televiziyalardan kənarda
qalmasının yaxşı əlamət
olmadığını deyən psixoloqlardan birinin sözlərinə
görə, bu cür verilişlərə 50-60 il
ailə təcrübəsinə malik insanlar dəvət edilməlidir.
Psixoloq Nərgiz
Allahverdiyeva bizimlə söhbətində bildirdi ki, televiziya
ekspertlərinin əksəriyyəti qeyri-sağlam
düşüncə sahibidir. N.Allahverdiyeva da hesab edir
ki, televiziyalarda ailə haqda danışan adamların həyatı
haqda tamaşaçılara arayış verilməlidir:
"Hazırda rayonda yaşadığım üçün
paytaxtla o qədər də əlaqəm yoxdur. Bütün
xəbərləri televiziya vasitəsilə alıram. Ailə məsələlərilə bağlı
proqramları da izləyirəm. Bu
verilişlərə ekspert qismində çıxan
adamların bəzilərini şəxsən tanıyıram.
Doğrudan da onların çoxunun həyat tərzi
normal deyil. Bu adamlar əri tərəfindən
döyülən, qaynanası tərəfindən incidilən
qadınlara elə tövsiyə verir ki, adam
məəttəl qalır. Onları tanımayan adam olsa deyər ki, nə saf, nə təmiz
adamlardır. Qoy gənclərə məsləhət
verənlər öz həyatı haqda heç nəyi gizlətmədən
açıqlama versin. Tamaşaçı
da görsün ki, onların yeni ailə quranlara məsləhət
verməyə mənəvi cəhətdən haqqı
çatır, yoxsa çatmır. Bizim Bakı Dövlət
Universitetində, Pedaqoji Universitetdə, Milli Elmlər
Akademiyasında o qədər gözəl mütəxəssislərimiz
var ki, onları yada salan yoxdur. Bu mütəxəssislərin
həm həyat tərzi, həm fəaliyyətləri şəffafdır.
Onlar gənclərə daha yaxşı məsləhət
verə bilər. Amma onların efirdəki
yerlərini saxtakarlar tutub. Azərbaycan ailəsi,
cəmiyyəti bu gün özünün çox təlatümlü
çağını yaşayır. Ənənəvi
ailə modelini dağıdıb yerində yeni bir ailə
modeli qurmaq istəyirlər. Ailələrimizə
kənardan təzyiqlər var. Bu səbəbdən də
boşanmalar, ailədaxili münaqişələr səngimək
bilmir. Azərbaycan ailəsinin həqiqi
mütəxəssislərə böyük ehtiyacı var. Bunu
televiziyalar nəzərə almalıdır. Hansı ekspert dəvət edilirsə, əvvəlcə
bir neçə dəqiqəlik onun həyatı haqda
informasiya verilsin, sonra onu danışdırsınlar. Amma televiziyalar bunu etmək istəmir".
N.Allahverdiyevanın sözlərinə
görə, aktrisa və müğənnilərin ekspert kimi
bu verilişlərə cəlb edilməsi gülünc
görünür: "Anlaya bilmirəm ki, bizdə bu qədər
peşəkar ola-ola ekspert kimi gündə bir ərə gedən
müğənnini niyə dəvət edirlər? Ərindən boşanıb başqa işlə məşğul
olan aktrisalar niyə ailə müqəddəsliyindən dərs
keçir camaata? Siz ekspert qismində dəvət
edilən QHT nümayəndələrinin sırasına
baxsanız görərsiniz ki, onların arasında da kifayət
qədər ailə institutundan xəbərsiz olanlar var.
Özü ailə dağıdıb, ər sözünü
götürməyib, amma başqasına deyir ki, dözməlisən.
Yaxud əksinə, müraciət edənə
boşanmanı təklif edir. Bizim
filosoflar, sosioloqlar, psixoloqlarımız var ki, illərdir ailə
məsələlərini araşdırır, dərdlərə
çarə tapmağa çalışır. Onların sözünə ciddi ehtiyac var. Ailələr
qorunmalıdır. Çünki dövlətin
tərəqqisində sağlam ailələrin rolu
danılmazdır".
Filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlının
fikrincə də, ailə məsələlərindən
danışan adamlar seçilmişlər olmalıdır.
Professor Qasımlı deyir ki, elm aləmində, başqa sahələrdə
ailə haqqında danışmağa haqqı olanlar
çoxdur: "Açığı, bu verilişləri izləmirəm.
Bu da ondan irəli gəlir ki, orada danışan
adamların şəxsiyyəti, həyat tərzi, ailəyə
münasibəti məni qane etmir. Ailəsi
bəlli olan biri elə danışır ki, onun yerinə sən
utanırsan. Boşanmaların
qarşısı alınmalı, gender bərabərliyi təmin
olunmalıdır. Amma maarifçilik
işi aparanlar əsl mütəxəssislər
olmalıdır. Həyat tərzi,
düşüncəsi tamaşaçının maraqları
ilə ziddiyyət təşkil edənlər efirə
buraxılmalı deyil. Onlar əvvəlcə öz ailəsi
haqda danışsın, sonra başqasına tövsiyə
versin".
M.Qasımlının təklifinə
görə, televiziyalar populyar adamları ekspert kimi təqdim
etmək istəyirsə, şou müğənnilərini
deyil, ciddi sənət adamlarını seçsin: "Azərbaycan
səhnəsində olan qadın və kişilər yalnız
yüngül həyat tərzi keçirənlərdən ibarət
deyil. Bizdə kifayət qədər ciddi təməl
üzərində qurulan ailəyə sahib olan tanınmışlar
var. Bu cütlüklər 40-50 ildir ki, problemsiz bir yerdə
yaşayır, pis gündə də, yaxşı gündə
də bir yerdə olurlar. Oğul-uşaqları,
nəvə-nəticələri var. Hər kəs onların
ailəsini nümunəvi ailə kimi tanıyıb qəbul
edir. Xoşbəxt ailənin reseptini
onlardan yaxşı bilən yoxdur. Yaxud uzun
illər bir yerdə yaşayan nənə-babalarımız
var. Onların da həyat tərzi böyük bir məktəbdir.
Bu cütlüklərin tövsiyəsi gərəkdir
cavanlara. Ailə həyatında
böyük təcrübə sahibi olanlar efirə dəvət
edilməlidir. Təklif olunduğu kimi, ailələrin
qorunması ilə bağlı məsləhət verənlərin
həyatı haqda tamaşaçılara məlumat verilməlidir.
Güman edirəm ki, televiziyalarımız bu təklif
əsasında düşünəcək".
İslam dini sahəsində
maariflənmə işinə dəstək olan xanımlardan
hacı Sevinc Əzimbəyli də digər ekspertlərin
fikirlərini bölüşür. S.Əzimbəylinin
dediyinə görə də, televiziyada ailə məsələlərilə
əlaqədar danışanlar camaatın qəbul etdiyi şəxslər
olmalıdır: "Ailədən danışanların
çoxu buna mənəvi haqqı olmayanlardır. Xalqın yaxşı cəhətdən
tanımadığı adamların ekspertlik etməsi
yaxşı hal deyil. Bu məsələyə
ailə dəyərlərimizin layiqli
daşıyıcıları cəlb edilməlidir".
İradə
SARIYEVA
Bakı
xəbər.- 2011.- 8-10 iyul.- S. 15.