Himnimizdə Azərbaycançılıq məfkurəsi...

 

  Yusif Vəzir Çəmənzəminli Üzeyir Hacıbəyovun iki məqaləsindən başlayan böyük tarix...

 

  Rəsmi dövlətçilik termini kimi formalaşmış "himn" sözü yunan mənşəli ("humnos") məfhum kimi ilkin mənada qədim Yunanıstanda allahların və qəhrəmanların şərəfinə qoşulub oxunan təntənəli nəğmələr olub. XIX əsrə qədər Avropa ölkələrində dini nəğmə və mahnıları bildirmək üçün işlədilirdi. Müasir dövrdə isə "himn" sözü beynəlxalq dövlətçilik terminologiyasında "dövlət tərəfindən qəbul edilən milli müstəqillik və milli birlik rəmzi olan təntənəli musiqi əsəri" mənasında sabitləşib. Həmin termindən Azərbaycan dilində də eyni məna və funksiyada istifadə edilməkdədir.

   Himnin dövlətçilik və istiqlal simvolu kimi mənşəyi türk xalqları, o cümlədən Azərbaycan dövlətçiliyi tarixində qədimdir. Türk mifoloji düşüncəsinə, dövlətçilik ənənəsinə görə, bayraq və təbil ("əsgəri müsiqi" anlamında) dövlət və istiqlalın ən müqəddəs rəmzlərindən sayılıb. Bugünkü anlamda himni əvəz edən tarixi təbil ("əsgəri musiqi") müəyyən yerlərdə və günlərdə yalnız hökmdarın icazəsi, qərarı ilə çalınıb. Osmanlı imperiyasının dövlət musiqisi, yəni təbil çalınarkən hamının onu ayağa durub dinləməsi bir qayda idi. Sultan II Mehmetə qədər bütün Osmanlı padşahları da təbil çalınarkən ayağa durmalı idi. Bu qayda II Mehmet tərəfindən aradan qaldırıldı. Araşdırmalar göstərir ki, təbil çalınması prosesi bütün əlamətlərinə görə müasir dövlət himninə, milli istiqlal marşına uyğun gəlir. Qədim türk dövlətçilik ənənəsinə və mifoloji düşüncəsinə görə, bayraq və təbil ("əsgəri musiqi") dövləti, hökmdarı və milləti təmsil etdiyindən müqəddəs sayılıb. Bu tip ənənə Azərbaycan dövlətçiliyi tarixində də mövcud olub. Təkcə bunu demək kifayətdir ki, Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında dövlət musiqisini icra edən təbilçilər dəstəsi 98 nəfər ən məşhur musiqiçidən təşkil olunub. Bunu tarixi qaynaqlar da təsdiqləyir. Yəni dövlət himninin mənşəyi və tarixi təkamülünün əsasını təşkil edən zəngin dövlətçilik ənənələrimiz olub.

   XX əsrin əvvələrindən etibarən müasir anlamda, Avropa tipli himnin formalaşması prosesi məhz həmin ənənələr və ümumbəşəri dəyərlər əsasında baş verib. XIX əsrin sonlarından başlayan, XX əsrin əvvəllərində geniş vüsət alan milli maarifçilik və azadlıq hərəkatı müstəqil dövlətin meydana çıxmasında əvəzsiz rol oynadı. Həmin dövrün mütəfəkkir insanları xalqın milli birliyinin təşəkkülündə mühüm rol oynayan milli marşlara üstünlük verir, onların yaradılmasını zəruri sayırdı. Belə nəğmələrin milləti birliyə səslədiyi və onun ruhunu yüksəltdiyi açıq-aşkar deyilirdi. Bu baxımdan AXC-nin yaranmasından öncə, yəni 1917-ci il dekabrında "Açıq söz" qəzetində görkəmli yazıçı və ictimai xadim Yusif Vəzir Çəmənzəminlinin çap etdirdiyi "Zəruri məsələlər" adlı yazısı diqqəti cəlb edir. Məqaləyə cavab olaraq dahi Üzeyir Hacıbəyovun cəmi beş gün sonra həmin mətbu orqanda "Milli marş" adlı çox dəyərli yazısı dərc olundu. Yusif Vəzir milli istiqlal mübarizəsində xalqın vətənpərvərlik və qəhrəmanlıq duyğularını yüksəldən milli istiqlal marşına olan ehtiyacdan danışırdı. O, vətənin və millətin taleyi üçün mübarizəyə, qəhrəmanlığa səsləyən milli marşların yaradılması vəzifəsinin şairlərin, ilk növbədə bəstəkar Üzeyir bəyin üzərinə düşdüyünü xüsusi vurğulayırdı. Yazıçının qaldırdığı taleyüklü məsələ- milli marş yaratmaq zərurəti dahi bəstəkarın diqqətini çəkir və ona dərhal cavab verir. Belə ki, Üzeyir bəy "Milli marş" məqaləsində milli marşın - milli himnin meydana çıxmasınının xalqımız üçün əhəmiyyətindən bəhs edirdi.

   1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cumhuriyyəti qurulduqdan sonra Dövlət himninin yaradılması və qəbul edilməsi istiqamətində müəyyən tədbirlər həyata keçirildi. 1920-ci ilin 30 yanvarında AXC Nazirlər Şurası Cumhuriyyətin milli himninin və dövlət gerbinin hazırlanması haqqında qərar qəbul etdi. Bu zaman Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan olundu. Lakin təəssüf ki, cəmi üç ay sonra rus-bolşevik istilası nəticəsində Xalq Cumhuriyyətinin süqutu böyük milli ideyaların gerçəkləşməsinə imkan vermədi.

    Azərbaycan ikinci dəfə müstəqilliyə qovuşduqdan sonra milli himnin hazırlanması və qəbul edilməsi ətrafında müxtəlif fikir və mülahizələr irəli sürüldü. Ancaq 1992-ci il mayın 27-də Milli Məclis "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə dahi bəstəkar Üzeyir Hacıbəyov və böyük şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Dövlət himni kimi təsdiq olundu. Dövlət himni haqqında Əsasnamə isə 1993-ci ilin 2 martında öz təsdiqini tapdı. Xalq Cumhuriyyəti dövründə yaradılmış "Azərbaycan marşı"nın dövlət himni kimi təsdiqinə üstünlük verilməsi 70 il ərzində unutdurulmuş tarixi yaddaşın bərpası idi. Atılan addım dahi Üzeyir Hacıbəyovun milli himn yaradıcılığı yolundakı fədakar fəaliyyətinin məntiqi nəticəsi hesab edilməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan SSR-nin Dövlət himninin də müəllifi məhz Üzeyir Hacıbəyov olub. Lakin bu himn 1991-ci ilin oktyabrında artıq öz ömrünü başa vurmuşdu deyə, müstəqil Azərbaycan üçün yeni himnin qəbul edilməsi kimi tarixi zərurət yarandı. Həmin vaxtlarda dövlət atributu kimi yeni himnin yaradılması təşəbbüsləri olsa da, Üzeyir Hacıbəyovun Cumhuriyyət dövründə bəstələdiyi "Azərbaycan marşı"nın əvəzedilməz sənət əsəri olduğu haqda tarixi reallıq məqbul sayıldı. Həmin marşın himn kimi qəbulu qənaətinin doğruluğunu tarix və zaman da təsdiqlədi.

   "Azərbaycan marşı"nın sözləri ilk dəfə 1919-cu ildə "Vətən marşı" adı ilə hökumət mətbəəsində "Milli nəğmələr" kitabında çap olunub, musiqisi isə bundan sonra bəstələnib.

   Həmin mətnin adı və məzmununu böyük Üzeyir Hacıbəyov təkmilləşdirərək ona musiqi bəstələmək qərarına gəlib. Bəstəkar, hər şeydən öncə, "Vətən marşı" mətninin adını dəyişərək "Azərbaycan marşı" qoyub. İkinci misrada "Vətən" sözündən əvvəl "Şanlı" epitetini əlavə edib, altıncı misrada "binlərlə" sözünü "minlərlə" versiyası ilə əvəzləyib. "Hüququnu dərk edən əfrad" misrasını "hüququndan keçən əsgər" şəklinə salıb. Əvvəlki versiyada "əfrad" sözü "fərdlər" anlamına gəlir. Nəhayət, mətnin sonuncu "Şanlı Vətən" ifadəsini iki dəfə təkrarlayaraq, himnə "Azərbaycan, Azərbaycan" sözlərini əlavə edib. Bununla da şeirin məzmunu zənginləşib, musiqiliyi və axıcılığı artıb, marşda Azərbaycançılıq məfkurəsi daha da qüvvətlənib. Azərbaycanın bütövlüyü, bölünməzliyi, birliyi, tamlığı ideyası özünün bitkin həllini tapıb.

   İkinci müstəqillikdən sonra ölkənin Dövlət Himni qəbul olunarkən Üzeyir Hacıbəyovun müvafiq düzəlişlər etdiyi mətndə yenidən iki dəyişiklik qeydə alındı. Belə ki, "Sənə hər dəm can qurban" "Sənə hər an can qurban", şeirin həmin bəndində yer almış "Sənə bir çox məhəbbət" misrası isə "Sənə min bir məhəbbət" ilə əvəz olundu.

   Azərbaycan Respublikasının Dövlət himni Milli Məclisin sessiyalarının başlanması və bitməsi zamanı səsləndirilir. Dövlət başçısı parlamentin iclaslarına gəldiyi vaxtda da himn ifa olunur. Bundan başqa, dövlət bayramlarına həsr edilmiş təntənəli yığıncaqların, iclasların açılışı və bağlanışı zamanı da himn səslənmiş olur. Həmçinin, digər təntənəli tədbirlərdə Dövlət Bayrağı qaldırılarkən, Azərbaycana rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçıları qarşılanarkən və yola salınarkən himnimiz ifa olunur. Bütün hallarda Dövlət Himni tam şəkildə ifa edilməlidir.

   Bu ilin aprel ayında isə cəmiyyətdə himnin mətninin dəyişdirilməsi ilə əlaqədar fikirlərə rast gəlindi. Dövlət himninin dəyişilməsinə hazırlıqların görüldüyü deyildi. Dövlət rəmzi ilə bağlı ziddiyyətli fikirlər gündəmə gəldi.

   Qeyd edək ki, müxtəlif vaxtlarda himnlə əlaqədar fərqli fikirlər eşidilib. Himnin sözlərinin arxaikliyi, anlaşılmazlığı, mətninin uzunluğu barədə deyilənlərin reallıq olduğu ayrı-ayrı şəxslər tərəfindən söylənilib. Hətta himnin Xalq Cumhuriyyətinin himni olaraq nəzərdə tutulmadığını deyənlər onun, daha çox, marş kimi yazıldığını da bildiriblər. Deputatlardan bəziləri isə vaxtilə himnin mətnində müəyyən redaktələr aparıldığını, amma bunun o qədər də keyfiyyətli olmadığını bəyan edib. Lakin Dövlət himninin dəyişdirilməsi haqda ortaya atılan fikirlərə, demək olar ki, ziyalıların hamısı tərəfindən mənfi münasibət bildirildi. Himnimizin dünyada heyranlıqla dinlənildiyi və iki dahinin yaratdığı şah əsərdə dəyişikliyə ehtiyac duyulmadığı barədə fikirlər mətbuat səhifələrindən düşmədi.

   Hesab edirik ki, Xalq Cumhuriyyətindən yadigar qalan digər dövlət atributları kimi, Dövlət himninin də dəyişdirilməsinə ehtayac yoxdur. Çünki müasir Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Cumhuriyyətin varisi olduğundan, onun bütün rəmzlərini qəbul edib. Digər tərəfdən, himnimiz o qədər gözəldir ki, onun səslənişi insana əlavə ruh verir, qürur hissi yaradır. Hər bir Azərbaycan vətəndaşının iftixar hissi keçirməsinə səbəb olur. Cəmi iki dəqiqə on üç saniyə çəkən himn heç də uzunçuluğu ilə seçilmir. Himnimiz o qədər axıcıdır ki, bu müddətin necə gəlib keçdiyini hiss edə bilmirsən. O ki qaldı yazılmış Dövlət himninin marş üçün nəzərdə tutulduğunu deyənlərə... Əslində, himn millətin və dövlətin istiqlal marşıdır. Başqa cür desək, o milliliyi və müstəqilliyi özündə ehtiva edir. Himnin mətninin sözləri isə heç də arxaik sayılmamalıdır, çünki dilimizdə kifayət qədər köhnəlmiş sözlər var ki, onlar başa düşülmür. Ancaq dövlət atributumuzdakı sözlərin nə anlam verdiyini bilmək o qədər də çətin deyil.

 

 

  Zaur Zahidoğlu

 

  Bakı xəbər.-2011.- 2 iyun.- S. 15.