Azərbaycan
ailəsində valideyn məsuliyyəti...
Azərbaycan ailəsi qədimdən böyüyə
hörmət, onun qayğısını çəkmək ənənəsilə
yaşayıb. İndi də bu ənənə
öz gücünü saxlayır. Bizdə ailədə
valideyn məsuliyyəti yüksək dərəcədədir.
Ata və ana övladının təlim-tərbiyəsindən
tutmuş, onun fərd olaraq hərtərəfli yetişməsi,
təhsil alması və cəmiyyət üçün
layiqli şəxs kimi formalaşmasında özünəməxsus
rol oynayır. Hər bir valideyn övladının xoşbəxt
olmasına çalışır və bu yöndə üzərində
böyük məsuliyyət hiss edir.
Bunun nəticəsidir ki, bizdə ailədə hər
zaman böyük-kiçik yeri tanınıb, böyüyə
yüksək hörmət əhval-ruhiyyəsi hökm
sürüb. Valideyn məsuliyyəti bizdə sanki bir institut
kimi formalaşıb. Azərbaycanda bu məsuliyyətin
olmasının nəticəsidir ki, övladlar əksər
hallarda ata-analarını atmır. Ömrü başa vurana qədər
onların qayğısını çəkir, nazı ilə
oynayırlar. Xaricdə isə, xüsusən də Avropa və
Amerika ölkələrində valideynlər ailə dəyərlərinə
elə də ciddi yanaşmır. Ona görə də bu
ölkələrdə boşanma halları geniş vüsət
alıb. Hətta elə kişi və ya qadın olur ki,
ömrü boyu 5-6 dəfə ailə qurur. Bundan başqa,
övladlar valideynlərini illərlə görmür.
Hamının başı şəxsi işlərə
qarışdığından valideynlər, demək olar ki,
yada düşmür. Elə hallar olur ki, övladı valideyni
görməyə onun yalnız bu həyatdakı son
anlarında gəlir. Avropada tənha valideynlərin
toplaşdığı qocalar evi, demək olar ki,
ağzına qədər dolu olur. Qərbdə valideyn
övladına çox gənc yaşlarından sərbəstlik
verərək, onun təlim-tərbiyəsini
özbaşına buraxır. Düzdür, sərbəstlik
vermək yaxşıdır, bu, gəncdə özünə
məsuliyyət hissi oyadır. Amma bunun kəskin dərəcədə
olması, istər-istəməz, ailədə xoşagəlməz
məqamlara yol açır. Azərbaycan ailələrində
isə bu mənfi hallar yox dərəcəsindədir. Ailədə
valideyn öz üzərində böyük məsuliyyət
hissi duyur. Bunun nəticəsidir ki, bizdə övladın
valideynə və əksinə hörməti yüksək səviyyədədir.
Valideyn məsuliyyətinin güclü olmasının əlamətidir
ki, Azərbaycanda boşanma halları Qərbdə olduğu qədər
kəskin xarakter daşımır. Düzdür, son illər
bu tendensiya əvvəlki dövrlə müqayisədə bir
az artıb. Amma ümumi götürdükdə, ölkəmizdə
Avropa ilə müqayisədə boşanma halları xeyli
aşağıdır. Çünki bizdə ailəyə
müqəddəs amal kimi yanaşırlar. Təməli
möhkəm olan ailələri böyük coşqu ilə
qarşılayır, onları başqalarına nümunə
göstərir, bu sahədə boşluqların olduğu ailələri
isə qınaq obyektinə çevirirlər. Ona görə də
bizdə ailədə valideyn məsuliyyəti yüksəkdir.
Valideyn övladının nailiyyətlərinə sevinir,
nöqsanları üzə çıxanda isə
üzülür və onun aradan qaldırılması istiqamətində
ciddi şəkildə çalışır. Çünki
ailəsi üzərində daim valideyn məsuliyyətini hiss
edir. Həmin məsuliyyətin olmasının nəticəsidir
ki, Azərbaycanda övladların valideynləri qocalar evinə
atması kimi hallar, sivil Qərblə müqayisədə,
cüzidir. Valideyn məsuliyyətinin olduğu yerdə
övlad da cəmiyyətə layiqli insan kimi yetişir. Bu məqamın
geniş təbliğində, heç şübhəsiz,
elektron KİV-lərin də böyük xidməti
olmalıdır. Televiziyalarda Azərbaycan ailəsi, valideynlərin
məsuliyyəti kimi məsələlərə dair geniş
səpkili verilişlərin verilməsinin özü də,
istər-istəməz, həmin məsələnin dünyada
təbliğinə xidmət etmiş olardı. Amma təəssüf
ki, bu sahədə əksər elektron KİV, şəxsi
maraqlarını əsas tutaraq, ailə dəyərlərindən
daha çox, ziddiyyətli ailələrlə bağlı
süjetləri yayımlamağa üstünlük verir. İndiki
halda Azərbaycanda mövcud olan bu modelin dünyada
yayılması və təbliği vacibdir. Bəşər
sivilizasiyasında baş verən mənfi tendensiyaların, ailədaxili
münaqişələrin azalması üçün
sözügedən modelimizin dünya miqyasında geniş tətbiqi
gərəkdir.
Genderşünas Rəna Mirzəyeva burada
qarşılıqlı prosesin getməli olduğuna diqqət
çəkdi: "Ailə məsələsində valideyn məsuliyyətinə
bir tədqiqatçı kimi münasibətim birmənalı
deyil. Çox tez-tez Azərbaycanda sabitləşmiş, qərarlaşmış
adət-ənənə və bu fonda ailə məsələsini
önə veririk. Ancaq indi dünya qloballaşır, dövlətlər
bir-birinə inteqrasiya edir. İnformasiya cəmiyyəti
genişlənir. Artıq
dünya açıq cəmiyyətə çevrilib.
Müasir dünyada texnologiya inkişaf edib. Onun inkişafı
ilə insanların bir-birilə ünsiyyəti, əlaqə
qurması daha geniş sürət almağa başlayıb. Bu
mənada dünyanın özü qlobal balaca bir "kəndə"
çevrilib. O mənada ki, kənddə adətən biri bu tərəfdən
"hay" deyəndə, digəri də o biri tərəfdən
"hoy" deyirdi. İndisə internet, informasiya məkanı
elə bir formasiyaya gəlib çıxıb ki,
dünyanın istənilən nöqtəsində hər
hansı bir hadisə və prosesə hər bir kəs cavab verə
və reaksiya göstərə bilir. Nəticədə həmin
dövlətin və ya fərdin yanında olur. Azərbaycan
üçün göstərici bir sabit ailə institutu
vardır. Bu institut bizim mənəvi dəyərimizdir. Lakin
bu mənəvi dəyər də informasiya
texnologiyasının inkişafı, dünyanın
açıq cəmiyyətə çevrilməsi,
qloballaşma təzahürü və inteqrasiya prosesində
müəyyən dəyişikliyə uğrayıb. Azərbaycanda
bu gün evlilik müddəti keçmiş qızlarla
yanaşı, bu müstəvidə olan oğlanlar da
çoxdur. Oğlanlar ona görə ailə həyatı
qurmaq istəmir ki, məsuliyyətdən qaçsın. Hər
şey çox asandır, açıq cəmiyyətdir.
İstənilən yerdə istənilən qız və
oğlan ünsüyyət qura, bir-birilə dost ola bilir. Bir-birilə sevgili və ya yar kimi yaşaya da bilir. Ona
görə də indi Azərbaycanda 20 minə qədər
nikahdan kənar doğulan uşaq var. Bu, ailənin
qurulmamasının göstəricisidir, insanlar ailədən
qaçır. Amma bizim əyalətlərimizdə hələ
də çoxsaylı ağbirçək və
ağsaqqallarımız var ki, onlar ailənin qorunmasında
daha çox məsuliyyət daşıyır. Ailə sanki
onların bir baxışı və sözü ilə idarə
olunur. Bu fonda da valideyn münasibəti daha önəmlidir. Azərbaycan
ailəsində ata, baba birinci yerdədir. Ana və nənə
isə sonrakı yerləri tutur. Bu fonda uşaq, atanın diqqətilə
bərabər, onun məsuliyyət və zəhmini də hiss
edir. Bu zəhmin özü uşağın ata və anaya
münasibətini formalaşdırır və bu, nəsildən
nəslə keçir. Belə ailələrdəki sabitlik bu
günə qədər gəlib çıxıb. Qərbin
özündə də ailələr heç də bütövlükdə
mənfi deqradasiyada deyil. Qərbdə ailə dəyərlərinə
olan qanunlara hörmət, deyərdim ki, bizdə yoxdur. Qərb
ailəsində boşanmaya konfliktlər hədsiz dərəcədə
yüksək səviyyəyə çatanda gedirlər. Bizdə
müsbət tendensiyalar çoxdur. Kifayət qədər
nümunəvi ailələrimiz var. 50-60 ilə qədər
bir yerdə xoşbəxt yaşayan ailələrlə
öyünə bilərik. Bunlar bizim ailə institutunun
göstəricisidir". Lakin bununla bərabər, həmsöhbətimiz
söylədi ki, informasiya cəmiyyəti və
qloballaşmanın mənfi təzahürləri artıq bizə
də gəlib çatıb. Buna qarşı mübarizədə
isə informasiya texnologiyasından geniş bəhrələnməyi
lazım bildi: "Belədə ailədə valideyn məsuliyyəti
kimi müsbət dəyərlərimizi yalnız informasiya
texnologiyasından geniş bəhrələnməklə
göstərə bilərik. Həmin texnologiyadan ailəmizdəki
müsbət təzahürləri təbliğ etmək
üçün bəhrələnməliyik. Ümumi
götürdükdə, ailəmizdəki yüksək valideyn
məsuliyyətini Qərb dünyasına onsuz da göstərmişik.
Digər mənada isə Qərbdəki müsbət dəyərləri
özümüzə aşılamalıyıq. Bunun
üçün ən bariz nümunə isə informasiya vasitələridir.
Sosial şəbəkələrdə Dağlıq
Qarabağla bağlı suallar ünvanlandığı kimi,
ailə dəyərlərimizlə bağlı məlumatlar da
yer almalıdır ki, bizdə bu müqəddəs dəyərə
nə qədər böyük önəm verildiyini
bütün dünya anlasın.
Çalışmalıyıq, ailəyə daxil olan mənfi
tendensiyaları öz təbliğat və təşviqatımızla
neytrallaşdıra bilək ki, bu proseslər baş alıb
getməsin"
Sosioloq Əhməd
Qəşəmoğlu indiki qloballaşan dövrdə Azərbaycan
ailəsində olan müsbət dəyərlərin
dünyada təbliğinin daha mühüm əhəmiyyət
kəsb etdiyini bildirdi: "Bu çox mühüm məsələdir.
Dünya miqyasında sürətlə qloballaşma gedir.
Qloballaşmanın getdiyi vaxtda hər bir ölkə və
xalqın qarşısında duran əsas vəzifə milli-mənəvi
dəyərləri daha dərindən öyrənmək və
ona daha çox əməl etməklə özünü
möhkəmləndirməkdən ibarətdir. Yəni mənəvi
dəyərlərimiz sanki bizim immunitetimizdir. Ona diqqət
yetirdikdə xalq olaraq özümüz də möhkəmlənirik.
Daha da stabilləşirik. Ona görə də həyati vacib,
tarixi zərurətdir ki, dəyərlərimizə ciddi şəkildə
diqqət yetirək. Bu sahədə ən mühüm milli dəyərlərimizdən
biri ailə institumuzdur. Bizim ailə institutumuz həddindən
çox zəngindir. Azərbaycan ailəsinə iki tərəfdən
baxmaq lazımdır. Bir tərəfdən burada İslam dini və
türkçülüyün, müdrik
insanlarımızın, ədəbiyyat və folklorumuzun ortaya
qoyduğu və yaratdığı mənəvi normalar
baxımından yanaşılmalıdır. Biri də onun real
həyatda istifadə olunmasıdır. Müxtəlif vəziyyətlərdən
asılı olaraq həmin mənəvi dəyərlərin həyata
keçmə mexanizmi ya zəif, ya da güclü olur.
Ümumiyyətlə, həqiqi mənada bu dəyərlərimizi
təhlil etsək, ortalaşmış gözəl bir ailə
modelinin olduğunu görərik. Bu ailə modelində
üstün cəhət ailə içərisində həmişə
bir ahəngin olması, böyük və kiçiyin
qorunması, uşaqların qayğısına
qalınması, vəzifə bölgüsü amilləridir.
Bunların
hamısı mühüm məsələlərdir və
sosial sistemin möhkəmlənməsində mühüm rol
oynayır. Burada elə şeylər var ki, bütün
dünyaya görk ola bilər. Özümüzün ailə
institutunu dərindən öyrənib, onu dünya
miqyasında təbliğ etməliyik. Bu Azərbaycanın
imicidir və ölkəmizə şərəf, beynəlxalq
aləmdə hörmət gətirən məsələdir.
Eyni zamanda, immunitet olaraq Azərbaycan mənəviyyatı və
mədəniyyətinin qat-qat möhkəmlənməsinə
kömək edən məsələdir".
Rüfət
Sultan
Bakı xəbər.- 2011.- 3 iyun.-
S. 15