Azərbaycan ailəsində valideyn məsuliyyəti...

 

  Azərbaycan ailəsi qədimdən böyüyə hörmət, onun qayğısını çəkmək ənənəsilə yaşayıb. İndi də bu ənənə öz gücünü saxlayır. Bizdə ailədə valideyn məsuliyyəti yüksək dərəcədədir. Ata və ana övladının təlim-tərbiyəsindən tutmuş, onun fərd olaraq hərtərəfli yetişməsi, təhsil alması və cəmiyyət üçün layiqli şəxs kimi formalaşmasında özünəməxsus rol oynayır. Hər bir valideyn övladının xoşbəxt olmasına çalışır və bu yöndə üzərində böyük məsuliyyət hiss edir.

   Bunun nəticəsidir ki, bizdə ailədə hər zaman böyük-kiçik yeri tanınıb, böyüyə yüksək hörmət əhval-ruhiyyəsi hökm sürüb. Valideyn məsuliyyəti bizdə sanki bir institut kimi formalaşıb. Azərbaycanda bu məsuliyyətin olmasının nəticəsidir ki, övladlar əksər hallarda ata-analarını atmır. Ömrü başa vurana qədər onların qayğısını çəkir, nazı ilə oynayırlar. Xaricdə isə, xüsusən də Avropa və Amerika ölkələrində valideynlər ailə dəyərlərinə elə də ciddi yanaşmır. Ona görə də bu ölkələrdə boşanma halları geniş vüsət alıb. Hətta elə kişi və ya qadın olur ki, ömrü boyu 5-6 dəfə ailə qurur. Bundan başqa, övladlar valideynlərini illərlə görmür. Hamının başı şəxsi işlərə qarışdığından valideynlər, demək olar ki, yada düşmür. Elə hallar olur ki, övladı valideyni görməyə onun yalnız bu həyatdakı son anlarında gəlir. Avropada tənha valideynlərin toplaşdığı qocalar evi, demək olar ki, ağzına qədər dolu olur. Qərbdə valideyn övladına çox gənc yaşlarından sərbəstlik verərək, onun təlim-tərbiyəsini özbaşına buraxır. Düzdür, sərbəstlik vermək yaxşıdır, bu, gəncdə özünə məsuliyyət hissi oyadır. Amma bunun kəskin dərəcədə olması, istər-istəməz, ailədə xoşagəlməz məqamlara yol açır. Azərbaycan ailələrində isə bu mənfi hallar yox dərəcəsindədir. Ailədə valideyn öz üzərində böyük məsuliyyət hissi duyur. Bunun nəticəsidir ki, bizdə övladın valideynə və əksinə hörməti yüksək səviyyədədir. Valideyn məsuliyyətinin güclü olmasının əlamətidir ki, Azərbaycanda boşanma halları Qərbdə olduğu qədər kəskin xarakter daşımır. Düzdür, son illər bu tendensiya əvvəlki dövrlə müqayisədə bir az artıb. Amma ümumi götürdükdə, ölkəmizdə Avropa ilə müqayisədə boşanma halları xeyli aşağıdır. Çünki bizdə ailəyə müqəddəs amal kimi yanaşırlar. Təməli möhkəm olan ailələri böyük coşqu ilə qarşılayır, onları başqalarına nümunə göstərir, bu sahədə boşluqların olduğu ailələri isə qınaq obyektinə çevirirlər. Ona görə də bizdə ailədə valideyn məsuliyyəti yüksəkdir. Valideyn övladının nailiyyətlərinə sevinir, nöqsanları üzə çıxanda isə üzülür və onun aradan qaldırılması istiqamətində ciddi şəkildə çalışır. Çünki ailəsi üzərində daim valideyn məsuliyyətini hiss edir. Həmin məsuliyyətin olmasının nəticəsidir ki, Azərbaycanda övladların valideynləri qocalar evinə atması kimi hallar, sivil Qərblə müqayisədə, cüzidir. Valideyn məsuliyyətinin olduğu yerdə övlad da cəmiyyətə layiqli insan kimi yetişir. Bu məqamın geniş təbliğində, heç şübhəsiz, elektron KİV-lərin də böyük xidməti olmalıdır. Televiziyalarda Azərbaycan ailəsi, valideynlərin məsuliyyəti kimi məsələlərə dair geniş səpkili verilişlərin verilməsinin özü də, istər-istəməz, həmin məsələnin dünyada təbliğinə xidmət etmiş olardı. Amma təəssüf ki, bu sahədə əksər elektron KİV, şəxsi maraqlarını əsas tutaraq, ailə dəyərlərindən daha çox, ziddiyyətli ailələrlə bağlı süjetləri yayımlamağa üstünlük verir. İndiki halda Azərbaycanda mövcud olan bu modelin dünyada yayılması və təbliği vacibdir. Bəşər sivilizasiyasında baş verən mənfi tendensiyaların, ailədaxili münaqişələrin azalması üçün sözügedən modelimizin dünya miqyasında geniş tətbiqi gərəkdir.

   Genderşünas Rəna Mirzəyeva burada qarşılıqlı prosesin getməli olduğuna diqqət çəkdi: "Ailə məsələsində valideyn məsuliyyətinə bir tədqiqatçı kimi münasibətim birmənalı deyil. Çox tez-tez Azərbaycanda sabitləşmiş, qərarlaşmış adət-ənənə və bu fonda ailə məsələsini önə veririk. Ancaq indi dünya qloballaşır, dövlətlər bir-birinə inteqrasiya edir. İnformasiya cəmiyyəti genişlənir. Artıq dünya açıq cəmiyyətə çevrilib. Müasir dünyada texnologiya inkişaf edib. Onun inkişafı ilə insanların bir-birilə ünsiyyəti, əlaqə qurması daha geniş sürət almağa başlayıb. Bu mənada dünyanın özü qlobal balaca bir "kəndə" çevrilib. O mənada ki, kənddə adətən biri bu tərəfdən "hay" deyəndə, digəri də o biri tərəfdən "hoy" deyirdi. İndisə internet, informasiya məkanı elə bir formasiyaya gəlib çıxıb ki, dünyanın istənilən nöqtəsində hər hansı bir hadisə və prosesə hər bir kəs cavab verə və reaksiya göstərə bilir. Nəticədə həmin dövlətin və ya fərdin yanında olur. Azərbaycan üçün göstərici bir sabit ailə institutu vardır. Bu institut bizim mənəvi dəyərimizdir. Lakin bu mənəvi dəyər də informasiya texnologiyasının inkişafı, dünyanın açıq cəmiyyətə çevrilməsi, qloballaşma təzahürü və inteqrasiya prosesində müəyyən dəyişikliyə uğrayıb. Azərbaycanda bu gün evlilik müddəti keçmiş qızlarla yanaşı, bu müstəvidə olan oğlanlar da çoxdur. Oğlanlar ona görə ailə həyatı qurmaq istəmir ki, məsuliyyətdən qaçsın. Hər şey çox asandır, açıq cəmiyyətdir. İstənilən yerdə istənilən qız və oğlan ünsüyyət qura, bir-birilə dost ola bilir. Bir-birilə sevgili və ya yar kimi yaşaya da bilir. Ona görə də indi Azərbaycanda 20 minə qədər nikahdan kənar doğulan uşaq var. Bu, ailənin qurulmamasının göstəricisidir, insanlar ailədən qaçır. Amma bizim əyalətlərimizdə hələ də çoxsaylı ağbirçək və ağsaqqallarımız var ki, onlar ailənin qorunmasında daha çox məsuliyyət daşıyır. Ailə sanki onların bir baxışı və sözü ilə idarə olunur. Bu fonda da valideyn münasibəti daha önəmlidir. Azərbaycan ailəsində ata, baba birinci yerdədir. Ana və nənə isə sonrakı yerləri tutur. Bu fonda uşaq, atanın diqqətilə bərabər, onun məsuliyyət və zəhmini də hiss edir. Bu zəhmin özü uşağın ata və anaya münasibətini formalaşdırır və bu, nəsildən nəslə keçir. Belə ailələrdəki sabitlik bu günə qədər gəlib çıxıb. Qərbin özündə də ailələr heç də bütövlükdə mənfi deqradasiyada deyil. Qərbdə ailə dəyərlərinə olan qanunlara hörmət, deyərdim ki, bizdə yoxdur. Qərb ailəsində boşanmaya konfliktlər hədsiz dərəcədə yüksək səviyyəyə çatanda gedirlər. Bizdə müsbət tendensiyalar çoxdur. Kifayət qədər nümunəvi ailələrimiz var. 50-60 ilə qədər bir yerdə xoşbəxt yaşayan ailələrlə öyünə bilərik. Bunlar bizim ailə institutunun göstəricisidir". Lakin bununla bərabər, həmsöhbətimiz söylədi ki, informasiya cəmiyyəti və qloballaşmanın mənfi təzahürləri artıq bizə də gəlib çatıb. Buna qarşı mübarizədə isə informasiya texnologiyasından geniş bəhrələnməyi lazım bildi: "Belədə ailədə valideyn məsuliyyəti kimi müsbət dəyərlərimizi yalnız informasiya texnologiyasından geniş bəhrələnməklə göstərə bilərik. Həmin texnologiyadan ailəmizdəki müsbət təzahürləri təbliğ etmək üçün bəhrələnməliyik. Ümumi götürdükdə, ailəmizdəki yüksək valideyn məsuliyyətini Qərb dünyasına onsuz da göstərmişik. Digər mənada isə Qərbdəki müsbət dəyərləri özümüzə aşılamalıyıq. Bunun üçün ən bariz nümunə isə informasiya vasitələridir. Sosial şəbəkələrdə Dağlıq Qarabağla bağlı suallar ünvanlandığı kimi, ailə dəyərlərimizlə bağlı məlumatlar da yer almalıdır ki, bizdə bu müqəddəs dəyərə nə qədər böyük önəm verildiyini bütün dünya anlasın. Çalışmalıyıq, ailəyə daxil olan mənfi tendensiyaları öz təbliğat və təşviqatımızla neytrallaşdıra bilək ki, bu proseslər baş alıb getməsin"

   Sosioloq Əhməd Qəşəmoğlu indiki qloballaşan dövrdə Azərbaycan ailəsində olan müsbət dəyərlərin dünyada təbliğinin daha mühüm əhəmiyyət kəsb etdiyini bildirdi: "Bu çox mühüm məsələdir. Dünya miqyasında sürətlə qloballaşma gedir. Qloballaşmanın getdiyi vaxtda hər bir ölkə və xalqın qarşısında duran əsas vəzifə milli-mənəvi dəyərləri daha dərindən öyrənmək və ona daha çox əməl etməklə özünü möhkəmləndirməkdən ibarətdir. Yəni mənəvi dəyərlərimiz sanki bizim immunitetimizdir. Ona diqqət yetirdikdə xalq olaraq özümüz də möhkəmlənirik. Daha da stabilləşirik. Ona görə də həyati vacib, tarixi zərurətdir ki, dəyərlərimizə ciddi şəkildə diqqət yetirək. Bu sahədə ən mühüm milli dəyərlərimizdən biri ailə institumuzdur. Bizim ailə institutumuz həddindən çox zəngindir. Azərbaycan ailəsinə iki tərəfdən baxmaq lazımdır. Bir tərəfdən burada İslam dini və türkçülüyün, müdrik insanlarımızın, ədəbiyyat və folklorumuzun ortaya qoyduğu və yaratdığı mənəvi normalar baxımından yanaşılmalıdır. Biri də onun real həyatda istifadə olunmasıdır. Müxtəlif vəziyyətlərdən asılı olaraq həmin mənəvi dəyərlərin həyata keçmə mexanizmi ya zəif, ya da güclü olur. Ümumiyyətlə, həqiqi mənada bu dəyərlərimizi təhlil etsək, ortalaşmış gözəl bir ailə modelinin olduğunu görərik. Bu ailə modelində üstün cəhət ailə içərisində həmişə bir ahəngin olması, böyük və kiçiyin qorunması, uşaqların qayğısına qalınması, vəzifə bölgüsü amilləridir.

   Bunların hamısı mühüm məsələlərdir və sosial sistemin möhkəmlənməsində mühüm rol oynayır. Burada elə şeylər var ki, bütün dünyaya görk ola bilər. Özümüzün ailə institutunu dərindən öyrənib, onu dünya miqyasında təbliğ etməliyik. Bu Azərbaycanın imicidir və ölkəmizə şərəf, beynəlxalq aləmdə hörmət gətirən məsələdir. Eyni zamanda, immunitet olaraq Azərbaycan mənəviyyatı və mədəniyyətinin qat-qat möhkəmlənməsinə kömək edən məsələdir".

 

  

  Rüfət Sultan

 

  Bakı xəbər.- 2011.- 3 iyun.- S. 15