Ailə institutunun Azərbaycan modeli...

 

Ailə müqəddəs prinsipdir. Onun qorunub saxlanması, möhkəmləndirilməsi vacibdir ki, bu institut daim yüksəkliklərə qalxsın. Azərbaycan ailəsi özünün dünyaya örnək ola biləcək spesifik xüsusiyyətlərilə seçilir. Bizdə ailə möhkəm təməl üzərində qurulub. Ailə tərbiyəsi yüksək səviyyədədir. Evdə ata və anaya böyük hörmət bəslənir. Evə böyük daxil olanda kiçiklər həmişə ayağa durub ona ehtiram göstərir. Böyüyün sözünə qulaq asılır. Övlad həmişə valideynin himayəsi altında olur. Hətta o böyüyüb özü övlad sahibi olduqda belə, həmişə ata-ananın qayğısını hiss edir.

Hər zaman böyük-kiçik yeri qorunub saxlanır. Ölkəmizdə övlad hər zaman valideynin qayğısına qalır. Avropada olduğu kimi, yaşlaşanda onu atmır. Qərb dünyasında isə qocalar evi övladları tərəfindən atılan valideynlərlə doludur. Burada uşaqlara erkən yaşlarından sərbəstlik verilir. Bunun müstəqil düşüncə baxımından üstün cəhətləri olsa da, ailə müstəvisindən yanaşdıqda mənfi halları daha çoxdur. Çünki erkən yaşlarından sərbəstlik qazananlar bir qədər böyüdükdən sonra artıq valideynlərini tanımamağa başlayır. Onlar bir-birinə münasibətdə sanki ögeyləşir. Azərbaycanda isə ailə təməli o qədər yüksəkdir ki, bizdə xeyir və şər işlərdə həmişə bir yerdə, bir-birinə dayaq olurlar. Qərbdə isə bəzən elə olur ki, övlad heç valideynin yas mərasiminə belə qatılmır. Bir sözlə, Qərbdə ailə modeli ögeyləşib, Azərbaycanda isə əksinə, bu model hələ də öz möhkəmliyini qoruyub saxlayır. Ona görə də Azərbaycan ailə modelinin dünyaya nümunə olaraq göstərilməsi vacibdir. Bunu həyata keçirmək üçün isə, ən azından, ölkəmizə gələn qonaqlar arasında həmin modeli təbliğ etmək, yaymaq gərəkdir.

Tanınmış ictimai xadim Mirvari Qəhrəmanlı öncə hər bir ölkənin ailə ilə əlaqədar özünəməxsus modelinin olduğunu vurğuladı: "Azərbaycan modeli get-gedə təkmilləşir. Bəzi xüsusiyyətlərdə yaxşılığa doğru getsək də, bir çoxlarında pislik tərəfə istiqamət almışıq. İstərdim ki, 20 il əvvəlki Azərbaycan ailəsi modeli dünyanın hər yerinə yayılsın". O bildirdi ki, Azərbaycanda böyüyə hörmət mühüm keyfiyyət daşımaqda davam etsə də, bəzi aşınmalara uğrayıb: "Bizdə böyüyə hörmət mühüm yer tutur. İndi bu xüsusiyyət qalsa da, bir qədər fərqlilik hiss olunur. Azərbaycan və Qafqaz ailələrində valideynə münasibətdə diqqət, onu atmamaq və arxasınca getmək kimi xüsusiyyətlər formalaşıb. Bizdə, həmçinin, yaşlı və xəstə valideyni himayəsində saxlamaq adəti də var. Avropa, Amerika və bir çox digər ölkələrdə isə uşaq-valideyn münasibətləri başqa cür formalaşıb. Burada uşağa həddindən artıq sərbəstlik, müstəqillik verilib. Düzdür, belədə uşaq hüquqları daha ciddi qorunur. Amma müəyyən zamandan sonra valideyn və övlad ayrılıb tam müstəqil həyata qədəm qoyur. Bunun nə dərəcədə yaxşı olub-olmadığını deyə bilmərəm. Amma gəldiyim nəticəyə əsasən, artıq tədricən sönməkdə olan modelimizə üstünlük verirəm. Artıq övladlarımın belə yeniyetmə uşaqları var. Amma buna baxmayaraq, indi də öz nəzarətimi övladlarımın üzərindən çəkə bilmirəm. Bu, üstünlük verdiyim modeldir". Bütün söylənənlərə əsasən həmsöhbətimiz düşünür ki, ailə məsələsində Azərbaycan modeli ən optimaldır və daha yaxşı model hesab olunmalıdır: "Həmişə deyiblər ki, böyük-kiçik olan yerdə böyüyə hörmət əsnasında ruzi-bərəkət də olur. İndi Avropadan Azərbaycana bir sıra modellər inteqrasiya olunur. Bu modellərin əksəriyyətinin əleyhinəyəm. 20 il əvvəlki ailə modelimizə qayıtsaq, bu daha yaxşı olar. Onu, sadəcə olaraq, bir az inkişaf və təbliğ etdirmək etdirmək lazımdır. Çünki zaman keçdikcə böyüyə hörmət sözü aradan itir. Bunu hər yerdə - küçədə, ictimai nəqliyyatda hiss edirəm. Görüntülərim odur ki, əvvəlki dövrlə indiki arasında xeyli fərq var. İndiki gənclər ailə məsələsində bir qədər yadlaşıb. Onlar daha çox avropalaşıb. Əvvəllər təbəqələşmə elə də yox idi. İndi isə bu hal geniş vüsət alıb. Yoxsul və varlı təbəqələr arasında uçurum daha da dərinləşib. Orta təbəqə isə yoxdur. Varlı təbəqədə övlad-valideyn münasibətləri daha çox avropalaşıb". Onun söylədiyinə görə, bu modelimizə artıq xaricdə də diqqətlə yanaşmağa başlayıblar: "Bizim bu modelə xaricdə bəzən diqqətlə yanaşan, önəm verənlər də olur. Əvvəllər gələn qonaqlar buna təəccüblə baxsa da, indi bir sıra hallarda üstünlük verməyə başlayıblar. Böyük evə daxil olanda övladın ayağa qalxması, iş şəraitində kiçiklərin yaşa görə böyüyə hörmətlə yanaşması kimi modelimizin yayılması dünya üçün də əhəmiyyətli olardı. Hörmət olmayan yerdə çörək də olmur. Müxtəlif görüş, dəyirmi masa, seminar və ictimai dinləmələrdə xaricilərə ailə modelimizi təbliğ etməliyik ki, onlar arasında geniş yayılmasına nail olaq. Bunun üçün ölkə daxilində ictimai rəy formalaşmalıdır. Mətbuatın da üzərinə həmin təbliğatda böyük yük düşür. İctimai müzakirələr də keçirilməlidir. Bunun ölkəmiz üçün də böyük əhəmiyyəti olar. Ailə konfliktləri azalar. Əvvəllər ailədə baş verən konfliktlər indikindən dəfələrlə az idi. İndi isə qardaş-bacı, ata-ana, övladla ana arasında ziddiyyətlər çoxalıb. Ailə zəminində olan konfliktlərin kökündə keçmiş modelimizin indi daha az işləməsi durur. Hazırda çalışırlar ki, ana ilə qızı arasında pərdə götürülsün. Amma unudurlar ki, bu pərdənin olmasının özü hörməti göstərir".

Sosioloq Əbülfəz Süleymanlı artıq Qərbin ailə prinsipləri məsələsində model axtarışına çıxdığını dedi: "Tarixə nəzər yetirdiyimiz zaman görərik ki, Qərbdə ailə institutunun böhran keçirdiyi dövrdə model axtarışına çıxıblar. Belə vəziyyətdə Şərq, o cümlədən Azərbaycan ailə institutu bir növ nümunə kimi çıxış edir. Çünki bizdə ailənin əsasını təşkil edən forma və modellər bir çox Qərb ölkələrində artıq itib. Ümumiyyətlə, daha əvvəlki dövrlərdə də bizdəki kimi olmayab, çox fərqlənib. Ona görə də indi Qərb ciddi şəkildə Şərq, həmçinin Azərbaycan ailə institutunu öyrənir. Burada ailənin möhkəmliyini təmin etmək mənasında ataya sayğı, ailə üzvləri arasında qarşılıqlı hörmət və ehtiram, uşaqların hətta müəyyən yaşa gəldiyi zaman valideyn tərəfindən qəyyum olunması, ən pis gündə ailə üzvlərinin bir araya gəlməsi kimi məqamlar özünü büruzə verir. Bunlar öz-özlüyündə artıq bütün dünyada itmək ərəfəsindədir". Ona görə də həmsöhbətimiz indi Azərbaycan modelinin nümunə olduğunu qeyd etdi: "Bu mənada Azərbaycan modeli dünyaya bir nümunədir. Amma təəssüf ki, bu günün özündə bizim ailə modeli də müzakirə mövzusuna çevrilib. Müasirlik aspektində bunun yanlış olduğunu düşünənlər də var. Baxmayaraq ki, indi qərblilər bu modeli öyrənməyə üstünlük verir. Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer ata nüfuzuna dayanmış Şərq ailə modelini üstün məqam kimi təqdim edən Qərb siyasətçilərindəndir. Qərbdə baş verən prosesləri izləyən tədqiqatçılar qeyd edir ki, ailədə qadın və uşağa verilən sərbəstlik nəticə etibarilə ailə böhranına gətirib çıxarır. Hətta isveçrəli bir tədqiqatçı konfranslardan birində "qadın və uşağa nə qədər sərbəstlik istədik, o dərəcədə də ailəni ofis və restorana çevirdik" deyərək səmimi etiraf etdi. Bu mənada onun sözü həqiqətən də ibrətamizdir və bizim üçün də ibrət götürəcəyimiz dərslər var". Ə.Süleymanlının fikrincə, eyni zamanda, hazırda həmin modelin üzərində çoxlu dəyişikliklərin olduğu müşahidə olunur: "Ailədə atanın nüfuzunun azalması və bunun meydana gətirdiyi nəticələr Azərbaycan ailə modelində də bəzi deformasiyaların yaranmasına stimul verib. Ailə institumuzu qoruyub saxlamaq istəyiriksə, bu dəyərlərimizə sahib çıxmalıyıq. Ata nüfuzu, bir-birinə hörmət kimi prinsiplər vacib kriteriyalardır. Bunlar bu gün Azərbaycan ailəsi üçün spesifik xüsusiyyətlərdir və bunun təqdim olunması vacibdir. Qərbdən ölkəmizə gələnlər bizi müşahidə etdikdə ailə prinsipinin qorunub saxlanmasına özləri vurğun olur. İnsanların problemi yarandıqda hamı bir araya gəlir. Qərbdə isə dəfn mərasimi zamanı belə bir çox hallarda valideynləri övladlar deyil, bunun üçün yaranan xüsusi qurumlar torpağa tapşırır. Bu hal Qərbdə insanın tənhalaşması, yalqızlaşması və sosial problemlərlə müşahidə olunur. Ona görə də bizim ailə institutu nümunə təşkil edir. Yaxşı və ya pis gündə ailə üzvlərinin bir araya gəlməsi, bir yumruq kimi birləşməsi çox uğurlu haldır. Amma son zaman özünü büruzə verən əyintilərdə qərbləşmənin də xüsusi rolu var. Bunlar isə, istər-istəməz, problemlərə gətirib çıxarır".

Tanınmış ziyalı Eldəniz Quliyev isə məsələyə fərqli prizmadan yanaşdı: "Azərbaycan ailəsi ölkəmizin mədəniyyəti qədər qədimdir. Amma təəssüf ki, indi bu model pis mənada transformasiyaya uğrayır. Azərbaycan bir etnos olaraq əslində tənqid etdiyimiz patriarxal qadağalar vasitəsilə, min illərdir ki, ləyaqətlə dayandı. Qadağaya laqeyd yanaşıldıqca ailə də öz-özünə barmaq arasından süzülən qum kimi dağılıb gedir. Bizim ailə ailə başçısına hörmət deməkdir. Kişinin dominantlığı mütləqdir. Uşağın böyüyə hörməti, adət-ənənəyə hörmət, milli-mənəvi dəyərlərə sayğı ilə yanaşma itdikcə bir millət olaraq itirik. İtki ilk növbədə məhz ailədən başlayır. Avropaya inteqrasiya məsələsində əsrlər boyu qurduğumuz bu xüsusiyyət dağıla bilər. Ondan qorunmalıyıq. Avropaya inteqrasiya etmək istəyənlərin bunun nə demək olduğundan xəbəri yoxdur. Avropalılar bizə nəsə vermək fikrində deyil, onlar əslində bizdən almaq fikrindədir. Hazırda biz olanı saxlamağa çalışmalıyıq. Çox şeyi əlimizdən almaq istəyirlər".

 

Rüfət SULTAN

 

Bakı xəbər. - 2011.- 7 iyun.- S. 15.