Azərbaycanda "əyalət mədəniyyəti" deyilən ziyanlı bir məfhum formalaşır
Bütün
böyük
mədəniyyətlərin
öz mənbəyini ucqarlardan götürdüyü deyilir. Elə unikal sənət
abidəsi sayılan bir çox əsərlərin də paytaxtdan kənarlarda yarandığına dair faktlar var. Azərbaycanın
bir sıra mütəfəkkirləri, şair
və yazıçıları
da öz doğulduğu bölgədə
oturaraq ədəbi prosesə, elmin inkişafına öz təsirini göstərib.
Əyalətlər yalnız indi deyil, əsrlər əvvəl
də mədəniyyət ocağı kimi özünü
göstərib. Dövlətimiz bölgələrin inkişafına
böyük qayğı göstərir. Bu bütün sahələri
əhatə edir. Amma buna baxmayaraq, bəzi sənətşünas
və mədəniyyətşünaslar əyalətdə
yaranan mədəniyyət və incəsənət nümunələrinə,
ədəbi əsərlərə və s. qeyri-ciddi
yanaşır. Hətta onlara aşağılayıcı nəzərlərlə
baxanlar da var. Bu adamlar məqalə və
çıxışlarında "əyalət mədəniyyəti",
"əyalət ədəbiyyatı", "əyalət
teatrı", "əyalət sənətkarları"
kimi ifadələr işlədir. Özü də,
bütün cümlələrdə açıq şəkildə
ironiya və lağ özünü göstərir. Təəssüflər
olsun ki, bu artıq bir tendensiyaya çevirilməkdədir.
İctimai rəyə az-çox təsir edə bilən
insanların bəziləri də əyalət mədəniyyəti
barədə mənfi fikir bildirir. Onlara elə gəlir ki,
heç bir vaxt əyalətlərdə böyük mədəniyyətlər
yarana bilməz. Halbuki, əyalətlər hər zaman mədəniyyət
yaradıcısı rolunda çıxış etməyi
bacarıb.
Qeyd etdiyimiz kimi, həm dövlət, həm prezident, həm
Mədəniyyət və Turizm Nazirliyi əyalətlərdə
mədəniyyətin inkişafına xüsusi önəm
verir. Onların məqsədi bölgə mədəniyyətinin,
teatrının, ədəbiyyatının, burada yaşayan sənətkarların
fəaliyyətini gücləndirməkdir. Eyni zamanda da
onların şəhər mədəniyyətinə təsir
göstərməsini istəyirlər.
Hətta bir neçə ay əvvəl Mədəniyyət
və Turizm Nazirliyi Azərbaycanın qeyri-maddi irsinə aid
islahatların davamı olaraq diyarşünaslıq, folklor və
sənətkarlıq nominasiyaları üzrə
"paytaxtlar" seçib. Belə ki, 2011-ci il
üçün Şabran "Azərbaycanın Əfsanələr
Paytaxtı", Lənkəran Azərbaycanın Folklor
Paytaxtı", İsmayıllı isə "Azərbaycanın
Sənətkarlıq Paytaxtı" elan edilib. Bu da paytaxtdan kənarda
olan şəhər və rayonların həqiqətən də
mədəniyyət mərkəzləri olmasına dəlalət
edir.
Azərbaycan bölgələrinin, əyalətlərin
bəzi sənətşünas və mədəniyyətşünaslar
tərəfindən aşağılanması, onlara mənfi
münasibət bəslənməsi digər mütəxəssisləri
narazı salıb.
Əlaqə saxladığımız sənətşünas
və mədəniyyətşünasların bir çoxu
bildirir ki, Azərbaycan mədəniyyətini şəhər
və kəndə bölmək düzgün deyil. Mütəxəssislərə
görə, xalqımızın ictimai fikir tarıxinin, mədəni
və mənəvi dəyərlərinin, ədəbiyatının,
mədəniyyətinin, dövlətçiliyinin
formalaşmasında rolu olan insanların əksəriyyəti
paytaxta əyalətlərdən gəlib. Mədəniyyətşünaslardan
birinin dediyinə görə, artıq bu bölgünün
aparılması dövlət tərəfindən
yasaqlanıb. Buna baxmayaraq, bəzi mütəxəssislər
kütləvi mədəniyyətin şəhərə
axınının qarşısının
alınmasını istəyir. Onların qənaətinə
görə, bölgə mədəniyyəti primitivdir,
bayağıdır, dərin və məzmunlu deyil. Bu şəxslər
əyalət teatrlarının aktyor və aktrisalarına,
dramaturqlarına, rejissorlarına belə inamsız
yanaşır. Nədənsə, bu fikirdə olanlar əyalətlərdə
yaranan mədəniyyət abidələrini unudur. Əyalətlərdən
paytaxta gəlib burada məktəb, xəstəxana, kitabxana
açan, dövlətçilik quran, ictimai-siyasi həyatda
aktiv rol oynayan insanları xatırlamaq istəmir. Azərbaycan
dramaturgiyasının banisi Mirzə Fətəli Axundov da,
görkəmli satirik, yazıçı, "Molla Nəsrəddin"çi
Cəlil Məmmədquluzadə də, başqaları da əyalətlərdən
gəlib böyük mədəniyyət yaradıblar. Onların
qurub yaratdığı unikal mədəniyyət 200 ilə
yaxındır ki, xalqımızın mədəniyyət
tarixini zənginləşdirir. Bir sıra aktyor və
aktrisalar, rəssamlar, yazıçılar, alimlər,
böyük siyasətçilər, dövlət xadimlərinin
də böyük bir qismi kəndlərdən Bakıya gəlib.
Əyalət mədəniyyətinin dəyərsiz
olduğunu düşünənlər, nədənsə, bir
neçə həqiqəti unudur. Ötən əsrin 70-80-ci
illərində Şəki Teatrının qazandığı
uğurlar hələ ikinci bir teatra nəsib olmayıb. Hətta
indiyə qədər paytaxt teatrları belə o uğuru təkrarlamaq
iqtidarında deyil. Mərhum rejissor Vaqif Abbasovun bu teatrın
direktoru olduğu dövrdə mərhum xalq artisti
Hüseynağa Atakişiyevin Şəki Teatrında
gördüyü işlər indiyə qədər də
xatırlanır.
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin (ADMİU) mədəniyyətşünaslıq
kafedrasının müdiri, kulturologiya üzrə fəlsəfə
doktoru Sədaqət Əliyeva bizimlə söhbətində
bildirdi ki, bölgələrdə fəaliyyət göstərən
kifayət qədər mədəniyyət xadimləri var. Onların
yaratdıqlarının mədəniyyətimizin
inkişafına təsiri böyükdür: "Bölgələrdə
yaranan mədəniyyətə aşağılayıcı
münasibətlə yanaşmaq düzgün deyil. Paytaxt mədəniyyətini
bölgə mədəniyyətindən kənarda təsəvvür
etmək olmaz. Azərbaycan böyük dövlətdir, burada
müxtəlif xalqların nümayəndəsi yaşayır,
ayrı-ayrı mədəniyyətlər özünü
göstərir. Əyalətlərdə yaranan mədəniyyətə
ironiya ilə yanaşmaq yaxşı hal deyil. Hər bölgənin
özünün mədəniyyəti, musiqisi, rəqs mədəniyyəti
var. Mədəniyyətimiz rəngarəngdir.
Araşdırmalar göstərir ki, Borçalı
aşıq mədəniyyəti bütün bölgələrin
aşıq sənətini üstələyir. Hətta o, Qars aşıq
sənətindən də irəlidir. Azərbaycanda həm
kütləvi mədəniyyət, həm də elitar mədəniyyət mövcuddur. Onlar bir-birilə sıx
bağlıdır. Əyalət mədəniyyəti kütləvi
mədəniyyətə daxildir.
Tutalım, orada bir mədəniyyət kütləvi
şəkildə yayılıbsa, həmin ərazidə ikinci bir mədəniyyəti
aşılamaq mümkünsüzdür. Aşıq sənətinin
kütləvi yayıldığı əraziyə caz, estrada və
digər musiqi sahələrini
gətirmək çətindir. Sadəcə,
o əyalət mədəniyyətinin özü
kütləvi xarakter
daşıyır".
Bəzilərinin bəyənmədiyi əyalətlərdən
Azərbaycanın dahi şəxsiyyətlərinin
çıxdığını deyən S.Əliyevanın sözlərinə
görə, onlar sadəcə şəhərdə mərkəzləşib:
"Bu şəxsiyyətlər əyalət mədəniyyətinin
içindən çıxıb gəlib. Şəhərə
özlərilə böyük bir dünya gətiriblər.
Mənə belə gəlir ki, artıq əyalətlərin
özləri böyük mərkəzlərə
çevrilib. O mərkəzlərdə doğulub şəhərə
gələn insanlar sonra elitar mədəniyyətin
də formalaşmasına səbəb olur.
Bu şəxslərin
elmdə, sənətdə, siyasətdə, ictimai
həyatda gördüyü
işlər danılmazdır".
S.Əliyevanın bildirdiyinə görə, ərazimiz
coğrafi baxımdan bölgələrə
bölündüyü kimi mədəniyyətimiz də
bölünür. Kafedra müdirinin
dediyinə görə, o
özü bölücülüyün
əleyhinədir: "Coğrafi bölgü təbiidir. Amma
onun şəxsiyyətlərə, mədəniyyətlərə
aid edilməsi tərəfimdən qəbuledilən deyil. Ucqar kənddə
elə bir adam ola bilər ki, o öz biliyi,
düşüncəsi, intellektilə şəhərdəkilərdən
üstün olsun.
Şəhər və kənd mədəniyyətini bir-birindən
şəraitinə, texniki məsələlərinə,
iqtisadiyyatına, siyasətinə, düşüncə tərzinə
görə fərqləndirirlər".
S.Əliyevanın sözlərinə görə,
hazırda əyalət mədəniyyətinin şəhər
mədəniyyətinə təsiri böyükdür. Onun fikrincə,
artıq əyalətdə hökmranlıq edən musiqinin, folklor sənətinin paytaxtın şadlıq
saraylarına ayaq açması
bu təsirin nəticəsidir: "Bu gün aşıq
sənətinin Bakının iri,
çil-çıraqlı, təmtaraqlı şadlıq
saraylarında oturuşması, paytaxt toylarında səslənməsi
artıq onu göstərir
ki, mədəniyyətlər regionlara bölünməli
deyil. Artıq əyalət mədəniyyəti
şəhərə axışır. Mədəniyyəti
şəhərə və kəndə bölmək qəti
qadağandır. Azərbaycan mədəniyyəti nə qədər
rəngarənk olarsa, bir
o qədər də uzunömürlü
olar. Xalqımız da
mənəvi cəhətdən
daha zəngin bir xalq kimi
seçilər. Əyalət və şəhər mədəniyyəti
bir ananın
övladlarıdır, onları bir-birindən ayırmaq mümkünsüzdür. Azərbaycan
xalqının mədəniyyəti
möhtəşəm və rəngarəngdir. Bu müxtəliflik xalqımıza baş ucalığı gətirər.
Respublikamız tolerantdır, mədəniyyətimiz də həmçinin.
Əyalət mədəniyyətindən
danışırıqsa, heç vaxt az saylı xalqları
unutmalı deyilik".
Mədəniyyətşünaslıq kafedrasının
müdiri Sədaqət Əliyeva sonda bu vacib məsələni
gündəmə gətirib müzakirəyə
çıxardığımıza görə qəzetimizə
minnətdarlığını bildirdi: "Bəzi adamlar tərəfindən
əyalət mədəniyyətinə bəslənən bu
münasibət məni də narahat edir. Bu məsələni
qaldırdığınız üçün qəzetinizə
təşəkkür edirəm"
İradə SARIYEVA
Bakı xəbər.- 2011.- 9 iyun.-
S. 14.