Tək Azərbaycanda əsgəri belə yola salırlar

 

  Hərbi işin Azərbaycan modelinə dair daha bir element...

 

  Azərbaycan xalqı həmişə döyüşkən olması ilə seçilib. Xalqımızın Cavanşir, Babək, Şah İsmayıl kimi sərkərdələri olub. Müstəqillik əldə etdikdən sonra ordu quruculuğunda Azərbaycan xeyli nailiyyətlər əldə edib. Hazırda bu ordu ən müasir və yeni hərbi texnika ilə təchiz olunub. Bundan başqa, Azərbaycan artıq özü də silah istehsalı ilə məşğul olur. Silahlı Qüvvələrdə şəxsi heyət də tam şəkildə komplektləşdirilib.

   Ordumuzda əhval-ruhiyyə çox yüksəkdir və bu səbəbdən də onlar hər an torpaqlarımızı azad etməyə hazırdır. Ordunun möhkəm və yenilməz olmasında onunla cəmiyyətin vahid mövqedən çıxış etməsi, bir-birinə dəstək olması vacibdir. Bu mənada da xalqımız başqalarına örnəkdir. Bizdə Vətənə və orduya məhəbbət yüksək səviyyədə olduğundan, valideyn övladını əsgərliyə yola salanda da bunu təmtəraqla, ürəkdən həyata keçirir. Övladın orduya yollanması sanki bir bayram, toydur. Həmin ərəfədə qohum-qonşu, yaxınlar, dost-tanışlar, yaşlılar əsgərliyə gedənə öyüd-nəsihət verir, onu Vətənə sədaqətlə xidmət etməyə səsləyir. Hətta qəlbi kövrək olan analar belə övladlarını Vətənə qurban verməkdən qürur hissi keçirdiklərini bəyan edirlər. Hərbi komissarlıqlarda da bu mərasim xüsusi təntənə ilə keçirilir. Bunun üçün tanınmış sənət ustalarının iştirakı ilə konsert proqramları təşkil olunur. Övlad görəndə ki, orduya yola salma mərasimi təntənəli şəkildə baş tutur, onda Vətənə məhəbbət hissi daha da artır. hərbçilər hər zaman cəmiyyətin qayğısını duyur. Qərb dünyasında isə belə şeylər yoxdur. Onlar övladın orduda xidmətə göndərilməsinə də adi hadisə kimi yanaşırlar.

   Ehtiyatda və İstefada olan Zabitlər İctimai Birliyinin sədri Yaşar Cəfərli bu mərasimin həm əsgərə gedən övladda, həm də valideynlər arasında əhval-ruhiyyənin artmasına xidmət etdiyini bildirdi: "Qərb ölkələrində əsgəri yola salmaq adəti olmasa da, bildiyim qədər, qardaş Türkiyədə belə ənənə var. Qərbdə mədəniyyət başqa cür formalaşıb. Amma Şərqdə, o cümlədən Türkdilli dövlətlərdə bu mədəniyyət, demək olar ki, hamıda eyni səviyyədədir. Azərbaycanda isə bu hal xüsusi mərasim kimi həyata keçirilir. Hətta sovet dövründə də oğlu əsgərliyə yola salmaq təmtəraqlı şəkildə olurdu. Sanki həmin gün ailədə toy-bayram olurdu. Gənc həmin gün özündə qürur hissi duyur. Qohum-əqraba, hətta tanış-biliş gedib onu yola salır. Bunu etməyi özlərinə borc bilirlər. Hətta elə ailələr olur ki, əsgərliyə yola salmamışdan qabaq çalışır, oğlunu qızla nişanlasın". Həmsöhbətimiz qeyd etdi ki, ölkəmizdə belə mərasimlərə kişilik əlaməti kimi yanaşırlar: "Bu adət, bildiyim qədər, indi də davam edir və bunu yaxşı qarşılayıram. Belə ki, gənc üçün yeni bir kişilik dövrü başlayır. Əsgərliyə gedən qayıdıb gələndən sonra onda və ona münasibətdə tamam başqa ab-hava formalaşır. Hamı artıq onun kişilik məktəbi keçməsindən fəxr duyur. Qayıdanda da insanlar onu təmtəraqla qarşılayır. Qohum-əqraba, qonşular başına toplaşıb belə gənclə fəxr etdiklərini dilə gətirir. Bir növ ailədə əsgər yola salma və gələnin qarşılanması mərasimləri müsbət və təntənəli bir bayram kimi qeyd olunur. Amma bunun müəyyən nöqsanları da var. Müharibə vəziyyətilə əlaqədər olaraq son vaxtlar bəzi ailələr övladı sanki bir qorxu hissilə yola salır. Ana və bacıların kənara çəkilib ağlaması hallarına da rast gəlinir. Onlar sanki bir narahatlıq keçirir. Əsgər yola salma məsələsində sovet dövrü ilə indikini müqayisə etdikdə müəyyən fərqliliklər hiss olunur. Hərbi komissarlıqlar və başqa-başqa dövlət qurumları tərəfindən keçirilən mərasimləri müqayisə etdikdə görürəm ki, sovet dövründə olan toy-bayram əhval-ruhiyyəsi, təntənə zəifləyib. O cümlədən, qayıdıb gələndə də işlə təmin məsələsində problemlər yaşanır. Sovet vaxtı isə bu dərəcədə sıxıntılar olmurdu. Bizim təşkilat bu istiqamətdə olan müəyyən narahatlılıqları aradan qaldırmaqla məşğuldur. Orduya yollanan əsgərin övladı varsa, dövlət tərəfindən ona qayğı hiss olunmalıdır. Əsgər nə qədər ki, hərbi xidmətdədir, övladına dolanacaq üçün lazımi qədər pul verilməlidir. Qayıdıb gələndə, ən azından, əsgərliyə getməyənlərin acığına ona müəyyən bir güzəşt və imtiyazlar verilməlidir. Məsələn, ali təhsil və ya ali hərbi məktəblərə qəbul zamanı hansısa güzəştlər olsa yaxşıdır. İşlə təmin olunma məsələsində də əsgərlikdə olanla olmayan arasında müəyyən fərqlər qoyulsa, biz əsgəri yola salma prosesində əvvəlki illərdən də yaxşı vəziyyətə gəlib çatarıq. İndi də bu adət-ənənə bizdə qalıb. Ailələrdə, əvvəlki səviyyədə olmasa da, əsgər yola salmağın təmtərağı qalır. Amma bundan yaxşısı olub və həmin dövrdə olan vəziyyəti ötmək istiqamətində düşünmək lazımdır".

   Hərbi ekspert Mehdi Mehdiyev bu xüsusiyyətin bizdə qədimdən olduğunu söylədi: "Azərbaycan xalqı qədimdən döyüşkən xalq olub. Ona görə də oğulu döyüşçü kimi hazırlamaq bizdə dədə-babadan adətdir. Bu gün də həmin xoş ənənə davam edir. İlk növbədə gənc əsgərlik dövrünü keçməlidir ki, ondan sonra onun yetkin insan kimi formalaşdığı qəbul olunsun və yalnız bundan sonra ailə qursun. Türkiyədə belə adət var, indi bizdə də adət halını almağa başlayıb. Qız üçün elçi gedəndə oğlandan birinci növbədə əsgərlikdə olub-olmadığı soruşulur. Müsbət cavab aldıqda razılıq verilir. Torpaqlarımızın 20 faizinin işğal altında olmasını, 1 milyondan artıq qaçqın və məcburi köçkünün olduğunu nəzərə alaraq, bütün xalqımız Vətənimizin azadlığını arzulayır. Ona görə də hamı bu yolda canını fəda etməyə hazırdır. Türkiyədə ailədən övladı əsgərliyə başı xınalı yola salırlar. Komandir bunun səbəbini və kim tərəfindən qoyulduğunu soruşduqda əsgər anasının belə etdiyini deyir. Amma səbəbini deyə bilmir. Sonra oğlan bunun səbəbini anasından soruşduqda, ana ona cavabında yazır ki, "səni Vətənə qurban göndərmişəm". Bu bir daha göstərir ki, türkdilli xalqlar azadlıq, ərazi bütövlüyü məsələlərində qanını belə Vətən üçün qurban verməyə hazır olan millətdir. Bəzi yerlərdə oğlan uşağını təəssüflə əsgərliyə yola saldıqları halda, bizdə bunu şadyanalıqla, sevinclə həyata keçirirlər. Sanki toy mərasimi keçirirmiş kimi, təntənəli şəkildə övladı əsgərliyə yola salırlar. Bu ilk növbədə ruh yüksəkliyidir. Oğlan uşağının əsgərlik xidmətini keçməyə olan münasibətini büruzə verir. Eyni zamanda, vətənpərvərlikdən xəbər verir. Bu formada yola salınan oğullar əsgərlikdə daha ürəklə hərbi xidmət keçir. Döyüş əməliyyatlarında da onlar özlərini yüksək səviyyədə göstərir".

   Millət vəkili Fərəc Quliyev belə ənənənin böyük tərbiyəvi əhəmiyyəti olduğunu diqqətə çatdırdı: "Bu məqam türkün minillik tarixindən gələn bir fəlsəfədir. Türk uşaq vaxtından at belində, əlində qılınc böyüyüb. Bizdə Dədə Qorquddan gəlmə bir söz var, "torpağı becərməsən qorumağa, qorumasan becərməyə dəyməz". Yəni insanlarımız torpağa və Vətənə bağlı insanlardır. Onlar başa düşür ki, onu qorumaq lazımdır. Analarımız uşaqlarını əsgərliyə yola salanda ağlamayıb. Arxalarınca su atıb, gəlmələrini gözləyiblər. Qəribədir ki, başqa ölkələrdə bunu görməmişəm, amma Türkiyədə şəhid düşəndə analar "Vətən sağ olsun" deyir. Ona görə də əsgərliyə yola salmaq, oğulu Vətənə qulluğa verməyi bir fəxr hissi kimi qəbul edirik. Bunun isə böyük tərbiyəvi əhəmiyyəti var. Bu bizim millətə xas olan və qorunub saxlanmış ənənədir. Ailədə keçirilən əsgərliyə yola salma mərasimləri ordunun mənəvi durumunda, həm də ölkənin bütün insanları üçün böyük bir örnəkdir. Həmin ənənəni alqışlayır və hesab edirəm ki, davam etdirilməlidir. Hamımız bunda maraqlı olmalıyıq. Elə bir ölkə yoxdur ki, öz sərhədlərini qorumaq üçün ən müxtəlif üsullardan və təbliğatdan istifadə etməsin. Bu məsələdə hər bir millətin özünəməxsus xüsusiyyət və davranışları ola bilər. Məsələn, İsveçrədə hər kəs ildə bir neçə dəfə, döyüş olarsa, özünün xidmət edəcəyi yerlərə baş çəkir. Digər ölkələrdə başqa örnəklər var. Övladımızı Vətənə xidmətə göndərəndə onu bayramsayağı, təntənə ilə yola salmaq ənənəsini də dünya miqyasında örnək kimi təqdim etmək olar və etməliyik".

   Millət vəkili Bəxtiyar Sadıxovun fikrincə, belə mərasimlər gənci əsgərlik dövründə daha yaxşı xidmətə səsləyir: "Azərbaycan ailəsində gənci ordu sıralarına yola salma mərasimi formalaşıb.

   Bu mərasim bir neçə hissədən ibarətdir. Gənc yaxın dost, tanış, qohumları ilə görüşüb sağollaşır. Bəzən onu seyid ocaqlarına aparırlar. Pirləri ziyarət edir ki, sağ-salamat gedib gəlsin. Bunun bayram əhval-ruhiyyəsi olan musiqi hissəsi, çalıb oxumaq, süfrə açmaq mərasimi də var. Bu, valideynin sevinməsinin əlamətidir. O sevinir ki, oğlu artıq böyüyüb müqəddəs bir vəzifəni yerinə yetirməyə gedir. Gənc bununla müstəqil həyata da addım atır. Bunun özünü də yaddaqalan etmək istəyirlər.

   Burada bir nikbinlik, sevinc də var. Övladın oğlanlıqdan kişilik həyatına qədəm basdığına fərəh duyğusu var. Bu mənəvi dəyərimizdir. Gənci belə təmtəraqla yola salmaq mərasimi həm də ona orduda şərəflə xidmət etmək məsuliyyətini aşılayır. Onun mətinləşməsi, məsuliyyəti dərk etməsi, xüdafizləşmə anında insanların məhəbbətini hansısa formada bildirməsi gənci əsgərlik dövründə yaxşı xidmət etməyə, yaxınlarının etibarını doğrultmağa həvəsləndirir.

  

 Rüfət Sultan

 

 Bakı xəbər.- 2011.- 9 iyun.-S. 15.