Azərbaycanın
tarixi və müasir dövründə dünya
üçün nümunəvi olan elementlər
Bir çox mütərəqqi
işləri ilk edənlərdənik
Bütün
qədim xalqların
bəşər mədəniyyətinə
bağışladığı maddi
və mənəvi
dəyərlər
olur. Hər bir xalq
öz zəngin xəzinəsindən dünyaya bəxşiş
verir. Azərbaycan xalqı da dünyaya bir çox dəyərlər
bəxş edib. Şərqdə baş verən bir sıra
yeniliklərin vətəni Azərbaycandır. Elə hadisələr
var ki, onlar birinci dəfə respublikamızda yaşanıb. Qonşu
dövlətlər də, bizdən uzaqlarda yerləşən
məmləkətlər də buna həsədlə baxıb.
Ölkəmizdə tarixən
çox böyük mədəniyyət mərkəzləri
olub, burada yüzlərlə sənət incisi yaranıb. Bəlkə
də yer üzündə İçəri Şəhər
kimi şəhərlərə, Qız qalası kimi qalalara,
Azıx mağarası kimi mağaralara, Atəşgah kimi məbədlərə,
Yanardağ kimi təbii yanan od məskəninə, Qobustan
qayaları kimi qayalıqlara az-az təsadüf edilir. Bunlar ilk
insan ünvanlarından biridir. Onlar əski
çağların nişanəsi kimi bütün dünya
üçün nümunəvi bir dəyərdir. Belə
olmasaydı, respublikamıza qonaq gələn əcnəbilər
onlara heyranlıqla baxmazdı.
Azərbaycan coğrafi baxımdan
Şərqə aid edilsə də, burada Avropa, Qərb mədəniyyətilə
çulğalaşan çox nümunələr var.
Xalqımızın mənəvi
dünyasını araşdıran alimlər deyir ki, Azərbaycan
sivilizasiyanın beşiklərindən biri kimi bütün
dönəmlərdə nümunəvi dəyərlərə
sahib olub. Dünya xalqları da müxtəlif yollarla o dəyərlərdən
bəhrələnib. Azərbaycanın tarixi və müasir
dövründə dünya üçün nümunəvi
olan elementlər çoxdur. Hər şeydən əvvəl
onu deməliyik ki, respublikamız qədim dövlətçilik
ənənəsinə malikdir. Ərazilərimizdə yerləşən
ayrı-ayrı şahlıqlar, xaqanlıqlar,
xanlıqların başında yalnız kişilər
durmayıb. Tarixə öz şöhrətilə səs salan
qadınlar da hökmranlıq edib. Bizə "geridə
qalmış" damğası vuranlar, nədənsə, bu həqiqətə
göz yumur. Massagetlər hökmdarı Tomris, Bərdə
hökmdarı Nüşabə və başqa qadınlar
öz idarəçilik qabiliyyətləri, döyüşkənliklərilə
heç də başqa xalqların qəhrəman
qadınlarından geri qalmayıb.
Yalnız Şərq aləmində
deyil, hətta bir sıra Qərb ölkələrində də
çox şeyə birinci olaraq Azərbaycan sahib olub. Qeyd edək
ki, 1918-20-ci ildə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyəti
dövründə qadınlara ilk dəfə seçki
hüququ verilib. Səhv etmiriksə, buna qədər nəinki
qonşu respublikalarda, heç iri dövlətlərin
çoxunda qadınların səs vermək hüququ
olmayıb. O vaxt bu fakt Avropa dövlətlərinin
böyük marağına səbəb olub. Şərqdə
ilk nəsr əsərinin müəllif Məhəmməd
Füzulidir. Onun "Şikayətnamə" tənqidi mətni
tarixə nəsr nümunəsi kimi düşüb. Şərqdə
ilk dəfə dramaturgiya da Azərbaycanda yaranıb. Böyük
ədib, mütəfəkkir Mirzə Fətəli Axundzadənin
qələmindən çıxan komediyalar buna nümunədir.
Dramaturqun "Sərgüzəşti-vəziri-xani-Lənkəran",
"Hacı Qara", "Xırs quldurbasan", "Dərviş
Parisi partladır" və başqa dram əsərləri
Şərqin mədəniyyət tarixində önəmli yer
tutur. Demək olar ki, Şərqin bir sıra mədəni
hadisələrinin ünvanını Azərbaycan olaraq
qalır.
Xalqımız istedadlı
xalqdır. Onun övladları həm sənət, həm mədəniyyət,
həm siyasət, həm iqtisadiyyat, həm sosial sahədə
böyük nailiyyətlərə sahibdir. Şərqdə peşəkar
teatrın yaranması da Azərbaycanın adı ilə
bağlıdır. 1873-cü ildə səhnələşdirilən
"Sərgüzəşti-vəziri-xani-Lənkəran" əsəri
səhnə tariximizin əsasını təşkil edir. 1906-cı
ildə böyük ədib, maarifçi, satirik Cəlil Məmmədquluzadənin
Tiflisdə nəşr etdirdiyi "Molla Nəsrəddin"i də
ilk saymaq olar. Çünki onun nüfuzu və təsir dairəsi
o qədər geniş idi ki, bütün Şərq aləmini,
hətta çar Rusiyasının əsarəti altında olan
türkdilli xalqları da əhatə edirdi.
1908-ci il mədəniyyət
tariximizə böyük bir hadisə ilə daxil olub. Söhbət
Şərqin ilk operası "Leyli və Məcnun"dan
gedir. 22 yaşlı Üzeyir Hacıbəyovun ölməz
Füzulinin eyni adlı poemasının motivləri əsasında
bəstələdiyi bu opera bütün dünyada məşhurdur.
100 ildən artıq ömrü olan "Leyli və Məcnun"
dünyanın bir sıra ölkələrində səhnəyə
qoyulub. Onun təsiri altında çoxlu sayda operalar
yaranıb.
Üzeyir bəyin 1910-cu ildə
yazdığı "Ər və arvad" operettası da
Şərqin ilk operettası kimi xatırlanır. Düzdür,
bu opera o qədər də dünyaya yayılmadı. Amma
Üzeyir bəyin "Arşın mal alan" operettası
Çindən belə yer üzünün çox nöqtələrində
tamaşaçılara təqdim olunub.
Əfrasiyab Bədəlbəyli
1940-cı ildə özünün ölməz "Qız
Qalası" baletini bəstələdi. Məşhur
"Qız qalası" əfsanəsinin əsasında
yaranan bu baletə qədər Şərqdə balet yaranmayıb.
Balet SSRİ xalq artisti, ilk balerinamız Qəmər xanım
Almaszadəyə ithaf edilib. Həmin dövrdə bir-birini sevən
bu cütlük ailəli idi. Almas xanımdan əvvəl Şərqdə
balerina yox idi. Hansısa bir Şərq dövlətində
balet nümayiş olunurdusa, ora gələnlər əcnəbilər
olurdu. Səhv etmiriksə, dəniz üzərində şəhər-
"Neft daşları" da Şərq tarixində birinci
hadisədir.
Azərbaycan qadınları digər
Şərq qadınlarından xeyli dərəcədə fərqlənir.
Bizim qadınlar öz fikirlərini azad şəkildə ifadə
etmək, yaradıcılıqla ciddi məşğul olmaq
qabiliyyətinə malik olur. İlk qadın bəstəkarlarımız
Ağabacı Rzayeva, Ədilə Hüseynzadə, Hökumə
Nəcəfova, Şəfiqə Axundova bəstələdikləri
gözəl musiqilərlə tarixə düşüb. Şəfiqə
Axundova, həmkarlarından fərqli olaraq, Şərqdə
ilk opera yazan qadındır. Şəfiqə xanıma qədər
ikinci bir Şərq qadını opera yazmayıb. Onu da
vurğulayaq ki, Şəfiqə xanım həm də operetta
yazan ilk qadınımızdır. Onun "Ev bizim, sirr
bizim" operettası dediklərimizə misaldır. Peşəkar
rəqs sənətinə gəlincə, ilk rəqqas və rəqqasələr
də bizim ölkədəndir. Əminə xanım Dilbazinin
ilk rəqqasə kimi tarixə düşdüyünü deyən
sənətşünaslardan birinin sözlərinə görə,
başqa Şərq ölkələrində onun səviyyədə
ikinci bir rəqqasə yox imiş.
Bəzən deyirlər ki, digər
Şərq ölkələrində də şöhrətli
rəqqasələr var. Ola bilər. Amma onlar son 50-60 ildə
yetişib. Tarixə baxsaq görərik ki, bizim peşəkar
rəqqas və rəqqasələrin çoxu Şərq
dövlətlərinə ezam edilərək orada pedaqoji fəaliyyətlə
məşğul olub.
Azərbaycan xalqı bəşər
mədəniyyətini zənginləşdirmək sahəsində
böyük işlər görüb. Yanılmırıqsa,
ilk arxeoloq, şərqşünas, tarixçi qadınlar da Azərbaycanda
yetişib.
Bu gün də Azərbaycanda bir
sıra yeniliklər var ki, onlar bütün dünya
üçün nümunə sayıla bilər. Elə
götürək dini və milli məsələdə
xalqımızın, dövlətimizin
tolerantlığını. Bu nümunəvi bir hadisədir və
başqaları da bundan bəhrələnməlidir.
Azərbaycan tarixində və
müasir dövründə dünya üçün nümunə
sayıla biləcək hadisələr bitib tükənməzdir.
Möhtəşəm xalçalarımız,
muğamlarımız, aşıq sənətimiz YUNESKO-nun xəttilə
bütün dünyaya təqdim edilib. Bu unikal abidələrə
elə-belə yanaşmaq mümkün deyil. Dünya müzeylərini
bəzəyən xalçalarımız, dinləyənləri
heyran edən muğam və aşıq sənətimiz,
dulusçuluq, ipəkçilik, misgərlik, döymə kimi
folklor sənət növlərimiz artıq bütün
dünyaya çıxarılır. Burada Heydər Əliyev
Fondunun xüsusi əməyi var. Bu qurumun xəttilə
dünya bizim mədəniyyətimizdən bəhrələnir.
Artıq müasir Avropa alimləri muğamımızı,
aşıq sənətimizi, xalçalarımızı,
Qobustanımızı və s. öyrənir. Bütün
bunlar bizim nailiyyətimizdir. Dünya Azərbaycana qədim mədəniyyət,
dövlətçilik məsgəni kimi baxır və ondan
çox şey görüb götürür. Təbii ki,
qarşılıqlı olaraq Azərbaycan da dünyadan
nümunəvi şeyləri əxz edir.
İradə
SARIYEVA
Bakı xəbər.- 2011.- 10-12
iyun.- S. 15.