Qəriblikdə həsrətli qalan herbarilər Azərbaycanın qiymətli
bitki arxivinin eksponatlarıdır
Qürbət
cənnət
olsa da Vətən ola bilməz. Bu özünü zaman-zaman təsdiq etmiş həqiqətdir.
Bütün
canlılar qəriblikdə sıxılır, darıxır. Yaradılmışlar hər
zaman vətən
havasına möhtacdır. Doğma
torpaqdan havalanan bir əsim yel
də onların dərdinə dərman ola bilir.
Azərbaycanın
bir çox maddi-mənəvi sərvəti müxtəlif
yollarla əlimizdən alınaraq xarici məmləkətlərə
daşınıb. Həmin dəyərlər, demək
olar ki, təbiətin, sənətin
bütün sahələrini
əhatə edir. Yad ellərdə sürgün həyatı
yaşayır xalqımızın
bu varidatı. Qədim əlyazmalarımız,
arxeoloji qazıntılar
zamanı əldə edilən tapıntılar,
xalı-xalçalarımız, musiqi alətlərimiz, geyim növlərimiz aparılıb xaricə. İndi bizə məlum olub ki, gedər-gəlməzə
göndərilənlər sırasında
yalnız Azərbaycanda
bitən bitkilərin herbariləri (bitki arxivi) də var. Bitkilər alimlər tərəfindən toplanır,
min qayğı ilə
bəslənir, qurudulur,
sonra onlar herbari şəklində saxlanıb gələcək
nəsillərə əmanət
edilir. Elə bitkilər, gül-çiçək
növləri var ki, ancaq Azərbaycan
ərazisində bitir,
onların Vətəni
buradır. Məlumatlara
görə, belə
nadir bitkilər əsasən
Qarabağda olub. İndi isə o torpaqlar işğal altındadır, o bitkiləri
əldə edə bilmirik. Bu bitkilərin bir çoxunun herbarisi vaxtilə ölkədən çıxarılıb.
Onları məmləkətimizə
qaytarmaq isə mümkünsüzdür. Xarı
bülbülün və
başqa bitkilərimizin
də herbarisi qürbətdədir. Bu gün
Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun herbari laboratoriyası fəaliyyət göstərir.
Burada yüzlərlə
herbari növü mühafizə olunur. Bu sahə ilə məşğul olan alimlər ürək yanğısı ilə bildirir ki, Şeyx
Səfi xalçası,
qədim əlyazmalar və başqa sərvətlərimiz kimi
herbariləri də ölkəmizə qaytara bilmirik.
Botanika
İnstitutunun Herbari laboratoriyasının müdiri Pərvanə
Qaraxani bizimlə söhbətində bildirdi ki, xaricdə
ezamiyyətdə olarkən qürbət ellərdə Vətənə
qayıtmağın həsrətini çəkən herbariləri
çox görüb. Alimin sözlərinə görə,
çoxsaylı müraciətlərə
baxmayaraq, o herbariləri
qaytarmaq mümkünsüzdür.
Şöbə müdirinin
dediyinə görə,
Azərbaycanda 4500-dən artıq
bitki növü var, onların da 230-dan artığı ölkəmizdən başqa
heç bir ölkədə bitmir. Endemik bitkilərin sırasına Xarı bülbül də daxildir. 1700-cü ildən
başlayaraq Azərbaycanda
herbari toplanmasının
həyata keçirildiyini
deyən P.Qaraxani dedi ki, rəhbərlik
etdiyi fondda qədim herbarilər saxlanır.
Azərbaycan
bitkilərinin herbarilərinin əsasən Tiflis Botanika
İnstitutunda, Sankt-Peterburq, Moskva Botanika İnstitutlarında və
muzeyində saxlandığını bildirən alim onların
Avropa ölkələrində də olduğunu istisna etmədi:
"Botanika İnstitutunun əsas işi Azərbaycan
florasına daxil olan bütün bitkiləri öyrənməkdir.
Bitkilər daim inkişaf edir, yaranır. Bəzi növlər var ki, onlar
bəlkə də yaranma prosesində üstünlük qazanıb.
Amma bizim onlara əlimiz çatmır. Bizim qürbətdə olan bitki növlərimiz iki qrupa bölünür.
Onların bir qismi işğal olunmuş Qarabağda erməni tapdağında qalıb. Başqaları isə vaxtilə herbari şəklində yığılaraq qürbətə
aparılıb. Onlar indi Sankt-Peterburq Botanika İnstitutunda, Tiflis Botanika İnstitutunda saxlanır.
XX əsrin əvvəllərində
burada işləyən
alimlər ya ekspert rəyi almaq üçün, ya da hədiyyə
olaraq həmin institutlara verib. Sonradan onları qaytarmaq çətin olub. O elm qurumlarında çalışanlardan herbariləri
geri istəyəndə
deyirlər ki, onlar bizim fonda
daxil olub, nömrələnib. Bu bizə
aiddir, sizin deyil. Qarabağda hansı bitki növlərinin olduğunu
müəyyən etmək
üçün herbarilərə
istinad etməliyik. Həmin herbarilərin çoxu Sankt-Peterburqda, Moskvadadır. Ezamiyyətdə
olanda görürük
ki, orada Qarabağa aid elə herbarilər var, onlar heç bizdə yoxdur. Onlar nə vaxtsa
bizim fonddan götürülüb, indi
geri ala bilmirik. Herbarilər qürbətdən
vətənə qayıtsaydı
çox yaxşı olardı. Elə növlər var ki, yalnız Qarabağda yayılıb,
onların başqa ölkələrdə məskunlaşmasını
istəməzdik".
Herbariləri
mənəviyyatımıza daxil olan əsas faktorlardan biri
sayan P.Qaraxani deyir ki, muğamımız, dilimiz,
bayrağımız və s. bizi dünyada nə qədər
tanıdırsa, herbarilərimiz də o qədər
tanıdır: "Onlar Azərbaycanın bitkiləridir. Quruyub
herbari olublar. Bu növlər xaricdə çap olunan ədəbiyyatda yer alır. Əcnəbilər
gəlib deyəndə
ki, filan bitkini kitabda gördüm məni valeh etdi, onu
görmək istəyirik,
tutalım, o bitki də Qarabağda-Daşaltıda
bitirdi, biz əcnəbilərə
o bitkilərin fondumuzda
olan herbarilərini göstəririk. Azərbaycanda
230-dan artıq endem bitki var ki,
onlar ancaq burada bitir. Onlar
bizim qürur yerimizdir. Nə olsun bitkilərin dili yoxdur, onların
gözəlliyi var, o gözəlliklər baxanı
valeh edir. Onları görməklə
Azərbaycanın gözəlliyini
təbliğ edirlər".
P.Qaraxaninin
sözlərinə görə, herbarilər həm də azərbaycanlıların
bu torpaqda lap qədimlərdən məskən
saldığını təsdiq edir:
"Herbarilər özləri də böyük sərvətdir. Azərbaycanda
çox qiymətli herbarilər qorunur. Hətta onlar arasında 1800-cü ilə
aid olanlar da var.
1936-cı ildə institutumuz
qurulub. Amma ona qədərki dövrdə alimlər işləyib, bitki toplayıb. "Dərviş
Parisi partladır"
filminə baxmısınız
yəqin. Görürsüz,
Müsyö Jordan bitkiləri yığıb
öz ölkəsinə
aparır. Müsyö
Jordan kimi bitkiləri sevən insanlar ölkəmizdə də olub. Onlar çox
qiymətli herbarilər
hazırlayıb. Yüzillərdən
bəri yığılıb
bizə əmanət edilən herbarilər var ki, o bitkilər
Qarabağın müxtəlif
yerlərində bitib.
Biz onları göz bəbəyi kimi qoruyuruq. Ümid edirik ki, torpaqlarımız
qayıdacaq, biz də
onda yeni növlərlə qarşılaşacağıq.
O növlər bizi haraylayır".
Herbari
məsələsində də erməni iddiasının
olduğunu bildirən P.Qaraxaninin dediyinə görə, mənfur
qonşularımız "bu herbarilər bizimdir" deyir:
"Onların iddiasının əsassız olduğunu hər
zaman sübut edirik. Bizdə 1700-cü, 1800-cü ildən qalan herbarilər var. Bizim herbarilərin çoxu Moskvada, Kiyevdə və başqa şəhərlərdədir.
Bu herbarilər bizim öz adımızla təqdim edilir. Bu herbariləri bizim öz alimlərimiz işləyib. Amma o bitkiləri yoxlayan rus alimləri "yaxşıdır, amma bizdə qalmalıdır"
deyib. Onlar bu herbariləri tip kimi götürüb saxlayırlar. Bu da o deməkdir ki, onlar ancaq Azərbaycana
məxsus bitkilərdir.
Onlar ilk dəfə Azərbaycandan yığılıb.
Herbariləri respublikadan
kənarlara verənlər
bunu rəsmi qaydada edib. Yəni
herbarini verdiklərinə
dair sənədlərə
qol çəkiblər
ki, mən filankəsov filankəs bu herbarini verirəm.
O insanlar indi həyatda yoxdur. Bizim o herbariləri qaytarmağa mənəvi haqqımız çatır,
amma hüquqi cəhətdən səlahiyyətimiz
yoxdur. Moskvanın Baş Botanika İnstitutunda da ezamiyyətdə olarkən
onlara dedim ki, Qarabağa aid herbarilər sizə lazım deyil, onları bizə verin. Vermədilər. Dedilər ki, sizin alimləriniz onu bizə hədiyyə
edib. Bu herbariləri mərhum alimlərimizin onlara könüllü şəkildə verdiyinə
inanmadım. Çünki
herbariləri toplamaq, onları işləmək
çox əziyyətli
bir işdir".
Bəlkə
də nə vaxtsa o herbarilər Vətənə
qayıdıb, öz bitki arxivimizi daha da zənginləşdirəcək.
Gəlin, buna ümid edək. Dünyanın işini bilmək olmaz.
İradə Sarıyeva
Bakı xəbər.- 2011.- 30 iyun.- S. 15.