Qədimdən gələn əkinçilik mədəniyyəti
- Azərbaycanın mühüm imic əlamətidir
Vaqif
Arzumanlı: "Əkinçilik mədəniyyəti rəngarəngliyinin
qorunması şərait və məkandan asılı olaraq fərqlidir"
Məlum olduğu kimi, hər bir
xalqın əmək fəaliyyətində özünəməxsus
vərdişləri olub. Məsələn, qədim
finikiyalılar dənizçilik və gəmiçiliyin
atası sayılırdı. Bu mənada Azərbaycan xalqı
da istisna deyil. Xalqımız qədimdən müxtəlif sənətkarlıq
və əkinçilik mədəniyyətinə malikdir.
Dövrün tələblərinə uyğun olaraq bu mədəniyyət
bir müddət qorunub saxlanıb. Doğma Vətənimiz Azərbaycan
qədim insan məskənlərindən biri kimi
tanınır. Burada lap qədimdən insanlar əmək fəaliyyətilə
məşğul olur.
İlk insan məksəni
olduğundan, bu diyarda sənətkarlıq məhsullarının
istehsalı da geniş vüsət alıb. Azərbaycan lap qədimdən
iqtisadi, sənətkarlıq ənənələrilə zəngin
olub. Bu ərazinin, demək olar ki, hər bir guşəsi
müxtəlif sənətkarlıq və əkinçilik sahəsi
üzrə ixtisaslaşmışdı. Yəni bizdə bu
istiqamətdə rəngarənglik mövcud idi. Bəzi
bölgələr dulusçuluq, başqaları isə
baramaçılıq, ipəkçilik, əkinçilik sahəsi
üzrə ixtisaslaşmışdı və bu sahə
üzrə də dünyada tanınırdı. Orta əsrlərdə
Azərbaycandan xarici ölkələrə yalnız burada
istehsal olunan müxtəlif dulusçuluq məmulatları,
xüsusən də ipək ixrac olunurdu. Azərbaycan ipəyi
orta əsr Avropası və Şərq dünyasında
geniş hörmət qazanmışdı. Xüsusən də
Şəki bu sahədə özünü tanıda
bilmişdi. Ölkədə əkinçilik və sənətkarlıq
inkişaf etdikcə şəhərlər də
böyüyürdü. Qədim zamanlarda şəhərlərin
böyüməsi, əhalisinin sayının çoxalması
sənətkarlığa marağın artması ilə
bağlı idi. İndi zamanın tələbi, elmi-texniki
inkişafla əlaqədar qədimdən mövcud olan sənətkarlıq
və əkinçilik vərdişlərimiz tarixdən
silinib gedib. Tarixən ölkəmizin ərazisində əkinçiliyin
iki növü olub. Dəmyə və suvarma əkinçiliyi:
dəmyə əkinçiliyində şumu dərindən
vururdular ki, ora daxil olan su daha uzun müddət qala bilsin. Belədə
məhsuldarlıq daha bol olurdu. Bir sıra ölkələrdə
olduğu kimi, orta əsrlərdə Azərbaycanda da növbəli
əkin sistemi inkişaf edirdi. Bizdə də özünəməxsus
növbəli əkin sistemi olub. Bəzi bölgələrimizdə
bir il torpağa taxıl əkdikləri halda, növbəti ildə
noxud əkirdilər. Həmin növbəlilik ona görə
edilirdi ki, bu halda məhsuldarlıq daha yüksək olurdu. Azərbaycanda
sənətkarlığın inkişafı ilə şəhərlər
də inkişaf etməyə başladı. Ölkədə
Şabran, Şəki, Beyləqan, Təbriz, Gəncə,
Şamaxı, Bərdə və bir sıra şəhərlər
müxtəlif sənətkarlıq növləri üzrə
ixtisaslaşmışdı. Şəhərlərin
inkişafı ilə əmək bölgüsü də
yarandı. Orta əsrlərdə sənətkarlıq məhsulları
kənd təsərrüfatı məhsulları ilə barter
yolu ilə mübadilə edilirdi. Əsas sənətkarlıq,
misgərlik məkanı kimi orta əsrlərdən Lahıc
mahalı fərqlənirdi. O dövrün ən yaxşı
qılıncları məhz burada istehsal olunurdu. Onun öz
keyfiyyətilə seçilən sənətkarlıq məhsullarına
həmin dövrün Avropa və Asiya ölkələrinin əksəriyyətində
rast gəlmək mümkün idi. İsmayıllıda yerləşən
Lahıcda indi yerli əhali qədim sənətkarlıq ənənələrini
davam etdirir. Bu baxımdan həmin kənd hazırkı
dövrdə də sanki orta əsrləri xatırladır. Ölkəmizdə
qədimdən miras qalmış sənətkarlıq ənənəsindən
biri də xalçaçılıqdır. Azərbaycan
öz xalçaları ilə də dünya şöhrəti
qazanıb. İndi dünyanın bir çox ölkələrinin
muzeylərində istehsal tarixi qədim olan Azərbaycan
xalçalarını görmək olar. Vaxtilə
baxımsızlıq və tamahkarlıq üzündən həmin
qədim xalçalarımızın əksəriyyəti əcnəbilərə
satılıb. Buna baxmayaraq, Azərbaycanın qədim sənətkarlıq
nümunələri arasında məhz
xalçaçılıq digərlərilə müqayisədə
indi də öz əhəmiyyətini qoruyub saxlamaqdadır.
Bizdə xalçalara vurulan butalar rəmzi məna
daşıyır. Xalçaya vurulan butaları heç vaxt
üz-üzə qoymurdular. Çünki bu uğursuzluq əlaməti
sayılırdı. Novxanı, Şirvan, Qarabağ
xalçaları geniş yayılmışdı. Azərbaycan
qədim əkinçilik ənənəsilə də zəngindir.
Burada qara kotan, xış alətləri geniş
yayılmışdı. Onlar vasitəsilə torpaq
şumlanır. İndi düzdür, texnikanın
hazırkı şəraitində bu alətlərdən, demək
olar ki, istifadə olunmur. Yalnız dağ rayonlarında, kənd
təsərrüfatı texnikalarının çıxa bilmədiyi
yüksəkliklərdə onlardan istifadə olunmaqdadır. Əsasən
unudulub. İndi bu alətlər xarici və yerli turistlərə
ölkəmizin qədim mədəniyyət sahibi
olmasını sübut edən vasitə kimi muzeyləri bəzəyir.
Amma xalçaçılıq sahəsində qədim ənənə
hələ də qalır. Xalçaçılıq,
bildiyimiz kimi, qədim el sənətidir. Bu sənəti
ölkəmizin bir çox yerlərində indi də
inkişaf etdirirlər. Biz sözlə, ölkəmiz qədimdən
rəngarəng sənətkarlıq və əkinçilik mədəniyyətinə
sahib olub. Bu isə xalqımızın hələ bir neçə
min il bundan öncə böyük xarüqələr
yaratmağa qadir millət olduğunun bariz göstəricisidir.
Onların bir hissəsi mövcud şəraitdə yox olub getsə
də, hələ də öz əhəmiyyətini itirməyən,
məişət və istesalatda istifadə olunanları da
qalmaqdadır. Bu isə Azərbaycanın əkinçilik və
sənətkarlıq mədəniyyəti baxımından da rəngarəng
olduğunu göstərir. Maraqlıdır, müasir dövrdə
qədim sənətkarlıq, əkinçilik mədəniyyəti
ənənələrini və onun rəngarəngliyini nə
dərəcədə qoruyub saxlaya bilmişik?
Professor Vaqif Arzumanlı Azərbaycanın qədim əkinçilik
mədəniyyəti baxımından çoxlarından
seçildiyini diqqətə çatdırdı: "Azərbaycan
maddi mədəniyyət abidələri, adət-ənənələri,
etnik özünəməxsusluğu ilə həmişə
Yaxın və Orta Şərqdə, həm də dünya
xalqları içərisində öncül yerlərdən
birini tutub. Əkinçilik mədəniyyəti məsələsinə
gəldikdə, təxminən 15 il əvvəl Azərbaycan
alimləri kəşf etdi ki, ölkəmizdə əkinçilik
mədəniyyəti 3 min illik tarixə malikdir. Yəni biz qədim
mədəniyyətə sahibik. Arxeoloji qazıntılar nəticəsində
buğdanın daşlaşmış nümunəsini
tapdılar və müəyyən etdilər ki, əkinçilik
mədəniyyətimiz qədimdir. Bundan savayı, istər XIX
əsrin sonu, istərsə də XX əsrin əvvəlində
Qafqazda çap olunan bir sıra qəzet və jurnallarda, məsələn
"Qafqaz", "Kavkazskiy vestnik"də Azərbaycanın
əkinçilik mədəniyyəti və tarixinə dair
xeyli sayda məqalələr yazılıb. Bu mövzuda bir
neçə dissertasiya işi də var. Azərbaycan Milli Elmlər
Akademiyası(AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları
da bu istiqamətdə böyük uğurlar qazanıb. Bu da təbii
bir prosesdir". Həmsöhbətimiz qeyd etdi ki, burada qədimdən
bəri çoxsaylı aqrar sahə məhsulları
yetişdirilib: "Azərbaycan torpağında vaxtilə təkcə
buğda, arpa, çovdar deyil, eyni zamanda çəltikçilik
də güclü şəkildə inkişaf etmişdi.
İndiki Şabranda, Lerik, Astara və Lənkəranda çəltikçilik
istehsalı indi də inkişafdadır. Bunun öz ənənələri
var və elmi əsaslarla sübut olunub ki, Azərbaycan əkinçilik
mədəniyyəti baxımından çox qədim tarixə
malikdir". V.Arzumanlı bildirdi ki, əkinçilik mədəniyyətinin
yerli, təbii şəraitlə bağlı olaraq bir sıra
şərtləri də var: "Əkinçilik mədəniyyətinin
özünün atributları mövcuddur. Yerli, təbii şəraitlə
bağlı olaraq bəzi şərtləri var. Bu şərtlər
bilavasitə Cənubi Qafqazın təbiətilə
bağlıdır. Ölkəmizin Şirvan və Quba
zonasında əkinçilik mədəniyyətilə
bağlı qədim alətlər, xışlar,
torpağı səpin halına gətirmək
üçün qara kotanın olması halları məlumdur".
Onun dediyinə görə, qara kotan əkinçilik mədəniyyətimizdə
xüsusi yerə malik olub: "Qara kotan Azərbaycanın əkinçilik
mədəniyyətində olduqca mühüm yer tuturdu. Qara
kotan vasitəsilə Azərbaycan əkinçilik mədəniyyətində
mühüm bir mərhələ mövcuddur. Bundan savayı,
taxılın əkilməsi, biçilməsi, döyülməsi
sahəsində də istehsal və hazırlıq mədəniyyəti
mövcuddur. O cümlədən, bütün bunların
hamısı iqlim şəraitilə bağlı məsələlərdir.
Yəni ölkənin ayrı-ayrı regionlarında, iqlim
şəraitindən asılı olaraq, əkinçilik mədəniyyətinin
müəyyən tərəfləri də bu və ya
başqa şəkildə inkişaf edib. Əkinçilik sahəsində
ayrı-ayrı zonalarda xüsusi uğurlar qazanılıb. Bu
da bütövlükdə Azərbaycan etnoqrafiyasında
mühüm yer tutan məsələlərdən biridir. Bu
istiqamətdə tədqiqatçılar da xüsusi
araşdırmalar aparır". Qədim əkinçilik ənənəsinin
rəngarəngliyinin qorunub saxlanmasına gəldikdə,
professor müasir elmi texniki şəraitdə bunun çətin
olduğunu dedi. Amma eyni zamanda vurğuladı ki, dağlıq
zonalarda hələ də həmin ənənələr davam
etdirilir: "Elm və texnika inkişaf etdikcə məhsulun
sahədə əkin və səpinilə bağlı müəyyən
dəyişikliklər də baş verir. Məsələn,
vaxtilə qara və adi kotandan, dəvə, at və
öküzdən istifadə olunurdusa, indi müasir texnika yaranıb,
traktorlardan istifadə olunur. Qabaqlar vəl deyilən vasitə
vardı. Onu ata qoşmaqla taxılın dənini
sünbülündən ayırardılar. İndi isə bunun
üçün xüsusi texnika var. Amma günün bu
günündə də elə rayonlarımız var ki, dəmyə
torpaqlardan istifadə edir.
Dağ
yerlərinə texnika qalxa bilmədiyindən, əllə əkib
əllə biçir və istehsal edirlər. Yəni bu da
qorunub saxlanır. Dağ kəndlərində elə dəmirçixanalar
var ki, burada əkinçilik sahəsində müəyyən
işləri görmək üçün xüsusi alətlər
hazırlanır". V.Arzumanlının fikrincə, əkinçilik
mədəniyyətinin rəngarəngliyinin qorunub
saxlanması şərait və məkandan asılı olaraq fərqlidir:
"Dediyim kimi, texnikanın çıxa bilmədiyi dağ
yerlərində həmin ənənəyə geniş şəkildə
əməl etməkdə davam edirlər. Amma bütün
hallarda, hər şeydə olduğu kimi, burada da texniki tərəqqi
öz izini qoymaqdadır".
Rüfət
Sultan
Bakı
xəbər.- 2011.- 23 iyun.- S. 15.