Azərbaycanın yaşayan və
itməkdə olan tarixi sənətkarlıq
növləri...
Xalq sənəti, folklor
mədəniyyəti, etnoqrafiya
hər bir xalqın ilk ünvanı sayılmalıdır.
Bir xalqın qədimliyini müəyyən
etmək üçün
onun folklor külliyyatına,
ərazisində
arxeoloji qazıntılar zamanı üzə çıxan nümunələrə istinad edilir. Azərbaycan
xalqı tarix səhnəsində öz
zəhmətsevərliyi, istedadı,
sənətkarlığı ilə də qalan millətlərdəndir. Əsrlər əvvəl xalqımızın
oğul və qızları çox möhtəşəm əsərlər
yaradıb.
Yaddaşlara xalçaçılıq, ipəkçilik, misgərlik,
dulusçuluq, qalayçılıq,
keçəçilik və
digər adlarla düşən bu dəyərlər sonradan xalq sənəti nümunələri adlandırılıb. Bu gün yerli və xarici
muzeyləri bəzəyən
bu sərvətlər
Azərbaycanın qüdrətli
sənətkarlarının əl və zehni əməyinin bəhrəsidir.
Ölkəmiz bütün mənalarda zəngin bir məmləkətdir. Torpaqdan,
Respublikamızın
İsmayıllı, Şamaxı,
Şəki, Gəncə,
Qəbələ, Lənkəran,
Naxçıvan və
s. rayonlarında misgərlik,
dulusçuluq, qalayçılıq,
ipəkçilik, arıçılıq,
xalçaçılıq, keçəçilik, döyməçilik,
dəmirçilik, nalbəndlik
və başqa sənətlər çox
yüksək səviyyədə
inkişaf edib. Təəssüf ki, hazırda
bu sahələr öz dəyərini itirməkdədir. Hazırda İsmayıllının
Lahıc qəsəbəsində,
Bakının ucqar məhəllələrində qədim
xalq sənətinin bəzi növləri yaşadılır. Amma onlar
da azlıq təşkil etdiyindən qənaətbəxş sayılmır.
Azərbaycanda xalq sənətinin
inkişafı üçün
həmişə təbii
bir stimul olub. Bu da torpağımızın
zənginliyilə əlaqədardır.
Bu yerdə kənd
təsərrüfatı, qoyunçuluq,
maldarlıq mövcud olub. Bunun da nəticəsi olaraq misilsiz xalçalar, palazlar, zililər, kilimlər, xurcunlar, keçələr
və s. toxuculuq məhsulları meydana gəlib. Pambıqçılıq və baramaçılığın
vətəni sayılan
Azərbaycanda ipəkçilik
də inkişaf edib. Pambıq və ipəkdən
yaranan növbənöv
parçalara nənələrimiz,
analarımız naxışlar
salıb, bəzək
vurub. Tikmə, təkəlduz, qurama
kimi xalq sənəti inciləri öz zərifliyi və gözəlliyilə
görənləri heyran
qoyub. Yaşlı və orta nəslin nümayəndələri
xatırlamamış olmaz
- son 25-30 ilə qədər
kənd yerlərində
bu sənətlər də, digərləri də yaşayırdı.
Ərə gedən qızın
cehizinin tutulmasında
bu sənətlərin
hamısı işə
yarayırdı. Xalça,
palaz toxunur, qalayçıya, misgərə
səhəng, sərnic,
cam, parç, dolça,
məcməyi, teşt,
satıl və s. məişət əşyaları
sifariş edilirdi. Adları çəkilən əşyaların
hamısına misgərlər
tərəfindən gözəl
naxışlar vurular,
yazılar yazılardı.
Dulusçuluq məhsullarına da böyük ehtiyac vardı. Xüsusi küplərin, bardaqların,
çəlləklərin, piti qablarının hazırlanması onlara həvalə edilərdi.
Bu sənətkarlar yalnız sifarişlə işləmirdi. Onların əməyindən
yaranan məhsullar yerli və Şərq
bazarlarına ayaq açardı. Azərbaycan sənət
nümunələri sonrakı
mərhələlərdə Avropaya da gedib
çıxıb.
Qeyd edək ki, Azərbaycanda bir neçə böyük sənətkarlıq mərkəzi
olub. Bu mərkəzlərdə həm sənətkarların
emalatxanaları, həm
də bu sənət əsərlərinin
satış yeri yerləşib.
Keçəçilik çox spesifik bir xalq
sənəti növüdür. Qoyun yunundan hazırlanan
keçə xüsusi
qayda ilə keçə atanlar tərəfindən düzəldilirdi.
Çox
böyük əziyyətlə
başa gələn keçədən həm
yatacaq, həm bürünəcək kimi,
həm də alaçıqların istiliyini
təmin etmək üçün istifadə
edirdilər. Məlumatlara görə, hansı alaçığa keçə
çəkilirdisə, o qışda
isti, yayda sərin olardı. Bu gün o biri
sənət növləri
cüzi də olsa yaşayır, amma keçəçilik,
demək olar ki, itib-batmaq həddindədir. Azərbaycanda keçəçiliklə məşğul
olan hələlik yeganə rəssamımız
Rauf Hüseynoğludur
(İsmayılov). Rauf müəllim
çox böyük əziyyət bahasına keçəçilik ənənələrini
qoruyur.
Sazbəndlik sənətinin də
taleyi misgərlik, dulusçuluq, ipəkçilik,
döymə, dəmirçilik
kimi ənənəvi
sənətlər kimidir. Düzdür, bir çox
adamlar sazbəndliklə
məşğul olur,
amma ortaya yüksək səviyyəli
sənət əsəri
çıxaranlar çox
azdır.
Xalq sənəti
nümunələrinin geniş
şəkildə işlənməməsinin
bir çox səbəbləri var. Baxmayaraq
ki, Azərbaycan dövləti, Mədəniyyət
və Turizm Nazirliyi, Heydər Əliyev Fondu tətbiqi xalq sənətinin inkişaf etdirilməsi üçün
münbit şərait
yaradır, lakin sənətkarlar bu sahə ilə məşğul olmaqda o qədər də maraqlı deyil. Bu da xalq sənəti nümunələrinin
bazarının olmaması
ilə bağlıdır.
Camaatın bu sənət
növlərinə tələbatı,
demək olar ki, çox aşağıdır.
Respublikanın paytaxtında və bir neçə
bölgədə xalça
sexləri fəaliyyət
göstərir.
Xalça toxuculuğu üstünlük
təşkil etsə də, xurcun, palaz, kilim, zili
toxuyanlar, demək olar ki, yoxdur.
Bu sənət növlərinin inkişaf
etdirilməsində ustalar
maraqlı deyil. Səbəb isə onların qətiyyən gəlirli olmamasıdır. Sənətkarlar şikayət edir ki, toxuduqları palazların satılması
üçün bəzən
aylarla gözləyirlər.
Məhsulun satılması baş
tutursa, onda da qəpik-quruş qazanırlar. Azərbaycanda tətbiqi xalq sənətinin inkişafı
üçün xüsusi
proqram hazırlanmalı
olduğunu deyən mütəxəssislər bildirir
ki, müasir dövrdə yaranan bu nümunələrin xarici ölkələrə
aparılması da təmin edilməlidir.
Sənətşünasların dediyinə görə,
misgər, qalayçı,
kəlağayı basan,
təkəlduzçu, sazbənd,
xalçaçı, dulusçu,
dəmirçi və
başqa sənətkarların
əməyi ölkədə
və xaricdə satılarsa, onlar bundan gəlir götürərsə sənətin
inkişafına çalışacaqlar.
Bu sənətlərin məktəblərdə öyrədilmədiyi
bəllidir. Onlar ustaddan
şəyirdə təcrübə
nəticəsində keçən
bir sənətdir.
Bu sənətlərin gəlir gətirmədiyini
görən cavanlar gününü dəmirçi,
misgər, qalayçı,
dulusçu, dülgər
emalatxanasında keçirmək
istəmir, başqa bir sahənin qulpundan tutur. Bəzi kurslarda qızlara tikmə sənətinin sirləri öyrədilir.
Müəyyən qədər ortaya
gözəl sənət
əsərləri qoyanlar
da var. Naxış salma xalqımızın qədim sənət növüdür. Qızlar, gəlinlər
vaxtilə balınc, yorğan üzünə,
süfrə və pərdələrə, baş
örtüyünə, paltarların
qoluna, ətəyinə
naxışlar salardı.
Bu sənətin də gələcəyi haqda ürəkdən danışmaq mümkünsüzdür.
Xalq sənəti növlərimizin
vəziyyətinin o qədər
də yaxşı olmadığı məlumdur. Artıq bu təhlükəni
başa düşənlər
bu sahələrə diqqət göstərilməsini
istəyir. Bəzi ekspertlər
deyir ki, xalq sənəti nümunələrinin satış
yerləri yalnız İçəri Şəhərdə
olmalı deyil, şəhərin hər yerində olmalıdır.
Turizm zonası elan edilən bəzi rayon və kəndlərimizdə
yaşayan sənətkarlar
da öz əl işlərini sata bilmir. Onlar günlərlə yollara göz dikir ki, bəlkə
hansısa bir əcnəbi gəlib o məhsulları ala. Yoxsa onların
adını çəkən
yoxdur.
Sənətşünaslardan birinin dediyinə
görə, bu sənət növlərinin
qığılcımı qalıb, bərk bir küləyin əsməsi onları tamamilə yox edə bilər. O təklif edir ki, xalq sənətilə
məşğul olan ustalara böyük şərait yaradılsın.
O həmçinin bildirir
ki, ustaların dükanlarını, emalatxanalarını
böyütməsi üçün
onlara uzun müddətli kreditlər
ayrılmalıdır.
Ənənəvi xalq sənəti
nümunələrinin yaşamasına,
min illər sonra da xalqımızın nişanəsi kimi heykəlləşməsinə böyük ehtiyac var. Düşünürük ki,
xalq sənəti növlərinin inkişafı
üçün əlaqədar
qurumlar əlindən gələni edəcək. Çünki onların itib-batması,
sıradan çıxması,
ənənənin davam
etdirilməməsi xalqımızın
qədimlərə hopub
qalmış izinin itməsi deməkdir.
Buna isə yol
vermək olmaz.
İradə Sarıyeva
Bakı xəbər.- 2011.- 24 iyun.- S. 12.