Azərbaycan ailəsində dövlətçilik tərbiyəsi...

 

   Heç şübhəsiz, ən müqəddəs amallardan birincisi dövlətçiliyə hörmət, ona sədaqətdir. İnsan bu prinsiplə qədər çox yaşayırsa, vətəndaşı olduğu həmin dövlət daha möhkəm olması ilə seçilir. Dövlətçilik şüurunun təbliği, heç şübhəsiz, ailədən başlayır. İlk addımlar burada əldə olunmalıdır ki, kiçik yaşlı insan böyüyəndə Vətəninə, dövlətinə daha sıx tellərlə bağlı olsun. Ona görə ailədə dövlətçilik tərbiyəsinə xüsusi diqqət yetirilməlidir.

   Bildiyimiz kimi, Azərbaycan qədim dövlətçilik ənənələrinə sahibdir. Bu ərazidə dövlətçilik prinsiplərinin tarixi 5 min il bundan əvvələ gedib çıxır. Vaxtilə bizdə əhali arasında milli xüsusiyyətlərə geniş yer verilirdi. Bu həm də o deməkdir ki, dövlətçilik ənənəsi də ailədə mühüm əhəmiyyət daşıyırdı. Amma son iki yüz ildə Rusiya imperiyasının müstəmləkəsi altında olduğumuzdan, dövlətçilik ənənəsi əsasən unudulmuşdu. Yalnız müstəqillik əldə etdikdən sonra bu prinsip yenidən əhalinin şüuruna hopdu. O ailədə ki, uşaqlar kiçik yaşdan dövlətçilik ənənəsi üzrə tərbiyə olunur, onlarda həmin prinsiplərə bağlılıq da genişdir. Amma elə ailələr də var ki, onların başlıca qayğısı öz şəxsi maraqları üzərində qurulub. Bu tip ailələrdə isə dövlətçilik tərbiyəsi, heç şübhəsiz, lazımi səviyyədə ola bilməz. Elə ailələr var ki, dövlətçilik barəsində ən adi məlumatlara belə malik deyil. Onlar bunu öyrənməyi özlərinə rəva görmür. Amma aydındır ki, hər bir dövlətin möhkəm olması üçün ilk növbədə orada yaşayan vətəndaşların həmin prinsiplərə yiyələnməsi, özü də mükəmməl şəkildə, lazımdır. Bu olmadıqda mövcud olan dövlət heç də möhkəm təməl üzərində qurulmayacaq. Azərbaycan ailələrində dövlətçilik şüurunun aşılanmasının hansı səviyyədə olduğunu aydınlaşdırmaq üçün mütəxəssislərə müraciət etdik.

   Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev vurğuladı ki, ailədə uşaqların tərbiyəsi mühüm əhəmiyyət kəsb edir: "Çünki insanın ilkin tərbiyəsi məhz ailədən başlayır, özül burada qoyulur. Adətən ailə tərbiyəsindən danışanda onun estetik duyumunun inkişafından, fiziki kamilliyindən, əxlaqi, mənəvi dəyərlərə yiyələnməsindən danışırıq. İndiki zamanda, xüsusən də müstəqil dövlət olaraq inkişaf etdiyimiz, dünya dövlətləri arasında özünün imici və inkişaf tempi olan ölkə olaraq Azərbaycana məxsus ailələrdə ən önəmli istiqamətlərdən biri uşaqlarımızın dövlətçilik ruhunda tərbiyə olunmasıdır. Dövlətçilik ruhunda tərbiyə olunmağın məzmunu bir qədər genişdir. Hər bir uşaq yaşadığı torpağı, dövlətini və xalqını sevməlidir. Hətta təkcə sevməklə iş bitmir, bu azdır. Onun inkişafına da çalışmalı, onu qorumalıdır. Bütün fəaliyyətilə bu istiqamətdə mübarizə aparmağı bacarmalıdır. Bunun mexanizminə gəldikdə, birinci növbədə valideynlər gündəlik söhbətlərdə, uşaqlarla hər hansı mövzuda danışanda mütləq öz dövlətçilik mövqelərini də büruzə verməlidir. Ölkə başçısının sərəncamlarından, ölkədə cərəyan edən quruculuq işlərindən, müxtəlif mədəniyyət hadisələrindən övladlarını da xəbərdar etməlidir. Hər şey adi danışıqdan başlayır. Eyni zamanda, ailədə dövlətçiliyin təbliğində uşaqların oxuduğu kitabların da böyük əhəmiyyəti var. Kiçik yaş dövründə olan uşaqlara həsr olunan kitablarda dövlətçiliyimiz, atributlarımız barədə geniş məlumatlar verilib. Həmin kitablarda verilən bu məlumatlar hesabına da övladı dövlətçilik ruhunda tərbiyə etmək mümkündür. Uşaq görsə ki, valideyn belə kitablara həvəs göstərir, özü də həmin prosesə alışacaq. Çünki onun gözündə valideyndən güclüsü yoxdur. Vətənin müxtəlif guşələrinə səyahətə çıxmaq, buradakı müqəddəs yerləri uşaqlara göstərməklə də dövlətçiliyə məhəbbət hissi aşılamaq olar. Vaxtilə Naxçıvana gedərkən uşaqlarıma Arazın o tayını da göstərib, o taydakı qardaşlarımızdan da onlara danışardım. Bunun nəticəsidir ki, böyük qızım tarixçi olub. Özü də böyük vətənpərvər tarixçidir. Yəni məhz bu kimi tərbiyənin nəticəsi olaraq gənc nəsildə dövlətçiliyə maraq, ona məhəbbət hissi yaranır. Bundan başqa, birtərəfli danışmaq deyil, müqayisələrə də yer vermək lazımdır. Baxmayaraq ki, torpaqlarımızın bir hissəsi ermənilər tərəfindən işğal olunub, amma ölkəmizdə sabitlik, firavanlıq hökm sürür. Amma elə ölkələr var ki, onları narahatlıq baş alıb gedir. Belə müqayisələri aparmaqla uşağın özünün məntiqi nəticə çıxarmasına nail olmaq mümkündür".

   Sosioloq Əbülfəz Süleymanlı düşünür ki, ailədə dövlətçilik tərbiyəsi lazımi səviyyədə özünü göstərmir: "Azərbaycan və ümumiyyətlə türk ailələrində dövlətçilik ənənəsi zəngindir. Əslində bu belədir. Tarixə, əsatirlərə, folklor nümunələrinə nəzər yetirdiyimiz zaman bu ənənələrin olduğunu görərik. Lakin müasir dövrdə həmin ənənələrin tam tətbiq olunduğunu söyləmək çətindir. Əfsus ki, indiki halda liberal dəyərlər dövlətçilik ənənəsindən daha çox üstünlük təşkil edir. İndinin özündə ailədə övladı tərbiyə edərkən "oxu, böyü, Vətənə xidmət et" fikrindən daha çox, "oxu, özünə xeyrin olsun" kimi ifadələrdən istifadə edirlər. Bayrağa, milli atributlara sevginin aşılandığı ailələri, təəssüf ki, barmaqla saymaq olar. Əslində isə bu amillər ilk növbədə elə ailədə aşılanmalıdır. Bu baxımdan həmin məsələdə problemli məqamlar mövcuddur. Görünür, tərbiyə sistemində müəyyən dəyişikliklər olmalıdır. Ən azından, valideynlər övladlarını bu şüurda böyütməlidir. Çünki dövlətçilik şüurunun əsası elə ailədə qoyulur. Belə olmadıqda, sonrakı dövrdə, xüsusən də məktəb illərində həmin məqamların aşılanması çox çətin olur. Ona görə də hökmən özül ailədə qoyulmalıdır. Valideynlər də bu baxımdan şüurlu olmalıdır ki, övladı ondan nəsə götürə bilsin. Valideyn övladını milli-dövlətçilik ruhunda tərbiyə etməli, atributlara sevgi, Vətənə xidmətin müqəddəs hiss olduğunu aşılamalıdır. Amma bunun üçün birinci növbədə valideynin özü şüurlu olmalı, həmin prinsiplərə yiyələnməlidir. Ölkənin istənilən təbəqəsi daxilində bu məsələyə həssas insanlar var. Belə deyilir ki, dövlətçilik tərbiyəsi xüsusən ziyalı ailələrdə daha geniş vüsət alıb. Amma ziyalı ailələri içərisində də bu məsələyə münasibətdə biganə olanlar az deyil. Ziyalılar arasında elələri var ki, azərbaycan dilinə hörmət hissi aşılamır, ailədə belə rus dilində danışmağa üstünlük verir. Bunun özü də bir problemdir. Heç şübhəsiz, dövlətçiliyin əsas atributlarından biri dilimiz və ona hörmətdən keçir. Buna biganə münasibət varsa, digər məsələlərdən danışmaq çox çətindir".

   Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının da fikrincə, ailədə dövlətçilik ənənəsi o dərəcədə yüksək deyil: "Ümumiyyətlə, Azərbaycanda milli şüura daha çox ailə səviyyəsində, onun maraqları çərçivəsindən yanaşırlar. Ona görə də dövlətçilik prinsiplərinin ailəyə çatması və möhkəmlənməsi səviyyəsinə hələ çatmamışıq. Öncə ailənin problemlərini önə çəkirik, sonra digər, o cümlədən dövlətçilik şüuruna diqqət yetiririk. Dünyanın inkişaf etmiş ölkələrində isə vəziyyət başqadır. Burada dövlətçiliyə və atributlara sevgi birinci yerdədir. Ola bilsin, bu amil ölkəmizin 200 il Rusiyanın müstəmləkəsi altında qalması ilə bağlı olaraq yaranıb. Ona görə də dövlətçilik ənənələri bir qədər unudulub. Reallıq odur ki, bu gün hər hansı bir türkün evində dövlət bayrağının olması, dövlət əhəmiyyətli bayramların ailə səviyyəsində qeyd olunması adi bir şeydir. Amma Azərbaycan ailəsini gəzsən, tək-tək ailələrdə evdə milli bayrağın olduğunu görərsən. Yavaş-yavaş bu proses gedir". Prosesin sürətləndirilməsi üçün həmsöhbətimiz dövlətə məhəbbət hissinin gücləndirilməli olduğunu da qeyd etdi: "Amma prosesi sürətləndirmək lazımdır. Bunun üçünsə dövlətə və hakimiyyətə məhəbbət hissi gücləndirilməlidir. İstənilən ölkədə dövlət və hakimiyyət anlayışları kütləvi şüurda üst-üstə düşür. Yəni hakimiyyətin hərəkətləri də dövlətin adına yazılır. Ona görə də hakimiyyət tərəfindən elə siyasət yeridilməlidir ki, insanlar içərisində hakimiyyətə və onun da vasitəsilə dövlətə güclü bir məhəbbət formalaşsın. Yaponiya zəlzələ və sunami kimi böyük fəlakətə tuş gəldi. Əhali isə dövlətə inandığını, onların əlindən gələni edəcəyini bildirirdi. Bizdə də belə bir münasibət formalaşmalıdır ki, ailədə dövlətçilik ənənəsi güclü olsun".

   "Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova düşünür ki, bu, hər şeydən əvvəl, ailənin səviyyəsindən asılıdır: "Əslində kortəbii olaraq hər birimiz torpağa bağlı adamlarıq. Bizdə torpağa bağlılıq özümüzdən asılı olmayaraq genetik olaraq yaranıb. Amma ideoloji baxımdan götürsək, bu məsələ sıfır səviyyəsindədir. Hansı ailədə ki, intellekt səviyyəsi yüksəkdir, müəyyən mənada vətənpərvərlik hissi var, orada Vətənə, dövlətə bağlılıq var. Dövlət hər birimizindir, ona məhəbbət və sevgi olmalı və aşılanmalıdır. Bu ideologiyanı qoymaq, bayrağa, dövlətə, dövlətçiliyə hörmət və digər ideoloji proqramların formalaşması mütləqdir, vacibdir. Bu tendensiya, az da olsa, gənclər arasında gedir. Onlar arasında müəyyən aksiya və tədbirlər aparılır. Amma bütün dövlət səviyyəsində və vətəndaşlar üçün bu müzakirələr, təəssüf ki, mövcud deyil. Elektron KİV-də hər hansı formada müəyyən reklam, sosial çarxlar, mənəvi-tərbiyəvi tədbirlərin keçirilməsi vacib elementlərdən biridir. Bu da insanlarda, hakimiyyətdə kimin olub-olmamasından asılı olmayaraq, Vətənə sevgi və dövlətə bağlılığı, məsuliyyəti aşılayır".

  

 

   Rüfət Sultan

 

   Bakı xəbər.- 2011.- 1 iyun.- S. 15.