Qürbətdə "qandallanmış" ədəbi abidələrimiz...

 

   Paşa Əlioğlu: "Mən qədim abidələri İran kitabxanalarında axtarmağın tərəfdarıyam"

 

   "Bizim xaricdə hansı ədəbi abidəmiz yoxdur ki?"

 

   Bütün mədəniyyətləri insan istedadı, insan zəhməti, insan təfəkkürü yaradıb. Ədəbi abidələr də bu sıraya aiddir. Dünyanın bütün böyük və qədim xalqlarının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi yüzlərlə yazılı və şifahi abidə var. Yunanların "Odisseya" və "İlliada", hindlilərin "Ramayana", "Kəlilə və Dimnə", Şumerlərin "Bilqamıs", qırğızların "Manas", Azərbaycan türklərinin "Avesta", "Oğuznamə", "Kitabi-Dədə Qorqud", "Koroğlu", ərəb xalqlarının "Min bir gecə" və s. ədəbi abidələri dünya xalqları tərəfindən böyük maraqla oxunur.

   Ruslara aid olduğu iddia edilən (rusların özləri tərəfindən) "İqor polku haqqında dastan" abidəsinin isə, əslində türk xalqlarına məxsus olduğu Oljas Süleymenov tərəfindən elmi dəlillərlə sübut edilib. O özünün məşhur "Az i ə" əsərində bu məsələ ətrafında geniş araşdırma aparıb.

   Azərbaycan mədəniyyətinin, ədəbi və ictimai fikrinin formalaşmasında önəmli rol oynayan bir neçə ədəbi abidələrimiz var ki, onlar haqda ilk bilgiləri Avropa və Rusiya şərqşünas və türkoloqlarının əsərlərindən almışıq.

   Azərbaycanın ədəbi abidələrinin bir çoxunun əlyazmaları, orjinalı xarici muzey və kitabxanalarda saxlanır. Onların ora hansı şəraitdə düşməsi haqda dəqiq məlumatlar yoxdur. Fərziyyələrə görə, abidələr əsasən yadelli işğalçıların ölkəmizə hücumu nəticəsində dünya üzünə səpələnib. Yəni qarət olunan qiymətli əşyaların içində kitablar, əlyazma və nadir əsərlər də olub. Sözsüz ki, bu abidələrin qədir-qiymətini bilən səyyahlar onları böyük ənənələrə malik olan kitabxanalara, muzeylərə satıb. Bəllidir ki, müəyyən insanlar var-dövlətə sahib olmaqdan ötrü qədim tarixi və əvəzsiz qiyməti olan ədəbi və maddi sərvətlərə sahib olmağa can atır. Bizim ədəbi abidələrin də belələri tərəfindən ələ keçirilərək muzeylərə satılması haqda qeyri-dəqiq məlumatlar var. Təbii ki, arxeoloji qazıntılar zamanı da müəyyən əlyazmalar tapılıb. Düzdür, onların çoxu kağız üzərində yazıldığı üçün kağızda çürümə gedib, amma bəzilərinin saxlanma şəraiti nisbətən yaxşı olduğundan salamat qalıb.

   "Kitabi-Dədə Qorqud"un "Vatikan" və "Drezden"də saxlandığı məlumdur. Artıq bu kitabə həm yazıldığı şəkildə, həm də müasir ədəbi dilimizə çevirilərək nəşr edilib. Amma böyük cəhdlər göstərməyimizə baxmayaraq, onun orijinalını Azərbaycana gətirmək mümkün olmayıb. "Vatikan" və "Drezden" rəhbərliyi bizə ancaq onların surətini çıxarmaq icazəsi verib. Əlimizdə nə varsa, onun çoxu orijinal deyil, üzü köçürülmüş nüsxələrdir.

   Bir sıra folklor nümunələrimiz, Azərbaycanın görkəmli şair və filosoflarının əsərlərinin çoxunun orijinalı xarici muzey və kitabxanalarda saxlanır. Əvvəllər deyə bilmərik, amma deyilənə görə, hazırda onlar öz adımızdan təqdim olunur. Bir vaxtlar Qafqaz, İran, tatar, rus, sovet ədəbi abidələri kimi sərgilərdə nümayiş olunan eksponatların indi Azərbaycana aid olduğu deyilir. Bu da, Heydər Əliyev Fondu başda olmaqla, bəzi qurumların səyi nəticəsində baş verib. Alimlər belə deyir. Onların bildirdiyinə görə, ədəbi abidələrimiz Azərbaycan xalqını dünyada layiqincə təmsil edə bilir. Muzey və kitabxanaları seyr eləyən xaricilər qədim əlyazmalarımızı görüb xalqımızın necə böyük mədəniyyətə, ədəbi-bədii təfəkkürə, zəngin maddi-mənəvi irsə malik olduğunu öyrənir. Hər bir abidə xalqımızın mənəvi pasportu sayıla bilər. Artıq onlar bir mədəniyyət-ədəbiyyat, söz, fikir simvolu kimi çox-çox yüksəklərdə dayanır.

   Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Əlioğlu (Kərimov) bizimlə söhbətində xarici muzey və kitabxanalarda, arxivlərdə saxlanan ədəbi irsimizin Azərbaycançılığın təbliğində böyük rol oynadığını bildirdi. P.Əlioğlunun sözlərinə görə, xaricdə yaşayan vətənpərvər azərbaycanlıların bir çoxu, o cümlədən də diplomatik nümayəndələr ədəbi-fəlsəfi abidələrimizin taleyilə ciddi maraqlanır. P.Əlioğlunun dediyinə görə, hətta bir çox qədim əlyazmanın surəti onların maddi və mənəvi dəstəyilə ölkəmizə gətirilib: "Xarici ölkələrdə yaşayan soydaşlarımızın sırasında doğrudan da vətənpərvər insanlar var ki, onlar abidələrimizin əldə edilməsinə kömək edə bilər. Edənlər də olub. Onların köməyilə bir çox ədəbi abidələrimizin surətini əldə eləmişik. O adamlar bir-iki nəfər olsaydı, adlarını çəkərdim. Sayları çoxdur. Biz ədəbi, elmi, fəlsəfi abidələrimizlə bağlı onların əlaqələrindən istifadə etmişik. Bəzi səfirliklər də bizə kömək göstərib. Onların əməkdaşları biləndə ki, bizim filan yerdə əlyazmamız var, dərhal onun surətini çıxarmaq üçün dəstək göstərirlər".

   P.Əlioğlunun sözlərinə görə, onlar əlyazmaların araşdırılması ilə bağlı bütün variantlardan istifadə edir ki, abidələrimizin tam siyahısı bəlli olsun. P.Əlioğlu dedi ki, xaricdə olan ədəbi abidələrimizin sayı ölkəmizdə olanlardan çoxdur: "Ədəbi abidələrin sayını, adlarını soruşursunuz. Bizim xaricdə hansı ədəbi abidəmiz yoxdur ki? Bizim Əlyazmalar İnstitutunda 40 min sayda material saxlanır, onlar arasında ərəb, fars və türk dillərində qələmə alınmış 12 min əlyazma var. Onların hamısı Azərbaycan mədəniyyətinə aiddir. Əslində isə ədəbiyyatımızı, tarix və mədəniyyətimizi əks etdirən abidələrimizin sayı bundan qat-qat çoxdur. Onların hamısı da xarici ölkələrdə saxlanır. Adətən sanballı ədəbi abidələr böyük kitabxanalarda qorunur. Bu kitabxanalar da böyük imperiyaların paytaxtı olur. Məsələn, İstanbul, Təbriz, Sankt-Peterburq, Paris, London və s. kimi. Bizdə olandan xeyli sayda çox abidələrimizin xaricdə saxlanmasının səbəbi aydındır. Bizim boynumuza düşən vəzifə odur ki, mümkün qədər o əlyazmaların surətini çıxarıb, ölkəyə gətirib onu tədqiq edək. Türkiyənin elə bir kitabxanası yoxdur ki, orada bizim çox dəyərli əlyazmalarımız saxlanmasın. İrandakı əlyazmaların isə sayı-hesabı yoxdur. Dəqiq say ümumiyyətlə bilinmir. Çünki İran kitabxanaları hələ katoloqlaşdırılmayıb. O cümlədən də Əfqanıstan kitabxanaları. Ona görə də o ölkələrdə olan abidələrimizin hamısının adını çəkə bilmirik. Onu demək istəyirəm ki, dünya kitabxanalarının çoxu hələ tam kataloqlaşdırılmadığı üçün xaricdə nə qədər əlyazmalarımız saxlandığı haqda geniş məlumat verməkdə çətinlik çəkirik. Filologiya elmləri doktoru Azadə xanım Musayeva 12 min sayda xaricdə saxlanan bəzi abidələrimizin kataloqunu tərtib edib. Amma təbii ki, o ümumi saydan xeyli azdır. Bizim nə qədər elmi-fəlsəfi, ədəbi abidələrimiz varsa, onların əksəriyyəti xaricdədir. Nizaminin, Füzulinin, Nəsiminin ən gözəl, ən mükəmməl əlyazmaları oradadır. Elmi əsərlərimiz, fəlsəfi fikir tariximizin bütün nümunələri və mədəniyyətimizin, incəsənətimizin, miniatür sənətimizin bütün nümunələrinin çoxu İran, Türkiyə, Avropa ölkələrinin kitabxanalarındadır. Sözsüz, xarici kitabxana və muzeylərdə olan ədəbi, fəlsəfi, elmi irsimizə aid nümunələrin adlarını bir-bir çəksək, yazmaqla qurtarmaz. Məlum olub ki, xaricdə kitab şəklində bizim "Oğuznamə"lərimiz saxlanır. Şah Abbasın göstərişilə o dövrdə Azərbaycan folklor nümunələri toplanaraq kitab şəklində çap edilmişdi. Onun izinə düşmüşük. Onu bu yaxınlarda əldə edəcəyimizə ümidim çoxdur. Xaricdəki yazılı nümunələrlə yanaşı, folklor örnəkləri-atalar sözləri və məsəllər, çoxlu sayda lüğətlərimiz var. Bu, dilimizin inkişaf tarixini izləmək üçün bizə böyük imkan verir. İndiyə qədər bizim bu haqda məlumatımız yox idi. Tariximizə aid olan bir sıra məsələlər son vaxtlara qədər meydana çıxmamışdı. O abidələrin üzləri müxtəlif əsrlərdə köçürülüb. Allah qoysa, onların hamısını gətirib Azərbaycanda çap edəcəyik. Bu yaxınlarda Tarix İnstitutu İsgəndər bəy Münşinin Şah Abbas dövründə yazdığı kitabı çap edib. Onlar da böyük işlər görür. Bizim çox geniş planımız var. Onları iki-üç ilə həyata keçirmək mükün deyil. Yavaş-yavaş bu sahədə işlər görəcəyik".

   Azərbaycan mədəniyyətinin şah əsərlərindən olan "Kitabi-Dədə Qorqud", "Koroğlu" kimi abidələrin xaricdə dəyərli bir abidə kimi xalqımızı təmsil etməsini yüksək qiymətləndirən P.Əlioğlunun bildirdiyinə görə, bu yaxınlarda "Koroğlu" dastanının 28 məclisdən ibarət olan Tiflis variantı ölkəyə gətirilib və AMEA-nın Folkolor İnstitutu tərəfindən nəşr edilib: "Bəlli oldu ki, "Koroğlu"nun bu nüsxəsi XIX əsrdə XVII əsrə aid olan bir əlyazmadan köçürülüb. Bizə nisbətən çox məlum olan "Koroğlu"nun də əlyazmalarının bütün variantları əlimizdə deyil".

   P.Əlioğlu deyir ki, indi əlyazmalarımızın izinə düşüb onları araşdırıb tədqiq etmək üçün çox münbit şərait yaradılıb. Sovet dönəmində xalqımızın dünyada olan maddi-mənəvi abidələrinin sorağına düşmək, onları araşdırmaq alimlərimizə qadağan edilibmiş: "Əvvəllər alimlərimizin bu məqsədlə xaricə getməsi yasaq idi. Çünki sovet dönəmində bizə icazə verilmirdi ki, gedib hardasa öz xalqımızın tarixini axtaraq. Bu gün isə qapılar üzümüzə açılıb, əsas problem maliyyə çətinliyilə bağlıdır. Akademiyanın elə böyük maliyyə vəsaiti yoxdur ki, bu məsələni həll eləsin. Amma əlindən gələni edir. Bəzən olur ki, bizə təqdim edilən əlyazmaları almağa vəsaitimiz olmur, onda Akademiyanın rəhbərliyinə müraciət edirik, onlar bizə kömək edir, əlyazmaları alırıq. Azərbaycanda abidələrimizi öyrənib tədqiq etmək, arxiv və kitabxanalarda işləməyi bacaran çox güclü alimlərimiz var. Deyərdim ki, onların bu sahədə potensialı heç bir dövlətin alimlərindən aşağı səviyyədə deyil, əksinə, çoxlarından daha üstündür".

   Qeyd edək ki, AMEA-nın müxbir üzvü, BDU-nun folklor kafedrasının müdiri, professor Azad Nəbiyev qəzetimizin ötən saylarından birinə açıqlamasında bildirmişdi ki, Monqolustanda Azərbaycana aid çoxlu mədəniyyət, tarix, ədəbiyyat abidələri mühafizə olunur. Onun Azərbaycana gətirilməsinin nə dərəcədə real görünməsini də P.Əlioğlundan soruşduq. P.Əlioğlu isə, ümumiyyətlə, orada bizə məxsus abidələrin olmasını inandırıcı saymır: "Bizim bu haqda məlumatımız yoxdur. Bu barədə bizə kimsə müraciət eləsəydi, bu işlə məşğul olardıq. Monqollarla türklərin əlaqəsi barədə, xüsusən də monqol işğalı dövrü haqda hamımızın məlumatı var. Monqol dilində yazılmış "Camei-Təvarix" əsərində qeyd edilir ki, monqolların-türklərin öz abidələri Qağan (Qazan) xanın dövründə onun əmrilə köçürülüb. Sizə deyim ki, bizim abidələrin Monqolustana getmək ehtimalı çox azdır. Mən qədim abidələri İran kitabxanalarında axtarmağın tərəfdarıyam".

   Yazı Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun maliyyə dəstəyilə çap olunub

 

 

   İradə SARIYEVA

 

  Bakı xəbər.- 2011.- 4-6 mart.- S.15.