Novruz
Bayramı - milli mənəvi dəyərlərin əbədiyaşarlıq
rəmzidir
Azərbaycanda Novruz
bayramı həm
də Bahar bayramı
kimi qeyd olunur. Novruzla yanaşı, baharın da adı
qoşa çəkilir, qoşa vurğulanır. Hələ dilimizə fars sözləri
girmədən öncə Novruza "il bayramı",
"yaz bayramı" və "bahar bayramı" deyiblər.
Odur ki, bu bayramın əsas simvollarından, qəhrəmanlarından
biri də "Bahar qızı" adlandırılardı.
Artıq neçə illərdir ki, Novruz
"Bahar qız"sız təsəvvür edilmir.
"Bahar qız"
yazın ilk günündə bütün eli-obanı dolaşar,
yazın gəlişinin müjdəçisi olar. Paytaxt Bakıda da Bahar qızı
güllü-çiçəkli bahar rəngli, bahar donu ilə
İçərişəhərdə, Qız qalasının
önündə dayanaraq insanları xoşbəxtcəsinə
seyr edər. Nə gözəldir, deyilmi?!
Dünyanın ən xoş niyyətli qızı "Bahar
qızı"...
Azərbaycanın
"Bahar qızı"
Ta qədimlərdən Oğuz
elinin atası olan Dədə Qorqud Novruz Bayramının əsas
personajlarından biri kimi qəbul edilib. Hər
zaman da onun yanında Bahar qızı dayanıb. Bu obraz ayağının sayalı olması, surətin
məlahətli, xoşsimalı olmasını özündə
açıq-aşkar əks etdirir. Elə
bahar məfhumunun özü də qadın adı kimi işlədilir
və xəyalımızda güllərlə bəzənmiş
qəşəng qız obrazı ilə assosiasiya olunur. Bütün bunlar el şənliklərindəki Bahar
qızın qədim tarixə malik olduğunu, əsas
qadın surətlərindən biri kimi yaz bayramı şənliklərində
aktiv iştirak etdiyini sübut edir.
Yəqin ki,
hamınızın yadındadır. Ölkədə
Novruz Bayramını rəsmi olaraq təsdiqlədən
ümummilli lider Heydər Əliyev hər il
Novruzda öz nəvələrini başına
yığıb şəhərə, xalq arasına
çıxardı. Xalqın xoş
günündə onlarla bərabər olub, sevincini
paylaşardı. Hətta qol
qaldırıb oynayardı da. Hər zaman
da onun yanında oğlu, Azərbaycanın prezidenti İlham Əliyev
və gəlini Mehriban Əliyeva olardı. Ümummilli liderin ənənələrini bu gün
də onlar yaşadır. Hər il
paytaxt Bakının mərkəzində qurulan Novruz şənliklərinə
qatılır, xalqla bir olurlar. "Dədə
Qorqud"la "Bahar qızı" kimi.
Dəfələrlə,
ümummilli liderin davamçıları - ölkə
başçısı İlham Əliyev və onun
xanımı Mehriban Əliyevanın təşəbbüsü
ilə Novruz bayramı ərəfəsində amnistiya
aktları qəbul edilib. Ailələrə
baharın gəlişi, təbiətin oyanışını
həsrətsiz gözlərlə baxmaq nəsib olub. Onların sayəsində Novruzda hər zaman ailələrə
xoş müjdələr bəxş edilir, dəmir
barmaqlıqlar arxasından boylanan həmvətənlərimizə
müstəqillik verilir. Belə ki,
artıq ənənə halını almış amnistiya
aktlarının qəbulu məhz bayram günlərinə təsadüf
edir. Mehriban xanımın təşəbbüsü
ilə təkcə 2009-cu ildə qəbul edilmiş amnistiya
aktına əsasən 9 min 564 nəfər məhbus Novruzun əsl
sevincini yaşadı.
Bundan başqa, Heydər Əliyev
Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti
nəticəsində 2009-cu ildə Birləşmiş Ərəb
Əmirliyinin Əbu-Dabi şəhərində YUNESKO-nun
Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin
yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti
və Novruz Bayramı qeyri-maddi mədəni irsin reprezentativ
siyahısına daxil edildi. Bu da Azərbaycanın
milli siyasətində Novruzun milli özünütəşkil
və yaşatma mexanizmi kimi nə qədər böyük
gücə, etnoenergetik qüvvəyə malik olduğunun
parlaq sübutudur.
Azərbaycanın təşəbbüsü
ilə BMT-nin bir müddət əvvəl 21 martı
Beynəlxalq Novruz Günü elan etməsi isə bu
bayramın bəşəri miqyasda roluna yüksək önəm
verildiyinə dəlalət edir.
Sadalananlar bununla kifayətlənmir.
Hər il ölkədə Novruz Bayramı
günlərində beynəlxalq festivallar, konfranslar,
simpoziumlar, müxtəlif rəsmi açılışlar təşkil
olunur. Dünyanın tanınmış dövlətlərinin
nəzəri Azərbaycana, eyni zamanda Novruza yönəlir.
Ötən il bayram çərçivəsində
təşkil olunan "Muğam aləmi" beynəlxalq
festivalı və festival çərçivəsində beynəlxalq
elmi simpozium buna sübutdur.
Ata-ana
qayğısından məhrum olan uşaqlar isə, hər
bayramda olduğu kimi, Novruzda da "Mehriban" analarını
gözləyirlər. Həmin gün
gözləri qapıda qalan, ata-ana həsrəti çəkən
uşaq evləri, internatlarda yaşayan balalar üçün
də bayram süfrəsi açılır, Novruz sovqatı,
müxtəlif hədiyyələr paylanır. Uşaqları Novruz bayramı münasibətilə
təbrik edən Mehriban xanım isə onların
ehtiyacları ilə maraqlanır, bundan sonra da tez-tez onların
görüşünə gələcəyini bildirir. Müstəqil
dövlətimizin "Müstəqil Bahar qızı"
kimi...
Müstəqil
dövlətin müstəqil bayramı - Novruz
Heydər Əliyev: "Novruz hər
bir azərbaycanlının qəlbinin bayramıdır, hər
bir insanın, ailənin bayramıdır, bizim müstəqil
Azərbaycan Respublikasının bayramıdır".
Novruz -
dünyanın və insanın yaradılış
bayramıdır. Bu bayram bütün mahiyyəti
etibarilə xalqımızın milli varlığı ilə
bağlıdır. Novruzun milli taleyimizdəki yerini,
müstəqillik əldə etmiş gənc Azərbaycan
Respublikasının dövlət quruculuğundakı məqamını,
bir xalq, millət və dövlət kimi milli dirçəlişimizdəki
rolunu məhz etnik özünütəşkil mexanizmi kimi dəyərləndirən
ulu öndər Heydər Əliyev bu bayramı milli
ideologiyamızın ana sütunu kimi əbədiləşdirib.
Ümummilli lider Heydər Əliyev
Novruz bayramını xalqımızı tarixən
bütövləşdirən, onun varlığını
birlik, böyüklük və yaşam gücü ilə
qidalandıran fenomen kimi qymətləndirib: "Böyük mənəvi
gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın
bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan
xalqının milli ruhunu və yaddaşını, onun daxili
aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının,
varlığın yenidən canlanmasının müjdəsini
verən Novruz Bayramı ən qədim zamanlardan bəri həyat
və məişətimizə daxil olub, insanlara aydın və
işıqlı sabaha, xoşbəxt gələcəyə
inam duyğusu bəxş edib".
Ulu öndər Novruz
Bayramını "sevinc", "həvəs" və
"birləşmə" formulu kimi səciyyələndirib.
Ulu öndərin milli ideologiyamızın əsaslarına
dair Novruz kursu bu gün artıq öz bəhrəsini verir.
Bu milli tarixi nailiyyət Azərbaycan prezidenti
İlham Əliyevin öz xalqı qarşısında Novruz təbrikində
aydın və birmənalı şəkildə təsdiq
olunub. Bu bayramı müqəddəs milli irs
hesab edən dövlət başçısı deyib ki,
"Azərbaycan xalqı Novruz bayramına ən hərarətli
münasibət bəsləyir, o bizim üçün ən
başlıca, ən gözəl bayramdır. Əsrlər
boyu xalqımız bu bayramı qeyd edib. Ancaq
müstəqillik dövründə bu bayram rəsmi şəkildə
qeyd olunur. Ailə dəyərləri, bizim
milli-mənəvi dəyərlərimiz, ənənələrimiz,
bizim milli mədəniyyətimiz, tariximiz - bütün bunlar
Azərbaycan xalqını qoruyub. Uzun illər,
əsrlər boyu biz başqa ölkələrin tərkibində
yaşamışıq. Ancaq milli
xüsusiyyətlərimizi itirməmişik. Assimilyasiyaya düçar olmamışıq, öz
dilimizi, adət-ənənələrimizi, milli bayramlarımızı
qoruyub saxlamışıq".
Biz Azərbaycan
xalqı olaraq, Novruz Bayramına dövlətin verdiyi dəyər
və önəmi doğru-düzgün qiymətləndirməli,
ona milli dövlət quruculuğumuzda hər bir vətəndaşın
yaxından iştirakı üçün verilmiş milli
quruculuq töhfəsi kimi yanaşmalıyıq. Çünki xalqımızın mənəvi mədəniyyətinin,
etnik-mifoloji keyfiyyətinin müəyyənləşdirilməsində,
bu xalqın qədim mifik görüşlərindən
tutmuş, adət-ənənəsi, həyat haqqında
düşüncələri barədə aydın təsəvvürlər
əldə edilməsində Novruzun rolu olduqca əhəmiyyətli
və əvəzsizdir.
Umummilli lider Heydər Əliyev
deyib ki, "Azərbaycan xalqı ötən əsrlərin
bütün ağır sınaqları içərisində
dilini, dinini, mədəniyyətini saf bir şəkildə
qoruduğu kimi, milli bayramlarını, o cümlədən
Novruz bayramını da qoruyub saxlayıb, hər gəlişini
çox böyük arzularla gözlədiyi bu bayramı tarix
boyu həmişə əziz tutaraq, onu dərin ehtiram və məhəbbətlə
qeyd edib. Novruz hər bir azərbaycanlının
qəlbinin bayramıdır, hər bir insanın, ailənin
bayramıdır, bizim müstəqil Azərbaycan Respublikasının
bayramıdır".
Novruz
dünyada
Novruz nəinki Azərbaycanda, o
cümlədən Balkanlarda, Qara dəniz hövzəsi ölkələrində,
Qafqazda, Orta Asiyada və Yaxın Şərqdə - İranda,
İraqda, Türkiyədə, Türkmənistanda, Tacikistanda,
Özbəkistanda, Pakistanda, Qazaxıstanda,
Qırğızıstanda, ümumilikdə üç yüz
milyon insan tərəfindən təntənəli şəkildə
üç min ildən artıq bir müddət ərzində
qeyd edilir.
Albaniyada Sultan
"Nevruz" bayramı dini bayram kimi Bəktaşilik təriqətinin
davamçıları tərəfindən qeyd olunur.
İranda süfrələrdə
fərqli bir səməni olur. Onlar səmənini
ən çox mərcidən göyərdirlər. Səməni buğdadan da olur. Amma
mərci səmənisi cücərtmək daha rahat olduğu
üçün səmənini mərcidən düzəldirlər.
Əfqanıstanda da
yumurta döyüşü olur. Yumurtalar
qaynadıqdan sonra fırçayla üstünə cürbəcür
naxışlar vurulur. Əfqan süfrəsi
isə adətən stolun üstündə olmur. Süfrə yerə sərilir və ona dəstərxan
deyirlər. Əfqan süfrəsində
kompota bənzər bir təam da olur. Həmin
təamın adı "həft meyvə", yəni yeddi
meyvədir. Amma quru meyvələrdən
hazırlanır. Əfqanlar bunu ilin
heç bir ayrı ayında hazırlamırlar, ancaq Novruzda
hazırlayırlar.
Qırğız
süfrəsində məxsusi olaraq Novruzda bişirilən
beşbarmaq da olur. Qırğızıstanda
Novruzda tonqal qalamırlar, amma evin, həyətin odla pak edilməsi
adəti var.
Tacikistanda isə
Novruz martın 20-də başlayır, 3-4 gün davam edir -
uşaqlar qapı döyüb bayram payı istəyir, amma
qapını döyüb gizlənmək yoxdur.
Uşaqlar yaz çiçəklərindən dərib
yığır, qapıları döyür -ev
sahibinə çiçəklərdən verir, ev sahibi də
onlara ya konfet, ya yumurta, ya da pul verir. Pul vermək
təzə yaranma adətdir.
Özbəklər isə
Novruz süfrəsi üçün "nişala"
hazırlayırlar. Nişala şəkərdən
bişirilir. Novruzda Özbəkistanda
öküzlərin buynuzunu yağlayırlar. Məmləkətin
yaşlı adamı əlini yağa batırar və
öküzlərin buynuzunu yağlar ki, yeni il
bərəkətli olsun.
Nigar
Məmmədli
Bakı xəbər.-
2011.- 4-6 mart.- S.12.