Türkiyə azərbaycanlılarının
qurultayından çox ciddi
gözləntilər var
Paşa Qəlbinur: "Azərbaycançılığa, qövmün sabaha doğru irəli atılmasına xidmət edir"
Əlirza Amanbəyli:
"Qurultayda məqsəd
buradakı soydaşlarımızı
koordinasiya edib bir mərkəzə toplamaqdır"
Hər
bir dövlətin inkişafının əsasında
onun ideologiyası dayanır. Bu sahədə
dövlətimizin ideologiyası
qismində azərbaycançılıq
məfkurəsi çıxış
edir. Azərbaycançılıq
ideologiyası Azərbaycan
dövlətinin ərazisində
yaşayan bütün
millət və etnik qrupların ideologiyasıdır. Eyni zamanda, ölkə xaricində yaşayan bütöv azərbaycanlıların
qəbul etdiyi bir məfkurə tərzidir.
Hər bir dövlətin
ümdə vəzifəsi ərazi bütövlüyü və
sərhədlərinin toxunulmazlığını təmin
etməkdir. Bu mənada isə Azərbaycanın bəxti elə
də gətirməyib. Ona görə ki, zaman-zaman, bu və ya
digər səbəblərdən torpaqlarımızı itirə-itirə
gəlmişik. Bunun obyektiv və subyektiv səbəbləri
olub. Çünki vaxtilə 400 min kvadrat kilometrlik əraziyə
malik bir ölkə indi cəmi-cümlətani 86 min kvadrat kilometrə
malikdir. Azərbaycan xalqının yaşadığı ərazilər
hazırkı Azərbaycan dövlətinin yerləşdiyi məkanla
bitmir. 25-30 milyona yaxın soydaşımız hazırda
İranın tərkibində olan Cənubi Azərbaycanda
yaşayır. Bundan başqa, 500 minə yaxın azərbaycanlı
Gürcüstanın Borçalı mahalında məskunlaşıb.
Vaxtilə Azərbaycanın ərazisi olan Dərbənd də
sırf azərbaycanlıların yaşadığı
diyardır. Ümumiyyətlə, soydaşlarımız
dünyanın əksər ölkələrinə səpələnib.
Rusiyada 2 milyon, Ukrayna və Türkiyədə 500 min azərbaycanlı
yaşayır. Bundan başqa, Avropa ölkələri və
ABŞ-a da geniş şəkildə səpələniblər.
Ümumiyyətlə, dünyada 50 milyondan artıq Azərbaycan
əsilli insan yaşayır. Azərbaycançılıq məfhumu
ilk növbədə dövlətçiliyi özündə
ehtiva edir. Dövlətçilik olmadığı təqdirdə
həmin ideologiyanın inkişafı da
mümkünsüzdür. Ölkəmizdə yaşayan
xalqların birliyi də azərbaycançılıq
düşüncə tərzindən keçir. Son illər azərbaycançılıq
ideyası daha geniş səviyyədə inkişaf
tapmaqdadır. Bu da təsadüfi deyil. Çünki
sözügedən ideya ətrafında, etnik mənsubiyyətindən
asılı olmayaraq, ölkədəki bütün insanlar
toplaşıb. Ölkədə yaşayan bütün xalqlar
azarbaycançılıq ideyasını birləşdirici, vəhdət
yaradıcı bir ideya kimi qəbul edir. Azərbaycan dövləti
sözügedən ideologiyanın yayılmasında, öz
üzərinə düşən işləri böyük məsuliyyətlə
yerinə yetirir. Bunun üçün dünyanın azərbaycanlılar
yaşayan müxtəlif məkanlarında onların birləşdiyi
qurum və birliklər yaranıb. Təzə yaranmalarına
baxmayaraq, həmin qurumlar ideologiyamızın təbliğində,
xalqımızın haqq səsinin dünyaya çatdırılmasında
çox işlər görüb. Müxtəlif məkanlara səpələnən
xalqımızın birləşməsi, çəkici bir yerə
vurmasında onların təşkil etdikləri qurultaylar və
burada qəbul olunan qərarlar da mühüm əhəmiyyət
daşıyır.
Bu qurultaylar
xalqımızın milli adət-ənənələri, qədim
tarixinin təbliği baxımından də önəmlidir.
Ümumiyyətlə, ideologiyanın təbliğində
ölkəmizdə yaşayan vətəndaşlarımızla
yanaşı, xaricdə məskunlaşan
soydaşlarımızın da çiyninə böyük
yük düşür. Bu ideologiyanın təbliği
onların da ümdə vəzifələrindən biri olmalıdır.
Azərbaycan dəyərlərinin dünyaya
çatdırılmasında onların da xidmətlərindən
yararlanmalıyıq. Bu mənada Türkiyədə yaşayan
soydaşlarımızın fəaliyyəti daha
qabarıqdır. Qarşıdakı aylarda burada yaşayan azərbaycanlıların
qurultayı olacaq. Söz yox ki, bu cür hadisələr Azərbaycan
xalqının taleyində xüsusi önəm təşkil
edir. Əslində bu cür qurultaylar həm də azərbaycanlıların
şüurunda bir tarixi ənənədir. Vaxtilə qədim
türk tayfaları da hər hansı bir qərar qəbul edərkən
bir araya gəlib qurultay keçirirdi. Yəni mühüm məsələlərin
həlli üçün bir araya gəlirdilər. Bu qurultaylar
Türkiyədə yaşayan soydaşlarımız daha da
toparlanması və ictimai-siyasi həyatda fəal
iştirakına təkan verir. Təşkilatlanma
baxımından da onun əhəmiyyəti böyükdür.
Düzdür, Türkiyədəki soydaşlarımızın
təşkilatlanma sahəsində, digər xaricdə
yaşayan həmvətənlərimizlə müqayisədə,
elə də böyük problemləri yoxdur. Ən azından,
Türkiyə hökuməti bu sahədə həmişə
onlara dəstək olub. Amma bütün hallarda təşkilatlanma
prosesi daim yüksələn xətlə davam etməlidir.
Keçirilən qurultaylar soydaşlarımızın
toplaşdığı cəmiyyətlər, birliklər
arasında əlaqələrin daha da möhkəmlənməsinə
təkan verir. Bu yöndə olan qurultayların dünya
ictimaiyyətinin Azərbaycan, onun tarixi, başına gətirilən
müsibətlər barədə məlumat almasında da
özünəməxsus xidmətləri var.
Bütün hallarda
maraqlıdır, görəsən mütəxəssislər
nə düşünür, Türkiyədə yaşayan
soydaşlarımızın keçirəcəyi qurultayın
azərbaycançılıq ideologiyasının təbliğində
əhəmiyyəti nə ola bilər? Bu sahədə
sözügedən qurultay hansı izlər buraxa bilər?
Qurultayda hansı məsələlərə daha geniş yer
verilməlidir?
DAK-ın həmsədri
Paşa Qəlbinur bu qurultayda da Cənubi Azərbaycan və
Dağlıq Qarabağ problemlərinin diqqət mərkəzində
olmalı olduğunu dedi: "İstər Türkiyədə
yaşayan azərbaycanlıların qurultayı olsun, istərsə
də Azərbaycan sərhədlərindən kənarda hər
hansı başqa bir ölkədə
soydaşımızın keçirdiyi analoji tədbirlər
olsun, bunların hamısının yalnız müsbət mənada
faydası var. Azərbaycanımız və
xalqımızın maraqları naminə. Həmin qurultaylara
da məhz azərbaycançılıq prizmasından
yanaşılır. Bu tip qurultaylar məskunlaşan
insanların çoxluğu və daha fəal olması səbəbindən
bir-birindən fərqlənə bilər. Amma
hamısının məramı eynidir - Azərbaycan dövləti
və xalqının maraqlarına xidmət etmək. Hər
halda bu cür toplantı və hərəkətlər
yalnız xeyrə qulluq edir. Azərbaycançılığa,
Azərbaycan qövmünün sabaha doğru irəli
atılmasına xidmət edir. Xaricdəki bu təşkilatların
ümumi azərbaycançılıq amalına qulluq etmələri
daha önəmlidir. Düşünürəm ki, türkiləyi
soydaşlarımızın qurultayında xüsusən iki məsələnin
müzakirə olunması daha prioritet olar. Bildiyimiz kimi, bizim iki önəmli problemimiz var. Biri Güney Azərbaycan problemidir. Burada 35 milyon soydaşımız yaşayır. Amma onlar hələ də hüquqsuz vəziyyətdədir. Onların
məsələsi daim
qabardılmalıdır ki,
nəticədə bu soydaşlarımız da ən adi insan
hüquqlarına yiyələnə
bilsinlər. İkinci
mühüm məsələ
Dağlıq Qarabağ
problemilə əlaqədardır.
Hər hansı diaspor təşkilatının qurultay və tədbirlərində
bu iki problem nə qədər ki, öz ədalətli
həllini tapmayıb,
mütləq mənada
gündəmdə olmalıdır.
Düzdür, təşkilatlar
arasında bu problemlərə müxtəlif
istiqamətlərdən yanaşılır,
müxtəlif formada dərk olunur, ayrı-ayrı həll yolları təklif edilir. Amma hamısının
kökündə azərbaycançılıq
və onun ərazi bütövlüyü
dayanır. Deməli, onlar da düzgün
yoldadır".
DAK-ın
İnformasiya Mərkəzinin
koordinatoru Əlirza Amanbəyli azərbaycanlıların
koordinasiyası baxımından
həmin qurultayın əhəmiyyətli olduğunu
bildirdi: "Onu vurğulayım ki, bu, Türkiyədə yaşayan azərbaycanlıların
birinci qurultayı olacaq. Bu qurultayda məqsəd Türkiyədə
olan azərbaycanlıları
Azərbaycan dövlətilə
sıx əlaqələndirmək,
həqiqətlərimizi, buradakı
soydaşlarımızla yanaşı,
türkiyəli qardaşlarımıza
çatdırmaqdır. Türkiyədə
300 mindən çox azərbaycanlı yaşayır.
Burada 75 milyon insan yaşayır. Orada elə şəhər və bölgə var ki, Azərbaycan barədə anlayışları
çox azdır.
Qurultayda məqsəd oradakı azərbaycanlıları
koordinasiya edib bir mərkəzə toplamaqdır. Həm Azərbaycan
barədə həqiqətləri Türkiyə ictimaiyyətinə,
onlar vasitəsilə də dünya ictimaiyyətinə
çatdırmaqdır. Həmçinin, buradakı azərbaycanlıların
hüquqları müstəvisində fəaliyyət göstərməkdir.
Bizim Novruz, müstəqillik günü ilə bağlı
bayramlarımız var. Acılı-şirin hadisələrlə
dolu başqa-başqa məqamlar var. Oradakı
soydaşlarımızın Azərbaycanla
bağlılığını da təmin etməliyik. Bu təhsil
və din məsələsilə, adət-ənənələrlə
də bağlıdır. Qurultayın əsas təşəbbüskarı
qismində İzmir Azərbaycan Cəmiyyəti və onun rəhbəri
Camal Məmmədxanoğlu çıxış edib.
Qurultayın məram və məqsədlərindən biri də
Azərbaycanın işğal olunmuş ərazilərilə
bağlı məsələdir. Ermənilər tərəfindən
təkcə Dağlıq Qarabağ və ətraf rayonlar
deyil, Göyçə, Zəngəzur və başqa-başqa
torpaqlarımız işğal edilib. Bir çox tarixi ərazilərimiz
onların əlindədir. Bunu oradakı
soydaşlarımızın diqqətinə
çatdırmalıyıq və bu yöndə hüquqi cəhətdən
dünya azərbaycanlıları adından bütün
ölkələrə müraciət olunmalıdır.
Müraciətdə son bir əsrdə işğal olunan
torpaqlarımız və milyona yaxın soydaşımızın
öz dədə-baba yurdlarından deportasiya olunduğu öz
əksini tapmalıdır. Güney Azərbaycan məsələsi,
oradakı 35 milyonluq soydaşımızın hüquqları
da qurultayda gündəmə gətiriləcək. Bu məsələdə
adət-ənənə, ana dildə təhsil, milli müqəddərat
kimi məqamlar qabardılacaq. Bildiyiniz kimi, İran rejimi
oradakı soydaşlarımızın bütün
haqlarını tapdalayır, onların durumu çox
ağırdır. Ümumiyyətlə, nəinki təkcə
bu məsələlər, Dərbənd, Borçalı və
digər xaricdəki azərbaycanlıları Türkiyədəki
soydaşlarımızla bir araya gətirmək kimi məsələlər
müzakirə predmeti olacaq. Türkiyədə öndərimiz
Məhəmməd Əmin Rəsulzadənin vaxtından Azərbaycan
dərnəkləri fəaliyyət göstərib. İndi,
demək olar ki, bütün şəhərlərdə Azərbaycanla
bağlı hansısa bir dərnək və ya təşkilat
var. Azərbaycan müstəqillik əldə etdikdən,
Qarabağ problemi yarandıqdan və Türkiyədə erməni
açılımı məsələsi gündəmdə
olduqdan sonra oradakı soydaşlarımız qərara gəldi
ki, buradakı 300 min azəri türkünün bir araya gəlməsi
üçün mütləq qurultay keçirilməlidir.
Türkiyə ilə Azərbaycan qardaş dövlətlərdir.
Eyni taleyi yaşayır. Düşmənləri və hədəfləri
də eynidir. Oradakı azərbaycanlıları tamamilə səfərbər
edilməsi baxımından da bu qurultayın əhəmiyyəti
böyükdür".
Rüfət SULTAN
Bakı xəbər.- 2011.- 4-6 mart.- S. 11.